Müharibənin iki üzü: 

qadınlarla və qadınlarsız

 

8 Mart dünyanın əksər ölkələrində Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bir əsrdən çox yaşı olan Beynəlxalq Qadınlar Gününün tarixi, mahiyyəti haqqında bütün internet resurslarında çox asanlıqla məlumat almaq olar.

Tarixə nəzər saldığımızda zərif cinsin nümayəndəsinə diqqət, qayğı, nəzakət ehtiva edən 8 Mart tarixinin ayrı-ayrı ölkələrdə qadınların sosial, siyasi, iqtisadi həyatında mühüm rol oynadığını görərik.

Hər il olduğu kimi bu il də 8 Mart təbrikləri arasında qadınlar haqqında zərif, incə, qorunmağa, qayğıya, diqqətə ehtiyac duyan varlıqlar kimi danışılacaq, bu, inkaredilməzdir. Amma inkar edilməyəcək bir fakt da var ki, qadınlar - bu zərif cinsin nümayəndələri tarix boyunca ən ağır məqamlarda belə, kişilərlə çiyin-çiyinə dayanmağı, bəzən hətta onlara arxa-dayaq olmağı öz üzərinə götürüb və öhdəsindən məharətlə gəliblər.

Dediyimiz kimi, Beynəlxalq Qadınlar Gününün tarixindən uzun-uzun danışmağa ehtiyac görməsək də, bir faktı nəzərinizə çatdırmaq istərdik. Rusiyada ilk dəfə qadınlar günü 1913-cü ildə Peterburqda qeyd olunub. Növbəti il Avropada 8 Mart ərəfəsində qadınlar müharibəyə qarşı etiraz marşları ilə çıxış ediblər. Bu o il idi ki, cəmi 2-3 ay sonra XX əsrin ilk böyük savaşı - I Dünya Müharibəsi başlayacaqdı. Hər zaman sülhün tərəfində olan qadınlar da məhz buna qarşı çıxmışdılar.

 

Müharibə və qadın

 

Qədimdə bir adət varmış: qadın baş örtüyünü vuruşan tərəflərin arasına atsa, dərhal döyüş dayandırılar, hətta müharibələrə son qoyularmış. Qadının, ananın baş örtüyü bu qədər müqəddəs hesab edilərmiş.

Yaxın keçmişimizə nəzər salsaq, təəssüf ki, orda bizi qan, qada, müharibələr "qarşılayacaq". XX əsrin dəhşətləri az qala bütün dünyanı sarmış, milyonlarla insanı ağuşuna almışdı. Tarixin ən qanlı iki dünya müharibəsi məhz bu əsrə təsadüf edir. Zaman-zaman keçirilən bütün sorğularda qadınların mütləq çoxluğu müharibə istəmədiyini, sülh, əmin-amanlıq arzuladığını vurğulayıb. Amma bütün bunlarla bərabər, dəyişməyən bir fakt da var: nə qədər müharibəyə qarşı olsalar da, əgər müharibə qaçınılmazdırsa, o zaman kişilərlə çiyin-çiyinə döyüşməyi, düşmənə qarşı çıxmağı da biliblər.

