Akademik İsa Həbibbəyli
yaradıcılığı professor Yusif Seyidovun gözü
ilə
Müqəddəs Nuh yurdu, Oğuz yurdu Naxçıvan
torpağı görkəmli elm və dövlət xadimləri
yetirib. Belə
elm xadimlərindən biri Əməkdar Elm xadimi, Prezident təqaüdçüsü,
Dövlət Mükafatı laureatı, filologiya elmləri
doktoru, professor Yusif Seyidovdur (1929-2013).
Şərur rayonunda dünyaya göz açmış
professor Y.Seyidov Azərbaycan dilçilik elmində qrammatika məktəbinin
əsas yaradıcılarından biridir. Yusif Seyidov
geniş elmi dünyagörüşə malik olub cəmiyyətşünaslıq
və ədəbiyyatşünaslıq üzrə əsərlərində
də professionallıq göstərib. Böyük
sadəliyi və bütöv şəxsiyyəti onun
böyük elmini tamamlayır.
Professor Y.Seyidov 1940-ci illərin sonlarında taleyini
Bakı mühiti ilə bağlasa da, el-obaya, yurd-yuvaya,
torpağa bağlı ziyalı idi. O, bu bölgənin ictimai-siyasi həyatı,
ədəbi-elmi mühiti ilə hər zaman iç-içə
olub. Yerli mətbuat orqanı olan "Şərq
qapısı" qəzetinin daimi abunəçisi olaraq, orada
Naxçıvan haqqında sanballı məqalələrlə
çıxış edib. Bakı Dövlət
Universitetinin kafedra müdiri, Azərbaycan dilçiliyinin
ağsaqqallarından biri kimi 1990-cı illərin sonlarında
Naxçıvan Dövlət Universitetinə dəvət
edilmiş, yeni kadrların hazırlanmasında fəal
iştirak etmiş, tələbələrə mühazirə
oxumuş, Dissertasıya şurasının üzvü kimi səmərəli
fəaliyyət göstərmişdi.
Onu da qeyd
edək ki, professor Y.Seyidov, tək dilçiliyin nəzəri
məsələlərini tədqiq etməmiş, Azərbaycan
Yazıçılar Birliyinin üzvü (1962) və bir ədəbiyyatşünas
kimi ədəbi-tənqidi məsələləri izləmiş,
yazıçı və dil problemi ilə yaxından məşğul
olmuşdu. Bir filoloq kimi ədəbi-bədii
dil, onun inkişaf meyilləri və yolları,
yazıçıların, söz, dil, bədii dil haqqında
fikir və mülahizələrini
araşdırmışdı (Ulduz ömürlü insan.
B. Elm və təhsil, 2017, s.128). Bu
araşdırmaların nəticəsi olaraq "Klassik
şairlərimiz söz haqqında" (1977),
"Yazıçı və dil" (1979), "Ədəbi tənqid
və bədii dil" (1986), "Nəsimi dili" (1996),
"Şairin dərdi" (1996), "Sözün şöhrəti"
(1981), "Sözün qüdrəti"(1983), "Şairin
fikir dünyası"(1085), "Sözün hikməti"
(1989), "Nəsiminin dili" (1996), "Ey ulu dünya"
(2003), "Mir Cəlal-100 (ədəbi-bədii dil problemləri)
(2008), "Xalq yazıçısı Elçin" (2012) və
digər kitablar, monoqrafiyalar ərsəyə gəlmişdir. Bu tədqiqatlardan əlavə, professor Y.Seyidovun
akademik Məmməd Cəfər Cəfərov və akademik
İsa Həbibbəyli haqqında yazdığı
monoqrafiyalar da ədəbiyyatşünaslıq elminə
layiqli töhfədir.
Akademik İ.Həbibbəylinin elmi yaradıcılığının
tədqiqi ilə alim 2000-ci illərin əvvəlindən məşğul
olmağa başlamışdı. Bu
araşdırmanın nəticələri 2009-cu ildə
"Elm və təhsil" nəşriyyatında çap
olunan monoqrafiyada öz əksini tapmışdır.
