"Qan içində
işıq" romanının janr
xüsusiyyətləri və bədii obrazları
Yazıçı Güllü Məmmədovanın
"Qan içində işıq" romanı Azərbaycanın
birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri
tərəfindən azad edilməsi kimi hadisələrin təsvirinə
verilmiş real qiymətlə yanaşı, xilaskar Türk
ordusunun və Türk əsgərlərinin şanlı
obrazının Azərbaycan ədəbiyyatında
yaradılmasının parlaq nümunəsidir.
G.Məmmədova
Qafqaz İslam Ordusunun əfsanəvi qəhrəmanlarından
biri olan Nuri Paşanın və əsgərlərinin
ölümsüz xatirəsinə həsr etdiyi "Qan
içində işıq" romanının janrını
bir müəllif olaraq "tarixi-sənədli roman" kimi dəyərləndirib.
Romanda tarixi şəxsiyyətlərin,
onların həyat və fəaliyyətinin təsviri, əsərdə
təsvir edilən hadisələrin tarixi hadisələrlə
bağlı olması məhz əsərdən tarixi roman kimi
danışmağa əsas verir. Azərbaycan ədəbiyyatında
M.S. Ordubadinin Cənubi Azərbaycandakı inqilabi hərəkatından
bəhs edən "Dumanlı Təbriz", Nizami Gəncəvinin,
Məhsəti Gəncəvinin bədii obrazlarını
yaratmış olduğu "Qılınc və qələm",
Yusif Vəzir Çəmənzəminlinin Molla Pənah Vaqifdən
bəhs edən "İki od arasında" (və yaxud
"Qan içində"), İsa Hüseynovun İmadəddin
Nəsimidən bəhs edən "Məhşər" kimi
roman nümunələri mövcuddur.
"Qan içində işıq" romanında biz
romanın sənədli janrlarla
qarışıqlığını müşahidə
edirik. Qeyd etməliyik ki, müasir mərhələdə
roman janrı hibrid janr konstruksiyaları yaradaraq, sənədli,
publisistik və elmi janrlarla fəal qarşılıqlı əlaqədədir.
Nəticədə, növlərarası janr
qarışıqlığı əsas yer tutmaqla janr
konstruksiyaları formalaşmışdır. Bu konstruksiya formalarından biri də Güllü Məmmədova
tərəfindən ictimaiyyətə tarixi sənədli roman
kimi təqdim edilən "Qan içində işıq"
romanıdır. Sənədli və bədii janrların
qarşılıqlı əlaqə formaları müxtəlif
ola bilər və ilk növbədə, sənədin
(tarixi faktın) bədii mənasının yenidən işlənilməsi,
müasir dövrdə "müstəqil estetik məna
alması" ilə səciyyələndirilir. Sənədli
janrlarla romanın qarışıqlığını səciyyələndirən
əsərlər, yəni romanın janr əlamətlərinin
transformasiyaya uğramasına və yeni roman tiplərinin
yaranmasına gətirən sənədli janrların nüfuz
etmə formaları mövcuddur. Bu qrupa aid
sənədin və romanın qarşılıqlı əlaqə
formalarına aşağıdakı formalarını aid etmək
olar. Bəzən romanda əsas hadisələrin
sənədə (tarixi faktlara) uyğun qurulması, eyni
zamanda, bədii uydurma əsasında əlavə süjet xətləri
və səhnələrinin daxil edilməsini nəzərdə
tutur. Bəzən isə bədii uydurma
fonundan kənara çıxarır. Müəllif
sənədi (faktı) mətnə və ya romanın
fabulasına daxil edir. Bu baxımdan da,
Güllü Məmmədovanın "Qan içində
işıq" romanının oxuculara tarixi sənədli
roman kimi təqdim edilməsi həqiqətəuyğundur.
Elxan Yurdoğlu-Məmmədov tərəfindən əsərin
sənədli faktlara əsaslanması amili
vurğulanmışdır. Onun fikrincə, müəllif
"bir yazıçı kimi tarixi xidmət göstərərək
o dövrün hadisələrini sənədlər əsasında
faktları bədii mətn daxilində əridərək
axıcı dillə və maraq doğuran sujetlə oxucuya təqdim
edib. Əsəri oxuyarkən də bunun
şahidi olursan. Müəllif sənədləri
quru statistika kimi vermir. Xronoloji rəqəmlər
arasında oxucunu yormur. Sıxıcı təhkiyə
üslubundan uzaq bir yol seçərək həm tarixi
işıqlandırır, həm bədii əsərini ortaya
qoyur, həm də oxucusuna mənəvi zövq
aşılayır".
