Adını layiqincə doğruldan alim -

 

VƏ YA NİZAMİ CƏFƏROV MƏNİ NECƏ SEVİNDİRDİ...

 

 

Sovet hökuməti süqut edirdi.

Ölkədə çətinliklə milli dövlət qurulurdu. Hər yerdə ekstremal vəziyyət hökm sürürdü. Beyinlər qızmış, hisslər coşmuş, dillər açılmışdı. Təzə "millətpərəstlər" peyda olmuşdu. Belələri, ümumiyyətlə, yaxın keçmişlə bağlı nə vardısa hamısının üstündən xətt çəkirdilər. Camaatın gözündə "daha milli görünmək" üçün görkəmli şair və yazıçılarımızda "sovet elementi" axtarıb tapır və bunu eyib kimi göstərərək onları töhmətləndirirdilər. Onların xalq üçün, vətən üçün gördükləri böyük işləri isə dilə gətirmirdilər. Bu, nadanlıqdan, ya da hiyləgərlikdən irəli gələn bir hal idi.

 

Mən öz rayonumuzda da bu cür halların baş verdiyi mübahisələrə, müzakirələrə tez-tez rast gəlirdim. Bir dəfə mübahisə zamanı bir nəfər məndən soruşdu: - Əli müəllim, Səməd Vurğun Stalinə şeir yazıb, heləmi?

 

Mən təmkinlə cavab verdim: - Yazıbdı, nədi ki?

 

O, sevinclə qışqırdı: - Ə, gördünüz, bu da Səməd Vurğun. Ə, mən deyirəm də, bunların hamısı....

 

O, elə cahilanə, hərcayi sözlər dedi ki, mən bir anlıq sarsıldım. Ona görə sarsıldım ki, şəxsiyyət vəsiqəsində "azərbaycanlı" yazılmış bir adamın Azərbaycan üçün can qoymuş böyük bir azərbaycanlıya qarşı çıxması manqurtluğun, nankorluğun ən yüksək dərəcəsi idi . Birdən- birə mənə elə gədi ki, indi bu saat bu bədbəxtin ağzı əyiləcək. Axı el arasında deyirlər ki, yalan danışan adamın ağzı əyilər. Bu hissin təsiri ilə mən zənlə onun ağzına baxdım. Amma çox qəribədir ki, onun ağzı əyilmədi, əksinə, ağzını marçıldadıb, rişxəndlə başını buladı.

 

Həmin vaxtlar yalnız Səməd Vurğunun deyil, hətta Babəkin, Xətainin, M.F.Axundzadənin, Mirzə Cəlilin, M.Ə.Sabirin də əleyhinə danışan şəxslər var idi. Belələri içərisində alim adını daşıyanlar da olurdu.

 

Mən buna məəttəl qalır, pərt olurdum. Daxilimdə bir nigaranlıq, təşviş yaranırdı. Mən qorxurdum ki, bu cür yanlış fikirlər, ifrata varma halları, soyuq münasibət yeni şəraitdə nəşr olunan təzə dərsliklərə də ayaq açmış olsun.

 

... Bir müddətdən sonra yenidən müəllimliyə qayıtdım. Orta məktəbdə dərs dedim, evdə şagird hazırlığı ilə məşğul oldum. Təzə dərsliklər də elə həmin vaxt nəşr olunurdu. Bir gün XI sinif üçün ədəbiyyat dərsliyinin müəlliflərinə baxdım. Sonra həyəcanla "Ən yeni dövr Azərbaycan ədəbiyyatı"na aid bölməni tapıb mətni oxumağa başladım. İlk cümlələri oxuyan kimi gördüm ki, icmal həm vətənpərvərlik ruhunda, həm də çox obyektiv, səriştəli yazılıb. Ürəyim bir az toxtadı. Daha sonra mətni oxuduqca fərəhləndim, hətta kövrəldim. "Nə gözəl yazılıb !" - deyə sevindim. Bu yazının gözəlliyi onda idi ki, sovet ideologiyasının hökm sürdüyü bir şəraitdə fəaliyyət göstərən Azərbaycan şair və yazıçıların yaradıcılığının əsl mahiyyəti düzgün, sağlam mövqedən şərh olunmuşdu. Sovet mövzusunda əsərlərin yazılmasına baxmayaraq şair və yazıçılarımızın hamısının(!) yaradıcılığında milli məfkurənin - azərbaycançılığın az və ya çox dərəcədə mövcud olması qabardılmışdı. Mətndə yazılmışdı ki, həmin dövr ədəbiyyatımızın milli tarixi ruhunun təzahürü 3 cəhətdən özünü göstərirdi:1)ədəbi əsərlərdə milli özünütəsdiq, özünümüdafiənin miqyası genişlənirdi. 2) Xalq ədəbiyyatının toplanması və nəşri, yazılı ədəbiyyata təsiri, xalq ruhunun ədəbiyyatda əksi indiyə qədər görünməmiş bir şəkildə kütləvi bir hal almışdı. 3) Ədəbiyyat xalqın ana dilində yaradılırdı.