Y.Seyidov monoqrafiyanı bir az da təkmilləşdirərək
2013-cü ildə yenidən nəşr etdirmişdi. Akademik
İsa Həbibbəyli haqqında monoqrafiyasını 15
cildlik "Əsərləri"nin XI
cildinə də daxil etmişdi. Monoqrafiyanın əvvəlində
qeyd edilir ki, kitabda akademikin əsasən Naxçıvan
dövrü yaradıcılığı tədqiqat obyekti
seçilib.
Akademik İsa Həbibbəylinin həyatı,
yaradıcılığı, elmi məktəbi haqqında bir
çox alim və ictimai xadimlər məqalə, ayrıca
kitab yazmışlar. Professor Y.Seyidovun bu monoqrafiyasının səciyyəvi
xüsusiyyəti isə ondan ibarətdir ki, burada akademik
İsa Həbibbəylinin elmi-pedaqoji, ədəbi və ictimai
fəaliyyətinin ancaq Naxçıvan dövrü zəngin
faktlar əsasında öz dolğun əksini
tapmışdır. Akademik İsa Həbibbəyli 40 il Naxçıvan Dövlət Universitetində
gənc nəslin təlim-tərbiyəsi ilə məşğul
olmuş, bunun təxminən 20 ilini həmin ali məktəbin,
elm-təhsil ocağının rektoru vəzifəsində
işləmişdir. Bu illərdə universiet
dünya təhsil sisteminə inteqrasiya olunmuş, beynəlxalq
səviyyədə tanınmışdır. Təsadüfi deyildir ki, bu universitet 2009-cu ildə
Avropanın elm və təhsil qurumları tərəfindən
təsis edilmiş "Minilliyin universiteti"
mükafatına layiq görülmüşdür. Bu təhsil
ocağını İsa Həbibbəylinin universiteti
adlandıran Y.Seyidov yazır: "Belə mükəmməl
universitet şəhərciyinin salınmasında dövlətin
qayğısı da, İsa Həbibbəylinin zəhməti də
aşkar görünür. İsa Həbibbəyli
məzun olduğu universitetin sadəcə rektoru deyildir,
vurğunudur. O, Naxçıvanın böyük qurucusu
Vasif Talıbovun komandasında sabit, dəyişməz
mövqeyi, fəallığı, qeyri-adi
işgüzarlığı ilə fərqlənən
personaldır" (Y.Seyidov. Əsərləri,15
cilddə, XI c. Bakı, 2013, s.317).
Yuxarıda göstərildiyi kimi, akademik İsa Həbibbəyli
ədəbiyyat tarixi, ədəbi tənqid və ümumiyyətlə,
filologiya və mədəniyyətşünaslıq üzrə
bütün türk dünyasında böyük xidmətləri
olan elm xadimi kimi tanınır və qəbul edilir. Belə ki, onun "Cəlil
Məmmədquluzadə və müasirləri" (2008),
"Akademik Səməd Vurğun Vəkilov" (2015),
"Romantik lirikanın imkanları" (1990), "XX əsr Azərbaycan
yazıçıları" (1992),"Ədəbi-tarixi
yaddaş və müasirlik" (2007),"Ədəbi şəxsiyyət
və zaman" (2017),"Azərbaycan ədəbiyyatı:
dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri"
(2019), "Azərbaycançılıq konsepsiyası"
(2019), "Azərbaycan ədəbiyyatı tarixi" 10
cildliyinin birinci cildinə (2019) yazdığı 225 səhifəlik
giriş kimi əsərləri bu baxımdan diqqəti cəlb
edir.
