Çat - Romandan parça
Dəyərli şair
və nasirimiz Azər Abdullanın bu günlərdə 80
yaşı tamam olur. Çağdaş ədəbiyyatımızda və
publisistikamızda Azər Abdullanın özünəməxsus
mövqeyi olduğu danılmazdır. O, uzun zamandan bəri
öz əsərlərilə Azərbaycan şeir və nəsrinin
inkişafına layiqincə xidmət etməkdədir.
80 illik yubileyi ərəfəsində
hörmətli ədibimiz Azər Abdullaya təbriklərimizi və
xoş arzularımızı ünvanlayır, bu münasibətlə
yeni romanından bir parçanı oxuculara təqdim edirik.
... Bədənə dar gələn
köynək, palto kimi qatı qaranlıq adamı
sıxırdı. Azad buralara yaxşı
bələd olan Rabilin hənirinə onun arxasınca
addımlayırdı.
- Ehtiyatlı ol, pilləkənlərdən
düşürük, - dedi Rabil. Aşağıda qapı
açılanda zəif işıq pilləkənləri
azacıq işıqlandırdı, o, sözünə davam elədi:
- Respublikaya işıq verən Mingəçevir...
Burda ataların "çıraq öz dibinə işıq
salmaz" deyimi yada düşür...
Buz kimi soyuq, cansıxıcı vaqona bənzər
yeməkxananın balaca pəncərəsindən baxanda uzaqda
qaranlığın udduğu sular görünməsə də,
qarşı tərəfdə yanan işıqlardan Mingəçevir
gölünün böyüklüyünün zəhmi
Azadı basdı, pəncərədən düşən
işıqda qumlu, torpaqlı qara, bozumtul qatı mazuta bənzər
ləpənin ləngərlə yoğrularaq gəlib yeməkxananın
altına keçəndə Azad geri çəkilərək
kondisionerin pultuyla əlləşən Rabilə baxıb həyəcanla:
- Ə, qağa, bilirsən biz hardayıq,
suların üstündə! - dedi. Rabil pultu masanın
üstünə atıb etinasız "işləmir" söylədi.
Öz qabındakı
qızardılmış bütöv kütüm
balığı yeyib yarısına çatmamış
qaranlıq gecənin və Mingəçevir
gölünün azmanlığının vahiməsi hələ
də canından çıxmamış Azad göy-göyərtiyə
iştahla girişən Rabilə baxanda keçən il yayda
"Pirşağa" çimərliyində çimərkən
nə qədər cəhd eləsə də, heç olmasa
suyun qurşağa çatan yerinəcən cürət edib
irəliləmədiyi vaxtı xatırladı.
- A qağa, üzəmmədiyini bilirəm,
boy vermiyən suyun üzündə nə qədər qala bilərsən?
Rabil başını yeməkdən
qaldırmadan dərhal:
- Ştangistlərin
qaldırdığı çəki daşı var e, on
altı kiloluğu deyirəm, otuz iki kiloluq nə qədər
dayanarsa, mən də o qədər, - bunları ciddi desə də,
Azadı gülmək tutdu.
- Bəs nə ürəynən, hansı
risklə burada oturmusan, heç olmasa gündüz olsaydı,
- deyəndə Rabil yenə də başını qaldırmadan:
- Nə olub ki? - soruşdu.
Azad əlini yeməkdən çəkib:
- Belinin qrijasından yatırdın e, sizə
gəlmişdim, yadındamı? - Azad əlini solfet
kağızıyla sildi, Rabil bir an
gözünü qaldırıb Azada baxdı,
balığın başını götürüb
orasını-burasını gözdən keçirərək:
- Nar gətirmişdin mənə, həyətimizdə
çoxlu nar var. Ancaq sənin gətirdiyin o iri, gözəl
narlar heç vaxt yadımnan çıxmır, - dedi Azad.
- Hə, onlar Toğrul Nərimanbəyovun
narlarındandı. Mən onu demirəm. Televizora baxırdıq, yadındamı?
Rabil yenə də başını yeməkdən
qaldırmadan:
- Yox, yadımda deyil, - söylədi.
- Nə əcəb yadında deyil?
