Qazax, qırğız,
özbək, tatar...
DOSTLARDAN
GƏLƏN ZƏNGLƏR
Bu
günlərdə türk ölkə və topluluqlarından
çoxsaylı zənglər almaqdayam. Özünün
türk dünyası ünvanlı çalışmaları
ilə seçilən, Turan sevdasını ruhuna,
özkeçmişinə hopdurmuş azərbaycanlı
aydınlardan kimlərin yenidən millət vəkili
mandatı qazanması türk dünyası aşiqlərinin
sövq-təbii maraq dairəsindədir.
Daşkənd, Almata, Nur-Sultan,
Bişkek, Ankara, İstanbul, Lefkoşa... Üsküp, Məcidiyyə,
Budapeşt... Kazan, Ufa, Çeboksari, Yakutsk... Ağməscid
(Krım), Komrat (Qaqauz Yeri)... - uzaqlardakı doğma ocaqlar,
isti ürəklər Bakını arayır, Bakını
soruşur, Bakını sevirsə... bu, özü
başlı-başına bir dünyadır, gözəllikdir.
- Elə deyilmi? - Hələ Təbriz, Kərkük, Dərbənd,
Borçalı..! - Birimizin uğuru, uğursuzluğu
yaxın-uzaq ellərdə duyulursa, bu, bəxtiyarlığın
ta özüdür. Biz də, burada (Bakıda, Gəncədə,
Şəkidə, Qubada, Salyanda, Naxçıvanda...) türk
ölkə və topluluqlarında olub-bitənlərə
heç amma heç biganə deyilik, əlbəttə!
Tanrı
bizə olan güvəni sarsıtmasın və bizlərə
güc-qüvvət versin!
Vaxtı
ilə mənim başqanlıq etdiyim Dünya Gənc Türk
Yazarlar Birliyi xətti ilə Azərbaycana səfər
etmiş çoxsaylı dostların, ortaq nəşrlərin
iştirakçılarının tez-tez soruşduğu,
adını ürəklə çəkdiyimiz ortaq dost,
paşakönüllü aydınlarımızdan biri millət
vəkili Cavanşir Feyziyevdir. Qarşı aylarda Cavanşir
müəllimin rəhbərlik edəcəyi heyətlə
Bişkekə səfərimiz nəzərdə tutulub
(Əslində, ötən ilin dekabr ayına
planlaşdırılmış səfər, seçkilərlə
bağlı ertələnib). Biz Bişkekdə həm
(Bakıda çıxmış) "Gənc
Qırğız şeiri antologiyası"nı
qırğız ədəbi ictimaiyyətinə təqdim edəcək,
həm də Azərbaycan şair və
yazıçılarının əsərlərinin
qırğızcaya çevrilməsi və nəşri, Azərbaycan
həqiqətlərinin yayğınlaşması kimi məsələləri
müzakirə edəcək, qərara bağlayacağıq. Nə
xoşdur ki, ötən il Cavanşir müəllimin dəvəti
ilə Bakıya səfər etmiş, Milli Məclisdə qəbul
edilmiş qırğız yazarları onu yenidən Millət
vəkili statusunda görəcək.
"Yeni
Tatar şeiri antologiyası", "Yeni Qazax şeiri
antologiyası", "Gənc Qırğız şeiri
antologiyası"... onlarla digər nəşrimizdə ön
söz yazarı, rəyçi, məsləhətçi,
layihə rəhbəri kimi fərqli şəkillərdə
öz dəstək və məhəbbətini göstərmiş
Millət vəkilimiz, türk xalqlarının təkcə
siyasətdə və iqtisadiyyatda deyil, ədəbiyyat
çalışmalarında (ümumən mədəniyyətdə!)
da birgə olmasını daim təbliğ edən və bunun
üçün əlindən gələni əsirgəməyən
aydınlarımızdandır. Böyük türk
dünyasında Cavanşir müəllimin könül
süfrəsinə bələd olanlar onun yenidən mandat
qazanmasını öz milli məclislərinə seçkilərdə
özləri, yaxud bir yaxınları, doğmaları uğur
qazanıbmış kimi sevinclə qar-şılayır.
Qürurvericidir! - Min km-lərlə uzaqda doğma sanılmaq, əziz
bilinmək hər adama nəsib olmur.