Akademik İsa Həbibbəylinin həyat və fəaliyyətinin
Naxçıvan dövrü onun bioqrafiyasında xüsusi yer
tutur. İsa Həbibbəyli doğulduğu diyara
bütün səmimiyyəti ilə bağlı olan, onun
inkişafına, uğurlarına sevinən, bu yolda
bütün enerjisini əsirgəməyən və
böyük Azərbaycan sevgisi ilə yaşayan vətəndaş
alimdir. İsa müəllim yuxarıda qeyd edildiyi kimi, 40
il Naxçıvan Dövlət
Universitetində elmi-pedaqoji fəaliyyət göstərmiş,
həmin müddətdə bu qədim diyarın ədəbi
mühitini hərtərəfli şəkildə
araşdırmış, bölgənin ədəbi-elmi və
mədəni inkişafını mühüm ədəbi
qaynaqlar və arxiv materialları əsasında tədqiq
etmişdir. Bir haşiyə çıxaraq qeyd edək ki, elə
akademikin 2015-ci ildə "Elm və təhsil" nəşriyyatında
işıq üzü görmüş, qədim mədəniyyət
mərkəzi Naxçıvana həsr edilmiş 850 səhifəlik
"Nuhçıxandan-Naxçıvana" monoqrafiyası
dediklərimizi tam şəkildə təsdiq edə bilər. Bu kitabda alimin qədim diyar, onun ədəbi-elmi və
mədəni mühiti haqqında yazıb nəşr etdirdiyi
qiymətli əsərlərin ancaq bir qismi öz əksini
tapmışdır. Alim bu tədqiqatında
Naxçıvan ədəbi mühitinin yaranma tarixini,
inkişaf mərhələlərini ilk dəfə ümumiləşdirməyə
təşəbbüs göstərmiş və məqsədinə
nail olmuşdur. O, bölgənin ədəbi mühitini
obrazlı şəkildə "Azərbaycan ədəbiyyatının
Naxçıvan məktəbi" adlandırır.
Məlumdur ki, XIX əsrin sonlarında maarifçilik hərəkatı
Qafqazda, o cümlədən, Naxçıvanda geniş vüsət
almışdı. İsa Həbibbəyli bu kontekstdə Naxçıvan
maarifçi ədəbi-mədəni mühitin öndə
gedən nümayəndələrindən Eynəli bəy
Sultanov (1866-1935), Məhəmməd Tağı Sidqi (1854-1903),
Məhəmməd ağa Şahtaxtlı (1846-1931), Əliməmməd
Xəlilov (1862-1896), Mirzə Əbülqasım Sultanov
(1866-1916), Mirzə Ələkbər Süleymanov (1862-1921),
Paşa ağa Sultanov (1949-1902), Mirzə Cəlil Şürbi
(1874-1915), Sadıq Xəlilov (1864-1905), Tağı bəy Səfiyev
(1878-1939), Məmmədqulu bəy Kəngərli (1854-1905) və
başqaları haqqında arxivlərdən material
toplamış, araşdırmış, yeni tədqiqatlarını
elmi ictimaiyyətə təqdim etmişdir.
Qori Müəllimlər Seminariyası bir təhsil, maarif
ocağı kimi Azərbaycanda, o cümlədən,
Naxçıvanda maarifçi ədəbiyyat və mədəniyyətin
inkişafına əhəmiyyətli dərəcədə
müsbət təsir göstərmişdir. Qori Müəllimlər
Seminariyasının naxçıvanlı yetirmələri
bölgədə maarifçiliyin yayılması ilə
geniş şəkildə məşğul olmuşlar. Bu seminariyanın yuxarıda adını çəkdiyimiz
bəzi maarifçi nümayındələrinin həyat və
yaradıcılığnı ilk dəfə akademik İsa Həbibbəyli
araşdırmışdır.
Bütün bunlara görə professor Yusif Seyidov İsa
Həbibbəylinin Naxçıvan dövrü fəaliyyətinin
bu cəhətləri üzərində daha geniş şəkildə
dayanmışdır.
