"Xəyalımdakı yerə çatmaq

üçün uzun yol qət etməliyəm"

 

Sosial şəbəkələrdə parlayanlar...

 

Rubrikamızın budəfəki qonağı, videoları sosial şəbəkələrdə izlənmə və paylaşım rekordları qıran Habil Məmmədov xanəndə, musiqi müəllimidir. Ağdam rayon Gülablı kənd uşaq musiqi məktəbində muğamdan dərs deyir. Onun öz şagirdləri ilə ifa etdiyi "Səni yanasan, ay qız" mahnısına çəkilmiş video sosial məkanda böyük marağa səbəb olmuşdu.

Habil Məmmədovla söhbətimizdə sosial şəbəkələrin faydalarından tutmuş, gənclərin muğama münasibətinə qədər çox məsələlərə toxunduq. Nə dedi, nə danışdı? - yazmaq bizdən, oxumaq sizdən... 

 

"Bir gün ərzində məşhur olduq"

 

- Paylaşdığım ilk video dərs vaxtı sinif otağında çəkilən ifamız idi. Həmin mahnı ilə bir gün ərzində məşhur olduq. Daha sonra fəaliyyətimiz haqqında müxtəlif saytlar da yazmağa başladı. Bizə ünvanlanan xoş rəylərdən ruhlanıb öz Feysbuk hesabımızdan növbəti videoları paylaşmağa davam etdik. İndi bu ifaları Youtube kanalımda da yayımlayıram.

Sosial şəbəkələr hansı cəhətdən faydalıdır?

- Bu gün sosial şəbəkələrin funksiyaları və auditoriyası televiziyaları bir xeyli üstələyir. Bizim videomuza qısa müddətdə milyonlarla baxış oldu və bir çox verilişlərə dəvət edildik. Sosial şəbəkələr paylaşım etdiyimiz andan etibarən bizi tanıtmağa başladı. Bu məkan olmasaydı, televiziyaların fəaliyyətimizdən xəbər tutması xeyli vaxt aparardı. 

 

"İlk dinləyicilərim hərbi qulluqçular olub"

 

- Sizcə, sənət sizi seçdi, yoxsa siz sənəti?

- Bu sənət məni doğulandan seçib. Hələ uşaqlıqdan muğam sənətinə böyük marağım var idi. Sərhəd rayonda yaşadığımıza görə hərbi qulluqçularla tez-tez ünsiyyətdə idik. Elə ilk dinləyicilərim də onlar olublar. Ailəm və qonşular da ifalarımı eşidib bəyənərdilər. Atam belə oxumağımdan həvəslənib məni Qaradağlı kəndindəki uşaq musiqi məktəbinə yazdırdı. Orda Aydın Məmmədovdan dərs aldım. Allah ona rəhmət eləsin, çox gözəl insan və müəllim idi. O qədər gözəl danışırdı ki, saatlarla ona qulaq asırdım. Həmişə mənə təkidlə deyərdi ki, sən bu sənətdən əl çəkmə. Elə o deyən kimi də oldu. Mən sənətdən əl çəkmədim, sənət də məndən.

- Deyirlər, Qarabağ bölgəsində hamının səsi olur...

- Anamın da, atamın da yaxşı səsi var. Ancaq onlar musiqi ilə məşğul olmayıblar. Kənddə mənim həmyaşıdım olan uşaqların da gözəl səsləri vardı. Hətta elə adamlar tanıyırdım ki, heç bir təhsili olmasa da, muğamı mükəmməl ifa edirdilər. 

 

"Həm Ağdam, həm də muğam

Azərbaycanın ən böyük sərvətidir"

 

- Bəs o insanların səslərindəki yanğı nə ilə əlaqədardır?

- Qarabağ bölgəsindən olan insanlar zil registrlərdə daha sərbəst və aydın ifa edirlər. Böyüklərimizin dediyinə görə, bu yerlərin suyundan içən adamlara xüsusi bir istedad bəxş olunur. Hətta Ağdamın bir kəndi var idi, ordakı uşaqların hamısı gözəl ifa edirdilər. Bunu da həmin ərazinin suyunun təmizliyi və sehri ilə əlaqələndirirdilər.

- Sizin səsinizi çox vaxt Səxavət Məmmədovun səsinə bənzədirlər. Bu, onun ifalarına qulaq asıb, bəhrələnməyinizdən irəli gəlir?

- İlk dəfə bu bənzətməni Şuşa musiqi kollecinə qəbul zamanı ifamı dinləyəndə etmişdilər. Bəzən insanlar səsimi Səxavət Məmmədovun səsinə bənzədib mahnılarını ifa etməyimi istəyirlər. Mən də onun repertuarını dinləyib, çıxışlar etməyə çalışıram. Bəlkə Səxavət müəllimin kəndi ilə bizim Hacıməmmədli kəndi qonşudur deyə havasından, suyundan bir bənzərlik olub (gülür). Amma inanın ki, bu cür hallar yalnız oxşatmaqla mümkün deyil.

