"Qısa hekayələr"
silsiləsindən
Ağlayan fotoşəkil
Tapdıq
müəllimgilin qonşuluğuna təzəlikcə bir ailə
köçmüşdü ki, bu ailə də cəmi iki nəfərdən,
yaşlı qadın və ortayaşlı kişidən,
sonradan məlum olacağı kimi, ana-baladan ibarət idi.
Yaşlı qadının yanındakı kişini ilk dəfə
görəndə Tapdıq müəllimi sanki ildırım
vurdu. Məsələ burasında idi ki, həmin kişinin
şəkli illərdən bəri onların, yəni
Tapdıq müəllimgilin mənzilinin divarından
asılmışdı. Həmin şəkildəki kişi isə
Tapdığın, daha doğrusu, Tapdıq müəllimin, dost-doğmaca
dayısı, yəni anasının qardaşı idi.
Tapdıq müəllim tanımadığı kişini
görərkən az qaldı ki, hələ uşaq
vaxtlarından divardan asılmış həmin şəkilin
önündə dayanıb gah ağlayan, gah fikrə gedən,
gah da dodaqaltı nəsə pıçıldayan və bu
anlarda adətən çöhrəsindən zərif bir
işıq dalğası keçən anasının
yanına qaçıb ona qardaşının sağ-salamat
olmasıyla bağlı gözaydınlığı versin.
Amma o, anındaca bu sadəlövh fikirdən vaz keçdi. Məsələ
burasında idi ki, onun dayısı Şahalı müharibəyə
gedib bir daha geri qayıtmamışdı, yəni onun nə həlak
olması, nə itkin düşməsi, nə də sağ
qalıb-qalmaması barədə ortada səhih-dəqiq bir məlumat
yoxdu.
Düzdür,
yaşlı qadının, yəni təzə qonşunun yanındakı kişinin zahiri
görünüşünün onların mənzilinin
divarından asılmış dayısı ilə tam eyniyyət
təşkil etdiyinə heç bir şübhə ola bilməzdi;
Tapdıq müəllim illərdən bəri rəsm və rəsmxətt
dərsi deyirdi, insan sifətinin cizgilərini çox
asanlıqla müəyyən edib yadda saxlayırdı.
İndi, necə deyərlər, fakt ortada idi. Di gəl ki, həmin
adamların, yəni dayısı ilə təzə
qonşunun eyni bir şəxs olması qeyri-mümkün bir məsələydi.
Ən azından ona görə ki, müharibənin
qurtardığı vaxtdan onillər ötüb
keçmişdi. Onların yeni qonşusu isə söz yox ki,
müharibədən xeyli sonra dünyaya gəlmiş, təxminən
elə Tapdıq müəllimin özüylə yaşıd
olan bir adamdı.
Sonrakı
günlərdə qonşu kişini həyətdə tez-tez
görən Tapdıq müəllim bir rəsm və rəsmxətt
mütəxəssisi kimi, şəkildəki və həyatdakı
adamın bütün zahiri parametrlərini bir daha diqqətlə
tutuşdurandan sonra öz "sirrini" anası ilə
bölüşmək qərarına gəldi. Ayağında
"yel" olduğuna görə son vaxtlar evdən bayıra
çıxmayan anası onun suallarını yerli-yataqlı
cavablandırdı.
- Deyirsən
o gördüyün adam dayına oxşayır, hə?
Yanında da yaşlı bir qadın var? Nə bilim, vallah... Sənin
dayın Şahalı evlənəndən cəmi yarım ay
sonra müharibə başladı. Mən onda yeniyetmə bir
qız idim. Amma hər şeyi indiki kimi xatırlayıram. O
qadınla, yəni Əminə ilə qardaşım texnikumda
bir oxumuşdular, orada sevişib ailə qurmuşdular. Əminə
çox ağıllı, savadlı qız idi.
Yadımdadır, təzə evlənənlər tez-tez məktublaşırdılar.
Mən hələ uşaq olsam da belə, o vaxtlar hiss edirdim
ki, bəzən qardaşım bir zərfdə iki məktub
göndərir - birini anamıza, o birisini də gəlinimizə,
yəni hamımızın gözünün
işığı olan Əminəyə... Əminənin
gizlicə kənara çəkilib o məktubları
oxuduğunu, bəzən gülümsədiyini, bəzənsə
ağladığını da görmüşdüm. Sonra məktubların
arası xırp kəsildi. Hamımızın gözü
poçt yoluna dikilmişdi. Ondan sonra qapımıza bir daha
poçtalyonun ayağı dəymədi. Beşillik
müharibə başa çatdı. Şahalıdan yenə
bir xəbər çıxmadı. Yazıq anam elə
"Şahalı" deyə-deyə köçdü bu
dünyadan. Əminə yazıq müharibədən sonra
beş il də gözlədi. O, artıq mənim ən
yaxın rəfiqəmə çevrilmişdi. Sonra hər
ikimiz öz doğma evimizi tərk edəsi olduq. Əvvəlcə
mən sənin atanla ailə qurdum. O vaxt Əminə hələ
bizimlə yaşayırdı. Mən ondan ayrılmaq istəmirdim.
