Həyat məktəbi,
hüquq dərsliyi
Tanınmış
hüquqşünas İkram Kərimovun "Zirvədən
zirvəyə" adlı kitabının I və II cildlərini
oxuyub tamamladıqdan sonra gəldiyim ümumi nəticə bu
oldu: Həyat məktəbi və dərslik... Tərəddüd
etmədən həmin sözləri yazıma sərlövhə
seçdim. "Həyat məktəbi" deyəndə
hamını, "dərslik" deyəndə
hüquqşünasları, təhsil alan tələbələri
nəzərdə tuturam.
"Zirvədən
zirvəyə" kitabının yeni çapdan
çıxmış 2-ci cildi 16 fəsildən və 2 hissədən
ibarət olmaqla, müəllifin prokuror işlədiyi dövrdəki
fəaliyyətini əhatə edir.
Kitabda
prokurorluğun fəaliyyəti ilə bağlı məsələlər,
müxtəlif tədbirlərdəki məruzə və
çıxışları, qanunun aliliyinə və
qanunçuluğa əməl olunmasına, cinayətkarlığa
qarşı səmərəli mübarizə
aparılmasına həsr olunmuş respublika və
keçmiş İttifaq miqyaslı tədbirlər,
ixtisasartırma institutu ilə bağlı mülahizələri
yüksək peşəkarlıqla qələmə
alınıb. Bunlarla yanaşı, kitabda müəllifin
unutmadığı və yüksək dəyər verdiyi
şəxsiyyətlər, müdrik insanlar, vaxtilə
respublikamıza gəlmiş qonaqlar və onların ölkəmizlə
bağlı təəssüratları və s. mövzulara da
yer verilib.
Müəllifin
rastlaşdığı bir sıra cinayət hadisələrindən
və əhvalatlardan bəhs edən
yazıları xüsusi maraq doğurur. Kitabın
faydası isə ondadır ki, onun aktuallığı bu
gün də müstəntiq-istintaqçı -
prokuror-dövlət ittihamçısı münasibətlərinin
tənzimlənməsi barədə hüquq-mühafizə sahəsində
çalışanlara zəngin bilgilər verir.
İkram
müəllimin işinə, fəaliyyətinə, peşə
ustalığına bələd olanlar bilirlər ki, onun
istintaq etdiyi işlər cəmiyyətdə rezonans doğuran
hadisələrlə bağlı olub. Bu isə təsadüfi
deyildi. Özünün yazdığı kimi, vaxtilə Xalq
yazıçısı Mehdi Hüseynin "Alov" pyesinin
tamaşasına baxarkən oradakı mühüm işlər
müstəntiqinin obrazı diqqətini daha çox cəlb
edib və elə bu vəzifəni daşımağı arzulayıb.
Onun arzusu, xəyalı sonralar həqiqətə çevrilib.
Xeyirxah arzu və niyyətləri ilə gerçəkləşən
bu həqiqət onun uzun illik fəaliyyətində
qazandığı möhtəşəm uğurların təcəssümünə
çevrilib. Hüquq aləmində "İkram məktəbi"nin
necə formalaşdığı barədə kitabda
maraqlı faktlar var. Baş vermiş cinayət hadisələrinin ustalıqla, xüsusi məharətlə
açılması barədə İkram müəllimin
müstəsna xidmətləri və eləcə də bu təcrübəli,
bacarıqlı hüquqşünas haqqında söylənilən
fikirlər bunu bir daha təsdiqləyir.
"Yaxşı
kadr necə olmalıdır" və yaxud "peşəkarlığı
fərqləndirən cəhətlərə nail olmaq,
qarşıya qoyulan vəzifələrin öhdəsindən
gəlmək üçün nələri etmək
lazımdır" sualına kitabda tutarlı cavablar tapmaq
mümkündür. Məsələlərə hisslərlə
yox, ağılla yanaşmaq lazımdır. Kitabda təlqin
edilən tövsiyələrdən biri də budur.
