Rəşad Məcid:
“Bu günlər hər bir vətəndaşın
öz məsuliyyəti
var”
“525-ci qəzet”in baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Rəşad Məcid Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün hökumətin həyata keçirdiyi tədbirlərlə bağlı öz fikirlərini sosial şəbəkədə bölüşüb.
Həmin fikirləri oxuculara təqdim edirik:
"Son günlər dünyanın
dörd bir yanını sarmaqda olan koronavirus təhlükəsi ilə
əlaqədar ölkəmizdə
virusun yayılması
əleyhinə ən yüksək rəsmi dairələr səviyyəsində
həyata keçirilən
tədbirlər ilk növbədə
Azərbaycan dövlətinin
və hökumətinin,
ən kritik situasiyalarda belə, daima öz vətəndaşlarının
yanında olmasının
növbəti ifadəsi
kimi çox anlamlı və önəmlidir. Hökumətin
atdığı bu addımlar bir yandan ölkədə tibbi-gigiyenik dayanıqlığın
təminatı və infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq
baxımından vacibdirsə,
o biri yandan da ayrı-ayrı dünya ölkələrində virisun
miqyasının genişləndiyi,
ölüm hallarının
artdığı ilə
bağlı yayılan
çeşidli xəbərlərin
hər kəsin öz dünyagörüşünə
uyğun izah və şərh edilərək dedi-qodulara yol açması və nəticədə ictimaiyyətdə narahatçılıq,
gərginlik, xof yaranması ehtimalının
önlənməsi anlamında
zəruridir.
Günəş hər yeri eyni hərarətlə
qızdırmadığı kimi, baş verən hansısa hadisə, yayılan hansısa xəbər də bütün insanlarda eyni reaksiya doğurmur. Düşüncə, səviyyə baxımından
hamının bərabər
olması mümkünsüzdür.
Infeksiyanın ayrı-ayrı ölkələrdə
yayılmağa başladığı
ilk günlərdən təhlükənin
ciddiliynin fərqinə
varan, məsələyə
təmkinlə yanaşan
insanlarla yanaşı,
şübhəsiz ki,
baş verənlərə
barmaqarası baxan, etinasızlıq və laqeydlik göstərənlər
də yox deyildi. Təbii ki, belə vəziyyətdə hadisələri
öz axarına buraxmaq kəskin nəticələrə yol
aça bilərdi.
Uzağa getməyək,
infeksiyanın böyük
fəsadlara yol açdığı qonşu
ölkədə inanclı
radikal kəsim hökumətin virusin yayılmasının miqyasını
məhdudlaşdırmaq niyyətilə
kütləvi tədbirlərin,
toplum halında ziyarət və ibadətlərin müvəqqəti
dayandırılması ilə
bağlı qərarına
qarşı çıxır,
baş verənləri
ilahi qüvvənin, Allahın iradəsinə buraxıb seyrçi mövqe tutmaqda israr edir. Bu mənada, Azərbaycan hökumətinin atdığı
qabaqlayıcı addımlar,
görülən bir sıra sosial izolyasiya tədbirləri həm də problemin hassaslığını
və ciddiyyətini dərk etməyən təbəqələrin məsuliyyətini
artırmaq, təsəvvürünü
dəyişmək baxımından
əhəmiyətlidir.
Hər şey göz qabağındadır,
mövcud qlobal təhlükənin Azərbaycana
təsirini mümkün
qədər minimallaşdırmaq
məqsədi ilə dövlət səviyyəsində
ardığcıl tədbirlər
həyata keçirilir. Yaşadığımız
günlərdə yaşından,
sosial statusundan, cəmiyyətdəki mövqeyindən
asılı olmayaraq hər bir vətəndaşın
bu həssas mərhələdə öz
məsuliyyətini dərk
etməsinə, necə
deyərlər, əlini
daşın altına
qoymasına əlahiddə
ehtiyac var. Sənətinə,
ixtisasına, sosial mövqeyə uyğun olaraq işinə xüsusi həssaslıqla
yanaşmaq, yaxasını
kənara çəkməmək
vətəndaş kimi
hər birimizin vəzifəsidir.
Və təbii ki, bu günlər üzərinə daha çox məsuliyyət düşən fəliyyət
sahələrindən biri
də jurnalistikadır.
Son illər, xüsusilə də sosial medianın təşəkkül tapdığı
mərhələdə, təəssüf
ki, jurnalıstıkamızda
hay-küylü, dezinformasiya
tipli xəbərlərin
cəmiyyətdə ajiotaj
yaratması halları
ilə az üzləşməmişik. Sosial
şəbəkələrin həyatımızın bir
parçasına çevrilməsndən
sonra bu tendensiya daha da güclənib. Barmağı klaviatura tutan beyniqanlı sosial şəbəkə
istifadəçilərinin aşırı fəallığı
bu məkanda təsadüf etdiyimiz təmkinli, düşündürücü,
abırına qısılan
nüfuzlu fikir sahiblərinin səsini, az qala, eşitməz
edib. Belə bir durumda klassik
media ənənələrinin
zədələnməsi, jurnalıstikanın
ən önəmli prinsiplərinin unudulması
arzuolunmaz və məyusedici faktordur. Amma bununla belə, uzun illərdən bəri Azərbaycan müharibə şəraitində
yaşadığından sözə
məsuliyyət, ölkənin
informasiya təhlükəsizliyinin
qorunması baxımından
təqdir olunası ənənələrimiz də
az deyil. İndiki həssas situasiyada məhz bu prinsiplərə əməl olunmasına həmişəkindən də
çox ehtiyac və zərurət yaranıb. Cəmiyyətin informasiya təhlükəsizliyinin
bütün prinsiplərdən
önəmli olduğunu
unutmadan yazılan hər bir sözə,
deyilən hər bir kəlməyə son dərəcə diqqətli yanaşmaq, öz məsuliyyətini dərk etmək qaçılmazdır. Bu mənada,
hesab edirəm ki, ölkəmizin, vətəndaşlarımızın sınaq qarşısından
olduğu bu günlərdə cəmiyyətdə
panika və ajiotaj yaranmasına, insanlarda narahatlıq yarada biləcək məlumat və şayiələr yayılmasına
yol verməmək üçün hər bir media orqanı, jurnalıst, sosial şəbəkə
istifadəçisi maksimum
dərəcədə səy
göstərməyə, öz
imkan və potensialı çərçivəsində
əlindən gələni
etməyə borcludur".
525-ci qəzet.- 2020.- 18 mart.- S. 9.