Doğrudur, müharibə deyəndə gözümüzün önünə ilk gələn kişilər, onların qəhrəmanlıqlarıdır. Az qala qadınlar heç yada da düşmür. Sanki onlar başqa dünyada yaşayıb, bu savaşlardan öz nəsiblərini almayıbmış kimi bir tablo yaradılır. Həqiqət isə başqadır. Müharibələr və qələbələr nə qədər kişilər adına bağlansa da, onun pərdə arxasında milyonlarla qadın qəhrəman olub. Onlar bu savaşın ortasında nələr yaşayıblar, qadınlıqlarını necə saxlaya biliblər, ümumiyyətlə, biliblərmi, onlara qarşı cəbhədə və cəhbə sonrasındakı münasibət necə olub... Yaxın dövrə qədər bütün bunlarla ciddi şəkildə maraqlanan, onların nələr yaşadıqlarını öyrənmək istəyən, heç onları yada salan da yox idi. Bu tarixi gerçəkliyi bütün çılpaqlığı ilə qələmə alan isə belaruslu yazar-araşdırmaçı-jurnalist Svetlana Aleksiyeviç oldu. Ona 2015-ci ildə Nobel mükafatı gətirən "Müharibənin qadın olmayan üzü" əsəri II Dünya Müharibəsində Sovet ordusunun tərkibində döyüşən, müxtəlif bacarıqlarıyla orduya kömək olan qadınlardan bəhs edir. O qadınlar ki, bu zamana kimi onlardan danışanda ancaq orden-medalları, keçdiyi şanlı döyüş yolları, qələbələri gündəmə gətirilib, haqqında pafoslu cümlələr yan-yana düzülüb. Bəs onlar bir qadın olaraq, məhz qadın kimi o güllə yağmurunun, o dəhşətin içərisində nələr yaşayırdılar? Müəllifə də bu əsəri yazdırmaqda təkan verən əsas qüvvə məhz bu suallar olub: "Mən hərdənbir necəsə bir qadının dilindən müharibəni eşidərkən görürdüm ki, bu, tamam fərqli bir müharibədir, bizə olduqca yad bir müharibə. Qadınlar danışanda mən onların dilindən adət etdiyimiz qəhrəmanlıq hekayələrini, bombardmanları, uçub-tökülən binaları, qalib gələnləri, məğlub olanları eşitmirdim. Qadınların müharibəsinin öz rəngi, öz əzabı, kədəri, öz səsi vardır. Orda əzab çəkənlər təkcə insanlar yox-büsbütün kainatdır. Ağaclar, quşlar, torpaq, səma - hər yer və hər şey əzab çəkir. Səssizcə, sakitcə susur və əzab çəkir. Buna görə də mən bu müharibəni araşdırmağa və yazmağa qərar verdim - qadınların dilindəki, səsindəki müharibəni".

 

Müharibə qadınları necə qarşılamışdı:

 

"Sovet ordusunda bir milyona yaxın qadın vardı, onlar əksər bacarıqlarından istifadə edirdilər. Hətta pulemyotçu, tankçı kimi sözlərdə cins kateqoriyasına bağlı dil problemi yaranmışdı. Çünki indiyəcən bu işlərin heç birini qadınlar etməmişdilər, ona görə də bu sözlərin qadın cinslisi yox idi. Qadın cinsli sözlər orda - müharibənin içində yaranırdı".

S.Aleksiyeviçin əsərinin mövzusu müharibə deyil. Müəllif müharibə haqqında roman yazmaq fikrindən çox uzaqdır. Onun əsərinin mövzusu da, qəhrəmanı da qadındır. Müharibə qadını...

Əsəri oxuduqca yaxın keçmişin ən qanlı müharibəsində müxtəlif sovet ölkələrindən orduya qatılan qadınların keçdiyi ağır, məşəqqətli yol insanı iliklərinə qədər sarsıdır. Qadın pilotlar, partizanlar, kəşfiyyatçılar, həkimlər, tibb bacıları, siravi döyüşçülərin cəmi 15-16-17 yaşlarında böyük bir imperiyanın mühafizəsinə çiyin vermələrindənmi danışaq, yoxsa o qədər kişinin içərisində qadın kimi qalmaqlarındanmı? Müəllif əsərdə kiçik bir statistikanı oxucunun nəzərinə çatdırır. Bu statistika əslində hər şeyin xəbərçisidir: "Qorxaqlar döyüşməyə heç vaxt özxoşuna getməz, amma qızlar müharibəyə könüllü getmişdilər. Bunlar qeyri-adi cəsur qızlar idi. Statistika var: tibb işçiləri arasında itki sayı atıcı batalyondan sonra ikinci yerdə idi. Piyadalar arasında..."