Kitabı
oxuduqca görürsən ki, o, yalnız qanunların tələbləri
ilə işləməyib, həm də onların fəal təbliğatçısı
olub, maarifləndirici tədbirlərdə yaxından
iştirak edib. Mətbuat
orqanlarında çoxsaylı yazılarla
çıxış edib, televiziya və radio verilişlərində
qanunçuluğa əməl olunması, cinayətkarlığa
qarşı mübarizədə profilaktiki tədbirlərə
ciddi diqqət yetirilməsi və s. barədə faydalı
söhbətlər aparıb. Odur ki, vəzifə
davranışlarında ən incə məsələlər,
tövsiyə xarakterli, öyrədici yazılar kitabda yer
alıb.
Kitabdakı
maraqlı faktlar və hadisələr, ayrı-ayrı
epizodların zənginliyi göstərir ki, müəllif öz peşəsini,
ixtisasını mükəmməl bilən, işin dərinliklərinə
cəsarətlə baş vurmağı bacaran, əsl həqiqəti
üzə çıxarmaq üçün canından belə
keçməyə hazır olan, prinsipiallığından əl
çəkməyən, peşəsinin şərəfini,
nüfuzunu qoruyan, biliyinə, bacarığına, təcrübəsinə
ehtiyac duyulan mütəxəssislərdən olub.
Necə
ki, keçmiş iş yoldaşları, həmkarları, təmasda
olduğu şəxslər onun haqqında ürək dolusu danışırlar. Onlardan bəzilərini
oxuculara təqdim etmək istəyirəm:
Gülzar
Rzayeva, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin
sabiq müavini: "Biz heyrətə gəlirdik - bu qədər
dərinliyi, dəqiqliyi, bacarığı, səriştəni
o, haradan alır?! Cəsarətlə deyə bilərəm ki,
bəlkə də o, hətta keçmiş İttifaq səviyyəsində
bir nömrəli istintaqçı idi. Onda hər rəhbər
işçidə olmayan xüsusi işgüzarlıq, idarəetmə
və təşkilatçılıq qabiliyyəti var
idi".
Nizami Təhməzov
ədliyyə general-mayoru: "O, dar məqamda insanların
yanında olmağı, onlara imkan daxilində real kömək
etməyi ilə seçilir. Cəmiyyətdəki mövqe və
vəzifə dəyişikliyindən asılı olmayaraq
onlarla münasibətini dəyişmir.
Müxtəlif
dövrlərdə bir-birindən fərqlənən məsul
vəzifələrdə çalışıb. Bu müddətdə
iqtisadi-siyasi quruluş, qanunlar və insanların qanuna
münasibəti dəyişib. Dərəbəylik və
qeyri-sabitlik illərində baş verən hərc-mərcliklər,
təzyiqlər və s. hallar onun mövqeyinin dəyişilməsinə
zərrə qədər də təsir göstərə bilmədi,
səbri və təmkini, müdrikliyi və ustalığı
ilə qanunun aliliyini qoruyub saxlamağı bacardı. Bu, hər
kəsə xas olan keyfiyyət deyil".
Əliş
Əliyev, general-mayor: "Tanrı elə bil İkramı
yaratmışdı ki, ancaq insanlara gərək olsun, onlara
yaxşılıq etsin. Bəzən başqasına görə
özünün ən vacib işini belə kənara qoyardı. Çox səmimi,
təmiz və saf insandır. Mən belə insanı həyatım
boyu bir dəfə görmüşəm. Özümdən əvvəl
də, sonra da belə insan olmayıb, olsa da, çətin ki,
onun kimi - İkram kimi olsun. Hətta bəzən mən
özüm də istəyirəm ki, onun kimi olum".
Mirağa
Cəfərquliyev, ədliyyə general-mayoru, hüquq elmləri
doktoru, professor: "Praktik İkram Kərimov, həqiqətən,
prokurorluq və hakimlik fəaliyyətində bir məktəb
yaratmışdır. Rəhbərliyi altında
çalışmış həmkarları hal-hazırda məhkəmə
və hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə
çalışırlar".
Nazim
Allahverdiyev, baş ədliyyə müşaviri: "Onun rəhbərliyi
altında işləmiş və tanıdığım
hüquqşünasların və özümün yekdil bir
fikirini bildirmək istəyirəm: biz ona rəis kimi deyil,
müəllim kimi baxmışıq, peşə müəllimi,
həyat müəllimi kimi".