Amma dünyanın öz gərdişi var. Bəzən
insanın tale yazısını başqa əllər
yazır. Qonşu qəsəbədə dul bir kişi
vardı, sənin atanın tanışı idi. Bir gün atan
mənə həmin kişinin Əminə ilə ailə
qurmaq istədiyini bildirdi. Mən uzun müddət
götür-qoy etdim, aranı dağa-dağı arana
daşıdım, nəhayət, canımı dişimə
tutub edilən evlilik təklifini gəlinimizə bildirdim. Əminə
hönkürüb ağladı. Mən hər şeyi gözəl
anlayırdım. O, bir vaxtlar sənin dayınla, yəni mənim
qardaşım Şahalı ilə əsl Leyli-Məcnun sevgisi
yaşamışdı. Bunu biz tərəflərdə bilməyən
yox idi. Bu eşq dillərdə dastana çevrilmişdi. Eh, Əminə,
Əminə... Biz bir-birimizdən ağlaya-ağlaya
ayrıldıq. Evdə qardaşımın bir neçə
fotoşəkli vardı. Əminə evdən çıxanda
öz bədbəxt istəklisinin şəkillərindən
birini köksünə sıxıb göz yaşları
tökdü. Dayının şəklinin üstündən
yağış damcıları kimi axıb gedən o göz
yaşları hələ də mənim gözlərim
önündədir. O, göz yaşlarıyla islanmış
şəkli özüylə apardı. Beləliklə, biz
ayrıldıq. Sonralar eşitdim ki, onun bir oğlu olub... Amma
indi qonşuluğumuza köçən qadının kimliyi
haqda bir söz deyə bilmərəm. Eh, Əminə, Əminə...
Ayağım da sözümə baxmır ki, bir həyətə
düşüb maraqlanam, öyrənib-biləm kimdir o təzə
gələn adamlar...
İki
gündən sonra Tapdıq evə gələrkən
anasını muştuluqlayırmış kimi sevincək halda
dedi:
- Ana,
öyrəndim o qonşu qadının adını... Əminə...
Əminə xanımdır o...
Neçə
müddətdən bəri ayaqları tutulmuş, "yel" xəstəliyindən əziyyət
çəkən ana qəfildən ayağa durub
hönkürdü:
- Hə,
elə ürəyimə dammışdı ki, bu, Əminə
olacaq. Mən hələ neçə il əvvəl
eşitmişdim ki, Əminənin bir oğlu olub, özü də
deyilənə görə, o uşaq Şahalı ilə bir
almanın iki parası kimi bir-birlərinə oxşayır. O
vaxt elə bilirdim ki, bu sözləri mənə təskinlik
üçün deyirlər. Sən demə, bu, həqiqətən
belə imiş. İndi inandım ki, övlad təkcə
öz doğma ata-anasından deyil, həm də gözəgörünməz
bir sevgidən yaranır, Tapdıq. Belə çıxır
ki, sənin gördüyün o adam, təkcə Əminə
ilə onun ərinin övladı deyil... O, həm də Əminənin
gözünün ilk ovu Şahalıya olan sevgidən
doğulub. Yazıq Əminə, canım Şahalı...
Tapdıq
müəllim qasırğaya düşmüş ağac kimi
titrəyən anasını bağrına basdı.
Sonra onlar
keçib divanda əyləşdilər.
Tapdıq
müəllimə elə gəldi ki, qəfildən dayısının
üzbəüz divardan asılmış ağ-qara şəklinin
üstündən üzüaşağı şəffaf
damcılar diyirlənməyə
başladı.
Ana-bala
eyni vaxtda əvvəlcə tavana, sonrasa bir-birlərinin
üzünə təəccüblə baxıb uzun müddət
dinib-danışmadılar.
Səttar müəllimin "yol xəritəsi"
Səttar
müəllim nəvəsi Elmarı qəbula gətirmişdi.
Uşaq Allahın köməkliyiynən istədiyi universitetə
daxil oldu, özü də məhz istədiyi fakültəyə.
