Əjdər Olun "Lo"su
Əlisəfdər
HÜSEYNOV
Şair kimi tanıdığım, şeirlərini maraq
və zövqlə oxuduğum Əjdər Olun, əgər belə
demək caizdirsə, nəsr texnologiyası ilə qələmə
aldığı ilk yazısını nə vaxt oxuduğumu dəqiq
xatırlamıram. Amma bir az təəccüb
qarışıq sevinclə ona zəng vurmağım, hətta
dediyim sözlər də yadımdadır: "Əjdər, mən
sənin belə orijinal nəsr hekayəçisi olduğunu
bilmirdim. Sən həm də gözəl nasirsənmiş ki!.."
Sonralar
Əjdərin imzası ilə çap olunan bütün
publisistik yazıları, hekayələri onun nəsr
üslubunun özünəməxsusluğundan, fakta yanaşma
və onu bədii kontekstdə mənalandırma bacarığından,
ən başlıcası isə söyləm tərzinin
şirinliyindən zövq ala-ala oxudum və fikirləşdim
ki, bu nəsr havası, stixiyası ki Əjdərin ruhunda var,
onu mütləq nəsrin daha geniş fəzasına
qovuşduracaq, Əjdər təkcə hekayələr yox,
povestlər, romanlar da yazıb sözün yaxşı mənasında
bizi təəccübləndirməkdə davam edəcək.
Buyurun, bu da gümanımın çin olması - Əjdərin
adı da, janr təyinatı da oxucu qavrayışnda
çeşidli semantik sayrışmalar yaradan 528 səhifəlik
"Lo" romanı...
Niyə məhz "Lo"? Nədən xəbər
verir bu poetik jest?
Mən ilk dəfədir ki, xalq
danışığı dilindən gələn və 2 hərfdən
ibarət bir sözün bədii əsərin sərlövhəsinə
çıxarılması nümunəsi ilə
rastlaşıram. Amma həm də fikirləşirəm ki, romanın
xronotopunu təşkil edən 1988-1993-cü illərdə Azərbaycanın
bir canlı varlıq kimi yaşadıqlarının məntiqini
və dramatizmini, o dövrdəki hadisələrdə
iştirak edən insanların sevincini və kədərini,
qazandıqlarını və itirdiklərini, qələbələrini
və məğlubiyyətlərini, başımıza gələn
qəzavü-qədəri "cəncəl", "bəla",
"çaxnaşma", "qarma-qarışıqlıq"
mənaları verən bu söz qədər dəqiq ifadə
edə biləcək başqa bir söz tapmaq çətindir,
bəlkə heç mümkün də deyil. Mənim
bu qənaətim tarixə yalnız qürur mənbəyi kimi
baxanlara, onda ancaq şanlı səhifələr axtaranlara bir
qədər qəribə görünə bilər. Amma məncə, tarix bizə yalnız qürurlanmaq
üçün yox, həm də onu soyuq başla öyrənmək,
ondan ibrət götürmək üçün
lazımdır. Tarix ilk növbədə cəmiyyətin,
toplumun yaddaşıdır. Yaddaş isə
heç vaxt bir rəngdə, birmənalı olmur. Yaddaş insanda sevinc, ruh yüksəkliyi ilə
yanaşı, təəssüf, utancaqlıq, hətta xəcalət
hissləri də yarada bilər. Məncə, "Lo"
romanında hadisələrin cərəyan etdiyi 1988-1993-cü
illər də bizim ən yeni tariximizin məhz belə - aradan
30 ilə yaxın vaxt keçdikdən sonra
yaddaşımıza rəngarəng duyğulardan,
düşüncələrdən, qənaətlərdən
hörülmüş şəbəkə kimi daxil olmuş səhifələridir
və Əjdər hələ romanın təhkiyəsinə
"bismillah" eləməmiş ona seçdiyi adda