Professor Y.Seyidovun qeyd etdiyi kimi, bu maarifçilər
içərisində görkəmli pedaqoq, maarifçi və
ədib Məhəmməd Tağı Sidqinin
yaradıcılığı İsa Həbibbəylinin diqqətini
daha çox cəlb etmişdir. O, milli məktəbin banilərindən
olan bu böyük pedaqoqun elmi-pedaqoji irsi haqqında geniş tədqiqat
aparmış, bu böyük pedaqoqun əvvəl maarifçi
əsərlərini toplayıb "Məktəb hekayətləri"
(1996) adı ilə, daha sonra isə bütün əsərlərini
(2004) ilk dəfə nəşr edib geniş ictimaiyyətin
istifadəsinə təqdim etmişdir. Məlumdur
ki, M.T.Sidqi maarif dünyası ilə, hətta o dövr
üçün böyük mədəni hadisə olan Qori
müəllimlər seminariyası ilə də sıx əlaqələrə
malik olmuşdur. Professor Y.Seyidov akademikin bu sahədəki
xidmətlərini yüksək qiymətləndirdikdən sonra
çox doğru olaraq yazır: "Naxçıvan Muxtar
Respublika Ali Məclisinin sədri Vasif Talıbov M.Sidqinin 150
illik yubileyinin keçirilməsi və xatirəsinin əbədiləşdirilməsi
haqqında sərəncam vermişdir. Bu, Azərbaycan
ziyalılarının yetişməsində, maarif sahəsində,
ədəbiyyatın inkişafında çox iş
görmüş Məhəmməd Tağı Sidqinin, az qala
unudulmuş bir şəxsiyyətin mənən, ruhən yenidən
həyata qaytarılması demək idi".
Bu maarifçi mühitin digər bir görkəmli
nümayəndəsi də böyük satira ustası Cəlil
Məmmədquluzadədir. Təsadüfi deyildir
ki, İsa Həbibbəylinin
yaradıcılığının böyük bir hissəsi
bu böyük maarifçi tənqidi realizm nümayəndəsinin
irsinin tədqiqinə və nəşrinə həsr
olunmuşdur. Bu mövzuda akademikin "Cəlil Məmmədquluzadə"
(1987), "Zamanın dühası" (1993), "Seçkin
Azərbaycan yazarı Cəlil Məmmədquluzadə"
(1994), "C.Məmmədquluzadə: mühiti və müasirləri"
(1997) adlı bir-birindən qiymətli monoqrafiyaları
ümumilikdə Azərbaycan ədəbiyyatşünaslıq
elminin mühüm nailiyyətlərindən sayıla biləcək
sanballı elmi əsərlərdir. Alimin bu tədqiqatları
ona bir nömrəli Mirzə Cəlilşünas titulu
qazandırmışdır. Onu da qeyd edək ki, İsa Həbibbəyli
çoxillik axtarışlar nəticəsində böyük
satira ustasının dördpərdəli "Ər"
pyesini, kiçikhəcmli "Lənət" və
"Oyunbazlar" kimi səhnə əsərlərini üzə
çıxarmış, 16 satirik şeirini, 35 məqaləsini,
170 felyetonunu ilk dəfə görkəmli
yazıçının 2004-cü ildə nəşr
edilmiş 4 cildlik külliyyatına daxil edərək
oxucuların istifadəsinə təqdim etmişdir. Çoxcildlikdə bunlardan əlavə, böyük
demokrat yazıçının özünün və ailə
üzvlərinin 50, eyni zamanda, başqa tanınmış
şəxsiyyətlərin elmi ictimaiyyətimizə bəlli
olmayan 44 məktubu ilk dəfə nəşr edilmişdir.
Professor Y.Seyidov da öz tədqiqat əsərində
İsa Həbibbəylinin Mirzə Cəlil haqqında
araşdırmalarına geniş yer ayırmış və bu
əsərləri ətraflı şəkildə filoloq
gözü ilə təhlil etmişdir. Yusif Seyidovun
çox doğru olaraq göstərdiyi kimi bu
araşdırmalar "Azərbaycanda XIX əsrin sonları və
XX əsrin əvvəlləri ədəbi prosesinə
ümumiləşdirilmiş yeni bir baxışı" ifadə
edirdi.
