Eston yazıçının "Küləklər şəhəri"ndəki Azərbaycan - Şahanə Müşfiqin yazısı

 

Öncə onu deyim ki, kitabı əlimə alar-almaz, "bir eston yazıçı Azərbaycan, Bakı haqqında nə yaza, necə yaza bilər ki?" deyə sual etmişdim özümə.

Baxmayaraq ki, kitabın qapağında yazıçının Azərbaycanla bağlı məlumatlılığı kifayət qədər açıq şəkildə qeyd olunmuşdu: "O, Estoniyada kənd məktəbində tarix müəllimi işləyərkən, gənclər arasında Azərbaycanla bağlı keçirilən bir neçə layihədə iştirak edib. Həmin təcrübəsi Kerstidə bu Qafqaz ölkəsinə qarşı dərin maraq və güclü təəssürat oyadıb, həmçinin, "Küləklər şəhəri"nin yazılmasına əla material verib".

Bəli, söhbət eston yazıçısı Kersti Kivirüütün "Küləklər şəhəri" romanından gedir. Bu günlərdə Bakı Kitab Mərkəzində müəllifinin və tərcüməçisinin iştirakı ilə böyük təqdimatı keçirilən kitab hələ bundan öncə də Azərbaycan ictimaiyyətinin diqqətinə səbəb olmuşdu. Bu adı mən də çoxları kimi Azərbaycanla bağlı yazdığı həmin romanın sayəsində eşitdim. Əsəri dilimizə eston vətəndaşı olsa da, azərbaycanlı kimliyini qoruyub-saxlayan, Estoniya radiosunda Azərbaycan dilindəki verilişin aparıcısı Sənəm Əliyeva tərcümə edib. Bir azərbaycanlı olaraq öz vətənin haqqında xarici vətəndaşın qələmindən oxumaq həyəcanını xanım Kerstinin və Sənəm Əliyevanın sayəsində yaşayırıq. Əsərin yazılmasında Tur Heyerdalın hipotezindən, atəşpərəstlik və şimal ölkələri mifologiyasından istifadə edilib.

Romanın elə ilk səhifələrindən insanı Bakı küləyi vurur, Azərbaycan qoxusu sarır. Əsərdə yazıçı Bakının, Azərbaycanın müxtəlif dövrlərinə toxunur, tarixin sirli qatlarını bir-bir gün üzünə çıxarır.

Məlum olur ki, XX əsrin əvvəllərində, Azərbaycanda Sovet hakimiyyəti qurulmazdan öncə burada kiçik eston icması yaşayıb. Onlar yerli xalqla çox gözəl münasibət içərisində olublar. Bakıda neft və ona yaxın sənayedə axtarışları, araşdırmaları və əldə etdikləri tapıntılar kitabın əsas süjet xətlərindən birini təşkil edir. Əsərin əvvəlində qırmızı bolşeviklərin onlardan birini öldürməsinə də yer verilir. Müəllif bununla estonların Azərbaycandan çıxışını əlaqələndirir. Çünki bolşeviklərin gəlişi ilə hər şey dəyişib. Estoniyanın Azərbaycanda səfiri, "Şubanneft" şirkətinin üç ortağından biri, iş adamı Robert Puur "qırmızılar" adlandırdığı bolşeviklərin onları incidəcəklərinin və bu illər ərzində Bakı neftinə dair araşdırmalarına yiyələnəcəklərinin fərqindədir. Buna görə də 17 yaşında əlləri cibində, bir qəpiyə, bir qapıya ümidsiz halda üz tutduğu, on ildən çoxdur yaşayıb, həyatını sıfırdan səfirlik səviyyəsinə qədər gətirdiyi Bakıdan, Azərbaycandan ayrılmaq məcburiyyətindədir. Onun bu gedişi, əslində, son demək deyil. Çünki dostu, iş ortağı Eduard Tammın ölümündən sonra neft yataqları ilə bağlı gizli sirlərini saxladığı gündəliyi itib, tapılmır. Eduard bolşeviklərin əlinə keçməməsi üçün gündəliyi dostlarının belə bilmədiyi yerdə gizlədib. Əgər gündəlik bolşeviklərin əlinə keçərsə, onlar bu sirlər vasitəsilə Azərbaycan xalqının sərvətlərinə, "Şubanneft"in bütün səhmdarlarına yiyələnəcəklər. Həmin gündəliyi taxtarıb tapmaq üçün isə vaxt yoxdur. Ümid Eduardın gündəliyi etibarlı yerdə gizlətməsinə qalıb. Yazıçı Puurun daxili sarsıntısını, Azərbaycana olan bağlılığını elə ilk səhifədəncə ustalıqla təsvir edir.