tariximizin bu 5 illik qısa kəsiyinə hansı rakursdan
baxacağını şifrələyir, lo sözünü
romanın semantik məna qatının kodu kimi önə
çıxarır (Deyilənə görə, dünya
Yaradanın OL əmri ilə yaranıb, xaosdan ilahi harmoniya
doğulub. Məncə, Əjdər şairliyi
bu ilahi harmoniyanı möhkəmləndirmək missiyası
kimi qavradığına görə bu sözü özünə
təxəllüs kimi götürmüşdü. Maraqlıdır ki, harmoniyanın əsasında
dayanan bu sözün tərsinə oxunuşu da elə tərs
mənanı - antiharmoniyanı bildirir). Əsərin
məkan-zaman kordinatlarının, hadisələrin söyləm
tipinin vurğulanmasına işarə edən ikinci ipucu isə
romanın janr təyinatını bildirən "canlı
roman" sözləridir. Düzü, mən
bizim ədəbiyyatda nə vaxtsa bu janrda əsər
yazıldığını xatırlamıram. Bu mənada, romanın janr təyinatına və
bundan irəli gələn bəzi məziyyətlərə də
diqqət yetirmək lazım gəlir. Fikrimcə,
buradakı "canlı" sözü yalnız təsvir olunan hadisələrin
100-ə 100 real hadisələr olmasını yox, daha çox
bu hadisələri nəql etmək texnologiyasının,
söyləm tərzinin, təhkiyə quruluşunun özəlliklərini
bildirir. Yəni söhbət nələr barədə
danışılması ilə yanaşı, həm də necə
danışılmasından, hansı hekayəçilik
üslubuna üstünlük verilməsindən gedir. Bu məqamda məşhur qazax şairi
O.Süleymenovun tarixə, keçmişə münasibət,
onu qiymətləndirmək meyarları barədə söylədiyi
bir fikri xatırlamaq istəyirəm. Oljas müsahibələrinin
birində demişdi: "Keçmişə müasirlik
prizmasından baxmaq müasir tarixşünaslığın ən
böyük qüsurudur". Tamamilə
doğru qənaətdir. Biz bu ana qədər
olanları elə bu anın - indinin məntiqi, meyarları ilə
qiymətləndirəndə istər-istəməz
keçmişin sosial, psixoloji, mənəvi, siyasi durumunu bir kənara
qoyub hər şeyə indiki düşüncəmizin məntiqi
ilə yanaşacaq, tarixi təhrif edəcəyik. Tarixi
düzgün araşdırıb düzgün qənaətlərə
gəlmək üçün özünü mütləq
baxdığın proseslərin cərəyan etdiyi məkan və zaman
ölçülərində hiss etməlisən. Yalnız bundan sonra onlara bu günün içindən
obyektiv, düzgün qiymət vermək olar. Əjdər
də tariximizin həmin o 5 illik dövrünün, lo
metaforası ilə səciyyələnən
dövrünün tarixi obrazına məhz bu yanaşma
üsulu, yazı texnikası, süjet quruluşu ilə
çıxır, hadisələri baş verən yerdən və
baş verdiyi zaman hüdudlarında izləyən öz
obrazını yaradaraq bir növ canlı reportaj üslubunu
yada salan üslub seçir, hekayəçi funksiyasını
əsasən ona həvalə edir, o, öz gördüklərini,
danışdıqlarının təfsirini, qiymətləndirilməsini
verməkdə çətinlik çəkəndə isə
bunu bir müəllif kimi artıq romanın
yazıldığı çağın subyekti olan
özünün öhdəsinə götürür. Lakin bu
barədə bir az sonra.
