Sadəcə Qadın
Hər il
8 Mart tarixində qeyd olunan və özündə
qadınların iqtisadi, ictimai və siyasi mübarizəsi ilə
yanaşı, həm də ümumi olaraq qadınlara
qarşı sevgi, hörmət, diqqət, nəzakət və
məhəbbəti tərənnüm edən, bunu adət-ənənə
formasına gətirən bayram - Beynəlxalq Qadınlar
Günü...
Mən bu yazımda tarixi
araşdırmaq fikrində deyiləm, bunu demək olar ki, bilməyən
yoxdur. Məqsədim
zərif cins adlandırılsa da, cəmiyyətin
sütunlarından birinə çevrilən, çox işdə
heç də kişilərdən geri qalmayan etibarlı və
vəfalı qadınlar - ana, bacı, sevgili, dost, həyat
yoldaşı olan mehriban xanımları tərənnüm etməkdir.
Azərbaycan qadını dünya qadınları arasında həmişə
xüsusi çəkiyə sahib olmuş, cəmiyyətdə
fəallığı ilə seçilmiş,
xalqımızın mənəvi dəyərlərinin
formalaşmasında, onun inkişafında böyük rol
oynamışdır. Əbəs deməyiblər ki, qadını azad olmayan
ölkə inkişaf edə bilməz. Vaxt vardı qadın
azadlığı, onun təhsil alması haqqında
danışmaq belə çətin idi. Qadın evdə
oturmalı, uşaq doğub böyütməli, ərinin
qulluğunda dayanmalı idi, vəssalam. Amma onun daxili
azadlıq hissini kim boğa bilərdi ki...
Adın
şərəflidir sənin,
ey qadın,
Dahilər
anası çağrılır adın...
Deyə
hayqırırdı şair,
amma məhz "dahilər anası",
dahi yox...
Qadınların oxumaq, təhsil
almaq, ailə qurarkən qərar vermək
kimi hüquqlarının olmadığı zamanlar deyərkən
dahi M.Ə.Sabiri xatırlamasaq olmaz, insanları qəflət
yuxusundan oyatmaq, mədəni inkişafa nail olmaq, ən
çox qadınların ziyan çəkdiyi mövcud zəmanəni,
onun qayda-qanunlarını ifşa etməklə xalqın
milli-mənəvi ruhunda qorunub saxlanan və inkişafa təkan
verən cəhətlərin üzə
çıxarılması məqsədilə yazılan məşhur satirik şeirləri
unutmaqmı olar.?!
Xandostu,
amandı, qoyma gəldi,
Kirdarı
yamandı, qoyma gəldi...
İlk təhsil alan, ilk
maarifçi, ilk peşəkar rəssam, şərqdə ilk
opera yazan, ilk oftalmoloq, ilk redaktor.., ilk.., ilk.., qadınlar, onlar
hələ azadlıq payının olmadığı dövrə
- Azərbaycanın inqilaba qədərki dövrünə
aiddirlər. Bu da qadınların daxili azadlığı,
özünü təsdiqetmə, özünə inam,
bacarıq və qabiliyyətlərinin üzə
çıxarılması yolunda maneələri aşmaq,
döyüşkən və mübariz ruhunun, qələbə
əzminin həmişə yüksək olmasını
göstərir.
Ölkəmizdə dövlət qadın siyasətinin əsasının qoyulması
Ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Məhz o dahi şəxsiyyət qadın şəxsiyyətinə
verdiyi böyük dəyər və hörmətlə
yanaşı, həm də ölkə həyatının
bütün sahələrində onlara yer verdi, fəaliyyətinə
imkanlar yaratdı. Bu siyasətin İlham Əliyev tərəfindən
də qətiyyətlə davam etdirilməsi isə
qadınların ictimai və siyasi nüfuzunun artmasını
təmin edərək ən yüksək orqanlarda, o cümlədən,
mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə
uğurla təmsil olunmasının qarantı oldu...
