Bir daha teatr təhsilimiz haqqında.

 

Filologiya üzrə fəlsəfə doktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor

Milli teatr mədəniyyəti sahəsində nəsillərin bir-birini əvəz etməsi prosesi nə qədər ağrılı olsa da, labüddür. İstedadın tirajlanmadığını, yalnız ayrı-ayrı fərdlər kimi təzahür etdiyini bilsək də, bu gün fitri bacarığın cilalanmasının məhz teatr təhsili sayəsində mümkün olduğu həqiqəti hər kəsə bəllidir.

 

Biz bir zamanlar sovet dövrünün qanadlı ifadəsi sayılan "kadrlar hər şeyi əvəz edir" cümləsinin doqmatizminə bir o qədər əhəmiyyət verməsək də, burada bəzi həqiqət işartılarının olduğunu da nəzərdən qaçırmaq olmaz. Sözün qısası, səhnə sənəti üçün mühüm olan kadr təminatı, milli teatrımızın sabahı üçün fövqəladə əhəmiyyətli bu sahədə, yəni teatr təhsili sahəsində mövcud olan problemlərin həlli bu gün böyük həssaslıq tələb edir.

 

Bəlli olduğu kimi, incəsənət sahəsi üçün mütəxəssis kadrların hazırlanması milli mədəniyyətimizin prioritet məsələsi olmaqla digər sahələrdən fərqlənən tədris xüsusiyyətlərinə malikdir.

 

Bəzən təhsil sahəsi üzrə mütəxəssislər, ayrı-ayrı ekspertlər humanitar sahə təsnifatında, məsələn, ədəbiyyatşünaslarla teatrşünasları, az qala, eyniləşdirirlər. Halbuki musiqi təhsilində nəfəs alətləri ilə simli alətlərin tədrisində, yaxud aktyorluğun və rejissorluğun tədrisində spesifik sənət fərqləri mövcuddur. Və onların tədris prosesi, təbii olaraq, müxtəlif metodoloji əsaslara dayaqlanır. İndiki halda hədəfimiz teatr sənəti üçün kadr hazırlığı məsələsi olduğu üçün bu sahədə təhsilin praktik teatr həyatı ilə bağlılığının vacibliyi, sahələr üzrə fərqlərin təhsil prosesindəki əhəmiyyəti üzərində düşünməli oluruq.

 

Müstəqil dövlət quruculuğu dövrünün bir sıra islahatları içərisində təhsil sahəsində aparılan islahatlar istər pedaqoji kollektivlərdə, istər çoxsaylı valideyn toplumunda birmənalı qəbul edilmir. Belə ki, əsas iradlar Boloniya təhsil sisteminin tətbiqi ilə bağlıdır. Onun tətbiqinin hansı elmi, ictimai ehtiyacdan irəli gəldiyini söyləyə bilməsək də, həmin təhsil sisteminin on illərlə sınaqdan çıxan əvvəlkindən üstünlüyü təxmini görünür. Belə ki, əvvəlki təhsil sisteminin konkret üstünlüklərini və real uğurlarını bildiyimiz halda, Boloniya təhsil sisteminin üstünlükləri və nikbin nəticələri müşahidə edilmir. Doğrudur, təhsilin liberallaşması, tələbələrin demokratik seçim imkanlarının artması, pedaqoji fəaliyyətin tələbə auditoriyası ilə iş prosesində fərdlərə və kollektivə differensial yanaşma metodu fayda və səmərə baxımdan perspektivli görünsə də, ümumilikdə  təhsilin səviyyəsi, tələbələr arasında elmi biliklərin mənimsənilməsi, pedaqoji heyətdə müəllimin nüfuzunun qorunması baxımdan müşahidə edilən keyfiyyət itkiləri açıq-aşkardır. Bu zaman tədris prosesində diqqətçəkən sənədləşdirmə formalizmi, pedaqoq və tələbə münasibətlərində laqeydlik, fəaliyyətin imitasiyası faktları diqqət çəkir. Odur ki, Boloniya təhsil sistemini mütərəqqi hesab edənlər onun ölkəmizin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olması barədə ciddi düşünməli, bu sahənin təcrübəli mütəxəssisləri  prinsipial mövqe bildirməlidirlər.

