Naxçıvanda ilk Tarix-Etnoqrafiya Muzeyinin yaradıcısı kimdir?

 

 

AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.

 

Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda etnoqrafik məlumatların toplanması, əsasən, XIX əsrdən başlanmışdır. Aparılan araşdırmalar göstərir ki, Naxçıvanda etnoqrafiyanın inkişafında muzey kolleksiyalarından, keçmiş müşahidəçilərin arxiv, yaxud mətbuat qeydlərindən, səyahət gündəliklərindən, hüquqi sənədlərdən, folklor materiallarından geniş istifadə olunub və olunmaqdadır.

 

Naxçıvanda yaşayan və fəaliyyət göstərən ziyalılar diyarşünaslıq muzeylərinin təşkilinə xüsusi maraq göstərmiş və bunun üçün müxtəlif materiallar yığmışlar. Məsələn, böyük yazıçı Mirzə Cəlil Məmmədquluzadə hələ XIX əsrin sonlarında Nehrəm kəndində müəllimlik etdiyi illərdə belə bir muzeyin yaradılmasında fəallıq göstərib. Nehrəm məktəbində diyarşünaslıq muzeyi təşkil edib, burada Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair materialların topla-nılmasına nail olub. Xalq Məktəbləri Direktorluğunun 13 noyabr 1896-cı il tarixli, 730 saylı əmri ilə ona təşəkkür verilməsi barədə məsələ qaldırılıb.

 

Qeyd edək ki, Naxçıvanda 1924-cü ildə Tarix-etnoqrafiya muzeyi yaradılmış və 1932-ilədək fəaliyyət göstərmiş, sonra isə Naxçıvan Tarix və ölkəşünaslıq Muzeyinə çevrilmişdi. Yenidən qurulan bu muzey 1968-ci ildən Naxçıvan Dövlət Tarix Muzeyi adını daşıyır.

 

 

Elmi tədqiqat və mədəniyyət ocağı olan Naxçıvan Tarix-Etnoqrafiya muzeyinin ilk vaxtlar maddi bazası, əsasən, qədim və orta əsrlərə aid məişət əşyalarından, saxsı qablardan (bardaq, kuzə), qədim silahlardan, Səfəvi dövrünə aid gümüş və qızıl sikkələrdən, mixi yazılı olan Babilistan silindrindən, digər əşyalardan, milli geyimlərdən və sairdən ibarət idi. Bu muzey naxçıvanlı kolleksiyaçı Balabəy Əlibəyova məxsus olmuşdur. Daha doğrusu, bu muzeyi o təşkil edib. İndiyədək çap edilən məqalələrdə və kitablarda Balabəy haqqında bəzi məlumatlar verilsə də, onun həyatı və fəaliyyəti ətraflı araşdırılmayıb. Onun yaratdığı muzey haqqında ilk dəfə söhbət açan 1926-cı ildə Naxçıvana gələn arxeoloq alim V.M.Sısoyev olub. Özünün çap etdirdiyi hesabatında Naxçıvanda fəaliyyət göstərən Naxçıvan Tarix-Etnoqrafiya Muzeyindən xüsusi söhbət açılmışdı. Onun yazdığı: "Balabəy Əlibəyovun Naxçıvan Muzeyi" bu gün də aktuallığı ilə diqqəti cəlb edir.

 

Həmin mətni ədəbiyatşünas alim F.Xəlilov 2005-ci ildə ruscadan azərbaycancaya tərcümə etmiş və "Naxçıvanı öyrənən elmi cəmiyyət" kitabında çap etdirmişdi.

 

V.M.Sısoyevin çox yüksək qiymət verdiyi bu muzeyi öz evində təşkil edən və naxçıvanlılara pulsuz nümayiş etdirən Balabəy Əlibəyov kimdir? Biz bu suala ətraflı cavab vermək üçün xeyli axtarışlar apardıq. Əvvəlcə qeyd edək ki, indiyədək Balabəy Əlibəyov (Əlixanov) haqqında ətraflı tədqiqat aparılmadığından onun doğum tarixi ilə bağlı tapılan iki sənəd maraq doğurur. Həmin sənədlərdən biri çar hökumətinin 1832-ci ildə Ordubad şəhəri üzrə hazırlatdığı kameral təsvirdir (siyahıdır). Əvvəlcə bu sənədlə tanış olaq.