Tarixi-sənədli
romanın süjet xətti XX əsrin əvvəllərində
Nuri paşanın, hərbi nazir Ənvər paşanın
tamamilə müsəlmanlardan ibarət Qafqaz İslam Ordusunun
Azərbaycanda baş verən, daha doğrusu, Azərbaycanın
türk-müsəlman əhalisinə qarşı həyata
keçirilən kütləvi qırğınların
qarşısını almaq məqsədilə həyata
keçirdikləri gizli və açıq fəaliyyətləri
əsasında qurulur. Roman müəllifi Qafqaz
İslam Ordusunun fəaliyyəti ilə yanaşı, Nuri
paşa, Ənvər paşa, Xəlil paşa və digər
tarixi şəxsiyyətlərin həyat və fəaliyyətləri
ilə bağlı arxiv materialları və rəsmi sənədlərdən
fəal istifadə etməsi özünü büruzə
verir. "Qan içində işıq"
romanının tarixi sənədli romana aid edilməsi onun
yalnız gizli Qafqaz İslam Ordusunun fəaliyyəti
haqqında sənədlərin bədii şəkildə yenidən
işlənməsi deyil, həm də tarixi hadisələrin
müəllif şərhi ilə bağlıdır ki,
Güllü Məmmədova həmin hadisələrin
müasiri ola bilməzdi. Təbii ki, söhbət
əsərdə təsvir edilən XX əsrin əvvəllərində
baş vermiş olay və hadisələrdən gedir.
G.Məmmədova
"Qan içində işıq" romanında təsvir
etdiyi həyat hadisələrini əlaqələndirərək
bir sistemdə qurmağa nail olmuşdur. Müəllifin
əsərdə kompozisiyanın ünsürlərindən məharətlə
istifadə etməsi diqqətdən yayınmır. O,
romanın süjet xəttinə daxil olmayan, lakin əsərin
ümumi məzmun və ideyasına diqqəti yönəltməyə
nail ola bilən epiqrafa müraciət
etmişdir. Məlumdur ki, müəlliflərin istifadə
etdiyi epiqraflar ya özlərinə, ya da ki, digər şəxslərə
aid ola bilər. Güllü
Məmmədovanın müraciət etdiyi epiqraflar tarixi şəxsiyyətlərə
aiddir. Onların içərisində diqqəti
xüsusi cəlb edən Ümummilli lider Heydər Əliyevə
aid olan epiqrafdan istifadə edilməsidir. 1918-ci
ilin qanlı hadisələrindən bəhs edən "Qan
içində işıq" romanda Ulu öndər Heydər
Əliyevin "...1918-ci ildə Azərbaycanı
dağıdırdılar, parçalayırdılar. Əgər Nuri paşanın komandanlıq etdiyi
Osmanlı ordusu olmasaydı, Azərbaycan ayaq üstə
durmasaydı, bəlkə də Azərbaycan yox idi" kimi
epiqrafının verilməsi artıq o dövrə verilən
tarixi, həmçinin də siyasi dəyər kimi qiymətləndirilməlidir.
Romanın
"Göylərdən yenmiş" ağ
atlı" ikinci fəslində Şah İsmayıl Xətaidən
əsərin mövzusu ilə səsləşən hikmətli
nümunə olan epiqrafın təqdim edilməsi maraq
doğurur. Xətainin "Ey türk oğlu!
Dilinin bir kəlməsini dünyanın heç
bir dilinə, bir ovuc torpağını dünyanın
heç bir dövlətinə dəyişmə. Onu qoru və gələcək nəsillərə
ver" kimi hikmətli sözlərilə məhz Nuri
paşanın dilini, torpağını qorumağa gələn
bir bahadır kimi təsvir olunmasının ikinci fəsildə
əksini tapması intrasemiotik uyğunluq yaratmağa qadir
olaraq, romanın mətninin komponenti kimi oxucunu ilkin mətnə
istiqamətləndirir, assosiasiya şəbəkəsini
proqramlaşdırmağa yardım edir.
Romanın
"Canavarların yürüşü" adlı
üçüncü fəslində istifadə edilmiş
epiqraf ifadə etdiyi məna ilə oxucunun diqqətini əsərin
məzmununa yönəldərək, bizi əsərin
ideyası ilə yaxından tanış edir. Romanda
fateh-hökmdar Əmir Teymurdan verilmiş epiqraf bu fəslin məzmunu
və ideyasını qavramağa yardımçı ola bilmişdir: "Erməniləri bir millət
kimi yer üzündən silmədiyim üçün gələcəkdə
ya məni alqışlayacaqlar, ya da lənətləyəcəklər".