İsrail kimi ölkədə... Toyuydu, adamlar
oynadığı yerdə döşəmə
çökdü... Altımız dərin
göldü, iki dəmir dirəyin üstündəyik, bəlkə
bunlar çürüyüb, bir himə bənddi...- Azad
sözünü tamamlamamış Rabil əlini solfet
kağızına uzadıb dik ayağa qalxdı.
- Qadan alım, ağzını xeyrə
aç, getdik, - deyib ofisiantı çağırdı.
Maşının
faralarının işıqlandırdığı dar asfalt
yoldan başqa hər yan zülmət içindəydi. Sükutu Azad pozdu:
- Sən bilən, gecə niyə qorxulu
olur? Həmin yol, həmin daş-torpaq, ağaclar, dağlar,
sular... Gündüz qorxmursan, ancaq gecə... Azad Rabilin cavab
vermədiyini görüb:
- Yazıçı Xanəmir var... - Rabil
onun sözünü kəsərək:
- Nə bilim qağa, dünya sirlə
doludu. Xan... necə oldu? - soruşdu.
- Sən tanımırsan, cavan şair,
yazıçıdı. Romanı var, bir yerində
yazır, "yatmış, qaçıb gizlənmiş
şər qüvvələr qaranlıq düşəndə
fəallaşırlar. Gözlə görünməsə
də, adamın ağlına-şüuruna təsir edirlər...
Xeyli sükutdan sonra Rabil:
- Azad müəllim, - dedi, səsini
alçaldaraq sözünə davam elədi:
- Biz tərəflərdə Seyid Mir
Haşım olub, onun dədəsi yolnan gedirmiş,
qabağına çıxan iki cavan oğlan ona
sataşır. Rəhmətlik bunlara baş
qoşmur. Cavanlar əl çəkmir,
hırıldaşıb kişini dolamaq istəyirlər.
Uçan göyərçinləri göstərib:
- Kəramətin varsa, onların birini endir
aşağı, tutub kabab eliyək, sənin cəddinin
sağlığına da yüz-yüz vuraq...
Seyid incimiş halda, onların üzünə
baxmadan ağır-ağır:
- A bala, Allah günahınızdan
keçsin, - söyləyir. Bir an susduqdan
sonra sözünə davam edir:
- Cavanlığınıza
bağışlayıram, - deyib azca aralıda tarlanın
qırağındakı iri qayanı göstərib:
- Gedin onun üstündə oturun, göyərçinlər
dövrə vurub qayıdanda mənimlə belə şit zarafat
edəcəyinizə peşman olacaqsınız. Gənclər
itələşə-itələşə qaçıb
qayanın üstündə oturmağıyla uzaqda
görünən tək çinarın başından
dövrə vurub qayıdan göyərçinlərə
baxan cavanların biri:
- Seyid, elə elə, ikisi
düşsün, - deyir, o biri cavansa:
- Yox, yox üçü düşsün,
hərəmizə bir... Göyərçinlər ucadan,
oğlanların başı üstündən uçanda o
boyda qaya ortadan necə çatlayıb aralanırsa,
oğlanların hərəsi bir tərəfdə qalır, heyrətdən,
qorxudan uşaqlar uzun müdədt yerlərindən tərpənə
bilmir...
- Rabil bəy, bilmirəm, bu, həqiqətdi,
şişirtmə, uydurmadı?.. Biz tərəflərdə Zəngəzur
zonasında, qabaqlar Zəngilan da Zəngəzurun ərazisində
olub. Rəhmətlik Seyid Həsənağa
olub. Yeri gəlmişkən, mənim
beş-altı yaşım olanda bizim yaylaq yerinə gəlmişdi.
