Elçinin "Baş" romanına magik

realizm rakursundan baxış

 

Xalq yazıçısı Elçinin 2015-ci ildə çap olunmuş "Baş" romanı elə həmin ildən böyük populyarlıq qazandı, dünyanın bir çox dillərinə tərcümə edildi, haqqında məqalələr, monoqrafiyalar yazıldı.

Maraqlıdır, romanı bu qədər oxunaqlı, cəlbedici edən nə idi? Əlbəttə, müəllif faktorunun bundakı rolunu qabartmaq əsərə qarşı haqsızlıq olardı. Çünki aydındır ki, Elçinin usta qələmindən çıxıb gələn "Baş" romanı özünün mövzusu, ideyası, psixoloji məqamları, zəngin obrazlar aləmi, rəvan təhkiyəsi ilə son illər Azərbaycan ədəbiyyatında çap olunmuş əsərlər içərisində ən yaxşılardan hesab edilməyə layiqdir.

Romandakı hadisələr XIX əsrin ilk onilliyində Azərbaycanda və ümumən Cənubi Qafqaz tarixinin ən gərgin və mürəkkəb dövründə cərəyan edir. Lakin "Baş" romanına tarixi roman demək olmaz. Bu, fəlsəfi, magik, psixoloji, mistik çalarlarla süslənmiş əsərdir.

Əsərin fabulasını  rus generalı Sisianovun Bakının qoşa qala qapıları önündə öldürülməsi, sonra başının kəsilib İrana - Fətəli şaha ərməğan göndərilməsi ilə bağlı məşhur tarixi olay durur və bütün əsər boyu tarixdən tanıdığımız müxtəlif şəxslərin adları çəkilir, müxtəlif epizodlarda iştirakları göstərilir.

Hadisələrin bir çoxu tarixi faktlara söykənsə də, müəllif təxəyyülü daha mühüm rol oynayır. O, tarixi sənədlərin və faktların niyəliyini və necəliyini müəllif təxəyyülü və yozumu ilə əlaqələndirir. Amma əlbəttə, özü də bilir tarixi romandan tədqiqatçıların, tarixçilərin və oxucuların dəqiqlik, tarixə sadiqlik gözlədiyini. Ona görə də, bu ətrafda gələcəkdə yarana biləcək mübahisələrin qarşısını indidən almaq üçün romanın əvvəlində əsərin janr tipi, mövzusu haqqındakı kiçik bilgi və açıqlama ilə oxucusunu bir növ məlumatlandırır, əsərə hazırlayır. Sanki yazıçı bununla oxucusuna və tədqiqatçıya bir kompas bağışlayır. Kompasın göstərdiyi istiqamətə gedib- getməmək isə onun özündən asılıdır: "Bu romanın qəhrəmanlarının bir qismi tarixi şəxsiyyətlərdir, ancaq onlarla bağlı hər bir epizodda və ümumiyyətlə, romanın hər səhifəsində tarixi dəqiqlik axtarmaq lazım deyil, həmin tarixi şəxsiyyətlər bu romanda artıq "müəllifin qəhrəmanları"dır - müəllifin gördüyü, onun qiymətləndirdiyi knyaz Pavel Dmitriyeviç Sisianov, yaxud da gənc şahzadə və vəliəhd Abbas Mirzə Qacardır.

Bu əsərdəki tarixi kolorit - tarixi faktlarla tanış olduqca, müəllifin hiss etdiklərinin, onun düşüncələrinin ifadəsidir və buradakı tarixi qəhrəmanlar da müəllif üçün qeyri-tarixi qəhrəmanlar səviyyəsində "özününküdür".

Tarixçilər bu romandakı isimlərin hamısı ilə, buradakı məktublarla, ayrı-ayrı tarixi epizod və məqamlarla bağlı arxivlərdə axtarışlar aparmasınlar, çünki heç nə tapmayacaqlar. Romanda, olsun ki, tarix ilə üst-üstə düşməyən detal və ştrixlərə də fikir verməsinlər və bu baxımdan müəllifin təskinliyi ondadır ki, burada tarixlə üst-üstə düşən və müəllifin fikrincə, tarixilik baxımından əhəmiyyətli olan məqamlar da, güman ki, az deyil".