Cavanşir
müəllimlə tanışlığım necə olub? -
İllər öncə Bakıda "Türk dövlətləri
birliyi" adlı kitabın nəşr olunması haqqında
xoş bir xəbər oxudum. Biləndə ki həmin
fundamental kitabı millət vəkili yazıb,
açığı, ikiqat sevinc hissi keçirdim. Bu,
yaradıcılığına bələd olduğum Millət
vəkillərindən, alimlərdən biri deyildi - mənimçün
yeni imza idi. "Türk dövlətləri birliyi"
kitabının sonralar qardaş ölkələrin türkcəsinə
çevrildiyini bildim, daha da şad oldum. Millət vəkilimizlə
yaxından tanışlıq, necə deyərlər, şərt
olmuşdu. Onunla ilk dəfə "Nizami" kinoteatrında,
Yunus Əmrəyə həsr edilmiş möhtəşəm
bir filmin təqdimatı zamanı tanış oldum, fürsətdən
istifadə edib, qiymətli kitabını avtoqrafla aldım.
Sonrakı
görüşümüz özünü çox gözlətmədi.
Bir gün mənə tanımadığım nömrədən
zəng gəldi. - Zəng edən Cavanşir müəllimdi.
- Mətbuatda mənim Qırğız Respublikasının
"Tolktoqul Satıganov" medalına, bir sıra türk
ölkə və topluluğunun yazıçılar, gənclər
qurumunun, habelə TÜRKSOY-un təltifinə layiq
görülməyim haqqında informasiyanı oxumuş,
lütf edib, təbrik etmək istəmişdi. Nə gizlədim,
kiçik işlərimi böyük qiymətləndirmiş
təltif edənlər kimi, təltiflərə görə məni
təbrik etmək ürəyindən keçmiş,
bununçün ürək sözlərini əsirgəməmiş
aydınımızın bu hərəkəti də məni
duyğulandırdı, adı könlümə
yazıldı. Mənim də gücüm könlümə
çatır, zatən.
Sonrakı
illərdə Cavanşir müəllimlə birgə tərtib
etdiyimiz plan əsasında Qazaxıstan, Qırğız
Respublikası, Türkiyə, eləcə də Rusiyanın
türksoylu ölkələrinin gənc yazarları ilə
bağlı layihələr həyata keçirdik və bu
layihələrin hazırlanması, gerçəkləşdirilməsi
zamanı mən Cavanşir müəllimin türk
dünyasına böyük məhəbbətinin dərindən
şahidi oldum. Türk tarixinə yaxından bələd olan
aydınımızın türk dünyasının müxtəlif
guşələrindən Azərbaycana gələn
qonaqlarımızla görüşləri mənim onu daha
yaxından tanımağım üçün geniş
imkanlar yaratdı. Cavanşir müəllimin hər bir türk
məmləkətinin keçmişi və bu günü
haqqında ətraflı bilgiləri bizi (məni və
qonaqlarımızı) heyran edirdi. Bəzən elə olurdu,
qonaq yazarlar öz ölkələri, tarixləri haqqında
millət vəkilimizin dediyi faktları ilk dəfə
eşitdiyini etiraf edirdi. Cavanşir müəllimin türk
dünyasının gələcəyinə inamlı
baxışı bu baxışı arqumentləşdirməsi
isə başqa bir aləmdir.
Daha sonra
Cavanşir müəllimin "TÜRK DÜNYASI"
beşcildliyi gün üzü gördü. Əlbəttə,
belə bir nəfis nəşrin şəxsi kitabxanamda
olmasını istəyirdim. Mən bir bağlama "TÜRK
DÜNYASI" istəmişdim, Cavanşir müəlim nə
az-nə çox, düz 20 bağlama (!) kitab göndərmişdi
- "uyğun bildiyin dost-tanışa da hədiyyə edərsən"
deyə...
Belə
örnəkləri (məhz ÖRNƏK!) xeyli sadalaya bilərəm,
amma məqsədim o deyil və zatən ariflər
üç-dörd örnək əsasında belə,
haqqında danışılan aydının
üfüqgenişliyi, hadisənin məna dərinliyi üzərinə
fikir hasil edir.
Bunları
niyə xatırladıram? Yazımın əvvəlində
dediyim kimi, Cavanşir müəllim bu günlərdə şəkililərin
böyük məhəbbəti və dəstəyi ilə
üçüncü dəfə millət vəkili
mandatını qazandı və demək ki, biz qardaş
Qırğız Respublikasına üçqat sevinclə gedəcəyik.
Səfərdən öncəsə əziz bayramımız -
YENİGÜN - NOVRUZ Bayramı gəlir. Bu bayram günlərində
örnək hərəkətlər etmiş insanlara
şükranlığımızı bir daha bildirməklə,
təmənnasız köməklikləri xatırlatmaq,
tirajlamaq savab və şükran dəftərində olsa gərək...
Var olun,
sayın vəkilim! Türk ellərindən gələn zənglərin
mənəvi məsuliyyəti üzərimdə qalmasın
istədim - Turan yazarlarının təbriklərini qəbul
edin.
Elm-sənət
və xeyirxahlıq bayrağınız uca olsun!
Əkbər QOŞALI
525-ci qəzet.- 2020.- 11 mart.- S.20.