İndiki kimi gözümün qabağındadı, çal
buxara papaqlı, yaraşıqlı kəhər atın belindəydi,
bilmirəm, seyid nəslindən olduğumuza, yoxsa atam kolxoz sədri
olduğuna görəmi, bizim qapıda atdan düşdü. Xəbər tutan kənd adamı
tökülüşüb gəlmişdi. Atam o qədər yox, anam çox inanclı,
imanlıydı. Anamın təkidiylə
ağzımı açdım, Seyid Həsənağa
ağzıma tüpürdü. Elə
bilirdim onun tüpürcəyi nəsə şirin, dadlı
olmalıdı. Üz-gözümü
bürüşdürüb yerə tüpürmək istəyəndə
anam həyəcanla: "Olmaz! Olmaz! Qadan alım" deyib tez
evimizə aparıb qonşu aran kəndindən bizə səvərədə-səbətcikdə
pay gəlmiş və biz tərəfdə təbərrik
sayılan dəymiş, şip-şirin alagöy incirdən
birin mənə verdi. Fürsətdən
istifadə edib üzümü turşudaraq birin də alıb
yedim. Nə demək istiyirəm... O vaxtlar
danışırdılar, Seyid Həsənağanı
müharibəyə aparmaq istəyəndə, nə qədər
eləsələr də, mindiyi qatar yerindən
tərpənməyib. Bilirsən, belə rəvayətlərə
niyə şübhələnirəm? İllər
ötdü, gəlib Bakıda universitetdə oxuyanda
Ətağanı - Mir Möhsün ağanı da istənilməyən,
arzu edilməyən harasa aparmaq istəyəndə, mindiyi
maşının yerindən tərpənmədiyini
eşitdim... Ancaq bir məsələ var... Belə
şeylərə şəxsən mən şübhə ilə
baxıram, nə inanıram, nə də inkar edirəm, elə
əstağfürullah, Allahın özünə də.
Bilirsən də, mənim kimilərə aqnostik
deyirlər. Rabil bəy, sən Allaha inanırsanmı?
- Azad müəllim, o nə sözdü,
Allaha qurban olum!
- İncimə, sənin kimi adamlara, axı
necə deyim, xətrinə dəyməsin...
- Necə istəyirsiniz deyin, incimərəm.
- Qurana inanırsan? Onun Allah
kəlamı olduğuna inanırsanmı?
Xeyli sükutdan sonra Rabil:
- Əlbəttə inanıram...
- Mən istəyirdim belə cavab verəsən.
Mənim balaca oğlum, bir dəfə məni necə susdurdu. Adi məntiqlə.
Dedi ata, namaz qılıb Həccə gedən, nə bilim, zəkat
verib özünü müsəlman sayan yüzlərlə adam nə müsəlmandı, nə də
Allaha inanandı. Deyir adicə icra
başçısının, yaxud şirkət prezidentinin
qabağında ştık kimi dayanan, bir sözünü iki
eləməyən... lap elə Respublika Prezidentinin
qarşısında müticəsinə dayanıb, hər
sözünə baş üstə deyən məmurlar
Allahın, Quranın dediklərini yerinə yetirmirlər. Bax,
deyirsən Allaha inanıram, ancaq nə namaz qılırsan, nə
Həccə gedirsən... zina eliyirsən, araq içirsən,
bir meşok pul arzulayırsan, televizorda veriliş aparan o
gözəl xanıma villa tikdirmək ürəyindən
keçir...
Azad danışa-danışa Rabilgilin kənd
qəbiristanlığındakı sığallı
üzlüklü, fiqurlu daşlardan olan mühəccəri
xatırladan, hasarın içərisində su
qırağında bir-birinin həvəsinə pərvazlanıb
ucalan qələmə ağaclarını xatırladan qara mərmərdən
olan üç başdaşı və sinə
daşını, bir tərəfdə oturmaq üçün
parlaq xınayı boyaya çəkilmiş sığallı
"reykalar"dan düzəldilmiş skamya, divarboyu əkilmiş
calaq qızılgül kolları gəlib gözünün
qabağında durdu. "Bax, dəbdəbə
nəyə lazımdı, İslama görə bunlar qəbul
olunmazdı, onları halal zəhmətlə başa gəlməsinə
inanmıram, demək istədi. Arvadının dediyi
"qocalmısan, yenə də harda nəyi deyərlər, nəyi
deməzləri bacarmırsan" sözlər, bir də
Rabilin təkcə öz gorgahları üçün deyil, məzarlığa
gələn bütün insanların istifadəsi
üçün düzətdirdiyi iyirmi tonluq su çənini,
məzarlıqdan azca aralıda tikdirdiyi tualeti xatırlayıb
bir an susdu. Rabil ağzın açıb
danışmaq istəyəndə:
- Qoy fikrimi tamamlayım, - dedi Azad.
- Sən, sənin kimi milyonlarla Allaha
inandığını deyən adamlar Allahın
buyurduqlarına niyə əməl eləmir? Bir
nəfər deyir on yeddi dəfə Həccə getmişəm.