Yazıçının çox maraqlı priyomu ilə əsər müəllif təhkiyəsi təsiri deyil, kənardan zaman maşınının göstərdiklərinə baxış təsiri bağışlayır. Baxan isə əsərin əvvəlində kəsilən və sona qədər bütün olayların ətrafında döndüyü Sisianovun başıdır. O baş yaddaşının oyanması nəticəsində iki dünya arasındadır. Cismi çürüməsin deyə dərmanlanıb çuval içərisində gəzərkən ruhu bütün bunları uzaqda (ya da yaxından) şəffaf və çəkisizlik içərisindən seyr edir. Müəllif kənardan seyr edən varlığı ruh adlandırmır. Ümumiyyətlə, ad qoymur, isimləndirmir. Sadəcə "O" deyə bəhs edir və biz bütün əsər boyunca "O"nun gördüklərinə tamaşa edirik: "ONUN hissiyyatı qavrayırdı ki, ONU heç kim görmür və ONUN yavaş-yavaş elə bil cücərməyə başlayan və cücərdikcə də oyanan yaddaşında ani bir panika yarandı ki, güzgüyə baxsa, ÖZÜNÜ görməyəcək, çünki ONU görmək mümkün deyildi və o panika da yox oldu, çünki O - yox idi.

O, var idi və O, yox idi və bu varlıqla yoxluq arasında yaranan anlaşılmazlıq, məchulluq ONUN şəffaf və çəkisiz varlığına yad idi.

O, maqnit kimi özünə çəkən qüvvəyə doğru uçmaq istəyirdi, o qüvvə ONU bütün bu gördüklərindən qoparıb aparacaqdı, ancaq görünən o məkan və görünən o məkandan ONA baxan Baş - ONUN Başı - ONU buraxmırdı..."

Müəllifin bu priyomu əsəri magik realizmə yaxınlaşdırır, onu Azərbaycan ədəbiyyatında magik realizmin bir nümunəsinə çevirir.

Dünya ədəbiyyatından Q.Q.Markes, A.Karpentyer, X.Kortasar, M.Bulqakov kimi yazıçıların yaradıcılıqlarında daha çox qarşılaşdığımız magik realizm (bəzən "cəlbedici realizm", "mistik realizm" də adlandırılır) cərəyanı ədəbiyyatda müxtəlif sehrli, əfsanəvi varlıqların, magik əşyaların, yazıçının mənsub olduğu xalqın, inandığı dinin mistik əhvalatlarının, obrazlarının əksi, əsərdə zamanın mücərrəd bir məfhuma çevrilməsi kimi məqamları özündə ehtiva edir. Sehrbazlıq, magiya, tilsim, ovsun bəşər tarixinin ən qədim dövrlərində meydana gəlib. Magik realizm cərəyanı hər bir xalqın ədəbiyyatında fərqli, özünəməxsus, həmin xalqın etno-psixoloji yaddaşına uyğun, arxetipik modifikasiyalarla əks olunur. Bu baxımdan ədəbi cərəyanlar içində magik realizmin milli ədəbiyyatlarda daha çox "əriyən", fərqli istiqamətlər və variantlar sərgiləyə bilən cərəyan olduğunu cəsarətlə deyə bilərik.

"Baş" romanında magik realizm dini rəvayətlərlə fəlsəfi düşüncənin vəhdətində təzahür edir. İnsan ölərkən ona nə olur? Ruh varmı? İnsan öz həyatını və özündən sonrakı həyatı izləyə bilirmi? İnsanın cismi torpağa basdırılırsa (və ya yandırılır, dənizə atılır və sair), bəs onda ruh hansı biçimdə olur və sair kimi suallar əsrlərdir həm din alimlərinin, həm də filosofların cavab axtardığı suallardır. Elçin bu romanında həmin sualları öz düşüncə tərzi, yazıçı təxəyyülü ilə cavablandırır.

