Ədəbiyyat
haqqında kim nə düşünür?
Həqiqət, sadəcə, qavramdır. Biz onu reallıqda görəmmirik,
əllə tutammırıq. Ona görə
də həqiqət hamı üçün fərqli olur.
Ədəbi əsərdən tam olaraq reallıq gözləmək
mümkün deyil. Hadisələrin
mahiyyəti real həyatda baş verənlərlə eyni ola bilər, amma ən azından, müəllif
adları dəyişmək haqqına sahibdir. Ədəbi
əsərdəki istənilən uydurma müəllifin
azadlıq ölçüsüdür. Bəzən
bu ölçü hüdudsuz görünür, lakin mütləq
və mütləq dəqiq xətli bir sərhədi
vardır. Bəli, dəqiq xətli. Çünki girinti-çıxıntılar incəsənəti
xaosa döndərə bilər. Yaradıcılıq,
yaratmaq istəyi məhz kainatın mövcud xaotik nizamından
qaçmaq istəyindən doğan təbii instinktdir. Bəzi
insanlar üçün yazmaq xarakterə çevrilir və hər
əsərdə yenilənir, yenilənir... İnstinktlər
bizə yaradılışdan verilən ən böyük hədiyyədir.
Xarakteri isə biz özümüz
qazanmışıq və qazana-qazana da gedirik. Eynilə
immun sistemimizin müxtəlif virus və xəstəliklərə
qarşı möhkəmləndiyi kimi...
***
Cerom Devid
Selincerin qızı xatirələrində yazır: "Atam
düşünürdü ki, istedadsız adam
incəsənət sahəsini seçməklə küfr
edir, təmiz, müqəddəs bir şeyi korlayır". Doğrudanmı, ədəbiyyat korlana bilər?
Axı, ədəbiyyat adlı həqiqətin nədən
ibarət olduğunu, sərhədlərinin harda bitdiyini
heç kim bilmir... İtirilmiş
krallıq xəzinəsi kimi daim axtarılan "əsl ədəbiyyat"ı
kim necə korlaya bilər? Öz
hisslərini gündəliyinə yazan yeniyetmə bir qız,
yoxsa sınıq-salxaq xəttiylə xaraba qalmış
yaddaşında xatirələrini axtaran bir qoca? Məncə,
heç biri... Yazmaq onların da haqqıdır və heç
kim zəmanət vermir ki, nə vaxtsa
onların yazdığı bir-iki cümlə hansısa
romanda qarşımıza çıxmayacaq, biz onu sevməyəcəyik...
Ədəbiyyatı
"bulvar ədəbiyyatı", "işsizlərin ədəbiyyatı",
"küçə ədəbiyyatı", "yeraltı
ədəbiyyat" kimi "ayamalarla" təqdim etmək
bütün dövrlərdə olub. Amma hələ
də bu "ayamaların" konkret olaraq nəyi ifadə
etdiyini izah edən tapılmır. Madonna uşaq ədəbiyyatı
yazanda da, Sezen Aksu öz şeir kitabını nəşr
etdirəndə də üsyançılar və
inkarçılar vardı... Amma sevinən, oxuyan, qonşudan
borc aldığı pulu o kitablara verən də az deyildi... Bu məqamda Müşfiq
Şükürlünün "Yazıçı olmağa
iddialı nankor oxucular" adlı yazısını
xatırlayıram: "Yazmaq ki yazıçının ibadətidir,
necə axı yazma deyər... Yazmaq ki
seçimdir. Seçimsə azadlıq deməkdir..."
Sonra da düşünürəm ki, görəsən,
özünə "elit ədəbi tənqidçi" deyən
biri çıxıb Madonnaya "kitab yazma" desəydi,
Madonna da onu "azadlığıma müdaxilə edir"
iddiasıyla məhkəməyə versəydi, həmin məhkəmədə
kim qazanardı?
...
Yaddaşını itirən bir xəstəyə müxtəlif
şəkillər göstərməklə nəyisə
xatırlayıb-xatırlamadığını test edirlər.