Professor Y.Seyidovun bu monoqrafiyasının diqqət çəkən
məziyyətlərindən biri də bundan ibarətdir ki, o,
akademikin Naxçıvanda ikən qələmə
aldığı problemlərin, ədəbi şəxsiyyətlərin
bir çoxunu tək-tək təhlil süzgəcindən
keçirir, onlara qiymət verir. Belə şəxsiyyətlərdən
biri də Azərbaycan maarifçiliyinin, Naxçıvan ədəbi-mədəni
mühitinin görkəmli nümayəndəsi Məhəmməd
ağa Şahtaxtlıdır. İsa Həbibbəyli Mirzə
Cəlilin bu az öyrənilmiş
naxçıvanlı müasirinin həyatı və irsini
daha geniş tədqiq etmiş, əsərlərini ilk dəfə
toplayıb kitab halında nəşr etdirmişdir. Məlumdur ki, Avropa və Rusiyada böyük
şöhrət qazanmış M.Şahtaxtlı Azərbaycanın
ən böyük maarif xadimlərindən biri olmuşdur.
Bu görkəmli maarifçi ədibin elmi irsi
sovet dövründə birtərəfli, həm də səthi
şəkildə öyrənilmiş, əsərləri isə
demək olar ki, nəşr edilməmişdi.
Naxçıvan Ali Məclis Sədrinin
M.Şahtaxtlının 160 illiyi ilə əlaqədar
imzaladığı sərəncamdan sonra akademik İsa Həbibbəylinin
ilk dəfə nəşr etdirdiyi "Məhəmməd
ağa Şahtaxtlı. Seçilmiş əsərləri"
(2006) adlı kitabda XX əsrin ilk ana dilli mətbuat
orqanının (Şərqi-Rus) naşiri olan bu böyük
maarifçinin çoxcəhətli fəaliyyəti ilk dəfə
sənədlər və arxiv materialları əsasında
geniş ictimaiyyətə təqdim olunmuşdur.
Y.Seyidov İsa Həbibbəylinin M.Şaxtaxtlı
yaradıcılığında irəli çəkdiyi məsələlərə
öz münasibətini bildirir, həmin məsələnin
ictimai fikir tariximiz üçün əhəmiyyətindən
söz açır.
Naxçıvan ədəbi mühiti ilə
bağlı olan görkəmli ədəbiyyat adamlarından
biri də professor Abbas Zamanov olmuşdur. İsa Həbibbəyli
çox doğru olaraq göstərir ki, yazıçı və
müasirləri problemini bizim ədəbiyyatşünaslıq
elmimizə Abbas Zamanov gətirmişdir. O, "Sabir və
müasirləri" əsəri ilə bu sahənin əsasını
qoymuşdur. Elə buna görə də İ.Həbibbəyli
təxminən altmış ziyalı və elm xadiminin məqaləsindən
ibarət "Müasirləri Abbas Zamanov haqqında"
adlı kitab tərtib edərək nəşr etdirmişdir.
Bundan əlavə, alim Abbas Zamanovun bircildliyini tərtib
və nəşr etmiş, eyni zamanda, onun haqqında 5
sanballı elmi məqalə çap etdirmişdir.
Məlumdur ki, Abbas müəllim ermənilərin
Naxçıvan iddialarının keçən əsrin
60-cı illərində təhlükəli həddə
çatdığını ziyalılara, elmi ictimaiyyətə
qorxmadan bəyan etdiyinə görə, o dövrdə onu
partiyadan çıxarmışdılar. Heydər Əliyev hakimiyyətə
gələndən sonra onun hüquqları bərpa olundu:
birbaşa elmlər doktoru elmi dərəcəsi aldı,
akademiyaya müxbir üzv seçildi.
