El adamı, xeyirxah insan...
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə
çatanda və çevrilib arxada qalan onilliklərə nəzər
salanda, xatırlamağa, arxalanmağa, öyünməyə
nəsə tapa bilirsənsə, yaşadıqlarına görə
təəssüflənmirsənsə, deməli, ömrün
hədər getməyib.
Deməli, Tanrının bəxş etdiyi ömrü
doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba,
cəmiyyət üçün lazımlı, gərəkli
olmaq, haqqı-nahaqqa verməmək, başqalarının
haqqını tapdamamaq kimi dəyərlərə sadiq
qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər
kəsə nəsib olmur. Amma dünya belə
dəyərli, qiymətli insanlardan xali də deyil. Bu
yazıda məhz elə insanlardan birinin - tanınmış
ictimai xadim, iş adamı, xeyriyyəçi Aydın Heydərovun
keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər
salmağa çalışacağıq.
Aydın Vəli
oğlu Heydərov 1948-ci il yanvar
ayının 25-də Qərbi Azərbaycanın Dərələyəz
mahalının Amağu kəndində, Heydərlər
tayfasına aid çoxuşaqlı bir ailədə dünyaya
göz açıb. Mühasibat texnikumunu
bitirmiş atası Vəli Əlioğlu İkinci Dünya
müharibəsində iştirak edib, kəndin, mahalın
sayılıb-seçilən, nüfuzlu şəxslərdən
olub. Aydın müəllimin öz təbirincə desək:
"həyatın hər üzünü görən,
acı-şirinini dadan, insanın aqili-nadanı ilə
rastlaşan, zamanın sərt tufanlarına mərdliklə sinə
gərən, xoş ruzigarına qucaq açan atam
ömrünün ahıllıq, kamillik və müdriklik zirvəsində
durarkən, keçdiyi enişli-yoxuşlu, daşlı-kəsəkli,
dərəli-təpəli, dolaylı-düzənli həyat
yollarına iftixar və fərəhlə boylana,
alnıaçıq, üzüağ baxa bilib. Düz yoldan,
doğru inamından, vətəndaş qayəsindən,
Allaha, imana, dinə bağlı etiqadından, bir dəfə də
olsun, sapmayıb, insanlığını, ləyaqətini, mənliyini,
kişi qürurunu həmişə, hər yerdə
başından uca tutub". Dərələyəz
mahalının Zeyti kəndindən, qorxmaz adam olduğundan el
arasında Qanlı Hüseyn kimi tanınan bir kişinin nəslində
dünyaya gəlmiş anası Bəyaz xanım da
ömür-gün yoldaşı Vəli kişi kimi Amağu
camaatı ilə əl-ələ verərək
aclığın, qıtlığın tüğyan elədiyi
illərdə ata-babadan qalma böyük dəyirmanları
hesabına kənd əhalisinin çörəkdən korluq
çəkməsinə imkan verməyib: "Hər şey
necə başlayır, eləcə də davam edir!" - deyiblər. Atam Vəli kişiylə Bəyaz
Anamın başladıqları ailə həyatı kimi! Onlar bu həyata gözəl
başlamışdılar deyə, elə sonadək sevgi-məhəbbətlə
yaşadılar. Bir-birlərinə mələk
kimi, ürək kimi baxdılar. Aydın, tər-təmiz
keçmişlərinin üzərində işıqlı gələcəklərini
qurmağı bacardılar. Yaşadıqları
günün dünəninə şükürlər edib,
sabahlarının salamatlığını Tanrılarına
pənah aparan, ona iman gətirib, haqqına görə minnətdarlıq
edən, ümidlərini ondan üzməyən namuslu, ismətli,
vəfalı hayat yoldaşlarına - bir örnək yerinə
çevrildilər" (Aydın Heydərovun "Mənim Bəyaz
anam" kitabından).
...1954-cü
ildə Amağu kənd 8 illik məktəbinin birinci sinfinə
gedən Aydın Heydərov 8-ci sinfi bitirəndən sonra təhsilini
Şərur rayonunun Yeycə (indiki Yengicə) kənd, Dərələyəzin
Qovşuq kənd və Baş Noraşen məktəblərində
davam etdirib.