Tahirə
Quliyeva, kiçik ədliyyə müşaviri: "Onunla
işləmək bizə zövq verirdi. İşçilərdə
fərdi məsuliyyət hissinin yerinə, kollektiv məsuliyyət
hisssini formalaşdıra bilmişdi".
Allahverdi
Ələkbərov, baş ədliyyə müşaviri:
"Tək-tək insanlardan biri də İkram müəllimdir
ki, onunla ünsiyyətdən zövq alıram. Səsini
eşitməyə mənəvi ehtiyac duyuram".
Aydın
Rzayev, ürək dostu: "Yeganə olaraq İkram müəllimdə
gördüm ki, vəzifə pillələrində irəlilədi,
yaşca gənclikdən ağsaqqallığa yüksəldi,
ancaq nə xarakteri, nə də rəftarı dəyişdi. Vəzifədə
olduğu dövrdən də artıq, təqaüddə
olduğu vaxt daha yüksək ehtiram və hörmət
görür".
Deyilənlərə
əlavə olaraq kitabda əksini tapmış maraqlı bir məqamı
da xatırladım: İkram müəllim Bakı şəhər
məhkəməsinin sədri seçiləndə onu ilk
olaraq uzun illər Azərbaycan Ali Məhkəməsinin sədri
işləmiş, sonralar isə Azərbaycan Ali Sovetində
hüquq şöbəsinin müdiri işləyən Abdulla
İbrahimov təbrik edərək demişdi: "Mən
özümü təbrik edirəm. Axır ki, Siz öz yerinizi tapdınız". Abdulla
müəllim, əslində, çoxsaylı insanların
İkram müəllimə olan hörmət və
ehtiramını, ona bəslənən rəğbət hissini
çox gözəl ümumiləşdirmişdi. Kitabın məzmununu
zənginləşdirən yazıların hər biri müəllifin öz həyatının
bir parçasıdır.
"Zirvədən
zirvəyə"nin hər iki cildini oxuyanda bu qənaətə
gəlir və qəti əmin olursan ki, İkram müəllim
həm də yazıçı-publisist, redaktə işini bilən,
eyni zamanda, geniş müşahidə və mütaliə
qabiliyyəti olan, arayıb-axtarmağa daim maraq göstərən,
həyat hadisələrini diqqətdə saxlayan fəal tədqiqatçı,
eləcə də gəzib-dolaşdığı coğrafi əraziləri
dərindən öyrənməyə can atan səyyah təsirini
bağışlayır. Malik olduğu bu keyfiyyətlər son
dərəcə maraqlı, məzmunlu, əhatəli,
oxunaqlı kitabların ərsəyə gəlməsinə səbəb
olub. Müəllifin zəhmət və fədakarlığı
isə qeyd olunan bu xüsusiyyətlər içərisindən
ana xətt kimi keçir.
Faktlardan,
haqqında söylənilən fikir və mülahizələrdən
aydın olur ki, mürəkkəb və düyünə
düşmüş çox işlər öz həllini onun
əlində tapıb.
... Budur,
cinayət törədilib. Üstündən uzun illər
keçib. İzlə bağlı işartı belə yoxdur.
Artıq hər şey unudulub. Tamamilə köhnəlmiş
bu cinayət işini necə açmaq olar? Bunun
üçün nə etməli, nədən başlamalı?
Artıq burada fəhm lazımdır, ustalıq
lazımdır, Allah vergisi səviyyəsində istedad və
peşəkarlıq gərəkdir. Kitabda belə cinayətlərdən
söhbət gedərkən İkram müəllimin peşəkar
hüquqşünas kimi nələrə qadir olduğu bir daha
üzə çıxır.
İkram
müəllim yazır: "Prokurorun fəaliyyəti yalnız
təhqiqat və istintaq işlərinə nəzarəti həyata
keçirmək, məhkəmələrdə cinayət
işləri üzrə dövlət ittihamını
müdafiə etmək, bu işlər üzrə qəbul
olunmuş məhkəmə qərarlarına münasibət
bildirməklə məhdudlaşmamalıdır. Prokuror fərq
qoymadan qüvvədə olan bütün qanunlara vəzifəli
şəxslər və vətəndaşlar tərəfindən
riayət olunmasına nəzarəti həyata keçirmək
üçün dövlət və cəmiyyət
qarşısında məsuliyyət
daşımalıdır".