Onlar qəbul başa çatanacan qohumlardan birinin evində
qaldılar. Amma elə ki, Elmarın imtahanlarının nəticələri
məlum oldu, Səttar müəllim kirayə ev axtarmağa
başladı. Sən demə, şəhərdə kirayə
evlər od bahasına imiş. Vaxtilə, tələbə
olarkən Səttar müəllim özü də bu şəhərdə
kirayə evdə yaşamışdı. Onda evlərin kirayə
haqqı indikilərlə müqayisədə su qiymətinə
idi. Ortabab evlərin bir aylıq haqqı Səttar müəllimin
aldığı düz bir aylıq təqaüdə bərabər
idi.
O, kirayə
evi Elmarla bir axtarırdı. Baba evdüzəldən adamın
(nədənsə həmin adama "makler" deyirdilər)
dilindən əlçatmaz qiymətləri eşidən nəvəsinin
necə sıxıldığını hiss edirdi. Amma nə
edə bilərdi? Bazarın bazar qanunları olur.
Kişi
bir dəfə də özünü saxlaya bilməyib
"makler"ə dedi:
- Ay
oğul, ay makler, mənə elə ev tap ki, pensiyamın
yarısını verim. O biri qalan yarısını isə bu
uşağın əyin-başı, yemək-içməyi
üçün saxlamalıyam. Özüm cəhənnəmə,
kənddə yaşayıram, bir təhər həyət-bacaynan
dolanaram, amma bu uşaq şəhər yerində acından
ölər axı... Gör bir insaflı qiymət deyən
varmı?
Nəhayət,
belə bir ev tapdılar. Bu ev şəhərdən xeyli
aralı idi. "Makler", baba ilə nəvəni ucqar bir qəsəbənin
dolanbac küçələrindən keçirib kiçik
bir həyətə gətirdi. Həyətdəki
yaşlı qarı onları gülər üzlə
qarşıladı. Evin üç otağı vardı.
Otaqlar səliqəli idi. Yaşlı xanım dedi ki, burada tək
yaşayır, Səttar isə hansı otaqda istəsə
orada qala bilər. Qiymətlər də sərfəli idi.
Səttar
müəllim ev sahibəsi ilə ümumi razılığa
gəldi. Sonra "makler"ə düşəcək pulu
verib daxilən bir az rahatlandı. Qərara aldılar ki,
kiçik "köçü" sabah gətirsinlər.
Qarı ilə xudahafizləşib ayrıldılar. Bu ucqar qəsəbədəki
evə gələn yol çox qarmaqarışıq, əyri-üyrü
idi. Bu yolu, daha doğrusu, bu kirayə evi sabah nəvə-babanın
tapması müşkül ola bilərdi. Səttar müəllim
bu barədə narahatlığını yolda "makler"ə
də dedi. "Makler" dedi ki, narahat olmayın,
soruşa-soruşa lap Məkkəyə gedib çıxmaq
olar. Səttar müəllim soruşdu ki, yaxşı,
heç bayaq soruşmadıq ev sahibinin adı nə idi?
"Makler" duruxdu. Sən demə, "xala" deyə
müraciət etdiyi xanımın adını heç o da
bilmirmiş.
Səttar
müəllim dedi:
- Madam ki,
belədir, onda belə bir iş edək. Bu yolu təzədən
geri qayıdaq. Əgər indi bayaqkı ünvanı təzədən
tapa bilsək, deməli, sabah bir problem olmayacaq. Amma ay oğul,
ay "makler", sən bizə yol göstərmə, yanımızca sakitcə get, təkcə
yolu səhv salsaq, "düzəliş" verərsən...
"Makler"
də razılaşdı. Onlar təzədən gəldikləri
yolu geri dönməli oldular. Baba ilə nəvə yolu tez-tez
çaşır, başqa yola keçirdilər. Az qala hər
tinbaşı "makler" onların yol marşurutuna
"düzəliş" verməli olurdu.
Hamısının
qanı qaralmışdı. Xüsusən də,
"makler"in. Birdən bu kənd müəllimi evdən
imtina etsə, qanqaralığı yaranacaqdı.
Nəhayət,
gəlib gözaltı etdikləri evə çatdılar.
Səttar
müəllim üzünü "makler"ə sarı tutub
dedi:
- O
qadını narahat etməyək. Sən də narahat olma.
Sabah biz bu evi çox rahatca
tapacağıq. Gəlin yenə bu yolu geri ölçək...
Nəvəsi
Elmarla "makler" təəccüblə bu qocaman kənd
müəlliminin üzünə baxdılar.
Səttar
müəllim əlini pencəyinin iri cibinə atıb oradan
pencəyin özü kimi dümağ bir təbaşir
çıxararaq dedi:
-
Haydı, arxamca gəlin...
