Ömrümüzdən qopanlar
İriliyindən-xırdalığından
asılı olmayaraq əlindən çıxan hər
yazısı həmişə ürək və beyin sevindirən
İbrahim Nəbioğlunun çatdırdığı son xəbər
sarsıtdı.
Azərbaycan mətbuatının ən
seçkin simalarından
olan Hidayət Zeynalov Bakının dəli küləkli ilk mart günündə
uçub getdi, əbədilik ayrıldı
bizlərdən...
Atalarımız “Mart çıxdı, dərd çıxdı”
söyləyib. Bu dəfə iş belə düşdü ki, mart gəldi,
dərd gəldi...
Çox kədərləndim,
çox!..
Və çox
da təəssüf etdim ki, gecikdim,
ömrün daha bir fürsətini qaçırdım.
Bir neçə
ay öncə Hidayət müəllimə
zəng vurmuşdum.
Dedim ki,
görüşünüzə gəlmək istəyirəm.
Zəngimə çox sevindi, "bizim evimiz sənin
evin" dedi, haçan gəlsən qapımız üzünə
açıqdır.
(Elə həmin gün mətbuatımızın digər
patriarxı Əli İldırımoğlu ilə
birgə nahar etmişdik. Çox söhbətlərimiz olmuşdu,
arada Hidayət müəllimi də anmışdıq. Onu çoxdan görmədiyimi,
əlaqə saxlamaq istədiyimi demişdim. Söyləmişdi ki, haçandır
gözlərindən narahatlığı
var, evdən çölə çıxmır,
görüşmək istəməsə
incimə).
Araya xarici
səfərlərim düşdü,
sonra seçkilərə
baş qarışdı.
Yenicə asudələşmişəm,
elə bu günlərdə istəkli
Hidayət müəllimin
tanış telefon nömrəsini yığıb
ona baş çəkmək niyyətindəydim,
bu üzücü xəbər gəldi.
Hidayət müəllim
düz 50 ildir ki, sevimli bir
insan kimi daim ürəyimdədir.
Mən məktəbli
idim, rayon qəzetinə vaxtaşırı
məqalələr yazırdım
və Kürdəmirdə
çıxan "İrəli"nin
ştatdankənar müxbiri
idim.
Bu indi adı görünə bilər. O çağlar üçünsə bir məktəblinin cibində
rayon qəzetinin müxbiri olmasını təsdiqləyən qırmızı
vəsiqəni gəzdirməsi,
günaşırı imzasının
qəzetdə görünməsi
sadə məsələ
deyildi.
Başlamışdım mərkəzi qəzetlərə
və jurnallara da yazılar göndərməyə.
Ara-sıra dərc
ediləni də olurdu, lakin adətən
mərkəzi mətbuatdan
içərisində standart
cavabı olan məktub gəlirdi ki, redaksiyamızın tələblərinə cavab
vermədiyi üçün
dərc edilmədi.
Hətta hərdən
məndə şübhə
də yaranırdı
ki, deyəsən heç çox vaxt mən göndərən
yazını oxumadan belə hazır cavabları ünvanıma
yollanırlar ki, əl çəkim.
Di gəl,
indi burasını da fikirləşirəm ki, hətta oxumurlarmışsa, əl
gəzdirib çap etməyə ərinirmişlərsə
belə, hər halda ciddi intizam
varmış ki, heç bir zəhmətkeş müraciətini
cavabsız buraxmırlarmış.
O zamanların ən birinci dərəcəli və tirajı da ən çox olan qəzeti "Kommunist" idi.
1970-ci ildə həmin baş qəzetdə yeni bir rubrika yaranmışdı.
Hansısa rayonun adını ümumi sərlövhə kimi qoyaraq yarımbaşlıqlarla
orada baş verən yeniliklər haqqında 5-6 xəbər
dərc edirdilər.
Mən də
həmin formanı götürdüm, ümumi
"Kürdəmir" başlığı
qoyaraq 8-9 xəbərdən
ibarət yazı hazırladım. Qəsdən
xəbərlərin sayını
çox etdim ki, bəyənmədikləri,
ixtisara saldıqları
olsa da, ortada bir şey
qalsın.
O vaxt poçt
yaxşı işləyirdi.