"Qanla
möhürlənmiş qardaşlıq"
başlıqlı fəsildə ərkani-hərb rəisi
olmuş Rüştü bəy Türkərin fikirləri
epiqraf kimi verilmişdir: "Eyni soya mənsub bu iki millət
arasındakı rabitə və münasibət axıdılan
qanlarla bir qat daha həsrət yaratmışdır. Anadolu türklərinin Azərbaycanın istiqlal və
istiqbalı uğrunda çətin, qanlı döyüşləri
və mübarizələri əminəm ki, nəsildən-nəsilə
keçən unudulmaz dastanlara çevriləcəkdir".
"Qan
içində işıq" romanında Qafqaz islam Ordusunun komandanı Nuri paşanın fikirlərinin
də epiqraf kimi verilməsi təqdirəlayiqdir. Nuri
Paşanın "qardaş Azərbaycan türkünün mənafeyi
hər bir türk üçün müqəddəsdir.
Əgər Azərbaycanın yolunda yeni qurbanlar lazım olarsa,
ona da hazırıq" fikirləri Azərbaycan və
Türkiyə arasındakı münasibətləri xarakterizə edən milli
konsepsiyanın başlanğıcıdır.
Romanda nəzmə aid nümunələrin verilmə məqamı
da diqqəti çəkir. Belə ki, Əhməd
Cavadın şeirləri əsərə əlvanlıq gətirir.
Bu şeirlərin verilməsi əsəri zənginləşdirməklə
bərabər, oxucuya dahi şairlərin qələmə
aldıqları türk, türk əsgəri, vətən kimi
obrazları ilə yaxından tanış
etməyə qadir olur.
Qeyd edək
ki, Güllü Məmmədova romanda Bakı şəhərinin
iki kilometrliyində yerləşən Qurd qapısının
işğalı ilə qazanılan möhtəşəm zəfər
zamanı Əhməd Cavadın Məhəmməd Hadi ilə
birlikdə orduda olması faktını da qeyd etməsi hər
iki şairin fəaliyyətinə işıq salır.
Romanda aşıq yaradıcılığına diqqət
edilməsinə də rast gəlirik. Belə ki, Nuri paşaya
yardıma gəlmiş əmisi Xəlil paşanın
qarşılanma, həmçinin də yola salınması
zamanı aşıq tərəfindən şeir söylənilməsi
məhz aşıq yaradıcılığına olan dərin
sevgidən irəli gəlir.
"Qan içində işıq" romanında
yazıçının ideyalarının təzahür
forması olan obrazların zənginliyi diqqəti cəlb edir. Müəllif
təsvir etdiyi obrazları iki mənada, yəni məhdud və
geniş mənada işlədə bilmişdir. G.Məmmədova
məhdud mənada işlətdiyi obrazlarda konkret bir şəxsi
təsvir etməyə nail olub. İnsan surətlərinin
təsviri zamanı müəllifin fərdiləşdirmə
və ümumiləşdirməyə müraciət etməsi
özünü göstərməkdədir. Müəllif
məhz təsvir etdiyi obrazları fərdi xüsusiyyətlərini
əks etdirməklə xarakter yaratmağa nail olmuşdur. Romanda bir çox xarakterlər dolğunluğu ilə
yadda qalır.
Qafqaz İslam Ordusunun fəal
iştirakçıları, həmçinin, Azərbaycan
xalqının vətənpərvər oğullarının
obrazları kamil surətdə işlənilərək
ictimaiyyətə təqdim edilmişdir. Oxucu romanda təsvir edilən
vətənpərvər, xilaskar, mətin obrazlarla
yanaşı, məkrli, Azərbaycan xalqının milli mənafeyinə
ziyan vuran, türk dünyasına xələl gətirmiş
obrazlarla da tanış olur.
Romanın başlanğıcında Azərbaycan
Demokratik Respublikasının xüsusi xidmət orqanı olan
Əksinqilab ilə mübarizə təşkilatının rəisi
olmuş Nağı bəy Şeyxzamanlının
obrazının verilməsi o dövr hadisələrinə nəzər
salmağa vadar edir.
Əsərdə
general Əliağa Şıxlınskinin obrazının
geniş təsviri ilə tanış
oluruq. General Şıxlinskinin "Səhra
toplarının cəbhədə işlədilməsi",
"Şıxlinski üçbucağı" adlı hərbi
əsərlərinin müəllifi olması və həmin əsərlərin
hərbi kadr hazırlığında istifadə edilməsi
faktı da romanda açıqlanmışdır.