Deməli, bu adam
hər il günahlar içində üzür, öz aləmində
ziyarət vaxtı gedib "təmizlənib"
qayıdır. Allahla gizlinqaç oynamaqmı olar?.. Bilmədiyi, dərk etmədiyi
Varlğın həm olduğunu, həm də
olmadığını sübut eləməyə
çalışanlara həm gülməyim tutur, həm də
yazığım gəlir...
- Azad müəllim, Siz Allaha
inanmırsınız?
- Allaha inananlar da xoşbəxtdi, sənin
çox istədiyin bir söz var e "bir cür
çıxmasın", inanmayanlar da xoşbəxtdi. Ona görə mən bədbəxtəm ki,
ortalıqda qalmışam, əzab içində, nə
onlardanam, nə bunlardan. İnanmamağım
bilirsən nədəndi? Milyonlarla insan müsəlman,
milyonlarla insan xristian, buddist, iduist, atəşpərəst, nəbilim,
qriqoryan... Kim hansı mühitdə doğulur, tərbiyə
alır, o dinə inanır, yaxud meyl edir. İnsanın
quruluşunda, strukturunda, bəlkə ağlında, xasiyyətində
desəm daha dəqiq olar, binədən nəyəsə
inanmaq mexanizmi var, adamı təlqinlə, psixoloji söhbətlərlə
inandırıb kamikadze, manqurt edirlər, yaxud yaponlardakı
xarakiri məsələsi. Lap adi bir misal, orta məktəb
şagirdlərinin peşə, sənət seçmə məsələsi,
uşaqların beyninə-ağlına fikrin, ideyanın toxum
kimi səpiləmsi, yaxud hər hansı əqidəyə
inam, onun uğrunda ölümə getməsi...
Rabil Azadı kəndlərinə dəvət
edəndə Azad şəhərin, daha doğrusu, özünün
yeknəsəq həyatından (tezdən işə get,
axşam qayıt) heç olmasa ikicə gün xilas
olacağına, ayağı torpağa dəyəcəyinə,
payızın gözəlliyinə baxıb hissiz-passız, tər-təmiz
havanı bal kimi udacağına, əlini cibinə salıb bir
manat xərcləməsinə Rabilin imkan verməyəcəyini,
maşınla aparıb, maşınla gətirəcəyini, səhərlər
təbii süd, qaymaq, bal, yumurta yeyəcəyini, bunlardan da
çox, hələ sovetlər dövrü Daxili İşlər
nazirini və onun müavinini güllələyib elə oradaca
özünü də öldürən milis mayorunun məzarına
baş çəkəcəyini (o vaxtlar cəmiyyətdə
bomba kimi partlayan bu olayı yazmaq həvəsinə
düşsə də, çap olunacağına ümidi
olmadığından fikrindən
daşınmışdı), bunlardan da vacibi Bakının
Botanika bağında Rabilin anasıyla bağlı
danışdığı mifə, nağıla, rəvayətə
bənzər o söhbəti yenidən söylətdirməsi
idi. Dörd il öncə yay axşamlarının birində
Botanika bağında yanlarından ötən,
qarşı-qarşıya gələn bir-birinə bənzəməyən
su sonası kimi gözəllər, skameykalarda sarmaşaraq
bir-birini çiçək kimi qoxulayan yeniyetmə
oğlanlarla qızlar... yiyəsinin əlindən
qayışını dartaraq özünü ağacın
dibinə verib qıçını qaldıraraq tələsik
işini görən erdelteryer, buldok, ofçarka cins itlər,
budağa qonub bəzən hansısa həyəcandan, bəzən
də yarışırmışlar kimi cəh-cəh vurub ötən
torağaylar, bildirçinlər, bülbüllər Azadın
diqqətini yayındırdığından o nağıla bənzər
söhbəti yenidən bütün təfsilatı ilə
eşitməkdə məqsədi Rabilin başına gələn
əhvalatın həqiqətmi, yoxsa özünün
şişirdib uydurması olduğunu dəqiqləşdirmək
idi. Tanışlıqlarının on doqquz ili
ərzində istər görüşdükləri vaxt, istərsə
telefonla uzun-uzadı söhbət edəndə, mübaliğə
olmasın, elə vaxt olmamışdı Rabil heç olmasa
bir dəfə anasının adını çəkməsin.