 

1832-ci ildə Ordubad şəhərinin kameral siyahısında onun mənsub olduğu ailə ilə bağlı məlumatlar belədir: Babası Məşədi Hacı Əli xan Sultan oğlu 55 yaşında, nənəsi Məhtəban xanım 30 yaşında. Onların üç oğlanlarının adı qeyd edilib:

 

1) Məmmədhüseyn Sultan 22 yaşında proporşik, həyat yoldaşı Sona 20 yaşında, oğlu Balabəy 1 yaşında;

 

2) əmisi Mehdi 19 yaşında, həyat yoldaşı Nisə 20 yaşında, onların oğlu Abbasqulu 1 yaşında;

 

3) əmisi Vəliqulu 13 yaşında.

 

Digər bir sənəd isə arxiv fondlarında axtarışlar apararkən rast gəldiyimiz maraqlı bir məhkəmə sənədidir. Ona görə maraqlı sənəddir ki, orada Balabəy Əlibəyovun izahatı var və o, öz yaşı haqqında məlumat verib. Qeyd edək ki, həmin arxiv sənədi 1863-cü ilə aiddir. O, bu izahatı 1862-ci ilin sonunda yazıb. Həmin izahatın əvvəlində Balabəy Əlibəyov yazır: "Mənim adım Balabəy Əlixanov, atamın adı Məmməd-hüseyn Sultandır. Özümün, 26 yaxud 27 yaşım var". Onun yazdığı izahatı əsas götürsək, Balabəyin doğum tarixi 1836, yaxud 1837-ci ilə təsadüf edir. Amma əlimizin altında Ordubad şəhərinin 1832-ci ilə aid kameral siyahısı da var. Orada yazılan məlumatlara əsasən, Balabəyin doğum tarixini 1831-ci ilə aid etmək olar. Onda 1862-ci ildə onun 31 yaşı olardı. Balabəy Əlibəyovun (Əlixanovun) XIX əsrin sonlarında İrəvan zadəganları ilə birlikdə çəkdirdiyi fotoşəkildə onun 31 yaşlarında olduğu görünür. Hər halda doğum tarixinin dəqiqləşdirilməsi üçün gələcəkdə əlavə tədqiqata ehtiyac var. Bir az irəli gedərək qeyd edək ki, Rudolf İvanovun yazdığı "Basqın" kitabında 1925-ci ilə aid sənəddə Balabəyin 70 yaşında olduğu bildirilir. Onda belə çıxır ki, Balabəy Əlibəyov 1855-ci ildə doğulub. Bu isə qətiyyən ola bilməz. Çünki yuxarıda qeyd etdiyimiz sənədlər 1855-ci il doğum tarixini inkar edir.

 

Bu tarixi sənəd imkan yaradır ki, onun atasının adını (indiyədək ki, yazılan məqalələrdə, kitablarda onun atasının adı yazılmayıb - müəllif) yazaq. Tapılan arxiv sənədlərində Balabəyin qardaşının, əmisinin, atasının farsca (ruscaya tərcümə edilib) izahatları, elanları, yazdığı ərizələr maraqlıdır. Burada hətta Balabəy Əlibəyovun rus dilində yazdığı xahişnamə-ərizəsi də vardır.

 

Əgər 1832-ci ildə yazılan kameral siyahını əsas götürsək Balabəy Məmmədhüseyn Sultan oğlu 1831-ci ildə, onun özünün yazdıqlarını əsas götürsək, o, 1835, yaxud 1836-cı ildə Ordubad şəhərində hərbçi ailəsində doğulmuşdur. Balabəyin ulu babası Əlixan Sultan da hərbçi olub. Bir məsələni də hökmən qeyd etmək lazımdır. 1920-ci ilədək Balabəyin familiyası sənədlərdə Əlixanov kimi yazılmışdır. Yəqin ki, 1920-ci ildən sonra repressiyalardan yaxa qurtarmaq üçün familiyasını Əlibəyov yazdırıb. Bunu yazmaqda məqsədimiz odur ki, gələcəkdə arxiv sənədləri ilə işləyən tədqiqatçılar Balabəy Əlixanovun Balabəy Əlibəyov olduğunu unutmasınlar.

