Azərbaycan aliminin monoqrafiyası Türkiyədə
nəşr edilib
Azərbaycan aliminin monoqrafiyası
Türkiyədə nəşr
edilib<b style="color:red"></b>
Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan
Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun
Dilçilik şöbəsinin
müdiri, filologiya üzrə fəlsəfə
doktoru, dosent Nuray Əliyevanın Ankaranın "Gece akademi" nəşriyyatında
türk dilində
"Nahçıvan ağızlarının
sözcük bilimi"
adlı monoqrafiyası
çapdan çıxıb.
Naxçıvan dialekt və şivələrinin leksikasından
bəhs edən elmi nəşrdə Naxçıvan şəhərində
və rayonlarında işlənən dialekt sözlər seçilərək
leksik cəhətdən
izah edilmiş və hər bir sözün etimologiyası əhatəli
şəkildə araşdırılıb.
Xalqımızın keçmişdən bu günə kimi işlətdiyi dialekt sözləri toplamaq, onları sistemli təhlil etmək, geniş şəkildə
araşdırmaq xeyli çətin və məsuliyyətli işdir,
həm də xüsusi diqqət və fədakarlıq tələb edir. Nuray Əliyeva
bu işin öhdəsindən böyük
bacarıqla gəlib, hətta materialı Türkiyə türkcəsinə
tərcümə edərək
Ankara şəhərində nəşr etdirməyə
nail olub. Monoqrafiyanın Türkiyədə nəşri,
internet vasitəsilə satışının
təmin edilməsi Naxçıvan dialekt və şivələrində
işlənən sözlərin
geniş arealda yayılmasına imkan yaradıb.
Haqqında bəhs etdiyimiz monoqrafiya 178 səhifədən
ibarətdir. Kitabda sözün həqiqi
mənasında Naxçıvanın
dil sistematikasına, dialekt və şivələrinə zəngin
aid bir xəzinə cəmlənib. "Keçmişimiz gələcəyimizin
təməlidir" şüarı
ilə yanaşsaq, xalq dilində işlənən qədim
tarixə malik hər bir kəlmənin
və cümlənin bu gün üçün
çox əhəmiyyətli
olduğunu etiraf etməliyik. Bu mənada Nuray Əliyevanın uzun illəri əhatə edən elmi axtarışlarının bir
hissəsi olan monoqrafiya keçmişimizi
gələcəyimizə daşıyan
bir mənbə rolunu oynayır.
Monoqrafiyanın üstün cəhətlərindən
biri də Naxçıvan dialekt və şivələrində
işlənən sözlərin
digər türk xalqlarının dialekt və şivələrində
işlənən variantlarını
özündə əks
etməsidir.
Giriş hissədə Naxçıvanın
tarixinə yığcam
nəzər salınır,
Naxçıvan dialekt
və şivələri
haqqında ümumi məlumat verilir. Birinci bölmədə
keçmişdə ədəbi
dilimizdə işlənən,
bu gün isə ədəbi dildə işləkliyini itirərək sadəcə
dialekt və şivələrdə yaşayan
sözlər diqqətə
çatdırılır. Əsərin
bir üstün cəhəti də ondadır ki, müəllif bu tipli sözləri digər türk xalqlarında işlənən
variantlarını da araşdırır
və müqayisəli
şəkildə təhlilini
verir.
"Yeni sözlər"
adlı ikinci bölmədə Naxçıvan
dialekt və şivələrində işlənən
neoligizmlər araşdırılıb,
mürəkkəb söz
və söz birləşmələrinin türk
xalqlarında işlənmə
məqamı müəyyənləşdirilib.
Qədim sənət növlərindən
biri olan xalçaçılıq sahəsi
müəllifin tədqiqatında
xüsusi yer alır. Belə ki, bu sahə ilə bağlı dialekt sözlər və söz birləşmələri
seçilərək tədqiqata
cəlb olunub.
Monoqrafiyada diqqəti çəkən
fəsillərdən biri
də heyvandarlıqla
bağlıdır. Burada dialekt
və şivələrdə
heyvandarlıqla bağlı
işlənən sözlərə
diqqət ayrılıb.
Bu sözlər türk, özbək, qazax, qırğız, türkmən variantları
ilə müqayisəli
şəkildə araşdırılıb.
Qohumluqla bağlı işlənən sözlər isə
monoqrafiyanın beşinci fəslində verilmiş və təhlil
edilmişdir.
Naxçıvanlıların müqəddəs neməti
olan duz və ona aid nümunələr, deyimlər bir çox
folklor materiallarında özünü göstərir. Monoqrafiyanın
altıncı bölməsində duzla bağlı işlənən
sözlər, deyimlər və onların müqayisəli təhlili
öz əksini tapır.
Əsərin sonunda Naxçıvanın ayrı-ayrı
rayonlarından toplanmış mətnlərə və atalar
sözlərinə də rast gəlirik. Bu mətnlər
Naxçıvan dialekt və şivələrində necə
səslənibsə, eləcə də qələmə
alınmış və oxucuya
çatdırılmışdır.
Eyni zamanda, Naxçıvan dialekt və şivələrinin
qısa lüğəti də monoqrafiyanın elmi əhəmiyyətini
artıran cəhətlərdən sayıla bilər.
Monoqrafiya Naxçıvan dialekt və şivələrinin
tədqiqində istinad ediləcək dəyərli mənbədir. Bu əsər
Azərbaycan dilinin ölkəmizdən kənarda təbliği
işinə də töhfədir.
Çinarə RZAYEVA
AMEA Naxçıvan Bölməsinin
Folklorşünaslıq şöbəsinin böyük elmi
işçisi, Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2020.- 6 mart.- S.15.