Zəngilanım,
görüşümüzə az qalıb...
Nəvəmi
müalicə üçün Naxçıvan Muxtar
Respublikasındakı "Duz dağı"na
aparırdım. Uşağa görə təyyarə
ilə uçmaq mümkün olmadığından,
Naxçıvana İran İslam Respublikasının ərazisindən
keçib getməliydik - Araz boyu. 26 illik ayrılıqdan sonra
qoynunda dünyaya göz açdığım doğma yerlərə
uzaqdan da olsa baxacaqdım. Bu, qəribə bir təsəlli
idi...
Qonşu dövlətin ərazisinə ayaq
basanda Günəş üfüqdən yenicə
boylanırdı. Yollar uzandıqca uzanıb gedirdi. Beş saatdan sonra mənzil başına
çatmalıydıq. İran Biləsuvarına keçəndən
sonra birinci dəfə gördüyümdən ətrafa
maraqla baxırdım. İlk təəssüratım belə
oldu ki, dünyanın harasında olursa olsun, yollar,
mağazalar, yanacaqdoldurma məntəqələri, ağaclar,
çəmənliklər, güllər, çiçəklər
bir-birinə oxşayır.
Biləsuvarın içi ilə
bir xeyli gedəndən sonra səsli-küylü küçələr,
bir-birinə bənzəyən evlər arxada qaldı. Şəhərdən
bir az uzaqlaşandan sonra qarşımızda kitab kimi geniş
düzənlik açıldı, bir-birinə söykənmiş
dərələr göründü. Bu yerlər bir anlıq mənə illərdən bəri erməni
qəsbkarlarının işğalı altında inləyən
Yazı düzünü xatırlatdı. Göz oxşayan,
könül açan, bir-birindən gözəl mənzərələri
kövrəkliklə seyr edə-edə gedirik.
Təxminən iki saatdan sonra Arazın sahilinə
yaxın kəndlərə çatdıq. Buradan ölkəmizin
ərazisini asanlıqla görürdük. Uzaqdan da olsa
dağlarımız, dərələrimiz sanki bizə əl
edirdi. Göz işlədikcə uzanıb gedən
çöllərə, düzlərə baxdıqca fikirləşirəm
ki, Vətən elə yaxından da, uzaqdan da gözəl
görsənir, adama doğma və əziz gəlir...
Arazın sahilinə enmişik. Budur, Füzuli
rayonunun kəndlərinin yaxınlığından
keçirik. Qanlı döyüşlərin getdiyi vaxtlarda
oralarda çox olmuş, döyüşlərdə
iştirak etmiş, zabit və əsgərlərdən
yazılar hazırlamışdım. İndi o kəndləri,
o dərələri yaxınlarıma göstərərək:
"Ora Kərimbəylidir, ora Aşağı Yağlıvənddir,
o tərəf Babıdır, bu, Arayatlıdır, o dərədən
dik yuxarı çıxanda Haramı düzü
başlayır..." - deyirəm. Onlar da diqqətlə mənə
qulaq asır, göstərdiyim yerlərə maraqla baxırlar.
Ermənilərin murdar və
qanlı ayaqları dəyməyən yerlər, evlər,
yaşıllıqlar göz oxşayıb könül
açırdı. Aprel döyüşlərində azad
edilmiş Cocuq Mərcanlı kəndini keçəndən
sonra sanki bayaqkı ürəkaçan mənzərələr
qeybə çəkilir. Göz oxşayan gözəlliyin
yerini ürək dağlayan səhnələr tutur. Sanki
baxdığımız filmin kadrlarındakı rənglər
birdən-birə tündləşir, hadisələr gərgin
xarakter alır. Dağıdılmış,
yandırılmış evlər,
söndürülmüş ocaqlar sanki köməksiz
qalmış uşaq kimi üstümüzə
hönkürür. Buralar Cəbrayıl rayonunun ərazisidir.