Onlar təzədən
baş yola sarı çıxdılar.
Səttar
müəllim yolboyu sıralanan elektrik dirəklərinin,
uzanan qaz borularının, darvaza taxtalarının
üstünə əlindəki təbaşirlə xətlər
çəkməyə başladı.
- Hə
bax, bu da bizim yol xəritəmiz. Sabah bu işarələr bizi
bu evə rahat gətirib çıxaracaq...
Qəmli mahnı
Onun "öz"
mahnısı vardı. Deyəsən, həmin mahnının
təkcə sözlərini deyil, elə də onun özü
quraşdırmışdı. Bu, qəmli bir mahnı idi...
Hərdən
yataqxananın "Qırmızı guşəsi"nə
çəkilib həmin mahnını dodaqaltı
zümzümə edərdi:
Mən
öləndə ağlamayın,
Heç
qara da bağlamayın...
Siz mənə
yas saxlamayın,
Aman-aman...
Anam-anam...
Onun
"aman"ı vardı, amma anası yox idi. Heç
atası da yox idi. Əlbəttə, onlar nə vaxtsa
olmuşdu. Nə vaxtsa... Amma o, valideynlərinin
üzünü görməmişdi. Bəlkə də
görmüşdü, amma xatırlamırdı.
Uşaqlıqda onu yetimxanaya atmışdılar...
Əsl
adı Məcnun olsa da, çoxdan bəri
yaşadığı yataqxanada hamı onu "Məzlum"
deyə çağırırdı. Yox, o, bu qondarma addan
inciyib-eləmirdi.
Evlənmək
yaşı ötüb-keçməkdə olsa da, ailə
qurmaq barədə düşünmürdü... Ev-eşikdən
söhbət düşəndə həmişə eyni
sözləri təkrarlayırdı:
-
Özüm yetim böyümüşəm. Təzədən
bu dünyaya yetim-yesir gətirməyə nə ehtiyac? Bilirəm
ki, bugün-sabahlığam... Mən öləndən sonra o
uşaqlara kim baxacaq?
Bəli,
Məzlumun həyat və ölüm barədə öz qənaətləri
vardı.
Zahirən
sağlam adam təsiri bağışlayırdı. Amma yəqin
ki, öz canında olan xəstəlikdənmi,
ağrılardanmı, xülasə hər nədənsə
hiss etmişdi ki, tez öləcək.
Hə, elə
bu cür də oldu... Günlərin bir günü Məzlum
dünyasını sakitcə dəyişdi. Yataqxana əhli
onun cənazəsini götürüb yaxınlıqdakı qəbiristanlığa
apardı.
Ağlayan,
göz yaşı tökən olmadı.
Kiminsə
tapıb gətirdiyi cavan molla mərhumun cənazəsi üstə
gümrah səslə fatəhə verdi.
Otaq
qonşularından biri Məzlumun qəbrinin üstünə
bellə nəm torpaq ata-ata mızıldandı:
- Rəhmətliyin
özü düz deyirmiş: "Mən öləndə
ağlamayın..." İndi hər ölənə
ağlayan da qismət olmur...
Azərbaycanlı
tələbələr Moskvada "Çar Edip"i göstərəcəklər
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti MDB ölkələrinin
"QİTİS-master-klass" adlı üçüncü
teatr festivalında Azərbaycanı təmsil edəcək.
Martın
14-dən 19-dək Rusiya Teatr Sənəti İnstitutunda
(QİTİS) MDB ölkələrinin
"QİTİS-master-klass" adlı üçüncü
teatr festivalı keçiriləcək. Festival məkanında
MDB ölkələrinin teatr məktəbləri
çıxış edəcəklər. Bakıdan olan tələbələr
Sofoklun "Çar Edip" faciəsini nümayiş etdirəcəklər.
Tamaşa martın 15-də QİTİS-in tədris
teatrında göstəriləcək.
Bu
festivalın məqsədi MDB ölkələri arasında mədəni
əməkdaşlığı möhkəmlətmək və
teatr təhsili sahəsində yeni əlaqələr
yaratmaqdır. Birgə iş və tamaşaların göstərilməsi
nəticəsində tələbələr təmsil etdikləri
ölkələrin teatr məktəblərinin xüsusiyyətlərini
təqdim edəcək, pedaqoqlar isə gələcək artist
və rejissorların yetişdirilməsi üzrə təcrübə
və ideya mübadiləsi aparacaqlar.
Firuz MUSTAFA
525-ci qəzet.- 2020.- 11 mart.- S.22.