1966-cı ildə
orta məktəbi bitirib Bakıya gələn gənc A.Heydərov
əvvəlcə Elmi-tədqiqat Əkinçilik İnstitunda
kiçik laborant kimi çalışır, bir müddət
sonra isə "26 Bakı Komissarları" adına
Neftçıxarma İdarəsinin yeraltı təmir sexində
işə düzəlir. İşləyə-işləyə
Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə
daxil olsa da, bir il sonra oranı
yarımçıq tərk edir. 1969-cu ildə
Politexnik İnstitutunun Avtonəqliyyatın istismarı
fakültəsinə daxil olur, ikinci kursu bitirib
Qazaxıstanın Baykonur şəhərinə hərbi xidmətə
yola düşür. Hərbi xidmətdən
sonra Elmlər Akademiyasının Əkinçilik
İnstitutunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi
şöbədə aqrotexnik vəzifəsinə qəbul
olunur. 5 il burada
çalışdıqdan sonra ovaxtkı Meliorasiya Nazirliyində
işə düzələn Aydın Heydərov 1978-ci ildə
Kənd Təssərrüfatı Nazirliyinə dəvət
alır, nazirlikdə mühəndis kimi fəaliyyət
başlayır, 2 il sonra isə idarə rəisi vəzifəsinə
irəli çəkilir. Aydın müəllim
1988-ci ilin sentyabr ayına qədər nazirlikdə idarə rəisi
olur. Həmin il Azərbaycan SSR-də
rəhbərlik dəyişir. Mixail
Qorbaçovun tapşırığı ilə Azərbaycanda
Heydər Əliyevin əleyhinə böyük kampaniya
başlayır. Bu dəyişiklikdən
bir müddət sonra Kənd təsərrüfatı nazirinin
müavini ona ərizəsini yazıb işdən getməyi təklif
edir. Aydın müəllimin özünün dediyi kimi,
məqsəd Heydər Əliyevi istəyən adamları
işdən çıxarmaq idi: "Biz doğrudan da Heydər
Əliyevi ürəkdən sevir, onunla qürur duyurduq. Hər
bir vicdanlı adam Heydər Əliyevi sevməli
idi.
...1988-ci il avqustun axırı - sentyabrın əvvəli
mən işdən çıxdım. Düzdür, mənə
təklif etdilər ki, hansısa şöbədə
aparıcı mütəxəssis olum... Etiraz
etdim. İş otağımda, masamın
üstündə Heydər Əliyevin bir şəkli var idi.
Vəzirov gələndən sonra neçə dəfə
mənə demişdilər ki, o şəkli
yığışdırım.
Acıqlanmışdım, çıxıb getmişdilər...
Nə isə, ərizəmi yazıb on ilə yaxın
işlədiyim və ürəkdən
bağlandığım işimdən
çıxdım".
Həmin ərəfədə Qarabağ hadisələri,
milli hərəkat sürətlə qığılcım
almağa bağlayır və çox keçmir, Bakıda
etiraz aksiyaları, mitinqlər kütləviləşir. Azərbaycanın taleyinə biganə
qalmayan digər çoxsaylı həmvətənlərimiz
kimi, Aydın Heydərov da mitinqlərə qoşulur: "Mən
mitinqlərdə iştirak edirdim, təbliğat
aparırdım ki, bizi bu vəziyyətdən yalnız Heydər
Əliyev çıxarda bilər. Artıq
hamı məni Əliyevçi kimi tanıyırdı".
Aydın Heydərov üçün əsl çətinliklər,
problemlər də elə o vaxtdan başlayır. Hansı dövlət
strukturunda işə düzəlirsə, təzyiqlərlə
üzləşir, təqib olunur. 1992-ci ilin aprelində
keçirilən, ölkənin ictimai-siyasi həyatında
rezonans yaratmış, Heydər Əliyevin prezident seçkilərində
iştirakının qarşısını almaq məqsədi
ilə tətbiq edilən yaş senzi əleyhinə mitinq və
tədbirlərin təşkilatçılarından və fəal
iştirakçılarından olan Aydın müəllimə
iş yerində təzyiqlər daha da güclənir, dəfələrlə
ondan Heydər Əliyevin təbliğatını aparmamaq,
mitinqlərə getməmək, Ayaz Mütəllibovu tənqid
etməmək tələb edilsə də, öz yolundan
dönmür.