Ermənilər bir vaxtlar axarlı-baxarlı olan bu kəndlərdə
hər yeri dağıdıb-yandırıblar. Qəlbləri
yandıran bu inilti, bu sızıltı kəsilmək bilmir. Dərələr
də, dağlar da odlanıb, torpağa da, daşa da işgəncə
verilib. Ürək odlayan, qəlb dağlayan bu kədərli mənzərələrə
həyəcansız baxmaq olmur.
Ağrı-acının ağırlığından
ürəyim sızıldayır.
Ötüb arxada qalmış
gözəl illərdə bu yerlərdən
"Bakı-Qafan" qatarı ilə keçib doğma kəndimizə
gedər, vaqonların pəncərəsindən bir vaxtlar
göz oxşayan, indi qan ağlayan bu yerləri sevinc hissləri
ilə seyr edərdik. O çağlarda bu gözəl
yerlərdə əsrarəngiz və qaynar bir həyat var idi.
İndi xarabalığa çevrilmiş bu ərazilər min
illərin dərin sükutuna dalıb. Xudafərin
körpüsünün hüzünlü görkəmi
könül dünyamızı titrədir. Sanki min illərin
tarixi əbədi olaraq burada donub. Elə bil işğaldan
sonra əsrlərə sinə gərən bu körpülərin
də qəddi bir az əyilib, daşları bir az ovulub.
İşğal olunmuş
doğma ocaqlarımızın o tərəf-bu tərəfinə
baxıram, üç-dörd kilometrdən bir hündür
yerlərdə yaşıl rəngdə
keşikçi-gözətçi məntəqələri
qoyulub - düşmən işğal etdiyi ərazilərimizə
buradan nəzarət edir.
Zəngilana yaxınlaşırıq. Cəbrayıl
rayonunun ərazisi qurtarandan sonra böyük bir göl
gördük. Əvvəllər burada belə bir göl yox
idi. Geniş bir ərazini əhatə edən bu
göl Zəngilan rayonunun Havalı və Zərnəli kəndlərinin
ətəklərinəcən gedib
çıxmışdı. Maşınımızı Həkəri
çayının Araza qovuşduğu yerin tuşunda
saxlayıb hündür bir təpənin üstünə
qalxırıq. Buradan 26 ildən bəri həsrətini
çəkdiyim, nisgili ürəyimdə qubar bağlayan
doğma ocaqlarımıza tərəf boylanıram. Nə qədər
hündürlüyə qalxsam da, nə qədər ora-bura
göz gəzdirsəm də, doğma ocaqlarımızdan
heç nə görə bilmirəm. Sərhədə
yaxın olan Havalı, Zərnəli kənlərinin yerində
yalnız bir neçə evin alayarmçıq divarları
qalıb. Ötən illər ərzində ermənilər evlərin
divarlarına qədər hər şeyi söküb
aparmışdılar. Bu kəndlərdən yuxarıda olan Məmmədbəyli
və mənim doğulub böyüdüyüm Babaylı kəndinin
izi-tozu da görünmür. Gözlərimi kənd tərəfdən
çəkib gecələr şırıltısı ilə
bizə lay-lay çalan Həkəri çayına
baxıram. Çayın sahili boyunca geniş yaşıl
zolaqlıq uzanıb gedir. Xeyli müddət qırılıb
səliqəyə salınmadığından, yəqin ki,
indi hər tərəfi kol-kos basıb.
Bu anlarda Həkəri çayının gur
sularında çimdiyim, balıq tutduğum günlərim
yadıma düşdü. Belə gərgin anlarda hansı
hisslər keçirirəm, nələr düşünürəm,
hansı acıları yaşayıram? Bunu ancaq uzun illər
doğma yurduna həsrət qalanlar bilər. Necə deyərlər,
dərdlinin dərdini dərdlilər anlayar. Bu hissləri qələmə
almaqda sanki söz də acizdir. Söz də bu həsrətə,
kədərə dözməyib od tutub yanır. Həsrətin
acılığından, dərdin
ağırlığından ürəyim
çırpınır, qəlbim titrəyir. Həsrətin yükü
sanki bir an içində qəddimi əyir, belimi bükür. Bu anlarda
könlümdən quş olub kəndimizə uçmaq,
doğma ocaqlarımızı, yurd yerlərimizi görmək,
əzizlərimizin məzarını ziyarət etmək
keçdi. Ürəyimdən dizimi yerə
qoyub həyətimizin torpağından öpmək, əgər
qalıbsa, üzümü evimizin divarlarına,
daşlarına sürtmək arzusu baş qaldırdı.