Onun yeddi yaşı olanda hər dəfə məktəbdən
qayıdanda yeməkdən qabaq anasını əmdiyini, bəlkə
də beş qardaş, üç
bacının son beşiyi olan Rabil buna görə
uşaqların içində ən canlısı,
yaraşıqlısı, diribaşı idi. Oynaq,
zarafatcıl, yeyib-içən, kefqom, Araz
aşığından, Kür topuğundan olan dəllək
atasından çox, uşaq üstündə on səkkiz
yaşında rəhmətə getmiş, qızından sonra
ürək xəstəliyinə tutulmuş, nəinki
güldüyünü, dodağının qaçıb
gülümsədiyini görmədiyi, qaraqabaq ibtidai sinif
müəllimi, böyüyüb cibi qalınlaşandan sonra hər
il anasını özüylə götürüb Soçi,
Yalta, Minvod, bəzən eyni ildə ikinci dəfə Bilgəh,
Mərdəkan sanatoriyalarına aparan, anasının xəstəliyi
ağırlaşdığı vaxtlar nəinki öz
arvadını, hətta doğma bacılarını yaxına
qoymayıb stulun üstündə oturtduğu anasını
ayağından başınacan belini, qarnını, məmələrini
ustufca, səliqəylə yuyaraq özü
çimizdirdiyini... ömrünün son vaxtları metri otuz
rubl olan tünd göy rəngli ingilis bastonundan yubka-kostyum
sifariş verərkən anasının belə bahalı
materiala görə oğlunu xərcə salmasına razı
olmayacağını bildiyindən, anası soruşarsa, dərzi
ilə qabaqcadan sözləşib on beş manatlıq
olduğunu dedirtməsi, kostyum hazır olanda anasına
çox yaraşdığını, ürəyincə
olduğunu, evlərinə qayıdanda kostyumunu yenidən
geyinib güzgü önündə arxayınca baxanda, qaraqabaq
sifətinin işıqlandığını görəndə,
Rabil anasının kədərli gözlərinin düz
içinə baxıb birdən "Zəriş, sən bir həftədən
sonra öləssən" deməsini,
qəfil çevrilib qapıdan həyətlərinə
çıxmasını, götürülərək
alaqapılarından çıxıb aralıdan axan arxın
qırağındakı daşın üstündə oturaraq
hönkürüb ağlamasını, altı gündən
sonra bayram axşamı martın iyirmi birində
anasının dünyadan köçməsini... başqa bir
vaxtsa "səninlə dünyanın o başına gedərəm,
hər şəraitə dözərəm" deyib şəhərdən
gəlin gəlmış, doqquz aydan sonra oğlan
uşağı doğmuş bakılı qızının
günlər ötdükcə dəyişməsi,
ayağının yer alması... günlərin birində on
yeddi yaşlı mələk simalı qızının
ölümündən sonra qəlbi qırıq,
küskün anasıyla balkonda dilləşməsini, söz
qaytarmasını görəndə, otaqdan çıxıb
kimin haqlı, kimin haqsız olmasının fərqinə
varmadan qucağındakı yaşyarımlıq oğlunu
alıb xalçanın üstünə qoyan, soyuqqanlıqla
yaxınlaşıb arvadının hörüklərini əlinə
dolayaraq uzun balkonlarının yarısınacan
sürüyüb aparanda ata-anasını, yeddi arxasından
belə kişi söyüşləri ilə yağlayan, bu
acı mənzərəyə dözməyən qaynana gəlib
"ədə, öldürdün xalxın qızını,
burax görüm, ə gədənin balası" deyib
yalvaran, anasını da eşitməyib gözü
qızdığından nər-nər nərildəyən
Rabil "demişdin səniynən dünyanın o
başına gedəcəm, mən də səni
dünyanın o başına beləcə, sürüyə-sürüyə
aparacam" söyləyib
iki-üç addım da sürüyəndən sonra
anası özünü gəlinin üstünə atıb
qucaqlayanda buraxmış, o gündən sonra gəlin muma
dönmüşdü.
