Novruz ənənələri
musiqidə
Musiqi bahariyyələri
Orta əsrlərin klassik poeziyasında baharı vəsf
edən, Novruzun gəlişinə həsr olunan şeirlər
yazılmışdır və tədqiqatçılar bu
mövzuda şeirləri "bahariyyə"
adlandırırlar. O da məlumdur
ki, orta əsrlərdə Novruza həsr olunan şeirlərə,
poemalara, fəlsəfi-etik əsərlərə bəzən
müəlliflərin özü tərəfindən
"Novruznamə" adı verilmişdir. Habelə
ədəbiyyatla yanaşı, qədim xalq musiqisi nümunələrində,
orta əsrlərin peşəkar musiqi sənətində də
Novruz ənənələri, mövzuları və
atributları geniş bədii təcəssümünü
tapıb. Fikrimizcə, "Novruz və musiqi" məsələsinə
iki aspektdə baxılması daha uyğun görünür:
1. Musiqi Novruz
bayramında və ənənələrində;
2. Novruz və
bahar mövzuları musiqidə.
Bu mövzu ilə
əlaqədar məqaləmizdə ilk dəfə "musiqi
bahariyyələri", "musiqi novruznamələri",
"muğam novruziyələri"
anlayışlarını işlədirik. Bu anlayışlar hər
iki aspektə aid olan musiqi nümunələrini ehtiva edirlər.
Novruz və xalq rəqsləri
Novruz mərasimləri, oyunları və tamaşaları
mütləq çal-çağırlı, yəni alətlərin,
instrumental musiqinin, oxumaların və rəqslərin vacib
iştirakı ilə həyata keçirilmişdir. Çünki Novruzda nəğmə,
oxuma, rəqs olmadan kütləvi bayram əhval-ruhiyyəsi və
şənlik ovqatı yarana bilməzdi. Novruzun
etnomədəniyyət hadisəsi - bayram və mərasimlər
sistemi kimi tarixi yaranışından başlayaraq, bu gün də
musiqi və musiqiçilər bu bayramın və onun müxtəlif
ənənələrinin ayrılmaz tərkib hissəsi və
birbaşa iştirakçısıdırlar.
Odur ki, ənənəvi
Novruz musiqisi ilə yanaşı, zaman-zaman bayram ənənələrinin
və etnomusiqi yaddaşının təsiri ilə xalq sənətkarları
tərəfindən Novruz mövzulu yeni instrumental musiqi
nümunələri, o cümlədən, xalq rəqsləri
yaradılmış və həmin nümunələr də tədricən
bayram şənliklərinə daxil olmuşdur.
İnstrumental
rəqs musiqisində "Novruzu", "Novruzgülü",
"Baharı", "Bənövşə" ("Bənövşə"
oyunu ilə bağlı rəqsdir),
"Bağdagülü",
"Dərvişxanı" ("Dərviş
oyunu" ilə bağlı rəqsdir), "Ənzəli"
("Ənzəli" oyunu ilə bağlı rəqsdir),
"Atqovdu", "Cıdırhəngi" (Cıdır
yarışı ilə bağlı rəqsdir),
"Qıtqılıda" (gənclərin və
yaşlıların oynadığı məzəli rəqsdir),
"Uzundərə" (qız-gəlinlərin icra etdiyi mərasimlərdə
oynanılıb), "Mirzəyi",
"Darçını", "Mixəyi",
"Xançobanı", "Xanbəzəmə" (eyni
adlı oyuna aiddir), "Mücəssəmə" ("Lal
oyunu" ilə bağlı rəqsdir), "Maralı"
("Maraloyunu"na aiddir),
"Küfyallı" (yaşıllıq və
ağac tapınışına aid mərasimin rəqsidir),
"El yallı", "Çöp-çöpü",
eləcə də
"Tulumu", "Köçəri","Ayrımı",
"Qaytağı", "Keçiməməsi" (saya və
təkə oyunlarının rəqsləridir)və digər rəqs
havaları Novruz bayramının musiqili tərənnümü,
onun ayrılmaz tərkibidir. Bu kimi oyun havaları həm də
qədim bayram ənənələrinə daxil olan meydan
tamaşalarını (kəndirbazlar, ayı oynadanlar, pəhləvanlar,
cıdır, çövqan) və xalq oyunlarını
("Xan-xan", "Xanbəzəmə", "Kosa və
keçəl", "Yazla-qışın deyişməsi",
"Küfdibi", "Təkə oyunu", "Ənzəli",
"Maral oyunu" və s.) müşayiət etmişlər.