Uşaqlıq illərində hündür
sıldırım qayaların üstünə
çıxıb indi dayandığım bu İran ərazisinə
baxdıqca baxardıq. O vaxtlar buralar bizə əlçatmaz nağıllar aləmi
kimi görünərdi. İndi bizdən xeyli
uzaqlarda boynu bükük qalmış o illərdə heç
ağlımıza da gəlməzdi ki, nə vaxtsa o yerlərə
gedə biləcəyik. Amma elə bir zaman
gəlib çıxdı ki, ayağımız
nağıllar aləminə bənzətdiyimiz bu yerlərə
dəydi. Bu günsə buradan doğma
ocaqlarımıza boylanıram. O yerlərə həsrət
dolu baxışlarla baxıram. Bu
baxışlara kədər, qəm ələnib. Ürəyim həsrətdən qovrulur. Bu kədəri, bu həsrəti, bu ağrını
yalnız doğma ocaqların havası və torpağı
sağalda bilər.
Doğulub böyüdüyüm həyətdən, evdən
sonuncu dəfə 18 aprel 1993-cü ildə
çıxmışam. O vaxtdan illər keçib. Bu illəri
doğma ovaqlarımızın həsrətini çəkə-çəkə
yaşamışıq. Əgər bu,
yaşamaqdırsa. Bu illər ərzində hər
gün, hər an kəndimizi, evimizi,
el-obamızı xatırlamışıq. Dədə-baba
ocaqlarımız gündüzlər fikrimizdən, gecələr
yuxularımızdan çıxmayıb. İllərdir,
işğal kədər yüklü həsrətimizin
ömrünü uzatdıqca uzadır. Həsrət
dolu illər bir-bir doğmalarımızı, əzizlərimizi
əlimizdən alıb aparır. Onlar
doğma yurdlarımızın həsrətini çəkə-çəkə
dünyadan köçüblər. Demək
olar ki, hər gün ağrılarımızın
üstünə ağrı, dərdlərimizin üstünə
dərd gəlir.
Həmişə qatara minib gəldiyim, qatardan
düşüb evimizə getdiyim Həkəri dəmiryol
stansiyasını, Həkəri kəndini güclə
tanıdım.
Böyük bir stansiyadan, kənddən
kiçik bir iz, xırda bir nişanə belə qalmayıb.
Bu yerləri kəndin üstündəki dik bir
yamacdan və onun ətəyindən keçən yoldan
tanıdım. Ermənilər bu yerləri
elə yandırıblar ki, heç yanı tanımaq olmur.
Düşmən təkcə insanlara deyil, evlərə
də, torpağa da zülm edib.
Beş-on kilometr uzaqlıqda dayanıb qoynunda
doğulub-böyüdüyün, dədə-babanın məzarının
qaldığı yerlərə baxmaq, oraların həsrətini
çəkmək dəhşətdir. Bu anlarda mənə
elə gəldi ki, dünyada ən
ağrılı-acılı şey doğma ocaqlarından didərgin
düşmək, torpağının, yurdunun həsrətini
çəkməkdi. Əgər
maşınla gedəsi olsaq, dayandığım yerdən kəndimizə
10 dəqiqəlik yoldu. Təsəvvür
edin, maşına oturursan və beş-on dəqiqədən
sonra illərdən bəri həsrəti ilə qovrulduğun
torpağa ayaq basırsan. Amma 26 ildir ki, o
yerlərə həsrət qalmışıq. 26 ildir ki, ürəyimizdə doğma ocaqların
nisgilini daşıyırıq. Bu həsrətlə,
bu ağrıyla baş-başa yaşayırıq.
