Məhəbbət dördbucağının fransız
qarniri
Azərbaycan
Dövlət Akademik Musiqili Teatrında yenidən bərpa edilən
və uğurla oynanılan məşhur
"Fansızsayağı qarnir" əsəri
mövsümün ən anşlaqla keçən
tamaşalarından biri oldu.
Əsərin müəllifi - adı
"Dünya səhnələrinin
gülən üzü"
kimi tarixə yazılan, ədəbi uğurları ilə tanınımış fransız
komediya ustaları Mişel Feydo, Saşa Qitri, Ejen Labişlə bir sırada çəkilən yazıçı
Mark Kamoletti 1923-cü
ildə doğulub, qrafikaçı- rəssam
sənətinə yiyələnsə də daha çox yazıçı kimi formalaşıb, 18-dən çox
komediyası müxtəlif
ölkələrinin ən
ünlü teatrlarının
səhnəsində bu
gün də böyük maraqla qarşılanır. Sonralar rəssamlığın
daşını atan və rejissorluq sənətinin sirlərini
mükəmməl yiyələnən
yazıçı həm
də öz komediyalarının səhnə
taleyi üçün
məsuliyyət daşıyıb.
1958-ci ildə yazdığı
"Qulluqçu Anna"
Parisin "Comedie Wagram" teatrında 1300 dəfədən çox
oynanılıb. Ümumiyyətlə,
onu xoşbəxt sənətkar adlandırmaq
olar. Yaratdığı komediyalar təkcə
təmsil etdiyi xalqın deyil, bütün insanların zaman-zaman yaşadıqları
həyat hekayətləri,
tale yoludur ki, bəziləri onu yazıçının
bu əsərində olduğu kimi təbəssüm və komik vəziyyətlərlə
yola verir, kimisi də...
Onun komediyaları
bəzən 1950, 2200 dəfə
oynanılıb. Hətta
"Fransa-2" kanalının televiziya versiyasını təqdim etdiyi 10 əsərini 92 milyon tamaşaçı izləyib.
"Boinq-boinq", "Şerburq
çətiri", "Roşforlu
qız" əsərləri
onu hələ sağlığında Fransanın
canlı simvolu kimi bütün dünyaya tanıtmışdır.
2003-cü ildə vəfat
edən müəllifin
yaratdığı şedevrlərə
maraq bu gün də səngimir.
Mark Kamolettini
komik vəziyyətlər
ustası adlandıranlar
haqlıdır. Adi məişət
hadisələrinə milyonların
könül rahatlığı,
gündəlik qayğılarını
unudub məmnuniyyətlə
səhnədəkilərin yaşam tərzini təqlid etmək arzusuna şirniklənən
tamaşaçılar salonları
yüksək əhval-ruhiyyə,
könül xoşluğu
ilə tərk etdiklərinə sevinirlər. Bu həyatın
qarmaşıq, heç
vaxt tükənməyən
problemlərini qısa
zaman kəsiyində unutduqları üçün
də müəllifə
və onun ideyalarını gerçəkləşdirənlərə
təşəkkür edirlər.
Dramaturqun hər bir komediyası ilə tanışlıq bir çox tamaşaçılar üçün
yeni enerji, yeni arzular, yeni
planlar, bir sözlə, yaşamağa
ümid verən bir qaynaq, tükənməz
nəsnədir! Onun əsərlərindəki sağlam
yumor, insanlara mənəvi raharlıq bəxş edən fikir və ideyalar,
pislikdən, paxıllıqdan,
kindən, kidurətdən
xali olan bir aləmlə görüşün sevincidir..
Azərbaycan
teatrsevərlərinə ilk
dəfə 2011-ci ilin
oktyabrında təqdim
olunan "Fransızsayağı
qarnir" musiqili komediyası iki illik fasilədən sonra yenidən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın rus bölməsində bərpa
edildi. Yaradıcı heyət yüksək
aktyorluq məharəti,
əla musiqi tərtibatı, rəngarəng
rəqslərlə süslənmiş
gizli sevgi macərası, qadın və kişi duyğularının komik
məqamlarla, gözlənilməz
gedişlərlə zəngin
səhnələri ilə
tamaşaçını sonacan
həyacanda saxlamağa
qadir olan bir oyun nümayiş
etdirə bildi.
Əməkdar artist Svetlana
Bulax, aktyorlar Emil Heydərov, Rauf Babayev, Firuz
Məmmədov, Yuliya Heydərova illərdən
bəri bu səhnədə öz qəhrəmanlarının duyğuları
ilə yaşamağa
alışsalar da Eleanora Mustafayeva ilə Valeriya İskəndərova gözəllər
gözəli Jaklin obrazında ilk dəfə çıxış
edirlər.