Təsadüfən deməyiblər, elin gözü tərəzidir. Hər bir insanı öz
mühiti, öz toplumu formalaşdır və onun həyatına,
fəaliyyətinə ən sərrast qiyməti də məhz
öz ətrafı, tanıdıqları,
yaşadığı, üzvü olduğu toplum verir. Bu qiymətləndirmədən uğurla keçmək,
bu imtahandan alnıaçıq çıxmaq isə hər
adamın nəsibi olmur. Bunun
üçün insandan Tanrının bəxş etdiyi həyatı
doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba,
cəmiyyət üçün lazımlı, gərəkli
olmaq, başqalarının haqqını tapdalamamaq kimi dəyərlərə
ömür boyu sadiq qalmaq tələb olunur. Aydın Heydərov belə bir bütöv
ömür yaşamış insanlardandır. Və təsadüfi deyil ki, onun bu əməlləri
ən müxtəlif səviyyələrdə yüksək
qiymətləndirilib. Göstərdiyi xidmətlərə
görə dövlətimiz tərəfindən "Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı
ilə təltif edilən Aydın Heydərov həmçinin
genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinin
müqabilində BMT-nin xüsusi mükafatına layiq
görülüb. Əgər bugünə
kimi yaxşılıq etdiyi, təmənnasız xeyirxahlıq
göstərdiyi çoxsaylı insanların minnətdarlığını
və alqışlarını da mükafat saysaq, onda deyə
bilərik ki, Aydın müəllim saysız-hesabsız
mükafatlar və təltiflər müəllifidir.
İndi isə
keçdiyi həyat yolu haqqında daha müfəssəl təsəvvür
formalaşdırmaq məqsədi ilə
sözü Aydın müəllimi yaxından tanıyan
insanlara - hörmətli ziyalılara, dostlarına, əqidə
yoldaşlarına verib bu yazını yekunlaşdırır,
ona sağlam ömür, gələcək fəaliyyətində
daha böyük uğurlar arzulayırıq.
Milli Məclisin
Komitə sədri, tanınmış şair-publisist Musa Urudun
Aydın Heydərovun ömür yolundan bəhs edən
"Adına yaraşan adam" kitabına
yazdığı Ön sözdən: "Mənim qəhrəmanım
iliyindən sümüyünədək yurda, el-obaya, vətənə
bağlı insandır. Vətənpərvərdir,
müstəqil Azərbaycanı sevən, öz dövləti
ilə qürur duyandır. Təpədən-dırnağa
millidir, soykökə bağlıdır, millətpərəstdir.
Mərddir, cəsarətlidir, həyata öz
baxışı, öz mövqeyi olan adamdır. Ədalətlidir, heç bir halda haqqı nahaqqa verən
deyil, haqq saydığı əməlin arxasında dayanan,
uğrunda mübarizə aparandır. Həyatı
boyu dəfələrlə ədalətsizliklərlə
üzləşsə də, haqqı danılsa da, həmişə
ədalətin zəfər çalacağına inanandır.
Mübarizdir, ideya və prinsipləri uğrunda sonunu
düşünmədən döyüşən əsgərdir,
rəqibin zəif, ya güclü olduğunun fərqinə
varmadan sona qədər mübarizə aparandır... İntizamlıdır - sözündə, vədində,
işində bütövdür, qoyulan qayda-qanuna əməl
edən və bunu başqasından da tələb edəndir.
Azad insandır, heç kəs onu iradəsinə, əqidəsinə
zidd qərar qəbul etməyə, onu icra etməyə məcbur
edə bilməz... Xeyirxahdır, xeyriyyəçidir,
səxavətlidir, varını gizlədən deyil, Allahın
lütfünə ehtiyacı olana təmənnasız kömək
edəndir. Yaxşılığında təmənnasızdır.
Ailəcanlıdır, dostpərəstdir,
özünə yaxın bildiyi insanlar üçün
canını oda yaxmağı bacarandır, səmimidir, ailə
üzvləri və dostları qarşısında məsuliyyətlidir.
O, xarakteri olan adamdır, şəxsiyyətdir".