Bunu "görsəl yaddaş"
adlandırırlar və mütəxəssislər
yaddaşın bərpasında əhəmiyyətli
olduğunu vurğulayır. Ədəbiyyat da belədir;
hansı əsəri zehnində yaşayırsansa, hansı əsərin
içində "itib-batırsansa", onu
xatırlayırsan, onunla yaşayırsan... Özünü
vərəqlərində itirdiyi kitab oxucunun ehtiyacıdır.
Bu gün dünyanın hər yerində nəşriyyatlar
məhz oxucunun ehtiyacına hesablanmış kitabları nəşr
etməkdə həvəslidir. Tamam, burda
iqtisadi maraqlar var, anlayıram. Bəs, nəşriyyatların
geri itələdiyi əlyazma qovluqları? Onları yazanların da ehtiyacı
düşünülürmü? Məncə, yox... Bu da
yazıçının faciəsidir... Yazmaq
ehtiyacı ödənməyəndə yazmaq eşqiylə dəliyə
dönənləri sağlığında dəliyə,
öldüyündə dahiyə döndərən də bizlər
deyilikmi?! Elə bizik... "Nə
yazıldığının, necə və nəyə
yazıldığının önəmi yoxdur çox vaxt.
Sadəcə, yazmaq ehtiyacının ödənilməsi
vacibdir bəlkə də... Bəli, yazmaq ehtiyacdır,
ehtiyacdan ötə əlacdır... Hətta, könlün
antibiotikidir... Nizamlı və davamlı olmalıdır"-
deyə yazır Kübra Aydın... Haqq verirəm ona... Yazmaq
kiminə görə dəlilik olsa da, kiminə görə
yaşamağın açarıdır...
***
Günahlandırılan
yazıçı olmağı heç kim
istəmir. Amma oxucunun şəhadət barmağının
ucu həmişə yazıçıya tərəfdir: istər
günahkar axtarışında, istərsə də xilaskar
axtarışında... Bəzən
düşünülür ki, yazıçının tək
günahı "yaxşı yazmamağındadır".
Bəzən bu sözü lap kobudlaşdırırlar;
"filankəs yazmağı bacarmır..." Alt qata enəndə,
Xəstə Qasım demiş, "qəvvas olub dəryaya
baş vuranda" "yazmağı bacarmaqdan" daha
çox şey tələb olunan yazıçıya
adamın yazığı gəlir... Kənan
Hacının fikrincə, "yazıçı ideoloq olmazdan
əvvəl humanist olmalıdır". Burda
fikirlərin qladiator döyüşünə
çıxdığını görməmək
mümkün deyil. Zaman-zaman bütün
ideologiyalar ədəbiyyatdan süzülüb; ya ideologiyalar ədəbi
abidə qazanıb, ya da ədəbi edama məhkum edilib.
Bütün bunların arxasında dayanan da yenə
insanın "canı yanmağı", ibarəli desək,
empati bacarığıdır. Düzdür,
bu gün insanı "bəşərin əşrəfi edən"
duyğunun məhz sevgi olduğunu, sevginin də empatinin
rüşeymi olduğunu, bütün bunların da ümumi
terminlə humanistlik adlandığını bilməyən
qalmayıb. Yenə də yazıçı
ideologiyasını Femidanın görməyən gözlərinin
önündə yelləmək ədalətsizlik olardı...
Ədalət demişkən, görəsən, ədəbiyyat
adildirmi? O, öz həqiqət
axtarışında nə vaxtsa haqlının haqqını
haqsıza qurban verirmi? Təlatümlü düşüncədir...
Bəlkə də, qorxunc düşüncədir...
