Tanıyaq və tanıdaq:!
Əziz
oxucular, "525-ci qəzet"də
"Günümüzün Güney Azərbaycan ədəbiyyatı
- Poeziya" adlı guşə açılıb.
Guşədə İran İslam
İnqilabından (1979) sonra
ədəbiyyata gəlmiş,
Güney Azərbaycanda
1960-cı ildə və
daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan,
incə və həssas ruhlarına toxunmadan, yaratdıqları
möhtəşəm poeziya
örnəklərini
incələmədən onların
ana dilində fərqli janr və üslublarda qələmə aldığı
şeir və poemalara, yaxud da həmin əsərlərdən
müəyyən hissələrə
yer verəcəyik.
Bu əsərlər günümüzün Güney
ədəbiyyatında baş
verən yeniliklərin,
ədəbi prosesin incəliklərini bir az da yaxından
izləmək, həyata,
insanlığa, yazarların
ictimai-siyasi və milli məsələlərə
baxışlarını öyrənmək
baxımından diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı
Cəmil Meriç
"Qərb kültürün
vətənidir, Şərq
irfanın. Nə Qərbi tanıyırıq,
nə Şərqi, ən az tanıdığımız
isə özümüz..."
deyirdi. Güney Azərbaycanda son
çağın dinamik
inkişaf edən ədəbiyyata, özəlliklə
poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü,
ədəbiyyatı, kitab
mədəniyyəti, sözyaratma
qüdrətinin nə
qədər yüksək
olduğu yansıyır.
Möhtəşəm mədəniyyət
yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən
şairləri olan xalq isə dünya
tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi
daha yaxından tanımaq, həm də daha çox
sevmək üçün,
dəyərli yazarların
yaratdıqları bənzərsiz
poetik dünyanın qapıları üzünüzə
açılır, əziz
oxucular!
Esmira Fuad
Filologiya elmləri
doktoru
Ruqəyyə
ƏBDİLİ (SAZAQ)
1975-ci ildə Maku şəhərinin doğu tərəfində
yerləşən Hüseynəli
kəndində dünyaya
göz açıb. Uşaqlıq çağlarından
şeirlə maraqlanmağa,
poeziya ilə nəfəs almağa başlayıb.
1995-ci ildən ciddi olaraq ədəbiyyat
dünyasına ayaq basıb. "Ürəyimdə
qalan boş yeri" adlı ilk şeir kitabı
işıq üzü
görüb.
"Yağışlı sevgi" adlı ikinci şeir kitabı isə yaxın vaxtlarda nəşr olunacaq.
***
Bu elin ürəyi döyündükcə,
mən
Ürəyə dönürəm, elə dönürəm.
Qeyrətlə, namusla öyündükcə
mən,
Bir coşqun
bulağa, selə dönürəm.
Yoxsulluq əliylə
qeyrət öləndə,
Nadanlar aqilə
yersiz güləndə,
Yetimin acısı
bağrım dələndə,
Qatlanıb bükülmüş
belə dönürəm.
Amandır vurmasın
namərdin əli,
Ağzımda gəzməsin özgənin
dili,
Mürgülü insanı ölüdən
ölü,
Görəndə sazağım yelə dönürəm.
***
Tüstüsü burnumdan ötür,
Bu acını
udammıram.
Nələr çəkdirir başıma,
Nə yazıq,
unudammıram.
Öyüddən keçibdir işim,
Məzarımı verin, deşim.
Od yoxdur
- cızhacız bişim,
Düşdüyüm odu danmıram.
Sınmaqdayam budaq-budaq,
Sızıldadır canı sazaq,
Bu yuxunu
xeyrə yozaq,
Bundan artıq
budanmıram.
***
Ürəyimdə qalan bomboş yerini,
Rəhnə də vermirəm, satıram indi.
Darısqal anlarda,
darıxan çağda,
Daha ağlamıram,
yatıram indi.
Nə gündüz günüm ol, nə gecə ayım,
Söyləmə "dünyada yox mənim tayım",
Bəlkə o gözlərdə yox imiş payım,
Həsrəti giləmə qatıram indi.
Bu dodaqlar
pıçıldamır adını,
Unudubdur şirin
dilin dadını,
Öyrənmədim sevdalıq savadını,
Eşqin batlağına
batıram indi.
Körpə yetim kimi çağlamıram
mən,
Səni xatırlayıb
ağlamıram mən,
Bəxtimin qapısın
bağlamıram mən,
Söküb çərçivəsin atıram
indi.
Qayıdıb obaya sazağı alma,
Bir də aramıza araçı salma,
Verdiyin çörəyi başıma
çalma,
Özüm bişirirəm, satıram
indi.
***
Yaşaya
bilmirsən, məni yaşama,
Alıbsan canımı, daha
boşlama,
İllər sən yaşadın,
qəlbim boş amma,
Bu yasaq sevgini bitir,
qoy gedim,
Məndən gözlərini götür,
qoy gedim.
Nazımdan naz alır ala gözlərin,
Çırpınır gözümdə
qala, gözlərin,
Yalvardım ömürlük qala
gözlərin,
Qalmadın, sonuna yetir, qoy gedim,
Məndən gözlərini götür,
qoy gedim.
Özümdən çıxmışdım, özüm deyildim,
Sevgindən mələyib özüm
əyildim,
İçimdə sızlayıb qəmlə
yeyildim,
Tuturmu ürəyin? Atır!
Qoy gedim,
Məndən gözlərini götür,
qoy gedim.
Gözümü yolların əllərindən
al,
Ətrimi
bağçanın güllərindən
al,
Günümü yaşayıb illərindən
al,
Sazaqsız izləri itir, qoy gedim,
Məndən gözlərini götür,
qoy gedim.
***
Göz dikirəm bu dünyaya,
Hərə gəzir öz içində.
Danışmağa ar eyləyən,
İndi axır söz
içində.
Günü gündən qara
gələn,
Püşkü dustaq dara gələn,
Sağ-salamat yara gələn,
Girib qalır
bez içində.
Bu yollardan kim
sovuşub,
Bax kimlərə kim
qovuşub,
Kim ağlayıb kim
ovuşub,
İz seçilir
iz içində.
Gözlər gözə naz baxardı,
Dost əlini dost sıxardı,
Haçan yarı yar yıxardı,
Gözlər qalıb duz içində.
Ruhun səni bəyənmirsə,
Sözlərini deyəmmirsə,
Sənə boyun əyəmmirsə,
Çarə yoxdur, döz içində.
Sevgisinə düz olanlar,
Eşq odunda qovrulanlar,
Sazaq kimi sovrulanlar
Yalqız qalıb yüz içində.
***
Yoxsul evə gedən ayaq,
Əllərini boş aparma,
Yıxılmış o dam üstünə,
Səni,
Tanrı, quş aparma.
Yıxılsaq da zaman-zaman,
Yurdumuzu
alsa duman,
Könül-könül sevgi uman,
Ürəyində daş aparma.
Əllərin tutsa bir əli,
Qayğı n olsun el təməli,
Pay tutginən yer-yeməli,
Yağı süzmüş aş aparma.
Hər gözəlin bir eybi var,
Nəcabətli yara yalvar,
Yanağında xalı var! Var,
Gözdən iraq qaş aparma.
Ürək dolu usanmışıq,
Varı-yoxu talanmışıq,
İllər boyu aldanmışıq,
Nəmli gözə yaş aparma.
Kəssən əlin, ayaqların,
Sındırsan da dayaqların,
Yatıb sazaq,
oyaqların,
Kəsmə dilin çaş aparma...
525-ci qəzet.- 2020.- 6 mart.- S.15.