Loya düşmək insanın ruhunu sıxan bir
çaxnaşmadır, bu xaosda, çaxnaşmada,
nizamsızlıqda dayaq nöqtəsi axtarmaq, öz ruhunu və
əməllərini nəyəsə kökləmək, nədənsə
enerji almaq üçün yaxşı və pis arasında
vurnuxma çabalarıdır. Lakin nizam pozulanda, xaos həyat tərzinə
çevriləndə bunu etmək çətin olur - necə
ki, Əjdərin üz tutduğu həmin o 5 ildə təkcə
ayrı-ayrı fərdlər yox, bütöv toplumlar, uluslar
bu xaosda girinc qalmışdı, baş verənləri
düzgün qiymətləndirmək üçün obyektiv
mizan-tərəzi axtarırdı. Əjdərin
də bir yazıçı kimi məqsədi bu hadisələri
sadəcə olaraq təsvir etmək yox, həm də anlamaq, dərk
etmək cəhdidir. Ona görə də, o, sənədli
deyil, canlı yazı tərzinə üstünlük verir -
hadisələri sıravi iştirakçı olan öz obrazının mülahizələri,
təəssüratları, duyğu və düşüncələri
axarında təqdim edir, 5 ildə az qala bir əsrə bəs
edən qarmaqarışıqlığı, bir günün dəfələrlə
dəyişən ovqatını, uzun illər ərzində
azadlıq, müstəqillik yanğısında qovrulan
insanları gah yeni əsrin qəhrəmanlarına çevirən,
gah da şübhə və gümanlarla, cavabsız suallarla tək
qoyan situasiyaları, öz içindəki şübhələri, vahimələri
yaxınları və biz oxucularla bölüşür -
özü də siyasi icmalçılara xas analitik yozum tərzində,
yaxud həmin dövr publisistikasına, düşüncə
modellərinə yaxın "poetik" vətənpərvərlik,
millətçilik ruhunda yox, Vətəninin, xalqını sevən,
bu sevgi işığında nə isə xeyirli bir iş
görməyə çalışan adi bir vətəndaş
kimi. Bəlkə elə buna görə onun
yaşantıları ürəyin kardioqramındakı
dalğavari xətlər kimi sabit bir ritm tuta bilmir,
duyğularının rəngi işığın spektri kimi
sözə gəlməyən rəng çalarları
arasında "var-gəl" edir. Təkcə
cismani şəkildə yox, ruhən də loya düşmək
elə budur.
Romanın ən maraqlı məziyyətlərindən
biri budur ki, təhkiyə əsasən birinci şəxsin təkinin
("mən"in) mövqeyindən aparılsa da, 528 səhifəlik
mətn adamı yormur. Çünki Əjdərin "mən"
obrazının baxış bucağından görünənlər
hamının gördükləri yox, görmədikləri,
yaxud görüb fərqinə varmadıqlarıdır. Bu mənada onun incə müşahidə qabiliyyətinə,
müəyyən faktları əlüstü mənalandırmaq,
düşünmək üçün informasiyaya çevirmək
bacarığına qibtə edirsən. Meydan hərəkatı
günlərində həmin meydanda hamıdan biri olan qəhrəmanın
diqqətindən yayınmayan bəzi məqamlara birlikdə
baxaq:
"Birdən gözüm Leninin heykəlinə
sataşdı.
Maraqlı mənzərə düzəltmişdilər.
Bayaq dəstəyindən
yapışdığım üçrəngli
bayrağın sapını proletariatın rəhbərinin
yuxarı qalxıb gələcəyi göstərən əlinə,
həm də əlinin davamı olan qoluna
bağlamışdılar. Milli
bayrağımızı xəzri əzəmətlə yellədirdi.
Qələbə bayrağı idimi bu bayraq? Onu lazım
olan yerə sancmışdıqmı? Türklər
Konstantinopolu məngirləyib alanda qala bürcünə
dırmaşıb zəfər bayrağını ən uca
yerə sancmış, aşağı enərkən oxla
vurulub şəhid olmuş Hasan Ulubatlının
gördüyü işi təkrar etmək zamanı gəlmişdimi?
Fateh Sultan Mehmetdən soruşanda ki, "Sultan olmasaydın,
kim olmaq istərdin?" birnəfəsə cavab vermişdi:
"Əlbəttə, Hasan Ulubatlı".