Abbas
Zamanovu bir alim, bir naxçıvanlı, bir vətənpərvər
kimi sevən, bir məsləkdaş kimi ona böyük ehtiram
göstərən Y.Seyidov İsa Həbibbəylinin bu sahədəki
araşdırmalarını yüksək qiymətləndirir və
yazır: "O, imperiya siyasətinə və bu siyasətə
arxalanan ermənilərin ərazi iddialarına qarşı cəsarətlə
səsini qaldıran, bununla da başına olmazın fəlakətlər
gələn, lakin sınmayan, həm də şəxsən
qalib gələn bir ziyalı, bütöv bir şəxsiyyət
idi, dissident idi".
Müəllif
göstərir ki, akademik İsa Həbibbəyli XX əsr
Naxçıvan ədəbi mühitinin akademik M.C.Cəfərov,
Xalq şairi Məmməd Araz, İslam Səfərli, Adil
Babayev, Hüseyn İbrahimov, Cavad Cavadlı, Vaqif Məmmədov,
kimi nümayəndələrinin
yaradıcılığını dərindən tədqiq
etmiş, onların hər biri haqqında ayrıca məqalə
yazmışdır. Ona görə də Yusif
Seyidov monoqrafiyada tədqiqatçı İsa Həbibbəyli
haqqında dolğun təsəvvür yaratmaq
üçün bu məqalələrin hər birini ayrıca
nəzərdən keçirir, təhlil edir, onların məziyyətlərini
açıb göstərir.
Akademik İ.Həbibbəyli Naxçıvanda
yaşayarkən yenicə yaradılmış AMEA-nın
Naxçıvan Bölməsinin inkişafına da töhfələr
vermişdir.
O, bir neçə il Bölmənin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq
şöbəsinə ictimai əsaslarla rəhbərlik
etmiş, gənc kadrların yetişməsinə kömək
göstərmişdir. İsa müəllim
Naxçıvan Bölməsində işləyərkən
taleyi və seriyasından bir neçə məqalələr
məcmuəsi də nəşr etdirmişdir. Həmin
seriyadan nəşr olunan sanballı kitablardan biri də "Məmməd
Cəfər Cəfərov: taleyi və sənəti"
toplusudur. Onu da qeyd etmək lazımdır ki,
İsa müəllim akademik M.Cəfərin nəşr
olunmamış bir sıra bədii əsərini, o cümlədən,
memuar ədəbiyyatının kamil nümunəsi olan
"Xatirələr" əsərini ədəbi ictimaiyyətə
təqdim etmişdir. Professor Y.Seyidov "Akademik Çəmməd
Cəfər Cəfərov: taleyi və sənəti"
kitabını yüksək qiymətləndirmiş, hətta
onun haqqında "525-ci qəzet"də sanballı bir məqalə
də nəşr etdirmişdir. Həmin məqalədə
Y.Seyidov toplunun nəşrini təqdir edir, İsa Həbibbəylinin
buradakı fəaliyyətinə yüksək qiymət verərək
yazır: "Akademik Məmməd Cəfər Cəfərov:
taleyi və sənəti" kitabı görkəmli elm xadiminin
parlaq və işıqlı şəxsiyyətini,
bütün zamanlar üçün aktual və müasir olan
qiymətli yaradıcılıq irsini yeni nəsillərə
çatdırmaq baxımından mühüm əhəmiyyətə
malikdir. Kitabda getmiş İ.Həbibbəylinin
məqalələr silsiləsi müstəqil bir
monoqrafiyanın ana xəttini özündə cəmləşdirir".
Professor
Y.Seyidovun "Akdemik İsa Həbibbəyli" adlı tədqiqat
əsəri görkəmli ictimai xadim, Milli Məclisin
deputatı, akademik İsa Həbibbəylinin həyat və
yaradıcılığının Naxçıvan
dövrünün öyrənilməsində dəyərli
bir qaynaq kimi elmimizə böyük bir töhfədir.
Əbüifəz Quliyev
525-ci qəzet.- 2020.-
4 mart.- S.19.