Onların xatirələrindən gəlinən qənaət isə budur ki, savaş həqiqətən də qadın-kişi tanımır, müharibədə qadın qalmaq güllənin, bombanın altından sağ çıxmaqdan daha çətindir. Keçmiş döyüşçü qızlardan birinin sözləri savaşın içərisində belə onlara qarşı münasibətin heç də normal olmadığını, hətta odun-alovun içərisindən xilas etdikləri, düşmən üzərinə birlikdə addımladıqları kişilərin də onları ciddiyə almadığını göstərir: "Biz çox çalışırdıq. İstəmirdik desinlər: "Qadındırlar də". Biz çalışırdıq kişilərə sübut edək ki, onlardan əskik deyilik. Amma bizə uzun müddət belə münasibət var idi: "Bu vuruşan arvadlara baxın..."

 

"Qələbəni bizdən oğurladılar"

 

Nə yazıq ki, qadınların müharibəsi savaş bitəndən sonra yenidən başladı. Onların uşaq yaşında həyatını heçə sayıb vətənin müdafiəsinə qalxmağı, səngərdə çəkdiyi əzablar və o əzabların içərisindən qalib kimi sağ qayıtmaqları ailələri də daxil olmaqla kimsənin vecinə deyildi. Çünki müharibələrin qalibləri ancaq kişilər olur. Qadınlar isə hər zaman məğlubdurlar: "Bizə sonralar hörmətlə yanaşdılar, otuz ildən sonra... Görüşlərə-filana çağırmağa başladılar... İlk vaxtlar sıxılırdıq, heç orden-medallarımızı da taxmırdıq. Kişilər taxırdı, amma biz yox. Kişilər qalib idilər, qəhrəman idilər, adaxlı idilər, onlar müharibə keçmişdilər, amma bizə tamam başqa gözlə baxırdılar... Deyim sizə, qələbəni bizdən oğurladılar... Qələbəni bizimlə bölüşmədilər. Bu, adamı ağrıdır..."

Cəmiyyət onların yalnız və yalnız illərlə kişilərlə birlikdə olmaqlarını görür və onlara təkcə qadın kimi yox, sağlamlığını, cavanlığını səngərdə itirmiş döyüşçü kimi də hörmət etmirdi. Öz ailələri onlardan utanır, onları özlərindən kənarlaşdırmağa çalışırdı. Bu qadınların danışıqlarından da hiss olunur ki, onlar üçün ən ağır müharibə də məhz bu idi: ailəsinə, doğmalarına, yaxınlarına, uğrunda hər şeylərindən olduqları xalqına qarşı verdikləri psixoloji müharibə: "Mən Berlinə kimi ordunun tərkibində getdim. İki ordenlə evimizə qayıtdım. Üç gün keçdi, dördüncü gün anam dedi: "Qızım, mən sənə balaca bir düyünçə hazırlamışam. Get... Get... Evdə iki bacın böyüyür. Onlarla kim evlənəcək? Hamı bilir ki, sən 4 il cəbhədə kişilərin içində olmusan..." Xahiş edirəm, yaralarıma toxunmayın. Siz də o birilər kimi, mənim orden-medallarımdan yazın..."

 

Müharibədə Azərbaycan qadınının imzası

 

Hələ Tomrisdən başlayaraq Azərbaycan qadını hər zaman əldə silah kişilərlə çiyin-çiyinə döyüşmüş, at çapmış, qılınc oynatmış, yağının canına lərzə salmışdır.

Tarix boyu başı bəlalardan ayılmayan, savaşların, döyüşlərin meydanı olan Azərbaycanın da qəhrəman övladları öz igidlikləri ilə adını tarixə yazdırmağı bacarıb. Azərbaycan qadını ailəsini, övladını, namusunu, şərəfini cəsurluqla hifz etdiyi kimi, yeri gələndə vətənini, torpağını da kişilərlə bərabər qoruyub, bunun üçün canından keçib.