Qız-gəlinlər tərəfindən icra
olunan ayin və mərasimlərdə isə bayatılar
oxunmaqla yanaşı, instrumental rəqs havaları da
çalınmış, lirik və oynaq rəqslər,
mahnı-rəqslər ifa edilmişdir.
Başlıcası, ənənəvi yaz mərasimlərinə
və ritullarına, oyun və tamaşalarına daxil olan
folklor mətnləri mütləq meloreçitativlə və
ritmik çəpiklərin müşayiəti altında avazla
hündürdən deyilmiş, bəzən mahnıvari
melodiyalarla, yaxud məlum mahnıların melodiyası ilə
oxunmuş, bəzən də ənənədən gələn
rəqslərlə birgə ifa edilmişlər.
Yeri gəlmişkən,
Novruz bayramında Yallı, Çənginövlü rəqslərin
və Halay, Haxışda, Gülüm eynövlü
mahnı-rəqslərin həm instrumental, vokal, həm də
xoreoqrafik ifası mühüm yer tutmuşdur.
Novruz və aşıq sənəti
Novruzun gəlişi, yaz fəsli, onun təbiəti,
gözəllik əlamətləri XVI əsrdən etibarən
aşıq şeirində də öz poetik tərənnümünü
tapmışdır. XVI əsrin aşığı və şairi
Aşıq Qurbanidən başlayaraq, XX əsr də daxil
olmaqla ustad aşıqların yaradıcılığında
bu mövzuya müraciət olunmuşdur. Lakin
aşıq sənətindən əvvəl Novruzun
ozan-baxşı musiqisində qopuz və oxuma ilə vəsfi də
fikrimizcə, baş verə bilərdi.
Bahariyyələrin bir qolu klassik divan ədəbiyyatı,
orta əsrlərin klassik şeiridirsə, bir qolu da
şübhəsiz xalqa ədəbiyyatına və folklor
üslubuna daha yaxın olan yazılı aşıq
şeiridir. Aşıq
sənətinin musiqişünaslıqda "xalq-professional
musiqi" adı ilə təsnifatlaşdırılmasının
bir səbəbi də onun üslub baxımından məhz
xalqın musiqi dilinə daha yaxın olması, digər tərəfdən
ana dili, folklor və xalq ənənələri ilə sıx
təmasda yaşamasıdır...
Novruz ənənələrinə
saya, təkə oyunları ilə, tərəkəmə mədəniyyəti
və musiqisi ilə birbaşa bağlı olan qədim
"Çoban-bayatı" adlı aşıq və tütək
havası, eləcə də sazın "Bayatı"
kökü və pərdəsi, əslində, Novruzun
xalqınməişətinə, təsərrüfatına,
poetik ruhuna və yaradıcılığına gətirdiyi əmək,
artım, təbiət mövzusu ilə, eləcə də
etnogenetik yaddaşa köklənən
mif-totem-yaradılış təsəvvürü ilə
bağlı olan musiqili təsvir, tərənnüm və rəmzlərdir.
Artıq variantlaşmış
"Baharı", "Bayramı" klassik aşıq
havaları da şübhəsiz etnoyaddaşa söykənən
bahar və bayram ənənələrinin musiqi dilə ilə
bədii-emosional, duyğusal ifadəsidir.
