Akademik Teymur Kərimliyə
açıq məktub
Elminə,
mədəniyyətinə, ziyalılığına böyük
dəyər verdiyim Teymur müəllim!
Allah hər bir insanı yaradarkən yalnız Onun özünə bəlli olan proqramlaşdırılmış
genetik kod ilə yaradır və Özü məqbul saydığı
ənamları həmin
insana bəxş edir. Yaradan Sizin üçün genetik kodun ən mükəmməlini,
bu mükəmməlliyin
təsdiqi olan nurluluğu, analitik və dərin təfəkkürü, ali ünsiyyət mədəniyyətini, hüdudsuz
səbri, insansevərliyi,
sadəliyi bəxş
edib.
Alimliyiniz də insanlığınız
qədər ucadır,
mükəmməldir, dərindir,
genişdir.
Sizinlə 4 mart 2020-ci ildə Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda
görüşümüz və elmi, mənəvi,
sosial sahələrə
aid söhbətlərimiz Sizə
olan böyük ehtiram və hörmətimi ölçülər
hüdudlarına sığmaz
etdi.
Rəhbərlik etdiyiniz institutda yazılmış və çap olunmuş kitabları mənə hədiyyə etdiniz. Onların arasında
özünüzün yazdığınız
"Çağdaşımız Nəsimi" monoqrafiyanız
ilk oxumaq istədiyim kitab oldu. Çünki Nəsimini çox
araşdırıcılar təhlil
etməyə, dərk
etməyə, duymağa
çalışıb, amma
əksər hallarda uğurlu alınmayıb.
2009-cu ildən başlayaraq
dünyanın 55 dahisi,
müdriki və fatehi haqqında "Dahilərin, müdriklərin
və fatehlərin həyat dərsləri"
üç cildliyini yazıb çapa hazırlayarkən dahi və müdrik Nəsimidən də yazmaq istədim. Nəsimi haqqında
yazılmış 30-dan çox
kitabları, çoxlu
sayda məqalələri
oxudum. Oxuduqlarımın əksəriyyəti məni heyrətləndirdi.
Əksər yazılarda təhrif
olunmuş, kiçildilmiş,
incidilmiş Nəsimi
gördüm. Bu səbəbdən də dahi və müdrik
Nəsimi haqqında yazmamaq qərarına gəldim. Dedim ki, qəlbimdə ucaltdığım Nəsimi
zirvəsi bu yazılar fonunda zədələnməsin, aşınmasın,
Nəsimiyə layiq olmayan yazılara biri də əlavə
olunmasın. Burada xüsusi vurğulamaq istəyirəm ki, professor Qəzənfər Paşayevin "Nəsimi irsinin tədqiqi və nəşri tarixinə bir nəzər, Nəsimi haqqında araşdırmalar"
(Bakı, Qarabağ,
2010) kitabı mən qeyd etdiyim yazılara
aid deyil.
Hörmətli Teymur müəllim!
"Çağdaşımız Nəsimi"
kitabınızı, demək
olar, "birnəfəsə"
- cəmi 2 günə
oxudum. Çox sevindim. Qəlbimdə öz gücümə uyğun ucaltdığım
Nəsimi zirvəsindən
daha yüksək, Nəsiminin varlığına,
ruhuna, fəlsəfəsinə,
humanizminə layiq zirvəni gördüm.
Nəsimini dərk etmədən
onun təhlili bütün hallarda "kiçiltmələrlə", uğursuzluqlarla nəticələnir.
Siz Nəsimini dərk edərək, duyaraq, sevərək təhlil apardığınızdan əsəriniz
çox uğurludur, təqdirəlayiqdir. Kitabınızın adı da mahiyyəti
qədər gözəldir
və məntiqlidir.
İki cahana sığmayan Nəsimi zamanlara da sığışmır,
o, əbədiyaşardır, odur ki, hər
yaşam dövrünün
çağdaşıdır.
"Çağdaşımız Nəsimi" kitabı şagirdlər, tələbələr
üçün çox
gözəl dərs vəsaiti kimi dəyərləndirilməsi və
geniş oxucu kütləsinə çatdırılması
vacibdir. Bu kitab
ölkəmizin bütün
kitabxanalarında, hər
bir məktəbin kitabxanasında olmalıdır.
Çünki Siz yazdıqlarınız
əsaslıdır, arqumentlidir,
böyük idrakınızın
süzgəcindən keçdiyindən
dəqiqdir, təhrifsizdir,
mübaliğəsizdir, kiçiltmələrsizdir.
Bugünkü və gələcək
nəsillər həqiqi
Nəsimini tanımalı
və sevməlidir.
"Çağdaşımız
Nəsimi" kitabı
Nəsimini tanımaq,
dərk etmək, sevmək yolunda ən yaxşı bələdçi olacağı
qənaətindəyəm.
Hörmətli Teymur müəllim!
"Çağdaşımız Nəsimi"
kitabını mənə
şəxsən hədiyyə
etdiyiniz üçün
çox sağ
olun!
Qəlbimdə yeni və daha uca Nəsimi
Zirvəsi yaratmaqda böyük təsiriniz üçün çox sağ olun!
Sizin çox
nurlu simanız var (Allah bəd nəzərdən qorusun),
alim təfəkkürünüzün
nuru ilə Nəsimi dünyasının
mahiyyətinə nur səpdiniz, onu dəqiq görmək, anlamaq, dərk etmək imkanı yaratdınız. Bunun üçün Sizə sonsuz təşəkkürüm var.
Hər zaman Sizə böyük sayqım olub. Amma indi
bildim ki, böyük saydığım
bu sayqı layiq olduğunuzdan çox kiçik imiş. Şəxsiyyətinizə
sayqımın indiki ölçü vahidi belədir: SONSUZLUQ.
Böyük Nəsiminin, dahi
Nəsiminin, müdrik
Nəsiminin, özünün
İNSAN adına qoyduğu ağır şərtlərə uyğun
İnsanlıq zirvəsi
olan Nəsiminin ruhu Sizi qorusun!
Sizi sevən dostunuz
Akademik Vaqif Abbasov
525-ci qəzet.- 2020.- 7 mart.- S.13.