Mübariz
Qurbanlı, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri, YAP İcra katibinin müavini: "Mən
Aydın Heydərovu uzun illərdir ki, tanıyıram. 1990-cı illərin əvvəllərində
müstəqilliyini yenicə əldə etmiş
respublikamızda ictimai-siyasi vəziyyət olduqca mürəkkəb
və gərgin idi. Belə bir vaxtda Azərbaycan
xalqı haqlı olaraq öz nicatını Ümummilli lider
Heydər Əliyevin hakimiyyətə gəlməsində
görürdü. Bu yolda bir çox
ziyalılarımız, siyasətçilərimiz, alimlərimiz,
iş adamları, sadə insanlar fəal mübarizəyə
başlamışdılar. Bu mübarizənin
önündə gedənlərdən biri də, Aydın Heydərov
idi.
Həmin illərdən biz Aydın müəllimi
mübariz Heydər Əliyevçi, əqidəli
YAP-çı kimi tanımışıq. İstər 1992-ci ilin aprelində
keçirilən yaş senzi mitinqlərində, istərsə
də 1994-cü il 4 oktyabrında dövlət
çevrilişinə cəhdin qarşısının
alınmasında Aydın Heydərov böyük fədakarlıq
göstərmiş, dəyərli mübarizə adamı kimi
yaddaşlarda qalmışdır. Aydın Heydərov
Heydər Əliyev ideyalarının alovlu təbliğatçısı
kimi də YAP-ın quruculuğunda fəal iştirak etmiş
şəxslərdəndir.
...Aydın
müəllimin səmimiyyət, xeyirxahlıq, mərdlik,
düzlük kimi müsbət insanı keyfiyyətlərini də,
xüsusi ilə qeyd etmək lazımdır. O, həm də
nümunəvi ailə başçısı, bir nəslin, mən
deyərdim ki, bir elin, obanın nüfuzlu
ağsaqqalıdır".
Nəriman Həsənzadə,
Xalq şairi: "Aydın Heydərovla bir neçə dəfə
görüşlərim olub. Mötəbər
insandır. Olduqca səmimi, həssas və
təvazökar təbiətə malikdir. Yaxınlaşıb
ona əl vermək, dindirmək, danışmaq istəyirsən.
Bu da tanrının verdiyi mənəvi bir qismətdir...
Bir dəfə
söhbətlərindən belə başa düşdüm
ki, Ulu öndər Heydər Əliyevin ürək
qızdırdığı şəxsiyyətlərdən
biri olub... Bəlkə də, söz vaxtına
çəkər, payız-qış aylarıdır. Böyük şairimiz Bəxtiyar Vahabzadə mənə
axşamdan zəng vurmuşdu ki, səhər tezdən Heydər
Əliyev Bakıya gəlir. Onu aeroportda
qarşılayıb şəhərə gətirməliyik... Öz maşını ilə bizim qapımıza gəldi.
Səhərə yaxın aeroporta yola
düşdük. Aeroportda gördüyüm, üzü
mənə tanış gələn
adamlardan biri hörmətli Aydın müəllim idi. O,
narahat, gərgin vəziyyətdə dayanmışdı... Nəhayət, təyyarə aeroporta endi. Biz Heydər Əliyevi gözləmə
otağında qarşıladıq. Hamımızla,
özünəməxsus mehribanlıqla bir-bir əl tutub
görüşdü. Aydın Heydərov
onu öpdü. Hər ikisi sevinirdi.
Şəhərə
qayıdanda mən akademik Cəlal Əliyevin, Heydər
Əliyev isə Bəxtiyar Vahabzadənin maşınına əyləşdi...
Heydər Əliyevi akademik Cəlal Əliyevin evinə gətirdik
və bir də mehriban sağollaşıb ayrıldıq...
İndi arabir Aydın Heydərovla görüşəndə
biz o unudulmaz, o gərgin anların iştirakçısı
kimi Ulu öndərin əziz və canlı obrazını dönə-dönə
xatırlayırıq. Əlbəttə, Heydər Əliyev kimi tarixi
simanın, dünyanın nadir düha sahibinin sadəcə
mehr-ülfəsi bəs edərdi ki, Aydın Heydərovun həmişə
hörmətini, nüfuzunu saxlayasan. Bu
hörməti də, nüfuzu da o, özü
qazanmışdı. Halal haqqı idi".
M.MİRZƏ
525-ci qəzet.- 2020.- 18 mart.- S. 17.