 

Bu yerdə bir qədər ayaq verib, bəzi obyektiv sayılacaq məqamlara diqqət yetirməyimiz lazım gəlir. Yəni ölkəmizin müstəqillik qazanması ilə dünya birliyinə, o cümlədən, Avropa məkanına daxil olması, Avropa Şurasına üzvlüyə qəbulu bilavasitə onun bir sıra beynəlxalq proseslərdə iştirakını labüdləşdirmişdir. Odur ki, ölkəmizin Avropa məkanında gerçəkləşdirilən ali təhsilin struktur islahatları prosesinə qoşulması təbii idi. Başqa sözlə desək, hələ 1999-cu ilin 19 iyun tarixində Boloniyada iyirmi doqquz ölkənin təhsil nazirləri tərəfindən imzalanıb ali təhsil sisteminin təkmilləşdirilməsini nəzərdə tutan, "Boloniya deklarasiyası" adı alan sənədə əsasən ümumi tələblər, meyarlar və milli ali təhsil sistemləri müəyyən edilməklə vahid Avropa elm və təhsil məkanının yaradılması qərara alındı. Sonralar "Boloniya prosesi" adlanan xəttə Avropa Şurasına daxil olan digər ölkələr o cümlədən, Azərbaycan (2005-ci il) da qoşuldu. Sonrakı illərdə, yəni 2003-cü ilin 18-19 sentyabr tarixlərində Berlin şəhərində keçirilən sammitdə qəbul edilən bəyannaməyə əsasən, ümumi Avropa tələblərinə və standartlarına müvafiqlik "bakalavr", "magistr" olmaqla ikipilləli təhsilə, həmçinin, "fəlsəfə doktorluğu" elmi dərəcəsi verilməsi işinə də şamil edildi. Və elə həmin sammitdə yeganə doktorluq dərəcəsinin yalnız "fəlsəfə doktoru" dərəcəsi olması barədə qəti qərar verildi. Əgər ali təhsil prosesinin, nəticəsi olaraq, ilk pillədə "bakalavr", sonrakı pillədə, magistr təhsilinin sonunda "magistr" dərəcələri müəyyən edilirsə, elmi tədqiqatın yekunu olaraq uğurlu dissertasiya müdafiəsindən sonra konkret şəxsə konkret sahə üzrə "fəlsəfə doktoru" elmi dərəcəsi verilirsə, bu halda hələ də fəaliyyətdə olan yuxarıda qeyd etdiyimiz Boloniya elm və təhsil sistemində nəzərdə tutulmayan elmlər doktoru alimlik dərəcəsi məsələsi, həmçinin, bu gün dissertasiya müdafiələrinin nəticələrini təsdiq edən dövlət təşkilatı olan Ali Attestasiya Komissiyası öz funksional əhəmiyyətini itirmiş olur.

 

Bu, olduqca geniş və çoxcəhətli mövzu olsa da, onun mahiyyəti anlaşılandır. Burada əsas niyyət ümumavropa elm və təhsil sistemi yaratmaqla təhsilin-təkmilləşmə səviyyələrinin, onun modul sisteminin müəyyən edilməsi, diplomların tanınması, mütəxəssislərin dünyanın müxtəlif bölgələrində transmilli təhsilinin aspektləri, Avropa məkanındakı əmək bazarına daxil olması və sair nəzərdə tutulur. Başqa sözlə desək, Boloniya prosesi adı alan proses Avropa ölkələrinin milli ali təhsil sisteminin struktur islahatlarını təmin edir. Həmin proses yuxarıda qeyd etdiyimiz kimi, başlıca məqsəd olaraq, məzunların Avropa əmək bazarında yer tapmasına təhsil və elmi dərəcələrinin, diplomlarının tanınmasına, ali təhsilin ikipilləli mərhələlərinin təsbit edilməsinə xidmət edir.

 

Boloniya prosesi ilə bağlı qəbul edilən bəyənnaməyə görə, o, könüllü, yarımsubyektiv olub, Avropanın müxtəlif ölkələrinin təhsil sistemlərinin milli xüsusiyyətlərini nəzərə almaqla, çoxvariantlı, açıq və çevikdir, həmçinin, tədrici xarakterə malikdir. Yəni bu prosesin müddəalarını qeyd-şərtsiz yerinə yetirmək, hər hərfinə danışıqsız riayət etmək vacib deyil. Əgər nəzərə alsaq ki, Boloniya prosesi, müəyyən mənada, hamar yox, ziddiyyətlidir, bəzi məqamlarda isə açıq-aşkar anlaşılmazlıq doğurur, onda onun nöqsanlardan xali olmadığı üzə çıxır. Başqa sözlə desək, onun üstünlükləri kimi, zəif cəhətləri də mövcuddur. Məsələn, yaradıcılıq sahələri, o cümlədən, aktyor ixtisası üzrə kadr hazırlığı işində magistr pilləsinin səmərəsi nədən ibarətdir?

