Tarzən Əli Əsgər Məmmədov:
“Sosial şəbəkələr bir az nankordur”,
“BİR
MÜDDƏT İSTİFADƏ ETMƏYƏN KİMİ
AKTİVLİK AZALIR”
Rubrikamızın
budəfəki qonağı Əli Əsgər Məmmədov
əvvəlkilərdən həm sənətinə, həm də
yaşına görə fərqlənir. Bülbül adına orta ixtisas məktəbində
oxuyub. Bakı Musiqi Akademiyasına qəbul
olunub. Bir neçə müsabiqələrdə,
festivallarda da iştirak edib. 22 ildir Opera və
Balet Teatrında orkestr artisti, solist kimi
çalışır. Tarzəndir. İfa etdiyi və sosial şəbəkələrdə
paylaşdığı "Qəlb atəşi"
mahnısı qısa müddətdə onu əməlli-başlı
məşhurlaşdırıb. Qalanını
da müsahibəsindən oxuyub bilin.
- "Qəlb
atəşi"ni ilk dəfə eşidəndə
hiss etdim ki, əsl mənim gözlədiyim ifadır. Düzdür, mahnının bütöv
versiyasını tapmaq çətin oldu. Amma ürəyimə
yatdığı üçün əlimdən gələni
etdim və istəyimə çatdım.
Açığı bu, yazıya alacağım ilk mahnı
idi deyə, çəkinirdim, istəyirdim ki, bir az da yetişim. Ancaq
dostlarımın "Sən artıq yetişmisən, hətta
çürüməyə doğru gedirsən" demələri
məni ruhlandırdı (gülür). Mahnını
yazdırdım və hazır olan kimi öz səhifəmdə
paylaşdım. Bir gün ərzində
olduqca çox izləyici və rəylər topladı. Müsbət rəylər üstünlük təşkil
etsə də, bəziləri mahnının müəllifi ilə
bağlı irad bildirmişdilər. Sonradan
məlum oldu ki, mahnını bəstələyən keçən
əsrin əvvəllərində yaşamış
İranın məşhur bəstəkarlarından olan
Abdulhüseyn Barazandehdir. Bunu öyrənən
kimi bəstəkarın adını da mahnıda qeyd etdim.
Bu ifadan sonra "Həyatı", "Tormoz
Hüseyn", "Şur" və digər muğamları
da yazıya aldım.
"Sosial
şəbəkələr həyatımızın ayrılmaz
hissəsinə çevrilib"
- Sosial şəbəkələrdə məşhur
olmaq nə dərəcədə əhəmiyyətlidir?
- Sosial
hesablarımı açıb hər dəfə "Qəlb
atəşi"ni görmək məni hədsiz
sevindirirdi. Tez bir zamanda
tanınmağımın bir səbəbi də həmin
ifanı yalnız özümün yox, mənimlə bərabər
bir neçə saytın paylaşması idi. Bir müddət sonra AzTV-nin direktor müavini Riad
Quliyev məni səhər verilişinə dəvət etdi və
həmin verilişdə bir neçə solo ifalarım səsləndi.
Daha sonra Naxçıvan televiziyasından da dəvət
etdilər, amma işlərim çox olduğundan vaxt edib gedə
bilmədim. Həmin vaxtlarda bir nəfər
rejissor da klip çəkmək üçün müraciət
etmişdi. Bu işi çox
arzuladığı üçün razılıq verdim.
Sözün qısası, mahnının demo
versiyasını da, özünü də sosial media
tanıtdı. Biz istəsək də, istəməsək
də sosial şəbəkələr həyatımızın
ayrılmaz hissəsinə çevrilib.
- Bu sənətlə nə vaxtdan məşğul
olursunuz?
- Atam tar
ustası olub, haqqında bir neçə sənədli film də
çəkilib. Demək olar ki,
gözümü açandan tar görmüşəm. Elə bu sahəyə marağım da həmin illərdən
yaranıb. Əvvəlcə Bülbül adına
orta ixtisas məktəbinə getmişəm. Oranı
bitirdikdən sonra Bakı Musiqi Akademiyasına qəbul
olunmuşam. Bir neçə müsabiqələrdə,
xarici səfərlərdə, festivallarda da iştirak etmişəm.
Artıq 22 ildir Opera və Balet Teatrında
müəllim kimi çalışıram.
"İnsanın
şərəfi nəfsindən üstün
olmalıdır"
- Bir ifaçının sənətdə
qazana biləcəyi uğurların çoxunu
qazanmısınız. Bu, dostlarınızın
qısqanclığına səbəb olmayıb ki?..