3 gün sonra evimizə "Kommunist"
qəzetinin üstü
emblemli məxsusi zərfində məktub gəldi.
Açığı, çox pərişan oldum.
Ağlıma gələn ilk fikir bu oldu
ki, yazılarım dərc edilməyib bu məktub gəlibsə, demək, digər redaksiyalardan aldığım ənənəvi
imtina cavablarındandır.
Ona görə
heç bu iri sarı zərfi
açmadan, növbəti
dəfə qanımı
qaraldacaq "tələblərimizə
cavab vermir" sözlərini oxumamaqçün
cırıb atmaq istədim.
Ancaq nəsə
tərəddüd etdim
və məktubu açdım.
"Kommunist" qəzetinin şöbə
müdiri Hidayət Zeynalov imzalamışdı.
Oxudum və
gözlərimə inanmadım.
Yazırdı ki, məktubunuzu aldıq, yazılarınızı
bəyəndik, rayon qəzeti ilə əlaqə saxladıq, haqqınızda müsbət
fikir söylədilər.
Biziə mütəmadi
yazın".
Bu məktub
sadəcə sevinc deyildi, mənə möcüzə kimi gələn bir ərməğan idi.
Bütün başqa məziyyətlərindən
başqa həm də məndə özümə inam oyadan bir məktub.
1 nömrəli qəzetin şöbə müdiri yazırsa ki, yazılarını bəyənmişik, deməli,
mənə imtina cavabı göndərənlər
sən deyən haqlı deyillərmiş.
Qaça-qaça gəldim rayon qəzetinin redaksiyasına,
5-ci sinifdə oxuyarkən
qəzetdə ilk məqaləmin çapının
səbəbkarı olmuş
redaktor müavini Bahar xanım Məlikovanın yanına.
Tövşüyə-tövşüyə otağına girib
məktub haqqında sevincimi bölüşməyə
macal tapmamış dərhal özü dilləndi ki, təbrik edirəm, "Kommunist"dən Hidayət
müəllim zəng
vurmuşdu, səninlə
maraqlanırdı, mən
də təriflədim...
Həvəslə gəlib o qədər yazırdım ki, bir neçə ay sonra artıq
"Kommunist" məni
"ictimai müxbirimiz"
deyə təqdim edirdi.
Həm də
hər xəbərə
5 manat yazırdılar
ki, aya "Kommunist"dən 60-70 manat
qonorar alırdım. Bu da o dövr
üçün yekə
pul idi, illah da bir
məktəblidən ötrü.
Və beləcə
Hidayət müəllim
həmin gündən
mənim ömrümə
xeyirxah yolaçanım
kimi daxil oldu.
Və 50 ildir
ki, mənim ürəyimdə bu insana ilk dəfə
mənə göndərdiyi
məktubu oxuyanda bütün varlığımı
bürümüş məhəbbət
və minnətdarlıq
hissi yaşayır.
Belə adamlar
mənim ömrümdə
çox olmayıb.
Elə əslində
bu cür nəcib xeyirxahlar hər insanın həyatında tək-tək
rast gəlinir.
Bu əhvalatı
mən dostlara da danışmışam,
bəzi yazılarımda
da yada salmışam,
elə Hidayət müəllimə də xatırlatmışdım.
Hiss etmişdim
ona da çox
xoşdur ki, irəliləyişlərimin, yüksəlişlərimin
təməlində onun
da izi var.
Əlbəttə ki, onun əbədi
gedişinin xəbərini
almaq mənimçün
çox ağırdır,
bu itkinin göynəyi məni çox yandırır.
Mən ömrüm
boyu ən doğma, ən əziz saydıqlarımdan
birini itirdim...
Böyük türk şairi Oqtay Rifətin (1914-1988) “Su kimi keçən
günlər” şeirinin
ürək sıyıran
nisgillə dolu misrası sayrışır
yaddaşımda: “Bütün
sevdiklərim öldü”...
Şükür ki, bu ruh
donduran ağrı bizdən uzaqdır.
Amma hər halda çevrə get-gedə daralır.
Hidayət müəllimin gedişiylə
qəlbimizin dərd yükü bir qədər də artdı...
525-ci qəzet.- 2020.-
4 mart.- S.11