İndi məsələ tamam başqa cür idi. Söhbət... bir vaxtlar yad
əllərə verilmiş öz şəhərimizi, öz
ölkəmizi geri almaqdan gedirdi" (səh. 130);
"Əslində,
mitinqdəki bütün çıxışlarda quruluşu sağa-sola
sürüyüb, yerli hökuməti abırdan salıb,
axırda Moskvadan kömək ummaq sonluğu ürəyimə
yatmırdı" (səh. 131);
"Fəallıq göstərən universitet, institut,
texnikum tələbələri, müxtəlif zavodların,
tikinti təşkilatlarının fəhlələri öz
tonqallarını yandırıblar. Ziyalıların
xüsusi tonqalı yoxdur. Mənim kimilər gah o
ocağın başındadır, gah bu ocağın" (səh.132);
"Kütləvi
tamaşa yavaş-yavaş hökuməti
darıxdırmağa başlayırdı" (səh. 133)...
Elə bu nümunələrdən də
görünür ki, Əjdərin qəhrəmanı nəql
etdiyi hadisələrin içində özünü heç
də meydan qəhrəmanı kimi aparmır, bəlkə də
əksinə, özünü daha da adiləşdirir, çox
vaxt meydan eyforiyasından kənara çıxıb soyuq
başla fikirləşmək üçün məqam
axtarır.
Onun refleksiyaları bəzən təkcə gördüklərinə
yox, elə özünə qarşı da ironiya, qara yumor
havasına köklənir, bəzi paradoksal situasiyaların
mahiyyətini açmaq istəyəndə isə absurda dirənir,
hadisələrin məkanında özünü nə qədər
sərbəst hiss etsə də,
çox vaxt özü də bu absurd vəziyyətlərin
iştirakçısına dönür.
Romanda təhkiyə bayaq qeyd etdiyimiz kimi, birinci şəxsin
mövqeyindən aparılsa da, onun strukturunda
qarışıq təhkiyə tipi elementlərindən də
istifadə olunub. Mətndə bu məqam kursiv şriftlərlə
bildirilir və məncə, bu, sadəcə nəşr ənənələrindən
irəli gələn texniki jest deyil. Məsələ
burasındadır ki, romanın bütöv mətninin verdiyi bədii
informasiya məhz bu 2 subyektin birgə işi, daha doğrusu,
onların bədii nitqinin dialoqu fonunda
çatdırılır. Hadisələrin içində
olan söyləmçi hadisə zamanı ilə nəqletmə
zamanı üst-üstə düşdüyündən
darmacallıq, daha geniş kontekstdə düşünmək
üçün vaxt və fakt qıtlığı səbəbindən
öz-özünə verdiyi bəzi suallara cavab tapmağa
çətinlik çəkəndə müəllif öz
obrazının köməyinə yetir, ötən müddət
ərzində əldə etdiyi faktlar, baş verən olaylar
fonunda onun nitqinin davamını öz öhdəsinə
götürür, təkcə öz obrazını yox,
bütün oxucuları narahat edən məsələlərə
aydınlıq gətirmək istəyir. Həmin dövrdə
hamımızin məişətində, ruhunda, taleyində
çaxnaşma ilə, xaosla müşayiət olunan, kütləvi
şəkildə qürurlandığımız, ruhumuzun
oyanışının üverturası kimi
anladığımız hadisələr
- meydan hərəkatı, ardınca ruhumuza təcavüzü
- 20 Yanvar qətliamı, hakimiyyət böhranları,
ardı-arası kəsilməyən tətillər, mitinqlər
ona görə belə qarışıq təhkiyə
axarında təqdim olunur ki, tarazlıq pozulmasın, obyektivlik
təhrif olunmasın. İstinad olunan mənbələrin səhihliyi,
mühakimələrin dəmir məntiqi, faktların bir-biri
ilə əlaqəli şəkildə təqdim olunması ona
həmin illərdə başımıza gələn bəlaların,
salındığımız lonun sosial-siyasi səbəblərini
açıqlamaq, bədii düşüncənin
üfüqlərini genişləndirib faktlara daha geniş
panaramda nəzər salmaq imkanı verir, gəlinən qənaətlər həmin
