"Qələmsiz yazılanlar"ın Sumqayıt təqdimatı
Fevralın dörd ildən
bir təkrarlanan sonuncu günündə Sumqayıtda, Əli Kərim adına
Poeziya Evində Azərbaycan Yazıçılar
Birliyinin katibi,
"525-ci qəzet"in baş
redaktoru, Rəşad Məcidlə görüş
keçirildi.
Görüşdə müəllifin yeni çap olunmuş "Qələmsiz yazılanlar"
kitabı sumqayıtlı
oxuculara təqdim edildi.
Tədbiri giriş sözü ilə açan Poeziya Evinin direktoru, şair İbrahim
İlyaslı Rəşad
Məcidin həyat və yaradıcılığı
haqqında oxucuları
ətraflı məlumatlandırdı.
Ənənəyə uyğun olaraq, ilk söz Sumqayıt ədəbi mühitinin ağsaqqalı - fərdi təqaüdçü, şair
Əşrəf Veysəlliyə
verildi. Görüşə dəvətdən məmnunluq duyduğunu deyən Ə.Veysəlli özünün "Şair"
şeiri ilə hər kəsi salamladı.
R.Məcidlə bağlı düşüncələrini,
AYB sədri, Xalq yazıçısı Anarın
80 illik yubileyi münasibətilə İstanbulda
keçirilən tədbirdə
birgə iştirakları
barədə xoş xatirələrini bölüşən
fərdi təqaüdçü,
Əməkdar müəllim,
şair Ofelya Babayeva onun gəncləri
dəstəkləməsini, ədəbi mühitdə
tanınmalarına yol
açmasını yüksək
qiymətləndirdi.
Filologiya üzrə elmlər doktoru, şair Rafiq Yusifoğlu "525-ci
qəzet"də ilk dəfə
çap olunmağından,
bu qəzetin ictimai, ədəbi-mədəni
həyatımızdakı rolundan
danışdı. Rəşad Məcidlə
ünsiyyət tarixçəsinin
maraqlı epizodlarını
dilə gətirdi.
Gənclərin təmsilçisi olaraq söz demək fürsəti isə mənə verildi. İndiyədək qarşıma çıxan
fürsətlərdən yararlanmağı
bacarmasam da bundan bəhrələnib, Rəşad
Məcidi Sumqayıt gəncləri adından salamladım. Gənc Ədiblər
Məktəbinin fəaliyyətindən,
həyatımdakı rolundan
danışıb sumqayıtlı
gənc yazarların təklif və istəklərini səsləndirdim.
Bu görüşün 1988-ci ildə yaranmış, lakin son zamanlar fəaliyyətini dondurmuş
"Dəniz" ədəbi
birliyinin yenidən canlanması ilə eyni vaxta təsadüf
etdiyini, bu birliyin gələcəkdə
AYB və Gənc Ədiblər Məktəbi
ilə əməkdaşlıq
niyyətini, Sumqayıtda
respublika gənc ədiblərinin
I forumunun
keçiriləcəyini iştirakçıların, xüsusən
də R.Məcidin diqqətinə çatdırdım
və bu yöndə ondan dəstək istədim.
Rəşad Məcid Sumqayıtın
ədəbiyyat, mədəniyyət
sahəsinə hər
zaman istedadlı insanlar bəxş etdiyini bildirdi: "Ötən il Sumqayıtın 70 illlik yubileyində Prezident İlham Əliyevin mükafatlandırdığı və təltif etdiyi sumqayıtlılar arasında ədəbiyyat
adamları üstünlük
təşkil etdi. Bunun özü də ədəbiyyat adına sevindirci
haldır. Azərbaycan Yazıçılar Birliyi sumqayıtlı gənclərə həmişə
dəstək olub.
Bundan sonra da bu dəstəyini
davam etdirəcək.
Gənc Ədiblər Məktəbinin
üzvləri arasında
sumqayıtlılar xüsusi
aktivlik göstərirlər.
O imzalardan bir çoxu bu gün ədəbiyyat sahəsində kifayət qədər tanınır".
Bədii qiraətçi Xəzər
Süleymanlı Rəşad
Məcidin məşhur
"Çiyələk qadın"
və başqa bir neçə şeirini səsləndirdi. Sumqayıtlı
gənclərdən Həbibə
xanım, Mətanət
xanım, kitabxana əməkdaşı Gülnar
Ümid, "Dəniz"
ədəbi birliyinin üzvlərindən Esmira
Günəş, Sevda
Alısoy da müəllifin
şeirlərini səsləndirərək
həm müəllif,
həm də iştirakçılar tərəfindən
alqışlandılar.
Əməkdar jurnalist Rəhman Orxan Rəşad Məcidin rəhbərlik etdiyi
"525-ci qəzet"in fəaliyyətini
jurnalistikamız üçün
fəxr qaynağı
hesab etdiyini, onun ədəbi mühitə obyektiv yanaşmasını, ədalət
prinsipinə daima əməl etdiyini vurğuladı.
Bədihəçi-şair, AYB-nin Qubadlı
Regional Bölməsinin
sədri Namiq Mənanın dostyana çıxışı da,
Sumqayıt bölməsinin
məsləhətçisi, şairə Xatirə Fərəclinin və Azərbaycan Aşıqlar
Birliyi Sumqayıt Filialının sədri, ağbirçək şairəmiz Qənirə Mehdixanlının çıxışı
da bu görüşə xüsusi
rəng qatdı.
Tədbirin sonunda aparıcının
və oxucuların təkidi ilə öz şeirlərindən
bir neçəsini səsləndirən və
kitab imzalayan Rəşad Məcidin Sumqayıtdakı bu görüşə - "Qələmsiz
yazılanlar"ın təqdimatına
qələmsiz gəldiyi
məlum oldu. Kitab qələmsiz də yazılsa, qələmlə də yazılsa, onu imzalamağa mütləq bir qələm lazımmış, deməli.
Müəllifin status və SMS esselərdən ibarət kitabını oxuya-oxuya bir daha əmin
oldum ki, Rəşad Məcid Azərbaycan Yazıçılar
Birliyindəki statusunu
layiqincə doğruldur.
Və ona da əmin oluram
ki, yaradıcılığında
özünü qabarıq
şəkildə biruzə
verən gənclik ruhu, elitar yumor,
rəngarəng duyğular
hələ uzun zaman onu tərk
etməyəcək.
Bizə isə
onu oxumaq, təbrik etmək və xoş arzumuzu bildirmək qalır: Qələmlə
də, qələmsiz
də yazsanız, qəlbiniz şövqdən,
zehniniz kəsərdən
düşməsin, Rəşad
müəllim!
Elvin ƏLİZADƏ
Əli Kərim adına Sumqayıt Poeziya Evinin təşkilatçısı
525-ci qəzet.-2020.- 4
mart.- S.15