"Dünya ədəbiyyatının dünyaları"
essesində Deniz Gündoğan İbrişimin dediyinə
görə: "...daim bir təxəyyül gücüylə
ictimai, mədəni və fərdi çərçivədə
oxucunu və dünyanı formalaşdırma gücünə
sahibdir ədəbiyyat..." Bəs niyə məktəbin
"ən yaxşı oxuyan şagirdi"nin
on ildən sonra həbsxanaya düşmə ehtimalı yox
deyil? Öz qüdrətiylə ədəbiyyat
onu xilas edə bilməzdimi? Məncə, yox... Nə qədər
qüdrətli olursa-olsun, ədəbiyyat insanın seçimlərini
diqtə eləmək gücünə malik deyil... Özünü "oxucu" hesab edən hər kəs
Pompey əfsanəsindən xəbərdardır və
"insanın insana olan sevgisinin mücərrədliyə
ünvanlanan bütün sevgilərdən daha dərin"
olduğunu, bu sevginin öldürmə qüdrətini bilir.
Yenə də həyatla savaşda öz sevgisi və
ehtirasıyla silahlanır. Həmin an insanlıqdan
çıxıb bir ağac donunda olanları seyr etdikdə ədəbiyyat
heç də adil təsir bağışlamır... Nə
yaxşı ki, ağac deyilik!
***
Oxucu termin kimi ayrıca müzakirə olunmalıdır. Yazılan əsərlərin,
nəşr edilən kitabların taleyini "müəyyən
etmək" qədər hökmlü olan oxucu kimdir? O,
nəyi oxuyur? Niyə oxuyur?
Qarşı-qarşıya dayansaq, bu sualları özümə
də ünvanlaya bilərəm: Mən nəyi yazıram? Niyə yazıram? Özümün özümə
cavablarım çoxdur, ən qısacası isə budur:
"Bilmirəm..." Çünki yazmağın mənası
da insanın missiyası qədər naməlumluqda çoxdan
azıb... Hər gün tapılan yeni cavablar təxəyyülümüzdə
yaşayan "böyük həqiqət"ə tərəf
sürüklənərkən əlimizə keçənlərdir...
"Ədəbiyyatın ən sadə və çox
yayılmış düsturu budur ki, əgər oxuduğu əsər
oxucuya tanış gəlirsə, personajları özü kimi
hiss edirsə, deməli, əsər alınıb". Bunu Şahanə Müşfiq deyir... Fikir olaraq doğrudur, hətta illərlə
deyilmiş fikirləri sadə bir düstura çevirdiyinə
görə Şahanəyə təşəkkür
düşür. Bu düsturdakı yeganə
naməlum əmsal yazıçının özünü
buxovlamasıdır. Oxucuya xoş gəlmək
üçün fikirlərini çərçivəyə
salmaq, öz-özünə qadağalar qoymaq
yazıçıya uğur qazandıra bilər, hətta bu,
necə deyərlər, günah sayılmır. Amma
yazı alma bağı deyil ki,
yazda-payızda budamağa, calamağa ehtiyac duyulsun... Yazı böyürtkən kolu kimi
qollarımızı sıyıranda, kol dibindəki bənövşəyə
dönəndə, yarpağında şeh düymələnmiş
yemlik təki parıldayanda daha dürüst olur. Həyatın hər köşəsində
dürüstlük axtara-axtara yazıçıdan fikirlərinə
maska taxmağı tələb edən oxucunu qazanmaq faciəm
olardı, yoxsa uğurum? Bilmirəm...
Şahanə Müşfiq "Bəzən yazarlar
"oxucu yoxdur" - deyib şikayətlənirlər. Oxucu isə susmaqla kifayətlənir"
cümlələrini yazmaqda da haqlıdı. Oxuduğunu "vaxt öldürmək",
"gün keçirmək" vasitəsi sayan bir oxucu
üçün hayqırmaq, haray çəkmək
yazıçının dəliliyidi, cəsarəti yox.
O yazıçı qəhrəmandır ki, özüdür,
fikirlərini buxovlamır, budamır, sinəsi tənqidçilərin
tənqidinə, oxucuların təhqirinə hədəf olanda
kürkünə bürünmür... Amma qəhrəmanlar da
uzunömürlü olmur... Qısa ömürlərindən
geriyə isə əfsanələr qalır. Rəşad
Məcidin təbirincə desək, "əfsanələri dəyişmək
olmaz".
Şəfa VƏLİ
525-ci qəzet.- 2020.- 18 mart.- S. 18.