Hər fikrə, hər məsələyə
həmişə münasibətini bildirən Rabilin indi
susmasına Azad təəccübləndi,
- Rabil bəy, üşüdüm, - deyib əlini
bir-birinə sürtərək sözünə davam elədi:
- Mümkünsə peçi
yandıraydın, - söylədi. Rabili kökləyib hala gətirmək,
anasıyla bağlı əfsanəyə bənzər həmin
mövzunu yenidən ona həvəslə, bütün
xırdalığıyla söylətmək
üçün:
- Bilirsən, demirəm rəhmətlik
Seyid Mir Haşımın dədəsinin o gücü, o
qüdrəti ola bilməz. Dünya,
dünyanın özündən də qat-qat böyük, sonu
görünməyən, sirri açılmamış, sonsuz
zaman qədər uzun kələfdi, insanlıq onu
aça-aça gedir. Elmin, tarixin dediyinə
görə, insanlar min illər, milyon illər keçəndən
sonra odu kəşf edib. Min illər ötəndən
sonra dairəvi təkəri... sonralar kompüteri, əl
telefonunu kəşf edib. Bir azdan sonra bərk gedən
oğlanlar, şəxsi peyklərə yiyələnib
başqa planetlərə səyahətə çıxacaqlar,
bəlkə də adamlar min kilometr aralıdakı
tanışı, doğmalarıyla Mobil telefonsuz
danışacaqlar... Universitetdə oxuyanda bir
müəllimimizin dediyi fikri heç vaxt unuda bilmirəm.
Deyirdi nağıllar, mifoloji mətnlər, əfsanələrə
qeyri-ciddi baxmaq olmaz. Bunların
kökündə bir həqiqət, gerçəklik olub.
Sadəcə, onlar bizdən o qədər uzaqda qalıb,
ağızdan-ağıza ötürüləndə nəsə
artırılıb, şişirdilib, nəsə
qısaldılıb özlüyündən, kökündən
uzaqlaşıb, izi zamanın qatı dumanına,
tozuna-torpağına, çirkinə, xaosuna
qarışdığından kodlar şəklində bizlərə
çatdırıldığından heç cür aça
bilmirik... Bir neçə il qabaq Türkiyədə
nəşr olunmuş bir kitab əlimə keçmişdi. Orda kəramətli insanlardan, təsəvvüfdən
bəhs olunurdu. Adlarını unutmuşam, deyək ki,
Şam şəhərində birisi qəlyanını
yandıranda çaxmağını tapa bilmədiyindən əndişələnir,
bu vaxt oradan uzaqda olan deyək ki, Herat şəhərindən
bir tanışı, dostu onun qəlyanını
alışdırır... Biz bugünkü adi
insanlar milyon illər öncədən indiyəcən
insanların ağlı hesabına əldə olunmuş bir
çox şeyləri gözüyumulu, hazır şəkildə
mənimsəyir, onun mahiyyəti, məğzi, cövhərindən
xəbərimiz olmur. Son vaxtlar bir məsələ
məni dinc buraxmır. Axı, bu
ağıl deyilən nə olan şeydir? Hardasa
oxudum, bir ingilis alimi neçə-neçə başın, kəllənin
üstündə əməliyyat aparır, o məqsədlə
ki, bəlkə ağıl deyilən şeyin izinə, əlamətinə
rast gələ, ancaq ətdən, damardan, sinirdən, qandan
başqa heç nə tapa bilmir. Rabil bəy, heç bu
barədə fikirləşmisənmi?.. Məsələn, birdən ağlına gəlir
durum Azada zəng eliyim, yaxud birdən fikirləşirsən
"Mersedes"imi satım “Cip” alım. Axı bu fikirlər
hardan gəlir, kim tərəfindən bizə
ötürülür. Şairlər niyə hər
saat, hər dəqiqə şeir yaza bilmir, bəstəçilər
də eləcə. Dilənçinin
yanından ötəndə niyə bəzən nəzir verir,
bəzənsə verim-verməyim, verim-verməyim, - deyə
fikirləşirsən, sənə mane olan öz içindədimi,
qıraqdanmı səni idarə edirlər. Burda
adamın yadına şairin... "içimdə
bir mən var, məndən dərində" dedikləri yada
düşür...
Bayaqdan susub qulaq asan Rabil nəhayət:
- Doğrudan da, Azad müəllim, biz dərk
olunmayan sirlər aləmində yaşayırıq, - dilləndi.