Müsüslü
dəstəsinin komandiri, rus ordusunda xidmət etmiş,
"Müqəddəs Vladimir" ordeninin dördüncü
dərəcəsi ilə təltif edilmiş Həbib bəy Səlimovun
obrazının Qafqaz İslam Ordusunun tərkibində
bolşevik-daşnak birləşmələrinə
qarşı qəhrəmanlıqla vuruşması da romanda əksini
tapır.
Romanda tarixi şəxsiyyətlərin təsviri maraq
doğurur. Xəlil bəy Xasməmmədli, Nəsib bəy
Yusifbəyli kimi tarixi şəxsiyyətlərin obrazları
incə məqamlarla oxuculara təqdim edilir.
Əsərdə Kazım Qarabəkirin adının
hallanması da diqqətdən yayınmır. Kazım Qarabəkirin
adından belə çəkinən Şaumyanın canına
vəlvələ salması epizodu azadlıq uğrunda
mücadilə aparan şəxsləri tam şəkildə
oxucuya təqdim etməyə xidmət edir.
Əsərdə
digər obrazlardan biri də Balkan savaşında, Birinci
Dünya müharibəsində isə Sarıqamışda
vuruşmuş, 1917-ci ildə Gəncəyə gəlmiş,
Rusiyanın ucqarlarına sürgün edilmiş Hüsaməddin
Tuğacın bədii obrazıdır. Sibir sürgünü
iki il yarım çəkmiş Hüsaməddin
Tuğacın 1917-ci il Rusiyadakı hərc-mərclikdən
istifadə edərək sürgündən qaçması,
Qırğız Xalq Komitəsinin köməyi sayəsində
sənəd düzəldərək Bakıya gəlməsi,
Bakıda Məhəmməd Əmin Rəsulzadə və
Əlimərdan bəy Topçubaşovla görüşməsi,
Gəncəyə getməsi kimi tarixi faktlar məlumdur. Hüsaməddin Tuğacın əslən Gəncədən,
yəni atasının Gəncə vilayətinin Şəmkir
elinin Qaracaəmirli kəndindən, konkret olaraq Gəncədən
olması faktının təsviri romanda əks
etdirilmişdir.
Nuri paşanın obrazının romanda təqdimi
maraqlı məqamları ilə diqqəti cəlb edir.
Nuri paşa ilə Ənvər paşanın əmisi
olan Xəlil paşa obrazı da romanda qısa epizodlarda təsvir
edilsə də, yaddaqalan obrazlardan birinə
çevrilmişdir.
Əsir
düşmüş türk əsgərlərinin
halının təsviri romanda müəllif tərəfindən
canlı olay kimi oxucunun gözü önündə
canlandırılmışdır: "Türk əsirləri
ilə dolu qatar Gəncədən keçib uzaq Sibirə
gedirdi. Əsgərlərin çuxura
düşmüş gözlərində, almacıq
sümükləri çıxmış yanaqlarında
yaşadıqları ağır, məşəqqətli əsirlik
həyatının izləri görünməkdəydi".
Maraqlı məqamlardan biri də qəhrəman türk əsgərlərinin
necə əsir düşmələrinin müəllif tərəfindən
açıqlanması epizodudur: "1915-ci ildə ruslarla
türklər arasında gedən savaşda ruslar zəfər
çaldılar. Savaşın getdiyi
Sarıqamışda qışı sərt keçən təbiət
sanki düşmənlə dilbir olub türkləri məğlubiyyətə
uğratdı. Minlərlə türk əsgəri
şaxtada dondu, düşmən gülləsinə tuş gəldi
və minlərlə türk əsir düşdü".
Türk əsgərlərinin əsir
düşmələrinə baxmayaraq, mətin,
döyüşkən, qəhrəman olmaları hamıya bəllidir.
Belə ki, bu amil Güllü Məmmədova tərəfindən
romanın bütün fəsillərində
açıqlanmışdır. Lakin türk əsgərinin
müsbət keyfiyyətlərinin erməninin dili ilə verilməsi
də maraq doğurur: "Bunlar torpaq üçün, vətən
üçün canından, qanından keçən türk əsgərləridir"
fikirlərinin erməni Vahanın dili ilə verilməsi ermənilərin
türklərin məğlubedilməzliyini qəbul etmələrinin
göstəricisidir.
Salidə ŞƏRİFOVA
Professor, filologiya elmləri doktoru,
AMEA Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutu "Müstəqillik dövrü
Azərbaycan ədəbiyyatı"
şöbəsinin baş elmi işçisi
525-ci qəzet.-
2020 .- 11 mart.- S.21.