Əsərin sujeti iki xətdən ibarətdir. Biri tarixiliyi, digəri isə magik reallığı əks etdirir. Hadisələr tarixi fonda cərəyan edərkən həmin hadisələrə baxış və onların dəyərləndirilməsi magik reallıq çərçivəsində baş tutur.

"Baş" romanı Elçin yaradıcılığında magik realizmə rast gəldiyimiz ilk əsər deyil. Onun "Teleskop" pyesi də oxşar priyomla qurulub. Orada dünyasını dəyişmiş və belə demək mümkünsə, o dünyaya getmiş adam teleskop vasitəsilə bu dünyanı, bu dünyada qalan doğmalarını izləyir. Orada mərhumun konkret haraya getdiyi, harda olduğu bəllidir. Burada isə bəlli deyil. Onun olduğu vəziyyət "şəffaf və çəkisizlik" deyə təsvir edilir: "ONUN o şəffaf və çəkisiz varlığında elə bir hissiyyat yaranırdı ki, insan görünən o məkanda ana bətnindən çıxdıqdan sonra özü də bilmədən, dərk etmədən təhtəlşüur olaraq, əslində, yalnız ölümə can atır, çünki insanı görünən o məkandakı mənasızlıqdan-bir-birini əvəz edən o xatirələrdəki, epizodlardakı mənasız mübarizələrdən, mənasız arzu və istəklərdən, mənasız xoşbəxtlik və mənasız bədbəxtlikdən, mənasız sevinc və mənasız iztirablardan yalnız ölüm xilas edəcək.

Ancaq görünən o məkan bu dərəcə mənasızlıqdan ibarətdirsə, onda O, nə üçün orada idi və nə üçün indi də burada- harada?- belə bir şəffaflıq və çəkisizlik idilliyası içində idi?

Nə üçün O, yox idi, ancaq eyni zamanda var idi?..

... Və ONUN o şəffaf və çəkisiz varlığı qətiyyən tərəddüd etmədən tamam əmin idi ki, bir-birini əvəz edən o xatirələrdəki, epizodlardakı insanları da vaxtı yetişəndə belə bir şəffaflıq və çəkisizlik gözləyir".

Görünür ki, iki dünya və iki dünyanın bir-biriylə qarşılıqlı əlaqəsi müəllifi düşündürən əsas məsələlərdən biridir. O, əsrlərdir cavabı tapılmayan sualları zərgər dəqiqliyi ilə romanı daxil edir, hadisələrin alt qatında oxucunun təhtəlşüuruna təsir edərək onu bu mövzular haqqında təkrar-təkrar düşünməyə vadar edir.

Roman elə epiqraf yerinə verilmiş ilk cümlələrlə başlayır. Ənvər Məmmədxanlıdan verilmiş "Həyatım ağrıyır" sitatı Sisianovun ruhunun öz həyatını izləyərkən keçirtdiyi sarsıntı ilə assosasiya təşkil edir. Onun hiylələrlə, məkrlə, qanla, mübarizəylə dolu həyatı, sən demə, həmişə ağrıyırmış. Amma o bunu öləndən sonra dərk edir, bir-bir həmin ağrılarla qarşılaşır. Romandakı XIX əsrin tarixinə aid ayrı-ayrı epizodlar həmin ruhun, həmin başın ağrıyan yerləridir.

Bu ağrılardan sonra baş da, ruh da sakitləşir, xəfifləşir, sanki üstündən tonlarla yük atmışcasına rahat nəfəs alır. O, elə hey uçmaq, uçmaq istəyir. Lakin bu dünyaya onu bağlayan bir şey vardı: Baş. Başın oyanan yaddaşı onu canını qurtarmaq istədiyi həyata hələ bir müddət də bağlı saxlayır. Çünki hər kəs bir gün əməlləriylə üzləşməlidir. Ya elə, ya da belə. Baş da bir-bir diyarlar gəz(diril)ərək özü haqqındakı həqiqi fikirləri öyrənir, etdiklərinin nəticələri ilə qarşılaşır. Bütün bunlardan sonra kim yenidən həyata qayıtmaq, bu dünyada yaşamaq istəyər ki? Özü də Sisianov kimi hər xatirəsi qanla, qadayla, qorxuyla dolu birisi. Və hər şey bitəndən sonra O, həmin məkandan uzaqlaşır, xəfifləyərək uçur, uçur. Onun həmin ankı düşüncələri isə əsərin ilk səhifəsində Arif Abdullazadədən verilmiş "Bir də bu dünyaya gəlməyə tövbə" misrasıyla həmahəng səslənir.