... 8 Mart
deyəndə yada qadınlar düşür, qadın deyərkən
də onun bayramını təbrik məsələsi
keçir beynindən. Hədiyyə də öz yerində. Hədiyyə
almaq işi adi görünsə də, əslində, səriştə
tələb edir... Elə etməlisən ki, təqdim etdiyin
insana uyğun olsun, alanda bir ürək sevinsin, bir sözlə,
hədiyyə verənin də, alanın da adına-sanına
uyğun olmalıdı. Yoxsa ki... İlk hədiyyəni orta məktəbin
yuxarı sinfində oxuyanda almışam, o da açıqca
olub!.. Gizli sevənim vermişdi, mənə xatir də
başqaları duyuq düşməsin deyə sinfin
bütün qızlarına göndərmişdi... Eh, onda belə
sevərdilər, sevdiklərini söz-söhbətdən kənar
tutardılar. Bu gün də qiymətli əşya kimi
saxlayıram həmin hədiyyəni, sonralar müxtəlif
insanlardan müxtəlif hədiyyələr alsam da, onun yeri
başqa idi...
Hə, hədiyyədən söz
açmışkən bunu da deməsəm
olmaz, deməli, uzun müddət işlədiyim bir idarədə
insafən hər il 8 Mart gələndə müdiriyyətin
narahatlığını, əl-ayağa
düşdüyünü hiss edirdik. Hədiyyəni həm də
sadəcə bir diqqət hesab etdiyimdən fərqində
deyildim, amma idarənin təmizlik işinə baxan
xanımları üçün bu maraqlı idi nəsə,
araya salıb xəlvətcə soruşurdular da... Amma deyim ki,
hər il eyni bir hədiyyə alınır, hamıya ucdantutma
fincan-nəlbəki dəsti hədiyyə edilirdi!.. Atalardan
qalma "çəkicə yüngül, vəzncə
ağır" məsəli burada tərsinə qoyulur, hədiyyənin
ağırlığı və iri görünməsi şərt
sayılırdı... Bəli, təşkilatçılıq
hər kəsin işi deyil, amma burda bir ürək məsələsi
də var ki, seçimi o tənzimləyir...
Hə, qarşıdan yenə 8
Mart Beynəlxalq Qadınlar Bayramı gəlir, onunla birgə çiçəklərin,
ətirlərin və daha nələrin də bayramı
başlayır... Amma sən bunları boş ver, bil ki, ən
böyük bayram sevgidir, insanı cilalayan, böyüdən,
ucaldan, özünə də bəlli olmayan ən mübhəm
və sirli insani keyfiyyətlərini üzə
çıxaran, səndən yeni bir sən yaradan hiss...
Və əgər sən qadınsansa, onda bu hissin ikiyə vurulacaq əlbəttə,
çünki sən sadəcə, Qadınsan!..
Hətta
böyük psixoloqların
belə baş çıxara bilmədiyi,
cənnətin ayaqların altına döşəndiyi
Qadın...
Ömrünün düz otuz ilini qadın psixologiyasını öyrənməyə
sərf edən Ziqmund Freyd də sonda qarşına yenə əliboş
çıxmalı olmuşdu: "Otuz illik araşdırmama
baxmayaraq, mən bu böyük suala cavab tapa bilmədim.
Əslində, qadınlar nə istəyir?.."
Mən
bir az çöl qadınam,
Bir az da
orman qadın.
Bir az
şeir qadınam,
Bir az da
roman qadın.
Tala-tala ələfəm,
Çiçək-çiçək
dağam mən.
Sahibini
gözləyən,
Soyumuş
ocağam mən.
Qadınam,
qadın.., ana...
Hər dərdə
sipər qadın.
Bətnimdə
böyüyübdü,
O Həcər,
Nigar qadın...
Leyli mənəm,
Şirin mən,
Ocaq
qadın, pir qadın.
Tanrının yaratdığı
ən gözəl əsər.. Qadın!..
Şahnaz ŞAHİN
525-ci qəzet.- 2020.- 7 mart.- S.17.