Səhnəmizin əbədiyaşar korifeyi
Azərbaycanda teatr sənətinin qurucularından olan aktyor Hüseyn Ərəblinski 1881-ci ildə
Bakı şəhərində
doğulub.
İlk təhsilini mollaxanada alan gələcəyin
görkəmli aktyoru maddi çətinliklə
əlaqədar məktəbi
buraxmağa məcbur olub. Yoxsul uşaqların məktəbə
götürülməsinə şərait yaradan Həbib bəy Mahmudbəyov gənc Hüseynin də özünün müəllim
işlədiyi "Üçüncü
rus-tatar" məktəbinə
qəbul edilməsinə
yardım edib. Hüseyn Ərəblinskinin teatr sənətinə gəlişinin
səbəbkarı da məhz
Həbib bəy olur. O, Cahangir Zeynalovla birgə Mirzə Fətəli Axundzadənin əsərlərindən
birini tamaşaya qoymaq istəyərkən epizodik rollar üçün aktyor tapmır və bu işə Hüseyn də daxil olmaqla öz
şagirdlərini cəlb
edir.
1897-ci ildən 1900-cu ilədək
yalnız kiçik rollarda çıxış
edən Hüseynin teatrdakı uğurları
1903-1904-cü illərdə yaradılan Müsəlman
Artistləri Cəmiyyəti
ilə sıx bağlıdır. Belə ki,
1905-ci ildə Lənkərana
qastrol zamanı "Müsibəti-Fəxrəddin" tamaşasında əsas rolu oynayacaq aktyor qəflətən xəstələnir. Məcburiyyət qarşısında qalan truppa rəhbərliyi bu rolu Hüseynə
tapşırır.
Bu rolu böyük
məharətlə oynayan
Hüseyn Ərəblinski
çox keçmədən
istedadlı aktyor kimi tanınmağa başlayır. Sonradan "Nicat" Teatr
Cəmiyyətində baş
rejissor kimi fəaliyyət göstərir
və teatr mühitində bir sıra yeniliklərə imza atır. O, əldə bilet satmağı, qapı-qapı
gəzib tamaşaçı
toplamağı qadağan
edir. Aktyorlara məvacib müəyyənləşdirir,
mövhumatı təbliğ
edən əsərləri
repertuardan çıxarır.
Bir çox dünya klassiklərinin, eləcə
də rus dramaturqlarının əsərlərini
ilk dəfə Azərbaycan
səhnəsinə gətirən
məhz Hüseyn Ərəblinski olur.
Həmin dövrlərdə
qadınların teatrda
çıxış etməsi
qeyri-mümkün olduğundan
qadın rollarını
kişilər oynayırdılar.
Qadın rolunda çıxış etmək
üçün bığını
qırxdıran Hüseynin
ailəsi ilə münasibəti bir qədər də gərginləşir. Səhnəni
hər şeydən üstün tutan, həyatının mənasını
bunda görən Hüseyn Ərəblinski deyirdi: "Səhnə müqəddəsdir, ona layiq olmaq üçün
aktyor ciddi bir əxlaq sahibi olmalıdır. Heç bir hərəkəti və sözü ikrah doğurmamalıdır.
Bazarlarda dolaşmaq,
çayxanalarda və
meyxanalarda əyləşib
zarafatlaşmaq, səliqəsiz
geyinmək, özgəsinə
boyun əymək və sair kimi
hərəkətlər aktyorun
təbiətinə, vəzifəsinə
və məsləyinə
tamamilə ziddir. Həyatda yüngül və şərəfsiz tanınan aktyor heç bir zaman səhnədə tamaşaçını inandıra
bilməz. Tamaşaçı
həmişə aktyora
qarşı ehtiram və hörmət hissi bəsləməli, onu axtarmalı və ona rast
gələrkən sevinməlidir".
Əbdürrəhim bəy Haqverdiyevin
"Ağa Məhəmməd
Şah Qacar"ında
Qacar, Lanskoyun "Qəzavət"ində Əhməd
bəy Şamxal, Qoqolun "Müəffətiş"ində
Xlestakov, Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərində Fəxrəddin,
Mirzə Fətəli
Axundzadənin "Hacı
Qara" komediyasında
Heydər bəy, Şillerin "Qaçaqlar"ında Frans,
Şekspirin "Otello"sunda
Otello Hüseyn Ərəblinskinin ən uğurlu rolları sırasındadır.
Hüseyn Ərəblinski 1919-cu ilin
martında qətlə
yetirilib. Sovet dönəmində Ərəblinskinin ölümü
müsavatçıların adı ilə hallandırılsa da, tarixi
sənədlər göstərir
ki, onu dayısı
oğlu Əbdülxalıq
qətlə yetirib.
Ərəblinski sənətinə həqarətlə baxan Əbdülxalıq qeyri-müəyyən
bir mübahisə üstündə bu addımı atıb.
Sənətkarın məzarı Bakıdakı
Fəxri xiyabandadır.
Ölümündən 101 il
ötməsinə baxmayaraq,
görkəmli sənətkar
yenə də müasirimiz sayılır,
hər zaman böyük hörmət və ehtiramla xatırlanır.
525-ci qəzet.- 2020.- 6 mart.- S.8.