Mədəniyyət müəssisələri üçün yeni fəaliyyət strategiyası müzakirə olunub

 

 

Ölkəmizdə koronavirus (COVID-19) infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən məqsədyönlü tədbirlər görülməkdədir.

Hazırda müxtəlif sahələr üzrə ixtisaslaşmış müəssisələrin fəaliyyətində fasilələrin yaranmaması və lazımi işgüzar mühitin dəstəklənməsi məqsədilə vəzifə xidmətlərinin yerinə yetirilməsində yeni təhlükəsiz formatların axtarışı aktuallıq kəsb edir.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin ölkəmizdə yaranmış vəziyyətlə əlaqədar mədəniyyət müəssisələrinin fəaliyyətinin səmərəli təşkili ilə bağlı müvafiq əmrinə əsasən nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində iclas keçirilib.

Yaranmış vəziyyəti müəssisənin qarşısında duran strateji vəzifələri nəzərə alaraq cari ilin mart 18-dən etibarən mərkəz tərəfindən bölgələrdə fəaliyyət göstərən müəssisələr üçün elektron mədəni "Consulting" xidmətləri göstəriləcək. Burada ilk növbədə müxtəlif profilli mədəniyyət müəssisələrin fəaliyyətinə dair metodiki məsləhətləşmələr, konkret mövzulara həsr olunmuş mühazirələr müəssisə tərəfindən hazırlanmış metodiki vəsaitlərin təqdimatı da nəzərdə tutulur. Mədəniyyət sahəsində bir ilk olan "Elektron Mədəni Konsaltinq" çərçivəsində onlayn məsləhətləşmələr təşkil ediləcək suallar aidiyyəti üzrə mütəxəssislər tərəfindən cavablandırılacaqdır.

Belə ki, muzey, mədəniyyət evləri, kitabxana, rəsm qalereyaları digər profilli mədəniyyət müəssisələrin əməkdaşları konkret vəzifələrin icrası, kreativ təfəkkür, səriştə yanaşmalarla bağlı elektron layihəyə fəal qoşularaq öz bilik bacarıqlarını artırmaq imkanı qazana biləcəklər.

Qeyd olunmalıdır ki, öncədən təqdim olunacaq cədvələ uyğun olaraq mərkəzin rəsmi internet sayt "Facebook", "Instagram" səhifəsi vasitəsilə mədəniyyət işçiləri sözügedən layihədən faydalana biləcəklər.

 

525-ci qəzet.- 2020.- 18 mart.- S. 13.