Baş
vermiş cinayətlərin üstünün isti-isti
açılması, ittiham və müdafiə nitqləri və
s. haqqında kitabda şərh olunan mövzular öyrədici təsirə malikdir.
Müəllif yazır: "İttiham nitqi proses
iştirakçılarını və zalda əyləşənləri
düşündürməli, öyrətməli və
qanuna-zidd hərəkətlərdən çəkindirməlidir".
Bu barədə o, dünya təcrübəsindən, tarixi məhkəmə
proseslərindən, müdrik kəlamlardan misallar gətirir.
Kitabda
hüquqi məsələlərlə yanaşı, həm də
tarixi dövrlərdən, ədəbiyyat və incəsənət
aləmindən, görkəmli şəxsiyyətlərin həyatından
və s. sahələrdən maraqlı məlumatlar əldə
edirsən. "Onlar unudulmamalıdır", "Bunları
bilmək maraqlıdır" rubrikaları altında
verilmiş yazılardan oxucular çox maraqlı məlumatlar
ala bilirlər. Müəllif
böyük mütəfəkkir, məşhur din Xadimi
Şeyx Mövlana İsmayıl Əfəndinin adını
yaşadan "Mövlana bağı", Azərbaycan
İstiqlalının ilk carçılarından olmuş həmyerlisi
Mustafa Mahmudov və başqaları haqqında maraqlı
faktlardan söhbət
açır.
Mirzə
Kazım bəy, Şeyx Şamil, rus yazıçısı
Çernışevski, rus şairi Sergey Yesenin, habelə
Üzeyir bəy Hacıbəyov, akademik Məmməd Cəfər,
şairlərimizdən Hüseyn Arif, Rəfiq Zəka, Atif
Zeynallı, Hafiz Baxış, Azad Talışoğlu, həyatdan
köçmüş iş yoldaşları, təmasda
olduğu tanınmış şəxslər barəsində,
SSRİ-nin keçmiş rəhbərlərindən
L.İ.Brejnev, L.P.Beriya, R.A.Rudenko və V.V.Naydyonov haqqında
maraqlı yazılar təsirli olmaqla, həm də oxucuda həzin
və kövrək duyğular yaradır.
"Qəribə
əhvalatlar" silsiləsindən olan məlumatlar, eləcə
də müəllifin şən zarafatlarını əks
etdirən epizodlar, zərərli vərdişlər və
onlardan yaxa qurtarmaq barədə müəllif tövsiyələri
oxucunun diqqətini cəlb edir.
Bolqarıstandan
gəlmiş qonaqların gecəyarısı Dənizkənarı
bulvara gəzintiyə çıxmaları, Xəzərin
sahilindən səhərin açılmasını, dan yerinin
sökülməsini seyr etmələrinin təsviri, habelə
Şuşanın Cıdır düzündə ilk dəfə
Xarıbülbülü görməsi oxuculara unudulmaz təəssüratla
çatdırılır.
Bəli, əslində, sənədli olan bu kitab bədii çalarlarla zəngindir və hər şey məntiqi ardıcıllıq üzərində qurulub. Tarixi və hüquqi sənədlər, müvafiq məqamlara dair əmrlər, sərəncamlar, məktublar, ustalıqla istinad edilən mənbələr, həyatın və fəaliyyətin maraqlı anlarını əks etdirən çoxsaylı fotoşəkillər - bütün bunlar kitabın məzmununu çox gözəl tamamlayır.
1981-ci ildə Moskvada çapdan çıxmış, hüquq-mühafizə orqanları işçilərinin çətin, şərəfli və çoxsahəli peşələrinə həsr olunmuş oçerklər kitabında İttifaq üzrə təmsil olunan iki müstəntiqdən birinin məhz İkram Kərimov olması çox şeydən xəbər verir.
Yazıma, gəldiyim bir qənaətlə nöqtə qoymaq istəyirəm: İkram müəllimin həyat və fəaliyyəti, yaşadığı şərəfli ömür əsl həyat məktəbi və hüquq dərsliyidir. Sadəcə olaraq bunu öyrənmək lazımdır.
Tofiq ABDULLAYEV
525-ci qəzet.- 2020.- 11 mart.- S.15.