"Novruz" muğamı və onun
növləri
"Musiqi novruznamələri"ndən bəhs edəndə
"Novruz" adı daşıyan muğam nümunələri
üzərində dayanmağı vacib bilirik. Çünki Azərbaycan musiqisində
Novruz mövzusu, o cümlədən Novruzun bədii tərənnümü
və vəsfi musiqi-yaradıcılıq sahəsi,
ifaçılıq və üslubbaxımından
çoxşaxəli olub, öz təzahürünü muğam sənətində də
tapmışdır. Maraqlıdır ki, orta əsrlərin
şeirlərində Novruzdan, Bahar fəslindən bəhs
olunursa, bu şeirlərdə "Novruz" adı həm də
musiqi termini kimi keçir. Orta əsrlərin
klassik poeziyasında Novruzu vəsf edən, bahara həsr olunan
"Novruz" adlı musiqinin də adı göstərilir və
çox hallarda"Novruz"dan konkret bir muğam kimi bəhs
olunur.
Beləliklə, biz musiqidə "Novruz"
anlayışına həm də professional bədii tərənnümdən
yaranan musiqi termini və janrı kimi yanaşa bilərik. "Musiqi novruznamələri",
"musiqi novruziyələri" və ya "musiqi bahariyyələri"
dedikdə, "Novruz" muğam silsiləsini də bu qrupa
aid edirik, eyni zamanda həmin nümunələrin özünəməxsus
janr, struktur, üslub və ifa əlamətlərini də nəzərə
alırıq.
Azərbaycan-Şərq ənənəvi peşəkar
musiqisində Novruzu tərənnüm edən musiqi nümunələrindən
biri də VI-VII əsrlərə aiddir. Erkən orta əsrlərdə
Şərqdə çox məşhur olan ifaçı və
bəstəçi Fələhbad Mərvli tarixdə həm də
Barbəd (bəzən Bərbət) təxəllüsü ilə
tanınmışdır. O, VI əsrdə Sasanilər
hökmdarı II Xosrov Pərvizin saray musiqiçisi
olmuşdur. Nizami Gəncəvi "Xosrov və
Şirin" poemasında Şərq musiqi tarixinin bu real şəxsiyyətindən
geniş bəhs etmişdir. Poemadan bəlli olur ki, Barbəd
hökmdar Şirinin saray musiqiçisi Nəkisə ilə
yarışanda "Novruz" muğamını oxumuşdur. Bu qaynaq bizə "Novruz" adlı muğamın
artıq VI əsrdən (bəlkə də daha əvvəldən)
məlum olduğunu deməyə əsas verir. Maraqlı bir fakt da budur ki, N.Gəncəvi Barbədin
bəstələdiyi melodiyaları (ləhnləri) sadalayanda
ustadın "Nazi-Novruz" ləhninin də adını
çəkir. Bu fakt isə bizə imkan verir ki, Novruzun
(Baharın) musiqili vəsfinin erkən orta əsrlərdə
peşəkar musiqi yaradıcılığında və
ifaçılığında artıq bir ənənə və
mövzu kimi mövcudluğunu təsdiqləyək.
Nizami Gəncəvidən başlayaraq, XX əsrə qədər
müsəlman Şərq ölkələrində şairlərin
heca və əruz vəznli şeirlərində
"Novruz" muğamının adı dəfələrlə
çəkilmişdir.
Orta əsrlərin musiqi risalələri, bəzi qaynaqlar
da ayrıca bir "Novruz" muğamı haqqında məlumat
verirlər. Bu yöndə araşdırmalarımız göstərir
ki, "Novruz" muğamı və onun növləri X əsrdən
başlayaraq, XX əsrdə qədər yazılan musiqi risalələrində
qeyd olunmuşdur. Belə ki, bu yazılı mənbələrdə
muğam-məqam-makam-makom sistemini təşkil edən 6 avaz,
12 muğam və 24 şöbə silsiləsində
üç növ "Novruz" göstərilmişdir:
"Novruz", "Novruzi-Əcəm", "Novruzi-Səba". Bu muğam-makam
nümunələri risalələrdə "şöbə"
janrına (şöbeyyat), bəzən "muğam"
janrına (muğamat) aid olunmuşdur.
