Tanıyaq tanıdaq!

 

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə daha sonra doğulub boya-başa çatmış sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr üslublarda qələmə aldığı şeir poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Qərbi tanıyırıq, Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

 

Esmira Fuad

Filologiya elmləri doktoru

 

Leyli KƏHALİ

 

1977-ci ildə Zəngan şəhərində anadan olub. İbtidai orta məktəbi Tehranda bitirib, daha sonra təhsilini Fəlsəfə institutunda davam etdirib. Rəssamlıq tərcümə sənəti ilə məşğuldur.

İlk kitabı 2013-cü ildə Tehranda işıq üzü görüb.

 

Təkliyimdə xəyal aparır məni,

sən varsan, mən varam,

sevgimiz var.

Gülər xatirələr, ağladır məni,

özümə gəlirəm

sən varsan, mən varam

sevgimiz isə!..

 

***

 

Qar yağır

qar üstünə...

İzlərimiz itir

adlarımız qalır ayaq altında

səslərimiz...

qar adamları ağlayır, gülür!

Qar yağır

yuxularımızda donur göyərçin yuvası...

Dilimizdə donur sevirəm sözcüyü

qarğalar dəstə uçur

mor köynəyindən küçənin...

Sonra vitrin kimi gözlərində

mavi satır ürəyimi bazar

qanlı alır...

qar yağır həsrət ustünə

qar yağır ...

 

***

 

Ay doğurdun pəncərəmdə

divarları ucaltdılar...

Səni çox gördülər,

gül açırdın bağçamda

payızı çağırdılar...

Səni çox gördülər,

qan dolurdun ürəyimdə

qurşun oldular

məni vurdular...

 

***

 

Tor atırsan!

Qanım maviləşir

saçlarım bulud olur havada

qırmızı balıqlar dəstəsidir ürəyim.

Dalğalanıram...

Kim məni belə

dənizləndirir?!

 

***

 

Sən alma atmadın,

Ona görə mən gəlin çıxmadım!

Küçənizdən qayıtdım.

Axı demişdin

bir məktub yazıbsan mənə.

Hər yeri axtardım,

mağara günlərimizdən

ta bu şəhərlərə qədər.

göyərçinlər gətirdi onu,

postaçılar.

imeylimə düşdü,

cib telefonuma...

Ona görə mən cavablamadım!

Sonra

uşaq olub

nağıllara qoşdum özümü,

sel apardı Saranı...

Anam çırağı söndürdü mən yatmadım

Adımı Leylidən Saraya verdim!

Sonralar

anan səni döydü

adını Araz qoydu...

Anam məni tanırdı!

Ona görə and içdi

məni doğmadı...

 

***

 

Əllərin göyərir,

açdığım hər kitabın arasından

gözlərin baxır!

Mümkündürsə vücud,

mümkündürsə ədəm,

nəysə "SƏNizm"ə

düçar edir

bu fəlsəfələr məni!

Yoxsa,

kitabları atıb,

mədrəsədən qaçacağdım.

Heçdən boşalıb,

heçə dolacaqdım.

Şuhuduma keçməsəydin.

Qarşımda durub mənə baxmasaydın.

Yaxmasaydın ürəyimi.

Əllərimlə yaxacağdım düşüncələrimi.

İndi varlığıma görə,

vacibdirsə vücud.

Sən axı,

Ədəmdən doğursan məni.

"Nehilizm"ə qarşı,

sevirəm

səni!

 

***

 

Özümdən çıxıram

uca divarlar!

Özümə dönürəm

bağlı qapılar!

Necə çıxmaq olur bu laməkandan?

Hansı taksi gedir,

hansı otobus?

qatar yollanır,

uçaq uçur...

Doğulduğum qışdan hələ qar yağır,

anam ağrı çəkir,

dünya fırlanır,

baxıram bu zindan

öz boyumcadır

uzaydan-uzaya!

Addım-baaddım.

Bir addım əzəldir

bir addım əbəd!

Bilsəm ki, sən varsan

divarlar qapı,

qaranlıq,

işığın qaçaq yoludur...

taksilər gəlsin,

nə başqaları

kim tanır

Tanrının evi hardadır?

 

525-ci qəzet.- 2020.- 13 mart.- S.15.