 

Nəzərə alsaq ki, məşhur Hollivud artistlərinin əksəriyyətinin heç ali savadı yoxdur, ABŞ, Yaponiya və Çin kimi bir sıra qabaqcıl ölkələri Boloniya sisteminə qoşulmayıbsa, bu fakt, həmin ölkələrdə təhsilin geri qalması anlamına gəlmir, həmin ölkələrin məzunlarının diplomlarının Avropa məkanında tanınması, həmçinin, Avropa əmək bazarında yer alması mühüm hesab edilmir. Halbuki nəinki həmin ölkələrin, hətta qonşu Gürcüstanın Sovet dövründə təhsil görmüş sənət adamları Avropa mədəni məkanında çalışmaq üçün dəvət alanda onların diplomu ilə kimsə maraqlanmır.

 

Milli rejissor və ya teatrşünas kadrların Avropa bazarına daxil olmasına gəlincə, burada viza və mükəmməl xarici dilə malik olma kimi ciddi maneələrin olması da unudulmamalıdır.

 

Maraqlı budur ki, "Boloniya prosesi"nin nəzərdə tutduğu təhsil sistemi baza təhsilini, ya hər hansı alternativ təhsil konsepsiyasını məqbul saymır. Və guya, yenilikçi elm və təhsil islahatlarına əsaslanan bu təhsil sistemi daha mükəmməl olduğu üçün nəticələri heyrətamizdir. Halbuki təcrübə və konkret örnəklər həmin sistem əsasında təhsil alan məzunların dünyagörüşü səviyyəsinin, yumşaq desək, arzuedilən səviyyədə olmadığını sübut edir. Həmin təhsil sisteminin yetirmələri arasında ixtisas dünyagörüşü ilə bağlı Avropa paytaxtlarının birində aparılan sorğuların nəticələri heç də qənaətbəxş deyil. Məzunların bir qismi dahi bəstəkar L.V.Bethoveni Almaniyanın "Bayer" komandasının oyunçusu, başqa bir qismi isə Böyük Britaniyanın baş nazirinin itinin adı olduğunu hesab edirlər və bu sayaq acı gülüş doğuran misalların sayını istənilən qədər artırmaq olar.

 

Əslinə qalsa, problemin kökü orta təhsil pilləsindəki tədris prosesi ilə bağlıdır. Çünki məhz orta təhsil məktəblərində tədrisin ciddi pedaqoji əsaslar üzərində qurulmadığı, dərsliklərin məzmun səthiliyindən başlamış fənlərin və dərs saatlarının düzgün müəyyənləşdirilməməsi, onların tədris metodikasının natamamlığı, eləcə də pedaqoji kadrların yüksək elmi-nəzəri, professional meyarlar nəzərə alınmadan seçilib yerləşdirilmədiyi və başqa səbəblərdən ali məktəb abituriyentlərinin ümumi bilik səviyyəsi ildən ilə aşağı enir. Qəribədir ki, Tələbə Qəbulu Komissiyasının təşkil etdiyi test imtahanlarından müvəffəqiyyətlə çıxan və tələbə hüququ qazanıb, bədii yaradıcılıq ixtisasını seçən gənclərin böyük bir qismi orta məktəb səviyyəsində belə nəinki dünya mədəniyyəti ilə bağlı, hətta milli folklorumuz, tariximiz, dilimiz, mədəniyyətimiz barədə məqbul sayılmayacaq səviyyə nümayiş etdirirlər. Bəzilərinin diqqətindən yayınan, bəlkə də əhəmiyyətsiz saydıqları bu mənzərə pedaqoji sahədə çalışan mütəxəssislərin gündəlik müşahidə etdikləri reallıqdır.

 

Artıq on ildən artıqdır ki, ölkəmizdə bədii yaradıcılıq sahəsi üçün kadr hazırlığı "Boloniya təhsil sistemi"nin başlıca prinsiplərini nəzərdə tutan tədris planları əsasında aparılır. Ötən dövrün nəticələrinə ötəri nəzər yetirməli olsaq, hər hansı ciddi keyfiyyət göstəricilərinin müşahidə edilmədiyini, həmin illərin məzunları içərisində sənət uğurları ilə seçilən nə rejissor, nə teatrşünas, nə də aktyor fərdiyyətlərinin gözə dəydiyini, əksinə, total savadsızlıq faktlarını qeyd edə bilərik.