Sonra səhifələr çevrildikcə biz 2012-ci ilə gedir, 1988-1989-cu ilə qayıdır, qəflətən eradan əvvələ səyahət edirik. Səhifələr arasındakı bu zaman yolçuluğu nəinki qarışıqlıq yaradır, əksinə, dedektiv, bir az da mistik janrda yazılmış romanı tam mənasıyla anlayıb, qavramağımıza yardımçı olur.

Yazıçı əsərdə vacib bir mövzuya toxunur: Skandinaviya xalqlarının kökü hardan başlayır. Onun zamandakı səyahəti bu sualın cavabını tapmaq üçün seçilmiş ən uğurlu priyom hesab edilə bilər. Estonların Allahı Odinin mənşəyini izlərkən yollar onları yenidən Azərbaycana gətirib çıxarır.

Hər şey məşhur səyyah, Skandinaviya xalqlarının tarixinin araşdırmaçısı Tur Heyerdalın Puurun oğlu Robesrtsonun iş otağında atasının şəklini görməsi ilə başlayır. Puur və iki dostunun, ortağının vaxtilə Qobustanda çəkdirdiyi şəkil səyyahın diqqətinə səbəb olur. Belə ki, burada Qobustan qayaları üzərindəki rəsmlər eynilə skandinaviyalılarda, daha dəqiqi Estoniyanın Osmussaar vilayətində də var. Bu bənzərlik təsadüf ola bilməzdi. Səyyah bu ipucundan çıxış edərək dünya xəritəsində xalqların köç yolunu izləyir. Tur Heyerdalın təxmininə görə Skandinaviya xalqları məhz Azərbaycandan törəyib, sonradan indiki ərazilərə gedib çıxıblar. Bəs bu köç necə baş verib?

Əsərin davamında yazıçı fərqli dövrlərə zaman edərək hər şeyi oxucu üçün aydınlaşdırır. Skandinaviya xalqlarının Allahı hesab olunan Odin, əslində, azərbaycanlı olub, Badikubə (indiki Bakı) deyilən ərazidə yaşayıb. O, eradan əvvəl VI əsrdə hələ 15 yaşlı oğlan ikən ruhunu şər allahı Əhrimənə təslim edir. Müdrik Süleymanın tələbəsi olan Odin kvasir quyusundan su içməklə tanrı müdrikliyinə qovuşur. Ancaq bu müdriklik ona qurbansız başa gəlməyəcəkdi. Odin Əhrimənin ona verdiyi bu tanrı müdrikliyini Badikubə xalqının əmin-amanlığı üçün istifadə etmək fikrindədir. Sonrakı idarəçiliyi dövründə də buna çalışır. Amma ruhunu Əhrimənə təslim etmişdi. Müəllimi Süleyman başda olmaqla əlli nəfər bunun fərqinə varır və onun hökmranlığından uzaqlaşmaq qərarına gəlir. Onların köç etdiyi ərazi isə indiki Xınalıq kəndi imiş. Onların gedişindən sonra Odin daha 500 il beləcə xalqını idarə edir. Ancaq 500 ildən sonra olsa da, öz səhvini anlayır, Əhrimənə tabe olmaqdan vaz keçir və xalqını da götürüb Süleymanın getdiyi yoldan da uzağa gedir. Onlar indiki Skandinaviya ərazisinə Xəzər dənizi - Volqa çayı vasitəsilə Baltik akvatoriyasına gedib çıxırlar. Odin burada özünü xalqının Allahı elan edərək canını tapşırır. Bundan sonra onun xalqı və həmin xalqın davamçıları bu mifi əsas tutaraq Odini allahları hesab edirlər.

Bütün kitab bu mifin üzərində qurulub. Vaxtilə Azərbaycanda səfir işləmiş Puurun oğlu Robertson Tur Heyerdalın kəşfindən istifadə edərək qazıntılar aparır və Odinə gücünü verdiyi düşünülən valknutu tapır. Elə həmin vaxt üstünə şığıyan iki qarğanın bir gözünü çıxartması ilə ruhunu Əhrimənə təslim edən Robertson bundan sonra özünün Odin olduğuna inanır. Bu düşüncəylə qoca iş adamı onun suyundan içdiyi kvasir quyusunu axtarmağa başlayır. Onunla danışan qarğaların və oğulluğu, sadist Kevinin köməyi ilə həmin müdriklik quyusunun Qobustanda olduğunu öyrənib, Azərbaycana gəlir. Əhrimənin tanrı müdrikliyi verdiyi insanların qurbanları isə təkcə gözlə yekunlaşmır. Onlar Əhrimənə dörd fərqli gün doğumunda anadan olan oğlan qurban kəsməlidirlər. Bunu da Bakıdakı uşaq evlərindən biri sayəsində nail olurlar. Uşaqlardan birinin sağ qalması bütün planları alt-üst edir, polisin və Estoniyadan gəlmiş jurnalistika tələbəsi Anneliisin işə qarışmasına səbəb olur.