Maraqlıdır
ki, orta əsrlərdə və bu gün də
muğamların səs sırasını əmələ gətirən
və quruluş etibarilə "tetraxord" (dörd səs,
dördlü) adlandırılan özək məqam
sturkurlarından biri də məhz "Novruz"
dördlüsüdür. Onun quruluşu
"Üşşaq" muğamına yaxın olsa da, ifa
qaydası və ayaq tonu fərqli idi. Məhz
bu dördlü "Novruz" muğamının səs
sırasını əmələ gətirmişdir. "Novruz" dördlüsünün digər
muğamların səs sırasında əvvələ və
ya axıra birləşdirilməsi ilə nəzəriyyədə
və ifaçılıq sənətində bu adla
bağlanan muğam növləri meydana gəlmişdir.
Məsələn, "Novruzi-Rast", "Rast-Novruz" , "Novruz-Bayatı," "Hicaz-Novruz",
"Novruz-Hüseyni"...
Bütün bunlar Novruz və ya baharın professional
musiqi yaradıcılığında necə yüksək
sosial, ictimai və bədii səviyyədə
qarşılandığını, yaradıcı insanlar
üçün həyat, işgüzarlıq, uğur mənbəyi,
məhsuldar mövsüm, mənəvi-ruhsal qida, ilham və
gözəllik mənbəyi olduğunu deməyə əsas
verir.
Novruz mövzusu bəstəkar
yaradıcılığında
XX əsrdə Azərbaycan musiqisinə Novruz mövzusunu
daxil edən ilk bəstəkar dahi Üzeyir Hacıbəyli
olmuşdur. O, sözləri
və musiqisi özünə aid olan "Bahar nəğməsi"
adlı mahnının müəllifidir. Sonrakı nəsil bəstəkarlar
bu gözəl ənənəni yaşadaraq baharın gəlişini
və bayramı tərənnüm edən müxtəlif
janrlı əsərlər yazmışlar. Məsələn,
F.Əmirov, Ə.Abbasov, C.Cahangirov, T.Quliyev, R.Hacıyev,
S.Ələsgərov, R.Mirişli, R.Mustafayev, N.Məmmədov,
O. Kazımi, C.Quliyev, E.Mansurov, A.Dadaşov, E.Dadaşova,
R.Şəfəq, S.Fərəcov, E.Rüstəmov, M.Əhmədova,
S.Fərziyeva və başqaları Novruza, baharın gəlişinə
ürəyəyatımlı gözəl mahnılar bəstələmişlər.
T.Quliyevin yallı ritmli "Bahar bayramı"
və R.Mirişlinin "Bayramı axşamlarında"
mahnıları isə xalq arasında sevilərək artıq
çoxdan folklorlaşmışlar.
Maraqlıdır ki, hələ 1950-cı illərdən
başlayaraq, yaz-bayram mövzusunda çoxlu uşaq
mahnıları yazılmışdır. Bu fakt sovet dövründə
Novruz mövzulu musiqi əsərlərinə siyasi
qadağaların qoyulmadığını təsdiqləyir.