- İnsanlar
var ki, heç bir uğurun olmayanda səninlə dost olurlar. Elə ki yaxşı bir işin oldu, paxıllıq
etməyə başlayırlar. Elələrinin
fikrini almaq üçün bəzən yeni
mahnılarımı onlara göndərirəm. Ya ancaq tərifləyirlər, ya da hər yerində
səhv tuturlar. Halbuki onların nə deyəcəklərini
və səviyyələrini əvvəlcədən bilirəm.
Amma xoşbəxtəm ki, yaxın dostlarımda
belə xüsusiyyətlər yoxdur, hər zaman mənə dəstək
olurlar. Özümün də belə xislətim
yoxdur. Gözəlliyi görüb ondan yan
keçə bilmirəm. Bəyəndiyim
ifalar olursa, hətta öz səhifəmdə də
paylaşıram. Mənə görə
insanın şərəfi nəfsindən üstün
olmalıdır. Təki hamımız
yaxşı işlər görək, amma başqasının
yaxşı işinə də balta vurmayaq. Bəzən məndən nə qədər sonra sənətlə
məşğul olan adamlar fəxri ad alır. Amma inanın ki, bu mənə təsir etmir. Əgər adının qarşısına "Xalq
artisti" yazılıb ifaların sevilməyəcəksə,
o ad lazım deyil. Bu gün insanların
ifalarıma görə sevib tanıması mənə
bütün fəxri adlardan üstündür.
"Hazırda
sənətdə də, həyatda da çətinliklərim
var"
- Sənətdə, yoxsa həyatda çətinlikləriniz
çox olub?
- Hazırda həyatda
da, sənətdə də çətinliklərim var. Bəzən
elə hallar olur ki, başının üstündə bir evi
olan adamlar şükür edir, evi, maşını olan adamlar
isə daha böyüklərini əldə etmək
arxasıyca düşür. İnanın ki,
ikinci tip adamlar üçün həyat daha çətindir.
Gərək insan öz nəfsinə qalib gəlməyi
bacarsın. Əgər imkanım olsa, mən
də istəyərdim hər mahnıya klip çəkim, daha
yaxşı studiyalarda, daha çox sayda mahnılar yazım.
Neynəmək olar, yəqin qismət belədir.
"O
insanların özü kimi, ifalarında da sadəlik var idi"
- Məşhur tarzənlərimizdən
kimlərin ifasını dinləyirsiniz?
- Hacı Məmmədov kimi məşhur tarzənlərin
ifası ilə böyümüşəm. Xalq artisti Ramiz Quliyev də
müəllimim olub. Hətta dəhlizdə
gəzəndə də özümü Ramiz müəllimə
oxşatmaq istəyirdim (gülür). Mən inanmıram ki,
onun kimi sənətkarlar dünyaya bir də gələcək.
Çünki o insanların özü kimi
ifalarında da sadəlik var idi. Məsələn,
Rəşid Behbudov bir cümlə sadə notlarda
"Küçələrə su səpmişəm" deməsi
ilə ürəklərə toxuna bilib. İndi
nə qədər nəğmələr qatsalar da, həmin
ifalar o cür alınmır. Bəlkə də,
əsl tarzənləri, sənətkarları dinləmişəm
deyə, indiki ifalar məndə o rəğbəti
doğurmur.
- İzləyicilərinizdən gələn
rəylər sizi nə dərəcədə qane edir?
- Bəzən
ifalar insanları o qədər ovsunlayır ki, ən səmimi
hisslərini yazmaqdan çəkinmirlər. Bəzən
də "Bu nə mahnıdır ifa etmisən?" - deyənlər olur. Heç kimi
qınamıram, çünki bəyənməyə bilərlər.
Ancaq kiminsə yazdığı mahnını təhqir
etmək də doğru deyil.
- Bəs, hansısa bir rəy təəccübünüzə
səbəb olubmu?
- Ermənilərdən
gələn rəylər daha çox təəccübümə
səbəb olur. Hərdən "Ay can", "Tilsimli
tar" kimi ifadələr işlədirlər. Görün,
tarın melodiyası nə qədər xoşlarına gəlir
ki, artıq öz fikirlərini açıq ifadə etməyə
məcbur olurlar. Əvvəllər əsəbləşib
bu rəyləri silirdim. Sonradan düşündüm
ki, tarın insanlara necə təsir etdiyini, hətta
düşməni də yoldan çıxara biləcəyini hər
kəs görməlidir.
- Sizcə, hazırda tarda hər hansı
bir dəyişikliyə ehtiyac varmı?