 

Mən xoş bir fərəh və həyəcan içərisində mətnin ardını oxumağa başladım. Və yekun hissədə elə bir cümləyə rast gəldim ki,.. gözlərim yaşla doldu. Həmin cümlə belə idi: "Sonrakı illərdə müasir Azərbaycan poeziyası formalaşırdı. Həmin poeziyanı yaradan görkəmli sənətkarların önündə böyük Səməd Vurğun gedirdi".

 

Daha məndə hal qalmadı.. Mətnin ardını oxuya bilmədim. Yaşla dolu gözlərim "böyük Səməd Vurğun" sözlərinə ilişib qaldı. Bu sözlərdən əvvəl işlənmiş "həmin poeziyanı yaradan görkəmli sənətkarlar" ifadəsi isə məni daha da kövrəltdi. Çünki həmin ifadənin arxasında Əhməd Cavad, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Mikayıl Müşfiq, Osman Sarıvəlli, Əliağa Vahid, Mirvarid Dilbazi, Nigar Rəfibəyli və başqaları dayanırdı. Bir-birindən fərqli cəhətlərinə baxmayaraq onların hamısı "Azərbaycan poeziyasını yaradan görkəmli sənətkarlar" adlandırılmışdı. Bu, əsl azərbaycançılıq mövqeyi, mənəvi-əxlaqi yanaşma üsulu idi.

 

Mən hörmət və məhəbbətlə kitabın ilk səhifəsini açıb müəlliflərin adlarına yenidən baxdım. Nəzərlərim indi oxuduğum mətnin müəlifi Nizami Cəfərovun adındakı hərflərə dikildi. Birdən-birə sanki həmin hərflərdə Nizami Cəfərovun özünü gördüm. Eyni kövrək əhval-ruhiyyə ilə dedim: "Öpürəm səni. Məni ağlatdın. Yaman yazmısan. Halal olsun sənə ananın südü, atanın çörəyi!"

 

İndi məni maraq götürdü ki, bəs görəsən, Səməd Vurğunun özünün həyatı, yaradıcılığı necə yazılıb? Tez- tələsik həmin materialı tapdım. Yenə də maraq və həyəcanla oxumağa başladım. Bir qədər səngimiş kövrəkliyim yenidən qayıtdı. Çünki böyük Səməd Vurğun kimi təqdim olunmuş sənətkarın, həqiqətən də, böyük şair olduğu bu mətndə tam sübut olunmuşdu. Belə ki, Səməd Vurğun məhz azərbaycançılıq mövqeyindən təhlil edilmiş və bu zaman onun yaradıcılığının xəlqi və milli xüsusiyyətləri özünü parlaq şəkildə göstərmişdir. Üstəlik bu təhlildə mənim üçün də yeni olan cəhətlər çox idi. Elə bil ki, Səməd Vurğun yenidən kəşf edilmişdi.

 

... Vərəqləri çevirib Səməd Vurğunun şəkilinə baxdım. Xeyli vaxt idi ki, onun şəklinə, daha doğrusu, üzünə baxa bilmirdim. Nadan və mənəviyyatsız insanlar tərəfindən ona lazımi qiymət verilməməsi məni incidirdi. İndi isə böyük fərəh və qürurla onun düz gözlərinin içinə baxdım. Şairin gözəl gözləri və mehriban çöhrəsi mənə doğma və əziz göründü. Elə bu halətlə dedim: "Görürsən də, ustad, necə istedadlı, qeyrətli alimlərimiz var. Sənin əsl qədir-qiymətin indi verilib. Sağ olsun Nizami Cəfərov, sənin böyüklüyünü, özəl xüsusiyyətlərini gözəl şərh edib. Ustad, sənin ayrıca vətən kimi vəsf etdiyin Azəbaycan indi həm də ayrıca müstəqil dövlətdir. Məhz milli müstəqil dövlətçilik şəraitində sənin milli, xəlqi şair olduğunu hərtərəfli göstərmək mümkün olub". Birdən elə bil şairin doğma səsini eşitdim: - Bəs mən əbəs yerə deməmişəm ki: 

 

Ölməz könül, ölməz əsər,

Nizamilər, Füzulilər...