Həmin onillikdə və sonrakı illərdə
nəşr olunan mahnı toplularını araşdırmaq
kifayətdir ki, bahar mövzulu uşaq mahnılarının
orta məktəblərdə, uşaq bağçalarında,
uşaq musiqi kollektivlərində proqrama və repertuara daxil
edilməsi, məktəblərdə keçilməsi, nəğmə
dərslərində və bayram şənliklərində
oxunması aydınlaşsın. Məsələn, Fikrət
Əmirovun "Ay uşaqlar, şən bahar gəlir",
Soltan Hacıbəyovun "Bənövşə", Səid
Rüstəmovun "Yaz günləri", "Uşaq və
buz", "Uçan quşlar", "Qərənfil",
"Qaranquşum", "Gün çıx",
C.Cahangirovun "Yaz günləri", Qənbər
Hüseynlinin "A yaz günləri", "Yaz",
"Yaz gəlir", Ağabacı Rzayevanın "Qaranquş",
həmçinin O.Zülfüqarovun "Gəl bahar",
R.Şəfəqin "Novruz bayrmı", "Yaz",
A.Dadaşovun "Bahar tonqalı", E.Dadaşovanın
"İlk bahar", "Bahar şərqisi", G.Abdullazadənin
"Bahar nəğməsi", M.Əhmədovanın
"Qaranquşlar gələndə", xalq bəstəkarlarından
Ə.Tağıyevin "Mən baharın qızıyam",
M.Bağırzadənin "Novruz" və digər bəstəkar
mahnıları uşaqlarda bahara, onun gözəl əlamətlərinə
maraq və sevgi oyatmışdır. Uşaqlar
üçün Novruz töhfəsi musiqili səhnə əsərlərində
də tərənnümünü
tapır. R.Həsənovanın
"Kosa-Kosa" balet-pantomimini, C.Abbasovun "Şən
bahar" və Ə.Yusifovanın "Yaz
nağılı" uşaq operalarını nümunə
göstərə bilərik.
Bəstəkarların
Novruz mövzularına müraciətini instrumental pyeslərdə
də izləyirik: A.Zeynallı
piano üçün "Uşaq və buz", F.Əmirov
piano üçün "Yaz nəğməsi",
Ə.Abbasov fleyta ilə fortepiano üçün "Yaz nəğməsi", A.Əlizadə piano
üçün "Qədim oyunlar" və s.
Novruz və onun mərasimləri, oyunları, folkloru, təntənə
və şənlik ruhu orkestr və ansaml əsərləri
üçün də mövzu kimi seçilmişdir. Məsələn, M.Mirzəyev "Bayram
poeması", V.Adıgözəlov "Bayram
üverturası" simfonik poemalarını, N.Mirişli
"Mərasimlər" simfoniyasını, S.Fərəcov
simli kvartet üçün beş hissəli "Xalq şənliyindən
səhnələr" silsiləsini, M.Quliyev xalq
çalğı alətləri orkestri üçün
"Bayram yallısı ", A.Dadaşov "Qaravəllilər"
suitasını bəstələmişdir.
V.Adıgözəlovun dörd hissəli
"Novruzum", C.Abbasovun on hissəli "Bayram mərasimləri"
kantataları monumental janrda olub mövzunun
teatrlaşdırılması, ənənəyə uyğun
şəkildə zurnanın və zərb alətinin tətbiqi
ilə seçilir. Bu əsərlərin hissələrində bayram
sinkretizmini təşkil edən Novruz oyunları (Kosa-Kosa,),
Yallı rəqsi, Səməni, Haxışda, folklor örnəkləri,
oynaq bayram ritmikası, təntənəli və səmimi xalq
birliyi, nikbin bayram ovqatı ifadə olunur.
Bahar təravətli
sevgi və arzuların lirik-romantik təsvirini Vaqif Mustafazadə
məşhur "Mart" əsərində, bayramın
çoşqulu və ritmik enejisini isə tanınmış
istedadlı cazmen İfsar Sarabski sevilən "Novruzum"
kompozisiyasında çox həssas duyğularla, ənənəyə
və təbiətə səmimi sevgilərlə, novatorcasına ifadə ediblər.
Ariz ABDULƏLİYEV
Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının dosenti, aparıcı elmi
işçi
525-ci qəzet.- 2020.- 18 mart.- S. 21.
Yazıdakı materiallar Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap olunub.