- Atamdan
öyrəndiklərimdən yola çıxaraq hazırda tar
düzəldə bilərəm. Hətta tarımın
bir problemi olanda özüm düzəldirəm. Məndən başqa kiminsə əlinin dəyməsini
istəmirəm, bəlkə də qısqanıram. Dəyişiklik məsələsinə gələndə
isə, tarda belə bir şey etməyə ehtiyac
görmürəm. Sadıqcan kimi yeniliklər
edə biləriksə, faydalı olarsa, etmək olar. Məsələn, tarın pərdəsi istidə
qalxır, nəmişlikdə düşür. Əgər buna bir çarə olarsa, etsinlər.
Amma onun formasını dəyişməklə
özlərindən fərqlilik yaratmaq nəyisə kəşf
etmək deyil. Tarın o qədim forması
bizim milli sərvətimizdir.
- İran tar ifaçıları da dünyada kifayət
qədər tanınırlar. Azərbaycan ifaçıları ilə
İran ifaçıları arasında bu baxımdan hər
hansı bir rəqabət varmı?
- Elə
sosial şəbəkələrdə də iranlı izləyicilərim
var. Onların musiqisi ilə bizim musiqimiz bir az
fərqlənsə də, ifalarımı bəyənirlər.
İranlılar özləri də yaxşı
ifa edirlər və kifayət qədər tanınırlar.
Hətta mən deyərdim, orda
tamaşaçıların bu sənətə olan
marağı bizimkilərdən daha çoxdur.
"Mənim
üçün kəmiyyət yox, keyfiyyət önəmlidir..."
- Sosial medianın imkanlarından nə dərəcədə
razısınız?
- Sosial şəbəkələr
bir az nankordur. Bir müddət
istifadə etməyən kimi aktivlik azalır. Buna səbəb
bir ara dostluğumdakı adamların
çoxunu çıxarmağım da ola bilər. Çünki mənim üçün kəmiyyət
yox, keyfiyyət önəmlidir. Bəzən
mahnılarımı paylaşan səhifələri müqayisə
edirəm. 2000 nəfərlik izləyicisi olan səhifədə
ifamı 1800 nəfər bəyənirsə, 96000 izləyicisi
olan səhifədə 4000 nəfər bəyənir. Bu o deməkdir ki, həmin kütlənin keyfiyyəti
aşağıdır. Hərdən
dostlarım mənim bu fikirlərimə irad bildirir. Deyirlər ki, bu gedişlə irəli gedə bilməyəcəksən.
Ancaq mənə görə sənətə dəyər
verməyən adamlara sənət nümayiş etdirmək
faydasızdır.
- Kimi
müşayiət etmək istərdiniz?
-
Açığı, çox adamlarla işləmişəm.
Son illərə qədər Alim Qasımovla daha çox
iş birliyimiz olub. Ancaq bəzi səbəblərə görə
çatdıra bilmədim və iş sahəsində
yollarımızı ayırdıq. Demək olar ki, indiyə qədər
elə müşayiət etmək istədiyim insanlarla birlikdə
çalışmışam.
- Bu
mahnını ilk dəfə ifa edəndə ağlınıza
gəlmişdi qısa müddətdə məşhur
olarsınız?
-
Hələ kifayət qədər məşhur
olmamışam. Belə hallar
bir az da qismətdir. Mən
istəyərdim ki, "Qəlb atəşi"nə
milyonlarla baxış gəlsin. Bəlkə
də İranda Yutub qadağan edilməsəydi, indi trend
olmuşdu.
"Yutub
özü elə konsert zalıdır..."
- Hansı yenilikləriniz və gözləntiləriniz
var?
- Yeni
mahnılar yazıya almaq üçün
çalışıram. Bilirəm ki, əziyyətim
yerdə qalmayacaq. Əgər ortada yaxşı bir iş
varsa, mütləq üzə çıxacaq. Mən
də həmin o günü gözləyirəm və bunu
gözləyərkən boş dayanmıram. Hazırda diski və jurnalı ilə bir yerdə
albom buraxmaq istəyirəm. Yaxın gələcəkdə
solo konsertimin olmasını da istəyərəm. Amma bunu müəyyən bir zamana
planlaşdırmıram. Düşünürəm
ki, Yutub özü elə konsert zalıdır. Bir də öz içimdən gələn musiqi bəstələmək
istəyirəm. Düzdür, əvvəlcədən
"Afrika kompozisiyası" adlı bir bəstəm olub, amma
bu dəfəkinin daha fərqli olmasını istəyirəm.
Yəqin ki, nə zaman ilham gəlsə, o vaxt da
baş tutacaq.
Günel ABBAS
525-ci qəzet.- 2020.- 18 mart.- S. 16.