 

Hər halda bunlar arxiv sənədlərində qeyd olunanlardır. Həmin arxiv sənədində Balabəyin 18 yaşında olan Hacı adlı qardaşının da izahatı var. Və o sənəddə Balabəy yazır ki, Naxçıvan şəhər polis idarəsində tərcüməçi işləyir.

 

Balabəy Əlixanovun doğum tarixinin doğruluğunu təsdiqləyən fotoşəkil də var. 1860-cı ildə İrəvanda çəkilib (həmin fotoşəkil də mətnə daxil edilib - müəllif).

 

Fars, rus və türk dillərini mükəmməl bilən Balabəy Əlixanov əsasən polis sistemində tərcüməçi işləyib. Bir arxiv sənədində deyilir: "15 mart 1893-cü il tarixdə Ordubad şəhər sakini Balabəy Əlixanov və Ordubad şəhər polis hissəsinin rəisi, pristav Levintski aşağıdakı şərtlərlə müqaviləni bağladı.

 

Bu müqavilədə 10 şərt vardır.

 

1-ci şərtdə deyilir: "Müqaviləni mən, Balabəy Əlixanov, Ordubad polis idarəsi yanında 7 kazak üçün Ordubad şəhərinin Ambaras küçəsində olan 4 otaqdan ibarət mənzilimi, 7 at üçün nəzərdə tutulmuş tövləni, ayrıca həyəti, anbar, onlardan kazarma üçün nəzərdə tutulmuş iki otağı, uryadnik üçün kiçik otağı və yeni taxılı üçün nəzərdə tutulmuş otağı kirayə verirəm. Axırda imza yerində Balabəy Əlixanov yazmışdır. Gördüyümüz kimi, Balabəy çar Rusiyası dövründə həmişə familiyasını Əlixanov yazmışdır. Balabəy Əlixanovun fəaliyyəti haqqında Naxçıvan Diyarının təhqiqi üzrə Xüsusi Komissiyasının iclasının 6 N-li protokolunda qısaca məlumat var:

 

"Balabəy Əlibəyov haqqında Naxçıvan şəhərinin vətəndaşıdır. 70 yaşı var (əslində, bu vaxt onun 93 yaşı vardı - müəllif). 1917-ci ilə qədər 9 il Qars polis idarəsində tərcüməçi kimi xidmət edib, 8 il Qarsda polis zabiti olub. 1911-ci ildə istefaya çıxıb.

 

1917-ci ildə qədər pensiya alıb. 1917-ci ildən 1920-ci ilə qədər Urmiyada (İranda) polismeyster olub. 1920-ci ildən indiyə kimi sovet müəssisələrində xidmət edir. Hazırda Xalq Maliyyə komissarlığının maliyyə agentidir".

 

M.Bağırovun iştirak etdiyi həmin iclasda (4 aprel 1925-ci il) qərara alınır ki, Balabəy işdən çıxarılsın.

 

Bu sənəddə qısaca olaraq Balabəy Əlixanovun fəaliyyəti təsvir olunub. Hələliksə Balabəy Əlixanovun əlimizdə şəxsi işi olmadığından bəzi məsələləri aydınlaşdırmaq üçün hərtərəfli axtarışlara ehtiyac vardır. Həm də bu zaman onun yaşı yetmişdən yuxarı idi. Ordubad şəhərinin 1832-ci ildəki kameral siyahısına əsasən, 1925-ci ildə Balabəy Əlibəyovun artıq 93 yaşı vardı. Yəqin buna görə də həbs edilməmiş və sürgün olunmamışdır. Çünki zadəganəsilli Balabəy Əlibəyov 1920-ci ildən sonra siyasi idarələrin təqiblərinə məruz qalmış və hətta Əlixanov familiyasını dəyişmişdir.