Bütün əsər boyunca da "O"nun hisslərinin təsvirində bu iki epiqraf bizi izləyir. O hər vəchlə bu dünyadan ayrılmağa, uçub getməyə, rahatlığa qovuşmağa çalışır. Amma bu, hələlik mümkün deyil: “...O, daha Başa baxmaq istəmirdi və O, hiss edirdi ki, mütləq bir rahatlıq içinə girmək ərəfəsindədir, ancaq Başın ONA baxan nəzərləri elə bil buna imkan vermirdi, buna görə də, O, daha Başa baxmaq istəmirdi, ancaq bu, ONUN istəyindən asılı deyildi...

... ONUN yaddaşında elə bir oyanış baş vermişdi ki, görünən həmin məkanla bağlı xatirələr elə bir bir-birini qovurdu və bütün bu qovhaqovu saxlamaq ONUN şəffaf və çəkisiz varlığından asılı deyildi.

ONU çəkən, ONU aparmaq istəyən qüvvəyə sarı uçmaq ehtirası ONUN bütün hisslərinə hakim idi, ancaq o xatirələr imkan vermirdi və görünən o məkanda bir-birini əvəz edən epizodlar heç bir sərhəd tanımırdı, keçmiş ilə gələcək, yaxın ilə uzaq, doğma ilə yad - hamısı bir-birinə qarışmışdı.

Və sürətlə bir-birini əvəz edən o epizodlar eyni sürətlə də informasiyalar yayırdı və o informasiyalar dalğa-dalğa ONUN şəffaf və çəkisiz varlığını bürüyürdü".

Başın yaddaşının oyanması nəticəsində hadisələr dağınıq, sitatda da deyildiyi kimi, informasiyalar şəklində canlanır. Başı kəsilən ruh bədəni tərk edir, çəkisizliyə ucalır və bu qəfil dəyişiklik onu çaş-baş qoyur. Ruh harda olduğunu, hara getməli olduğunu bilmir və bu an gözləri ona zillənən başın yaddaşındakı xatirələr onun fikirlərini məşğul edir. Burada yazıçı həyatdan ölümə deyil, ölümdən həyata qayıdır. Yəni, sondan əvvələ. Bu, reinkarnasiya deyil, ruhun başqa dünyadakı, dini terminlə desək, ətrafdakı halıdır. Və müəllif bununla göstərir ki, ölüm belə insanı cavabdehlikdən xilas edə bilməz. Ölümdən sonra artıq kim olmasının onun üçün elə bir fərqi yoxdur. Nə knyazlıq, nə generallıq, nə tutmaq istədiyi torpaqlar, nə dövlətə xidmət gözündə deyil. Hətta başının bədənindən ayrılması belə onu sarsıtmır. Çünki artıq bunun onun üçün bir fərqi yoxdur: "O, artıq bunu anlamışdı ki, görünən o məkanda ONUN üçün uzaq və yaxın, keçmiş və gələcək yoxdur və həmin məqamda ONUN yaddaşından keçən informasiya görünən o məkandan ONA baxan Başın- ONUN Başının- bədənsiz olduğunu xatırlatdı, ancaq bu ONU qətiyyən narahat etmədi, çünki ONUN bütün varlığı şəffaf və çəkisiz idi".

Onun son xatırladığı isə unutduğu, bəzən yaddaşının bir küncündə canlanmaq istəsə də, nə olduğunu bilmədiyi o söz olur: xmerti-allah. Bu sözü ona uşaqlığının yadigarı Babua Arçil əzbərlətmişdi. Xmerti ona ömrü boyunca unutduğu, ya da özünü unutmağa məcbur qoyduğu gürcü kökünü xatırladır. Onun bədəni torpağa, ruhu isə köklərinə qarışır...

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 11 mart.- S.12.