 

Avropa ali təhsilində uzun illər ərzində, elə indinin özündə də teatr sənəti üzrə kadr  hazırlığında başlıca olaraq bir neçə özünü  təsdiq etmiş nəzəri təlimlərə (K.S.Stanislavskinin, V.Meyerholdun, J.Viların, M.Çexovun, Y. Qrotovskinin sənət təcrübələrini ehtiva edən nəzəri və praktik təlimlərə) istinad edilir. Bu zaman elmi-nəzəri, eləcə də praktik dərslər və məşğələlər, həmin sınanmış metodlar əsasında həyata keçirilir.

 

Bu gün "Boloniya təhsil sistemi"nə müvafiq olaraq təhsil prinsipləri, tədris planları əsaslı şəkildə dəyişdirilməklə, başlıca hədəfin əsas etibarilə istedadlı şəxsiyyətin yetişdirilməsi olduğu vəzifəsi az qala unudulur.

 

Bədii yaradıcılığın musiqi, yaxud təsviri sənət sahələri üçün mütəxəssis hazırlığı üçün bəlkə də məqbul sayılacaq "Boloniya təhsil sistemi"nin aktyor kadrlarının hazırlığına fayda verəcəyinə inanmaq çətindir. Ən azı ona görə ki, milli aktyor kadrlarına heç MDB-də yer tapılmadığı halda onların nə zamansa Avropa bazarına çıxması barədə düşünmək belə ciddi görünmür. Elə isə bu gün aktyor, rejissor, teatrşünas kadrların hazırlanmasını nəzərdə tutan tədris planlarına imtahanların yazılı formada daxil edilməsinin hansı səmərəsi olduğunu kim bilir? Axı internet mənbələrindən köçürülmüş yazılar  tələbələrə hansı biliklər verir?

 

Milli ideya carçısı, Avropaya çoxlarından daha yaxşı bələd olan Ə.Hüseynzadə xəbərdarlıq edirdi ki, biz Avropanın yaratdıqlarından istifadə etməliyik, amma özümüz onun mədəsində həzm olmamalıyıq.

 

Bizə belə gəlir ki, yuxarıda qeyd etdiyimiz məsələlər qloballaşmanın məkrli sürprizlərinə bənzəyir və təhsil məsələlərinin Avropada mərkəzləşdirilib, ayrı-ayrı xalqların gələcək cəmiyyət həyatının bir mərkəzdən yönəldilməsi cəhdi ilə bağlıdır.

 

Əlbəttə, ölkəmiz Avropa Şurasının üzvüdür  və həmin təşkilat qarşısında götürdüyü müəyyən öhdəlikləri yerinə yetirməlidir. Amma burası da var ki, təhsil məsələləri xalqımızın gələcək varlığı, mentalitet məsələsi olduğu üçün ehtiyatlı və tədbirli qərar verilməsini tələb edir. Getdikcə artan, hər addımda total savadsızlıq faktları ilə üz-üzə qaldığımız bu məqamda müdrik bir kəlamı unutmayaq ki, "ümumtəhsil məsələsi xalqın mentalitetidir" və bu fəaliyyətdə "əsas məsələ təhsilin səviyyəsidir, nəticəsidir".

 

Sözügedən Boloniya sisteminin bəzi ölkələrin, yaradıcılıq təhsilində yaratdığı boşluqlar, törətdiyi fəsadlar barəsində tez-tez narazılıqlar eşidilir. İncəsənət sahələri üçün, o cümlədən, teatr sənəti üçün kadr hazırlığında həmin təhsil sisteminin yarıtmazlığının acı nəticələrini bir neçə on ildən sonra özünü bariz göstərəcəyi gözləniləndir. Amma bu gün, 2020-ci ildə Boloniya təhsil sisteminin şıdırğı  fəaliyyətinin futurist perspektivdə ölkəmizin yeni nəsillərinə nə verəcəyi təəssüf ki, sonadək bəlli deyil. Fikrimizcə, yalnız incəsənətin hər bir ixtisası üzrə kadr hazırlığının ayrıca konsepsiyasına, çağdaş dövrün elmi-nəzəri tələblərinə müvafiq mükəmməl dərsliklərin, sənət ədəbiyyatının yazılması, pedaqoji metodikaların işlənməsi, istedadlı və təcrübəli pedaqoqların seçilməsi, incəsənət üzrə tədrisin intellektual təşkili, yəni sənətçi şəxsiyyətinin yetişdirilməsi, onun fərdi istedadının cilalanması prosesinin təmin edilməsi və bu kimi başqa tədbirlər uğurlu nəticələrə yol aça bilər.

 

 

İsrafil İSRAFİLOV

525-ci qəzet.- 2020.- 4 mart.- S.19.