 

Balabəy Əlixanovun Naxçıvan şəhərində təşkil etdiyi və öz şəxsi evində yerləşdirdiyi Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi haqqında ilk dəfə məlumat verən professor V.M.Sısoyevin yazdıqlarından məlum olur ki, o, 1927-ci ildə həmin muzeydə olub və böyük təəssürat almışdır. Onun yazdığına görə, bu muzeydə Naxçıvanın tarixinə, arxeologiyasına aid qiymətli materiallar olmuşdur. Muzeydə sərgidə nümayiş etdirilən əşyalar, həmçinin, sənədlər haqqında məlumat vermişdir: "Yaxşı qədim sırğalar, böyük qədim xalçalar, qələm qabları (qələmkarlar), qədim şərq fars parçaları (qumaş), üstünlük təşkil edən az miqdarda (43 ədəd) sikkə kolleksiyası, XIX əsrin əvvəllərində torpaq mülkiyyətinə aid bir neçə farsca fərman, qəhvəyi rənglənmiş kiçik kərpic və s.".

 

Tarixçi alim V.M.Sısoyevin təsvir etdiyi etnoqrafiya muzeyi iki otaqda və çox da böyük olmayan keçid dəhlizdə yerləşirmiş. Burada İştar ilahəsinin kahinlərinin, "Şamaş" adlı qara daşın olduğunu yazan V.M.Sısoyev nümayiş etdirilən Babil silindrindən (üzərində mixi yazı və naxışları olan) də söhbət açaraq yazır: "Silindr, görünür, çox uzaq keçmişə, yəni təxminən xristian erasından 1000 il əvvələ, hətta lap əvvələ aiddir.

 

Buradaca qeyd edək ki, axtarışlar apararaq etnoqrafiya muzeyinin sərgi salonlarında nümayiş etdirilən əşyaların xeyli hissəsinin fotoşəkillərini tapmışıq. Fotolar Naxçıvanda Etnoqrafiya Muzeyinin sərgi salonlarında çəkilib. Milli təəssübkeşlik göstərən jurnalist Mənsim Fərəcovun  albomu əvəzsiz tarixi mənbədir. O, 40 il "Bakinskiy raboçiy" qəzetinin Naxçıvan üzrə müxbiri olmuşdur.

 

Muzeydə olan V.M.Sısoyev Balabəylə görüşüb-görüşmədiyi haqda heç nə yazmayıb. Etnoqrafiya muzeyində bəzi iradları qeyd edən professor hesabatının sonunda yazır: "Hər halda muzey Naxçıvanın diqqətəlayiq yerlərindədir və çox az şəhər belə muzeyi ilə öyünə bilər".

 

Axtarışlar göstərir ki, Balabəy Əlixanov Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi üçün eksponatları hələ gənclik illərindən müxtəlif şəhər və kəndlərdən toplayıb. Ona bu işdə Naxçıvan tarixinə olan sönməz sevgisi və vətənpərvərlik hissi həmişə köməklik göstərib. Hələ 1863-cü ildə Naxçıvan şəhər polis idarəsində tərcüməçi işləyən Balabəy Əlixanovun 1860-cı ildə İrəvanın məşhur zadəganları arasında olması və şəkil çəkdirməsi yuxarıda söylədiklərimizi təsdiqləyir...

 

Balabəy Əlibəyovun (Əlixanovun) Naxçıvanda yaşayan varislərinin dediyinə görə, onun həyat yoldaşı Şeyda xanım olub. Onların nikahından Humay adlı qızları anadan olmuşdur. Humay xanım Hüseynağa Hüseynovla ailə qurmuş və bu nikahdan 4 oğulları olub. Humay xanımın nəvələrinin dediyinə görə, Balabəy Əlibəyov II Dünya Müharibəsi başlayanda sağ deyilmiş. Onun təxminən XX əsrin 30-cu illərində vəfat etdiyini söyləyirlər. Əsl həqiqəti tapılan sənədlər təsdiqləyəcək.

 

Bu gün Naxçıvan Dövlət Tarix Muzeyinin keçdiyi inkişaf yolundan və təşəkkülündən ürəkdolusu danışmaq olar. Amma bir həqiqəti unutmaq olmaz ki, Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasında əsas baza M.V.Sısoyevin dili ilə desək, "Balabəy Əlibəyovun Naxçıvan Muzeyi" olmuşdur. Bu isə poliqlot, etnoqraf, tərcüməçi, Naxçıvanın qədim tarixinin bilicisi, böyük vətənpərvər Balabəy Əlibəyovun (Əlixanovun) vətən qarşısında əvəzsiz və unudulmaz xidmətidir.

 

 

Musa RƏHİMOĞLU

525-ci qəzet.- 2020.- 4 mart.- S.20.