Ər-arvad, sevgili-məşuq...klassik fransız ədəbiyyatının vazkeçilməz
mövzusu sayılan bu sevgi dördbucağının
belə böyük tamaşaçı marağına
səbəb olması
o qədər də təəccüblü görünməzdi,
əgər bir gecədə hadisələri
tamam başqa bir axara yönəltməyi bacaran
aşpaz Süzetta olmasaydı. Süzetta ( Svetlana Bullax)
tamaşa boyu gah məşuqə, gah aktrisa, gah
rəfiqə, gah da qohum kimi
hadisələrin əsas
iştirakçısına çevrilir və gözəgörünməz bir
təlimçi məharəti
ilə səhnədə
baş verən hadisələri sonacan nəzarətdə saxlamağı
və idarə etməyi bacarır. Hadisələrin inkişaf dinamikası,
yaranmış vəziyyətdən
cevik və məharətlə çıxmaq
qabiliyyəti, kələfi
dolaşıq düşmüş
bu sevgi macərasının uğurla
çözələnməsi- sonda tamaşaçıları
belə bir insani dəyərə inandırır ki, ailə ortamının və dostluq münasibətlərinin qorunması
əslində daha qiymətlidir, bütün
romantik yaşantılar
da, nəfəskəsən
həyəcanlar da, baş tutmayan məhəbbət oyunları
olmadan da gözəl və yaddaqalan bir gecə keçirmək və ailə müqəddəsliyini qoruyub
saxlamaq mümkündür.
Tamaşa boyu
bu yasaq məhəbbət dördbucağının
iştirakçısı olan
hər kəs fərdi qaydada bu ehtiraslar burulğanında
öz yalanını pərdələmək üçün
"dəridən-qabıqdan" çıxır. Arvadının
evdə olmayacağını
sevgilisi ilə görüşmək üçün
bir fürsət hesab edən Bernardın (Rauf Babayev) başı dərddədir. Arvadı Jaklinin (Eleanora
Mustafayeva və Valeriya İsgəndərova)
onun planlarını başa düşdüyündən
səfərini təxirə
salması, əslində
ərinin kiçik bir ehtiyatsızlığından
onun əsl məqsədini anlaması
və tez-tələsik
dostu Roberti, əslində məşuqu
(Emil Heydərov) köməyə çağırması
ilə hadisələr
daha komik bir axara
yönəlir. Əri
kimi özü də ailə dəyərlərinə sədaqətil
olmayan və Robertin bu qəfil
gəlişinə sevinib
onunla tək qalmağa bəhanələr
uyduran qadın, ərinin qulluqçu kimi təqdim etməyə məcbur olduğu məşuqəsi
Syuzanın (Yulya Heydərova) şıltaqlığına, özgüvəninə dözməyə
məcbur olsa da bir qadın
kimi çılğın
həyat yaşantılarının
gizli məqamlarını
gözlər önünə
sərgiləməkdən də
çəkinmir. Bu
başgicəlləndirən hadisələr burulğanından
karlı çıxansa...Syuzettadır (Əməkdar
artist Svetlana Bullax), bu aşpaz
qadın həm hər iki kişini
şantaj eləyib pullarını alan, həm də çağrıldığı evdə göstərdiyi xidmətin müqabilində
bişirdiyi təamlara
qiymət verilməsi və əməyinin dəyərinin də yüksək qiymətləndirilməsini istəyən xanım digər qəhrəmanların kələklərindən
xəbərdar olduğu
üçün daha rahat, hadisələrin gedişinə hər kəsdən daha çox hakimdir. Və lap sonda...əri
Corc (Firuz Məmmədov və Əliməmməd Novruzov)
onun arxasınca gələndə bu "mətbəx şahzadəsi"
könül rahatlığı
ilə gün ərzində hər bir hərəkətlərinə
gizli bir ironiya ilə reaksiya verdiyi "təzə tanışları"
ilə vidalaşıb
yeni, daha maraqlı ailə dramlarına şahidlik etmək, yeni müştərilərinin
məhəbbət sərgüzəştləri
ilə tanışlığa
tələsir.
Lirik musiqili komediya
janrında işlənmiş
iki hissəli tamaşanın quruluşçu
rejissoru, Əməkdar
incəsənət xadimi
Əsgər Əsgərov
və rejissoru Əməkdar artist Boris Qrafkin əvvəldən
sonadək tamaşaçıları
bu məhəbbət intriqasının sonluğunu
həyəcanla izləməyə
vadar edən çox dinamik, rəngarəng və hərəkətli bir səhnə əsəri yaratmağa nail olublar. Emin Həsənovun seçdiyi
şux, oynaq, baş verən hadisələrin təsir gücünü artıran
musiqi parçaları,
Əməkdar rəssam
Nabat Səmədovanın
səhnə dizaynı,
Əməkdar artistlər
Yelena və Zakir Ağayevlərin quruluş verdikəri rəqslər, rəssam Nübar Hüseynovanın
hazırladığı geyimlər, rejissor
assistenti Tamilla Aslanovanın tamaşanın
daha yaddaqalan və qüsursuz keçməsi üçün
çəkdiyi zəhmət,
bir sözlə, bütün teatrın ümumi səylərinin bəhrəsi olan "Fransızsayağı qarnir"
musiqili, lirik ovqatlı məşhur komediya yenidən tamaşaçıların ixtiyarına
verildi. Bundan sonra Mark Kamoletti qəhrəmanlarının
hiylələri, sevgi çırpıntıları, ailə xəyanətləri
elə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsindən bizə
gülüş bəxş
edəcək, əbədi
və əzəli məhəbbət oyunlarının
insanları saldığı
gülünc vəziyyətlərdən çıxış
yolu aramağa kömək edəcək.
Telli PƏNAHQIZI
525-ci qəzet.- 2020.-
6 mart.- S.7.