Azad yenə əlini-əlinə sürtüb:
- Bax sənin özün ananın bir həftədən
sonra rəhmətə gedəcəyini, hardan bilirdin? Bunu qəddarcasına
onun özünə necə və niyə dedin?
- Hə, dedim Zəriş,
bir həftədən sonra öləssən...
- Nədən bildin?
- Bilmirəm... Sonra da getdim eşikdə cəviz
ağacı var e, onun dibində daşın üstündə oturub
hönkür-hönkür ağladım, - deyib Azada sarı
çevrildi.
- İnanırsınız, Azad müəlllim,
düz bir həftədən sonra martın iyirmi birində rəhmətə
getdi...
- Allah rəhmət eləsin! Mən onu
deyirəm də, sən heç sonradan fikirləşmədin, mən bu
sözü anamın üzünə niyə dedim? Bəlkə onu sənə dedirdən olub. Şeytan, şeytan deyirik, çoxumuz onun
varlığına inanmırıq, bəlkə doğrudan da
o sözü sənə Şeytan dedirdib. Məncə,
insan nə düşünürsə, ağlına nə gəlirsə,
yəni fantast, xülya kimi görünən, təsəvvür
edilən bütün şeylərin hardasa reallığı,
gerçəkliyi var. Axı, bu havanı, elmi dillə desək
oksigeni, suyu, torpağı, günəşi - canlıların
yaşaması üçün bu mühiti, bu şəraiti
kim yaradıb? Yemək-içmək bir yana,
hər çəkdiyimiz nəfəsdə nələri qəbul
etdiyimizdən kimin xəbəri var? Cin-şeytanın
əməlləriylə bağlı hələ
uşaqlıqdan başlayaraq bəzən bir-birinə bənzər,
bəzənsə yeni eşitdiyim onlarla, yüzlərlə rəvayət
olub. Yenə deyirəm, bunların hamısı
bilinməz, naməlum mənbələrdən,
ağızdan-ağıza ötürülə-ötürülə
gəldiyindən bəzən inanır, bəzən də
şübhələnməli olursan. Ancaq sən...
Söhbətin bu yerində Azad "sənin
başına gəlmiş o əhvalatı danışanda əstağfurulla,
Allahdan da çox istədiyin ananın ruhuna and içdiyindən
mən inandım" demək istədi, bir anın içində
fikrini dəyişib:
- Rabil, on minlərin yox e, on milyonlardan, deyərdim
bəlkə daha çox adamdan birinin başına gələ
bilən o möcüzə sənin başına gəlib, bu,
artıq danılmaz faktdır. Deyirdin Hacıqabula
çatanda... gəl həm yolumuza nərdivan salaq, həm də
bax, o yeri tələsmədən, bütün incəliyiylə,
pis çıxmasın, artırıb əskiltmədən dəqiqliyi
ilə bir də danışa bilərsənmi?..
Xeyli vaxt susan Rabil sanki yuxudan ayıldı,
ayağını bir anlığa qaz pedalından çəkdi,
maşının sürətinin azaldığı hiss olundu,
yan pəncərədən çölə baxdı, bir
şey görə bilmədiyindən maşının
saatına baxdı, sonra çevrilib bir an Azada baxıb gur səslə:
- Gör e, Azad müəllim, bu Əli yolu
haqqı, söz vaxtına çəkər deyiblər, elə
bu vaxtlar olardı, Hacıqabula yaxınlaşanacan mən
hirsimdən partlayır, maşını necə
sürdüyümü bilmirdim, məni qəzalardan Allah
qurtardı, pulu harda itirdiyimi, kimin
oğurladığını heç cür ağlıma gətirmirdim.
