Professor Asif Hacılının yeni monoqrafiyası nəşr
olunub
Azərbaycan
Universitetinin professoru Asif Hacılının "Bayatı
poetikası: struktur, semantika, praqmatika" adlı
monoqrafiyası çap olunub.
Monoqrafiyada
folklorumuzun qədim janrlarından olan bayatıların poetik
sistemi formal-məntiqi və struktur-semiotik meyarlarla tədqiq
edilib.
Müəllif
şifahi lirikamızın tədqiqinin metodoloji məsələlərini
şərh etmiş, bayatı poetikasının struktur,
semantika və praqmatika qatlarını araşdırıb,
bayatı janrını və ümumən şifahi
lirikamızı səciyyələndirən konseptual ümumiləşdirmələr
verib.
Bayatıların dərkini
mədəniyyət və dilimizin,
özlüyümüzün dərki hesab edən müəllif
bu janrda aşkarlanan etnopoetik dünya mənzərəsini, rəmz
və işarələri, motiv və konseptləri ətraflı
təhlil etmiş, fonopoetik, qrammatik, leksik, sintaktik vasitələrin
bədii sistemdə rolunu, mətn semantikasının müxtəlif
aspektlərini və ümumi səciyyəsini, kompozisiya, ritm,
vəzn, janr-üslub özünəməxsusluğunu
araşdırıb.
Müasir tədqiqat
metodları və yeni konseptual yanaşma ilə, müxtəlif
türk xalqlarının folkloruna xas mətnlərdən
istifadə etməklə yazılmış bu kitab filoloq
mütəxəssislər, tələbə və magistrantlar
üçün nəzərdə tutulub.
Monoqrafiya
AMEA-nın Folklor İnstitutunun qərarı ilə "Elm" nəşriyyatında
çap olunub.
525-ci qəzet.-2020.- 4 mart.- S.13