Haqqında danışdığımız II Dünya Müharibəsində azərbaycanlı qızlar da iştirak etmiş, igidliklə döyüşmüşlər. Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət edib. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazılır. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi. Həmin qadınlardan snayper Ziba Qəniyeva, tibb bacısı Aliyə Rüstəmbəyova, hərbi təyyarəçi Züleyxa Seyidməmmədova, S.Quliyeva, O.Şahbazova göstərdikləri igidliklərə görə Sovet İttifaqı tərəfindən müxtəlif orden, medallara layiq görülüblər. Hərbi həkim Sara İbrahimova, təxribatçı Alfa Şirazi, Fəridə Nəsrullayeva, Lidiya Drozdova partizan dəstələrinin fəal üzvləri idilər. Onlar və onlar kimi adlarını çəkmədiyimiz minlərlə qadın döyüşçülərimizin şücaəti bu gün də tarix kitablarında yazılır, adları qürurla, fəxrlə çəkilir.

 

Qarabağ müharibəsinin zərif qəhrəmanları

 

Nə yazıq ki, ölkəmizin çarpışdığı savaşlar dünya müharibələri ilə məhdudlaşmır. Ötən əsrin sonlarında alovlanan, qanunsuzca cəlb olunduğumuz Qarabağ müharibəsi yenidən xalqımızın ağır sınağına çevrildi. Erməni mənfurlarıyla gedən döyüşlərdə yüzlərlə oğul və qızlarımız canlarından, sağlıqlarından oldular. Bu müharibədə Azərbaycan qadını bir daha öz cəsarətini, mərdliyini, şücaətini sübut etdi. Onlar səngərdə yeri gələndə kişilərə ana, bacı, həkim, yarasını sarıyan tibb bacısı, yemək bişirən aşpaz, yeri gələndə isə döyüş yoldaşı oldular.

Araşdırmaçı-yazar Zemfira Məhərrəmli Qarabağ müharibəsində evini, yurdunu, isti ocağını atıb, uşaq sayıla biləcək yaşda cəbhəyə yollanan, uzun saçlarını bir yerə yığıb əsgər papaqlarının altında gizlədən, kişilərlə çiyin-çiyinə vətəninin müdafiəsinə qalxan qızlarımız haqqında bir çox kitabın müəllifidir. Onun "Qarabağ müharibəsi: zərif talelər" kitabında da həmin qızlardan, qadınlardan bəzilərinin müharibə həyatı, döyüş yolu, çəkdiyi ağrılar sənədli hekayələr və portret yazılar şəklində öz əksini tapıb. Onlar arasında sıravi əsgər, tibb bacısı, kəşfiyyatçı, tankçı, snayper, jurnalist və başqa xidməti vəzifələrini yerinə yetirərək Qarabağ müharibəsində önəmli rol oynamış minlərlə qızlarımız, qadınlarımız var. Zemfira Məhərrəmli bu yazıları ilə həkim Gültəkin, rabitə komandiri Gülbar, sıravi döyüşçülər Kəmalə, Xanımzər, Aliyə, Gülpəri, Diləfruz, Sədaqət, Nurcahan, Cəvahir, Rahilə, Könül, Nərminə, kəşfiyyatçı Səadət, Növrəstə, snayper Kəmalə, tankçı Şirin, cərrahiyyə üzrə tibb bacıları Məleykə, Rada, Tərlan, Sevda, Rüxsarə və onlarca başqaları haqqında söz açmaqla Azərbaycan qadınının mətanətini, vüqarını, cəsurluğunu, qorxmazlığını, Vətənə, millətə sədaqətini həm gənc nəslə, həm də gələcək nəslə çatdırmaq yönündə ciddi iş görür. 

Sonda bütün xanımları, xüsusən, vətənimizin müharibə veteranı qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara qadın xoşbəxtliyi, dünyamıza isə sülh arzu edirik ki, qadınlar həyatlarını qadın kimi, ana kimi, bacı kimi yaşaya bilsinlər!

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 7 mart.- S.19.