Bir il qabaq da avtokalonda kassirin
otağından yeddi min yoxa çıxmışdı. İki ay sonra maşın aldığıma görə
oğurluqda mənim də adım hallanmışdı. Bundan sonra mən kimi inandıra bilərdim ki, on mini
itirmişəm. Turist gedənlərin içində elə
tərs, təkcə adımı eşidəndə od götürən elə adamlar vardı,
adamı diri-diri yeyərdi. Hər yerdən əlim
üzülmüşdü, hirsimdən hönkürüb
ağlamaq istiyirdim, partiyaya keçmək məsələm də
bir yannan, o dəqiqələrdə bu dünyada olmasa da, mənə
ən doğma, ən əziz olan anamı xatırlayır,
"Zəriş, mən neyniyim, başıma nə çarə
qılım, dərdimi kimə söyləyim" deyirdim. Deyirdim deyəndə, ürəyimdə anamla
danışırdım, bəlkə də
pıçıldayırdım. Bir də
gördüm lap uzaqdan ulduz boyda bir işıq sürətlə
düz üstümə gəlir. Ağlım
başımda olmadığından o işığın
maşınmı, yoxsa təyyarəmi işığı
olduğunu seçə bilmədim. Mayak kimi, ancaq daha
tez-tez yanıb sönən o işıq
yaxınlaşdıqca məni qorxu bürüdü, artıq
pul məsələsi yadımdan çıxmışdı,
maşına yüz, yüz əlli metr qalmış həmin
işığın azca yuxarı qalxdığını hiss
elədim, "maşınla toqquşacağını
bildiyindən o işıq yuxarı qalxdı",
düşündüm, bir az məndə arxayınlıq
yarandı, getdikcə yaxınlaşan, yaxınlaşdıqca
böyüyən o işığın arınınkına bənzər
şəffaf, ancaq uzun, titrək qanadlarını
gördüm, vertalyota oxşayır e, gözləri
lampışqa kimi iri... bizlərdə cırcırama deyirlər.
Məndə bir dinclik, rahatlıq,
arxayınlıq yaranmışdı. Azca qəlbidən
uçan həmin varlıq qar kimi yüngüllüklə
padpresin üstünə qondu. Onun şəffaf,
uzun qanadları sürətlə hərlənən
ventilyatorun pərləri kimi tərpənirdi, arxası sanki
min bir rəngə çalan, açılıb enlənmiş
tovuz quşunun quyruğuydu. Azad müəllim, şəkilçəkənlər,
nə deyirlər ona, plyonkanı - o kağızı suya
salıb, bizim dildə necə deyirlər - proyavit eləyirlər
e, xətlər, cizgilər, sifət yavaş-yavaş
aydınlaşır, bax o sayaq həmin işığın
baş hissəsi tədricən aydınlaşıb Zəriş
oldu. Üzündə bir mülayimlik vardı, mən
sizə danışmışdım, ona bahalı, gözəl
bir kostyum tikdirmişdim, güzgüdə gördüyüm o
mülayim, xoş sifət anam idi. Mehribanlıqla
soruşdu: "Niyə qanın qaradı, a gədənin
oğlu?" Başıma gələni
danışdım. Danışdım deyəndə
səsimiz çıxmırdı, ancaq bir-birimizi başa
düşürdük. Dedi paçkanın biri
yanındakı oğlanın şalvarının arxa cibində,
biri də pencəyinin döş cibindədi. Sakitcə əlini
atıb çıxararsan, ancaq dalaşıb eləmə...
Bu an gözlərini yumub diqqətlə
dinləyən Azad qulaqlarının uğuldadığını,
sifət dərisinin yuxarı dartıldığını,
başındakı tüklərin iynə kimi, kirpi
tikanlarıtəkin qabarıb qalxdığını hiss etdi.
Rabil sözünə davam elədi:
- Gözümü yumub açanda heç
nə görmədim. Ürəyim yerinə gəldi,
bütün həyəcanım, gərginliyim yox olmuşdu.
Özümü yüpyüngül hiss edirdim. Qoydum
üstünə yüz, yüz iyirmiynən Ləkəcən
sürdüm... Azadın susduğunu görəndə:
- Azad müəllim, bir şair var, Sərxan...
familiyası necəydi, yadıma salammıram...
- Səyavuş Sərxan... rəhmətə
gedib...
- Analarla bağlı qızıl kimi bir
söz deyib... "İnsan ömrü boyu
Allahnan bircə dəfə görüşə bilər.
Anasının ruhu vasitəsiylə". Çağrılan, arzu edilən hər övlada da
ananın ruhu gəlməz. - deyib
qürurla Azada sarı çevrildi.
Ehtirasla,
qışqıra-qışqıra danışdıqca hər
bir söz elə bir od parçasıtək Rabilin
boğazını dağlayıb çıxırdı...
Azər ABDULLA
525-ci qəzet.- 2020.- 18 mart.- S. 22-23.