çətin və mürəkkəb dövrdə
uğurlarımızla yanaşı, səhvlərimizi, sadəlövhlüyümüz
üzündən aldığımız zərbələri də
düşüncə predmetinə çevirir. Məsələn,
o vaxtlar kimin ağlına gələrdi ki, insanları uzun illər
həsrətində olduqları demokratiyanın,
aşkarlığın, prüralizmin adına və dadına
şirnikdirib məst etmək, Xalq cəbhələri
yaradıb fəaliyyətinə rəvac vermək və s. cəmiyyəti
xilas etmək üçün yox, 70 illik totalitar bir sistemin
ictimai-siyasi ənənələrini sarsıtmaq, hakimiyyəti
nüfuzdan salmaq, xalqları bir-birinin üstünə
qaldırıb, onları yeni bir siyasi durumun gündəliyə
gətirilməsinin vacibliyinə inandırmaq üçün
M.Tetçer-R.Reyqan-H.Koll üçlüyünün
sifarişi ilə M.Qorbaçovun məqsədli şəkildə
həyata keçirdiyi planın tərkib hissəsi, II Dünya
müharibəsindən sonra qansız-qadasız yaşayan
xalqları qızıl qanına bələmək, bir biri ilə
"qan-qan" deyə danışdırmaq üçün
qurulmuş oyun imiş? Məgər o vaxt eyforiya, ajiotaj
dalğalarının bizi hansı təhlükələrə
ürcah edə biləcəyindən xəbərsiz olan bizlər
hamılıqla anlayırdıqmı ki, Bakıdakı
talanlar, Sumqayıt hadisələri, ardınca 20 Yanvar qətliamı
detalları SSRİ DTK-sında hazırlanmış məkrli,
iyrənc bir tamaşadır? Bilmirdik, ya da bilməyə
gecikirdik, ona görə də bu tamaşanın sadəlövh
personajları kimi haqq, ədalət axtarır, onu tapmayanda isə
məyus olub depressiyaya qapılırdıq.
Bizim 1988-1993-cü illərdə azadlıq, müstəqillik
uğrunda mübarizəmiz böyük bir imperiyanın
yuxarıdan (!) başlayan demontajına reaksiyamız idi.
Mən bu sözlərlə o vaxtlar tank üstünə
əliyalın gedən insanların nəsillərə
nümunə kimi həmişə
xatırlayacağımız tarixi şücaətinə, rəşadətinə,
Vətən, millət servgisinə alternativ yanaşma sərgiləmirəm. Amma onların ölməz
ruhu qarşısında baş əyəndə həm də
fikirləşirəm ki, həmin o qanlı-qadalı illərdə
böyük siyasətin cikinə də, bikinə də bələd
olan, yalnız coşan hisslərin diktəsi altında yox,
ağlın məntiqi ilə düşünə bilən
güclü liderimiz olsaydı, biz nifrət, hiylə, məkr
ladlarında köklənmiş bu iyrənc tamaşalardan az
itki ilə çıxa bilərdik, heç bir əməli gücü
olmayan pafoslu bəyanatların, ritorik şüarların
küyündə mənəvi-psixoloji
tarazlığımızı saxlayıb poetik vüsətlə
yox, daha çox rassional ağılla düşünər,
bizi loya salanları daha təsirli üsullarla ifşa edərdik.
Çox vaxt deyirlər ki, siyasət çirkin oyundur. Məncə,
bu, o qədər də uğurlu ifadə deyil. Mənə qalsa, siyasət özünü,
xalqı, Vətəni, dövləti zərbələrdən
qoruyan, qurulmuş badalaqlardan xilas edən, xəta-bəlalardan
hifz edən hiylə sənətidir. Bu
söz bizim leksikonumuzda əsasən mənfi mənada işlənir.
Halbuki hiylə sözünün mənasında qalib gəlmək, sənə
badalaq vuranı aldadıb çətin vəziyyətə
salmaq, sənə qurulan tələni onu quranların özlərinin
baş ağrısına çevirmək çalarları da
var və bütün dövrlərdə siyasi liderlərin
yürütdükləri siyasət, bütün müharibələrdə
sərkərdələrin qurduqları qələbə
planları hiylənin pozitiv enerjisindən qaynaqlanır.