 

Səməd Vurğunla xəyalən həsbi-hal edib xoş bir ovqatla həyətə çıxdım. Mənə elə gəldi ki, həyətimiz xeyli gözəlləşib. Təkcə həyətimiz yox: yer, göy, hər tərəf mənə daha gözəl göründü. Sevincimi orta məktəbdə oxuyan oğlum Sərvərlə və həyat yoldaşımla bölüşdüm. Dedim ki, təzə ədəbiyyat dərsliyi çox gözəl yazılıb. Səməd Vurğun ilk dəfədiR ki, böyük milli şair kimi verilir. Bunu Nizami Cəfərov yazıb. Çox savadlı alimdir. Hər ikisi söhbətə qoşuldu. Nizami Cəfərovun ünvanına: "Sağ olsun. Allah canını sağ eləsin"- dedilər. Sonra mən qürurlanıb bildirdim ki, o da mənim kimi Bakı Dövlət Universitetini bitirib, həm də mənim fakültəmi - filologiya fakültəsini.

 

Beləliklə, necə deyərlər, mən Nizami Cəfərovun ilk təqdimatına öz ailəmdə başladım. Şagirdlər gələnə qədər onu tərifləməyə tələsdim, daha sonra da mən dərslərimi dərin sevinc hissilə, ruh yüksəkliyi ilə keçməyə başladım.

 

Nizami Cəfərov təkcə dərslik müəlifi deyil. O, çoxlu qiymətli kitabların, onlarla dəyərli məqalənin müəllifi olan dilçi və ədəbiyyatşünasdır, millət vəkili, ictimai xadimdir, Azərbaycanda Atatürk Mərkəzi kimi sanballı qurumun rəhbəridir.

 

Məlumdur ki, Nizami adı Azərbaycanda ən çox sevilən və geniş yayılan adlardan biridir. Bunun səbəbi, şübhəsiz ki, xalqımızın dahi Nizami Gəncəviyə olan məhəbbəti ilə bağlıdır. Nizami Cəfərova ad qoyan insan da, yəqin ki, onun böyük adaşı Nizami Gəncəvi kimi hörmətli və şöhrətli olmasını arzulamışdır. Bu gün inamla demək olar ki, həmin insan və ümumiyyətlə, Nizami müəllimin doğma və əzizləri bu cəhətdən öz şirin arzularına çatmışlar. Mənim tələbə dostum, gözəl şairimiz Musa Ələkbərli "Adın ucalığı" şeirində Nizami Cəfərova müraciətlə yazır:

 

Gəncəvidən sonra hələ bu adla

Kimsə sənin qədər kama çatmayıb.

 

Mənim fikrimlə Musanın fikrinin bu dərəcədə üst-üstə düşməsi təbiidir. Axı biz BDU-nun Filologiya fakültəsində bir kursda, bir qrupda oxumuş bəzən bir partada oturmuşuq. Onu da deyim ki. Musa Ələkbərlinin Nizami Cəfərova həsr etdiyi həmin şeir bütövlükdə gözəl bir poeziya nümunəsi kimi məni çox mütəəssir edib.

 

Nizami adının mənəvi-məcazi mənasından başqa, həm də adi bir söz kimi leksik mənası da var. Bu söz ərəbcə "nəzm" sözündəndir, "nizama salan", "nizama düzən" mənasındadır. Nizami Cəfərov bu cəhətdən də öz adının mənasını layiqincə doğruldur. Belə ki, o, sözləri nizamla düzmək sahəsində mahir bir sənətkardır. Onun, dərin mənalı, orijinal, sərrast sözləri, ifadəli cümlələri adamı heyrətə salır, Azərbaycan dilinin gözəlliyini, zənginliyini nümayiş etdirir.

 

Mən televiziyada Nizami Cəfərovu çox seyr etmiş, onun nitqinə, hərəkətlərinə, baxışlarına ciddi fikir vermişəm. O, aramla, sakit, adi intonasiya ilə danışır, fikrini aydın çatdırır. Bəzən çox qızğın diskussiyalarda görmüşəm ki, hərə bir tərəfdən qışqırır, öz fikrinin düzgün olduğunu sübut etməyə çalışır. Bu barədə Nizami müəllimə müraciət olunanda o, çox qiymətli, orijinal, dürüst fikirlərini təmkinlə, hay-küysüz söyləməyə başlayır.

 

Akademik Nizami Cəfərov haqqında bu yazıma adını qürurla daşıdığı dahi Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının minacat hissəsindəki, xeyir-dua, nəcib arzu məzmunu daşıyan bu gözəl beytlə yekun vururam:

 

Kömək qapısını aç, ey Yaradan,

Göstər Nizamiyə düz yolu hər an!

 

Əli ŞİRİNOV

müəllim-filoloq, publisist. Bərdə rayonu

 

525-ci qəzet.- 2020.- 18 iyun.- S.13