Hansı yolla olursa olsun, necə olursa olsun, biz qan çilənmiş
yollarımızı ermənilərdən təmizləyəcək,
işğala son qoyacağıq. Dağıdılmış,
yandırılmış, yerlə yeksan edilmiş kəndlərimizə
baxdıqca ürəyimdən qara qanlar axır. Bu
qanların qoxusunu hiss etdikcə ürəyi Vətən
eşqi ilə döyünənlərin adından deyirəm
ki, biz ermənilərdən qat-qat cəsur və igidik. Biz ermənilərdən sayca çox-çox
üstünük. Bizim ordumuz ermənilərin
ordusundan qat-qat güclü, qüdrətli və yenilməzdir.
Bizim ordumuzun istifadəsində olan silahları
ermənilər heç yuxularında da görə bilməzlər.
Azərbaycan əsgəri düşmən
üzərinə hünərlə, cəsarətlə və
qətiyyətlə gedəcək. Güllələrimiz
hədəfdən yayınmayacaq. Hədəfimiz isə
birdir - torpaqlarımızı erməni işğalından
azad etmək!
Atalarımızın gözəl bir deyimi var. Haylamaqla
donuz darıdan çıxan deyil. Gərək darıya girmiş
donuzu salasan çomağın altına. Belinə,
başına vura-vura darıdan çıxarıb uzaqlara
qovasan. Torpaqlarımızı işğal
etmiş erməni nə qədər ki,
gücümüzü, qüdrətimizi və onlara
tuşladığımız güllələrimizi
başında, sinəsində, ürəyində görməyib
yurdumuzdan çıxan deyil.
İllərdən bəri torpaq həsrəti çəkən
minlərdən biri kimi istəyirəm ki,
tanklarımızın, təyyarələrimizin mühərrikləri
işə düşsün, barmaqlar silahların tətiyinə
uzansın. Toplarımız, minaatanlarımız "dilə"
gəlib xorla gurlasın. Mərmilər, güllələr
düşmənlərin başına dolu kimi səpələnsin, leysan kimi ələnsin.
Bax onda görüm erməni torpaqları verəcək,
yoxsa yox? Gücümüz
qarşısında dayana bilməyən erməni qorxusundan
başını götürüb qaçdıqca
qaçacaq. Çünki onların
qarşımızda dayanmağa, ləngiyib vuruşmağa, müqavimət
göstərməyə o qədər də gücləri
yoxdu.
Göz işlədikcə uzanıb gedən işğal
altında olan torpaqlarımız cəsur Azərbaycan əsgərinin
gəlişini, addım səslərini gözləyir. Erməni işğalına
yalnız gündən-günə güclənən Azərbaycan
Ordusu və onun sıralarında ləyaqətlə xidmət
edən vətənpərvər Azərbaycan əsgəri cəsarəti
və hünəri ilə son qoyacaq! Xalqımız
bu gün ordusundan, əsgərindən Qələbə
gözləyir.
Doğma yurdumuza göz yaşları içində
baxa-baxa yüksəklikdən aşağı düşürəm. Gözlərim,
baxışlarım kəndimizdən ayrılmaq istəmir.
Ürək o yerlərə dönməyi
arzulayır. Sözümə baxmayan
ayağım məni illərdən bəri həsrətiylə
yaşadığım kəndimizə, evimizə, həyətimizə
çəkir. Hələ qarşımda
erməni işğalı var. Amma erməni istehkamları məni
qorxutmur. Çünki biz düşmənlərdən
qat-qat güclü və qüdrətliyik.
İnanıram ki, gücümüzlə, qüdrətimizlə,
qeyrətimizlə, vətənpərliyimiz və qəhrəmanlığımızla
torpaqlarımızı erməni işğalından azad edəcəyik!
Zəngilanım, doğma kəndim Babaylım,
erməni işğalı illərdir ayrı saldı bizi!
Ancaq bundan əmin olaq, doğma yurdum:
görüşümüzə az qalıb...
Vahid Məhərrəmov
525-ci qəzet.- 4
mart.- S.22