Şahmat oyununda min bir hiylə qurub rəqibini mat edən
idmançını dahi zəka sahibi adlandırırıqsa,
bunu real həyatdakı siyasi oyunlarda tətbiq etməyi bacaran
insanlardan niyə əsirgəməliyik ki? Axı belə
oyunların da perspektivini, sonuclarını əvvəlcədən
proqnozlaşdırmaq mümkün deyil!
1988-1993-cü illərdə bizim lazımi səviyyədə
toparlanıb hamılıqla eyni hədəfi vura bilməməyimizin
əsas səbəblərindən biri də, məncə, bu
idi.
"Lo" romanının dilinə
dialoji səciyyə verən yalnız "müəllif
obrazı-müəllif" tandemi deyil. Əjdər təcrübəli
bir nasir səriştəsi ilə mətnə çoxsəslilik
elementləri gətirən digər vasitələrdən də
istifadə edir, yaxından tanıdığı insanların
- valideynlərinin, qardaşı Qaranın,
Babaş, Babayar kimi koloritli insanların, yazıçı
Namiq Abdullayevin sənədli portretlərini də yaradır,
yeri gələndə sözü onlara verib hadisələrə
onların baxış bucağından baxır və beləliklə
təkcə özünün yox, cəmiyyətin digər təbəqələrinin,
müxtəlif nəsilləri təmsil edən
insanların simasında hadisələri daha geniş, əhatəli
münasibət müstəvisində qiymətləndirmək
imkanını reallaşdırır. Və biz
bu kontekstdə Vətən eşqi ilə yaşayıb
nümunə göstərən, azadlıq olunda can qoyan
şanlı övladlarımızla yanaşı, Vətənin
dar günlərindən vəzifəyə gəlmək
üçün dəridən-qabıqdan
çıxanların, "Azadlıq" meydanına 2 dəfə
mitinqə gəlməsinin əvəzi kimi böyük
imtiyazlar tələb edənlərin miskin simalarını da
görür, onlara nirət edirik.
Çox vaxt ədəbi nümunələrin bədii-estetik
dəyəri "Müəllif bu əsərlə nə demək
istəmişdir?" ritorik sualına tapılan cavabın nə
dərəcədə dolğun olması ilə
ölçülür. Məncə, bu, düzgün
yanaşma deyil. Bədii əsər auditoriya
qarşısında tribunadan söylənilən nitq, yaxud elmi
məqalə deyil ki, məramını tezislərlə ifadə
edib, sonra onları şərh edəsən, əsaslandırasan.
Bədii əsərdə müəllifin mövqeyi, demək
istədikləri onun hər epizodunda, hər cümləsində,
hətta deyərdim ki, hər sözündədir. Bu
baxımdan akademik A.Mirzəcanadənin bir müşahidəsi
maraq doğurur. "İxtisasa giriş" kitabında o
yazır: "Bir şair uşaqları şeiri öz sözləri
ilə ifadə edib danışmağa məcbur edən müəllimin
kobud öyrətmə üsuluna qəti etiraz etmişdi. O
demişdir ki, şeiri izah etməyin yeganə yolu - həmin
şeiri düşünüb yenidən yazmaqdır".
Bədii əsərdə müəllifin
ötürdüyü informasiya mətndən hər oxucunun
aldığı informasiya qədərdir. Əsər oxucularda
nə qədər çox düşüncə
refleksiyaları yaradırsa - bir o qədər dolğun və
məzmunludur. Fikrimcə, publisistika ilə bədiiliyin sərhədlərinin
əriyib iki keyfiyyətin roman formatında bir-birinə
qovuşaraq yeni keyfiyyətə çevrildiyi "Lo"
romanı da belə əsərlərdəndir. Ona
görə də olmuşlardan ibrət götürmək istəyən
hər bir kəs bir qədər gözlənilməz, yeni
konstruksiyada qələmə alınmış bu romanı
oxusa yaxşıdır - mümkün olacaqlardan baş
çıxarmaq, hər şeyi öz rəngində
görüb, öz adı ilə çağırmaq
üçün.
Əlisəfdər Hüseynov
525-ci qəzet.- 2020.-
4 mart.- S.16