Yazıçı böyük ustalıq və tarixçi dəqiqliyi ilə Azərbaycanın tarixi hadisələrinə toxunur. Məsələn, ikinci epizodda onun qoca qaçqın Əhmədin timsalında Qarabağ hadisələrindən, Xocalı soyqırımından söz açması təqdirəlayiq hadisədir. Eston yazıçı Qarabağ müharibəsini qəhrəmanının xatirələrində belə canlandırır: "Həmin gün evə getdiyi yolla qaçan izdihamla qarşılaşdı- isterika halında olan qadınlar, qəzəbli kişilər, ağlayan uşaqlar... Əhməd nə baş verdiyini anlamağa macal tapmadı, qayğıkeş qonşular onu özləri ilə bir yerdə sürüyüb apardılar. Onların dediyinə görə, qana susamış düşmən ordusu qonşu kənddən bir nəfəri də sağ buraxmamışdı... Əhməd qaçqınlar arasında əziz ömür gün yoldaşını, iki oğlunu və yeniyetmə qızını tapmağa çalışsa da, bir şey alınmadı. O, indi evsiz-eşiksiz, ümidsiz və gələcəksiz qalmışdı".

Yazıçı hadisələri elə əlaqələndirir, düyünləri bir-birinə elə hörür ki, sonda oxucu hər şeyin başında müharibələrin dayandığına, bütün bədbəxtliklərin başında savaşların dayandığı qənaətinə gəlir. Ancaq yazıçı azərbaycanlıların bu qədər qan-qadaya, itkilərə rəğmən ermənilərin dünyaya tanıtmağa çalışdıqlarının əksinə, müharibə tərəfdarı olmadığını da vurğulayır. Hətta Qarabağ müharibəsində evini, torpağını, ailəsini, övladlarını itirən Əhməd və onun kimi başqaları da sülh tərəfdarıdırlar: "Onilliklər arxasında qalan qəzəb artıq soyumağa başlayırdı və Əhməd sülhdən başqa heç nə istəmirdi. Özü üçün, milyonlarla qaçqın üçün, qonşuları üçün, qızı üçün, bir sözlə, hamı üçün yalnız sülh istəyirdi".

Kitab zaman baxımından nə qədər miqyaslıdırsa, məkan etibarilə də bir o qədər zəngindir. Bakı, Qobustan, Xınalıq, Qarabağ, Estoniya, Osmussaar, Skandinaviya,  Fin körfəzi və sair hadisələrin zəngin coğrafiyasından xəbər verir. Bu zəngin coğrafiya, zəngin zaman bir-biriylə ustalıqla əlaqələndirilib, keçidlər oxucunu çaşdırmır, yaddaşını qarışdırmır.

Əsərdə sevgi motivi də yox deyil. Azərbaycanlı futbolçu Rüfətlə Anneliisin sevgisi detektiv əsərə fərqli hava qatır. Burada Rüfətin həssas, qoruyucu xarakteri, Anneliisin şıltaqlığı, jurnalist marağı və dözümü hər iki xalqa məxsus əsas cəhətləri ortaya çıxarır.

Ümumiyyətlə, əsərin obrazlar aləmi zəngindir. Əvvəldə Anneliis avropalılar haqqında çox yüksək fikirdədir, onları həssas, ədalətli, mədəni xalq olaraq xarakterizə edir. Onun fikrincə, şərqlilər avropalılar qədər ədalətli deyillər. Hətta onun bu məsələylə bağlı Rüfətlə mübahisəsi də düşür. Hadisələrin gedişi isə onun bu fikirlərini dəyişir. Çünki əsərdəki ən dəhşətli qətlləri xəstəlik dərəcəsindəki düşüncə və inancı sayəsində həyata keçirənlər məhz eston Robertson və Kevindir. Anneliisin burada qarşılaşdığı Rüfət, Taleh, Fazilə kimi insanlar isə onun yaddaşında öz gözəl xüsusiyyətləri ilə qalırlar. Bu da onu göstərir ki, xalqlar deyil, insanlar fərqlidirlər.

Bütün qətllərə, insanı həyəcanlandıran hadisələrə baxmayaraq, əsər xoş sonluqla yekunlaşır. Haqq-ədalət öz yerini tapır.

Kersti Kivirüütün 2017-ci ildə Beynəlxalq Ədəbiyyat Mükafatına layiq görülən "Küləklər şəhəri" romanının Azərbaycan-Estoniya ədəbi-mədəni əlaqələrinin inkişafında çox mühüm rol oynayacağına heç bir şübhə yoxdur. Müsahibələrində Azərbaycanı və azərbaycanlıları çox sevdiyini, onlar haqqında kitab yazmağın çox xoş olduğunu deyən Kersti xanıma bu cür obyektiv və maraqlı əsərinə görə təşəkkür edirik!

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 18 mart.- S. 19.