Hər kəsə öz doğulduğu torpaq doğma olduğu kimi, mənə də Ağdam - Qarabağ doğmadır. Mən o yerlərin havası, suyu ilə böyümüşəm. Ağdamın bir özəlliyi də ondan ibarətdir ki, bu bölgədən olan adamları görəndə onun mütləq yaxşı səsi olduğunu düşünürlər. Bu, muğamın bizim bölgədə daha çox yayılmasından irəli gəlir. Həm Ağdam, həm də muğam Azərbaycanın ən böyük sərvətidir.

- Hansı muğam sizə Qarabağı xatırladır?

- "Segah" muğamını hər eşidəndə Qarabağ yadıma düşdüyü üçün kövrəlirəm. Mən başqa muğamlarımızda da Qarabağı axtarıram. Düşünürəm ki, bu, təkcə mənim daxili aləmimlə bağlı deyil. Çünki muğamın bütün notları Qarabağı səsləyir və ona qulaq asan hər kəs eyni hisslərə qapılır.

 

"Təbiblərin özləri də muğamdan dəva tapırlar"

 

- Deyir, muğam insana yeni ruh verir, hətta onu sakitləşdirir. Siz necə düşünürsünüz, əsəbləri gərgin insanları muğamla sakitləşdirmək mümkündürmü?

- Muğam insanda müxtəlif hisslər, müsbət emosiyalar yaradır, bircə anlıq da olsa, əhvalını dəyişir və həm də orqanizmə müalicəvi təsir göstərir. Bəzən həkimlər muğamı dinlədikdən sonra ruhlarının dincəldiyini deyirlər. Demək, təbiblərin özləri də muğamdan dəva tapırlar. Əslində, muğamın insan üzərində təsirini əyani görməsək də, bu təsdiq olunmuş bir məqamdır.

 

"Milli musiqi insanların ürəyinə gənc yaşlarından yol tapmalıdır"

 

- Gənclərin muğama marağının qaneedici olmadığı deyilir.

- Bəzən bir əsrə yaxın tarixi olan qədim mahnıları ifa edib paylaşıram. Müşahidə edirəm ki, daha çox gənclər həmin mahnının adını bilmirlər. Açığı, gənclərin muğama bu qədər laqeyd olması üzücü mənzərədir. Demək ki, musiqini onlara düzgün aşılamaq lazımdır. Burda əsas yük elə muğamla məşğul olanların üzərinə düşür. Onlar bunu elə formada etməlidir ki, milli musiqi insanların qəlbinə qocalanda yox, gənc yaşlarından yol tapsın. Muğamın öz janrını dəyişdirmədən ona müasirlik qatmaq olar, amma buna caz və başqa janrların əlavə olunmasını qəbul etmirəm. Xüsusən, sosial şəbəkələr və media vasitəsilə muğamı təbliğ etmək lazımdır. Çünki bu gün müasir kommunikasiya vasitələri nəyi təbliğ edirsə, gənclər ona tərəf gedir. Məsələn, bizim paylaşdığımız videolara milyon baxış olub. Bu, həm bizim uğurumuzdur, həm   muğamın daha çox dinlənildiyindən xəbər verir. Yaxşı olardı ki, milli ruh insanlara kiçik yaşlarından ailələr tərəfindən aşılansın.

- Muğama göstərilən qayğı haqqında nə deyərdiniz?

- Hazırda muğama dövlət səviyyəsində göstərilən qayğıdan razıyam. Məcburi köçkünlər üçün yaxşı avadanlıqlarla təchiz olunmuş bir çox musiqi məktəbləri və muğam mərkəzləri fəaliyyət göstərir. Bu da həmin diqqətin nümunəsidir.

 

"Mən əvvəlcə müəllim, sonra xanəndəyəm..."

 

- Müəllimlik, yoxsa xanəndəlik sənəti sizə daha doğmadır?

- Mən əvvəlcə müəllim, sonra xanəndəyəm. Çünki dərs keçəndə şagirdlərdən aldığım ilhamı ifalarıma ötürürəm. Hərçənd bu iki işi bir yerdə aparmaq çətindir və bunu bacara bilməyənlər də var. Amma mən hər ikisi ilə  paralel məşğul olmaqdan zövq alıram.

- İndi xəyalınızda olan yerdəsiniz?

- Hələ o yerə çatmaq üçün uzun yol qət etməliyəm. Buna görə də çox çalışıram. Hazırda dərs keçdiyim şagirdlərlə birgə layihə üzərində işləyirik. Bu, həm də gəncləri bir növ muğama cəlb etməklə bağlıdır. Əgər istədiklərimi həyata keçirə bilsəm, hər şey çox yaxşı olacaq.

 

Günel ABBAS

 

525-ci qəzet.- 2020.- 11 mart.- S.14.