İçərişəhər Avropanın 13 tarixi şəhərindən biri seçilib

 

 

Dünya İrs Şəhərləri Təşkilatının Cənubi Avropa və Aralıq dənizi ölkələri üzə Regional Katibliyi "Mobillik və Mədəni irs" mövzusunda növbəti kitabçasını yayımlayıb.

Kitabçada hər kəs üçün əlçatanlıq və rahat hərəkət baxımından Avropanın ən yaxşı təcrübəyə malik 13 tarixi şəhəri seçilib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, həmin 13 şəhərdən biri də İçərişəhərdir.

İdarə tərəfindən İçərişəhərin sakinləri və ziyarətçiləri üçün rahat hərəkətin və məkanın əlçatanlığının təmin edilməsi istiqamətində həyata keçirilən layihələr və görülən işlər barədə oxuculara 4 dildə (ingilis, fransız, ispan və portuqal) məlumat verilib.

Qeyd edək ki, "Mobillik Mədəni irs" layihəsi 2014-cü ildən Dünya İrs Şəhərləri Təşkilatı tərəfindən başladılıb. Bu layihənin əsas məqsədi mədəni irsin qorunub saxlanması istiqamətində tarixi abidələrin insanlar üçün rahat əlçatan olması məqsədilə yerli orqanlara dəstək verməkdir.

 

525-ci qəzet.- 2020.- 18 mart.- S. 13.