"Milli ideya"ya fərqli
baxış
UZMAN DR. AYDIN TALIŞİNSKİ:
"MİLLİ İDEYA
BİZİM XALQIN KİM OLMASININ,
NƏ ÜÇÜN MÖVCUD
OLMASININ, NİYƏ HAMIMIZIN
BİRLİKDƏ YAŞAMASININ
İZAHIDIR"
"Milli ideya"
anlayışına müxtəlif izahlar verilir, amma
bütün hallarda bu anlayış xalqın var olması,
diriliyi ilə bağlıdır. Yəni Milli ideya bu və ya digər
xalqın yaşam missiyasını müəyyən edir; hətta
bəzi cəmiyyətlərdə xalq anlayışı
sırf dini və ya etnik mənsubiyyətə bərabər
tutulur. Milli ideya bədii əsərlər
və müxtəlif fəlsəfi mətnlər vasitəsilə
ifadə edilə bilər. Beləliklə, bu məsələlərin
öyrənilməsi ilə məşğul olan, həkimlikdən
başqa Milli ideya mövzusunda maraqlı fikirləri ilə
tanınan Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb
Xidmətinin Xüsusi Müalicə-Sağlamlıq Kompleksinin
həkimi, uzman dr. Aydın Talışinski
ilə müsahibəni sizə təqdim edirik.
Dincəlmək,
işləmək, təhsil üçün xaricə üz
tutan, bu və ya digər formada əcnəbilərlə təmas
quran vətəndaşlarımızın sayı son 15 ildə
əhəmiyyətli dərəcədə artıb, həmçinin,
əhalinin bizə ədavət bəsləyən ideoloji
veb-saytları da barındıran
İnternetlə əhatəsi genişlənməkdədir.
İnternet və yabançı həyat ideologiya
üçün ciddi sınaqdır. Deməli,
insanlarımızın ideologiyası güclü və
dayanıqlı olmalıdır, çünkü dörd tərəfimiz
bizim ideologiyanı öz ideologiyaları ilə əvəz etməyə
fürsət gəzənlərlə doludur.
Milli ideya kimi
ortaq istinadgah nəinki müharibələr, ümumiyyətlə,
bütün kataklizmlər zamanı da insanları qoruyur. Misal üçün, zəlzələ və digər
təbii fəlakətlər vaxtı kimsənin qarətlə
məşğul olmağı ağlından keçirməməsi,
ərzaq, su qıtlığı zamanı sadəcə,
öz ailəsini düşünməyərək resurslara qənaət
etməsi və ya insanın çətin vəziyyətdə
olmasından sui-istifadə edərək hər
hansı bir şəkildə fürsətçiliklə məşğul
olmaması və ya epidemiya, pandemiyalar (koronavirus kimi)
zamanı, neft qiymətlərinin oynadığı zaman, yəni
xalqın xüsusi diyarət göstərməsi lazım olan
durumlarda cəmiyyətin ümumi Milli şüurunun ölkəmizin
milli valyutasının və ümumi təhlükəsizliyinin
qorunmasına və möhkəmləndirilməsinə yönəlmiş
yüksək davranışlarını nümunə gətirmək
olar.
- Aydın həkimə
görə Milli ideya nə deməkdir?
- Milli
ideyaya müxtəlif təriflər verilir. Lomonosov adına Moskva Dövlət Universitetinin
Fundamental tibb fakültəsində, təbabətin sirlərinə
yiyələnərkən ayrıca politologiya, sosiologiya və
fəlsəfə fənlərini də keçmişəm. Hər nə qədər bu mövzularda təməl
biliklərim olsa da, hər halda mən politoloq deyiləm,
hazırkı halda mən təhsilli şəxs kimi öz fəal
vətəndaş mövqeyimi izhar edirəm. Əzbərçi fəlsəfi-siyasi ibarələri
də təkrarlamaq yerinə, həmişə
xoşladığım kimi ürəkdən gələn səmimi
və sadə sözlərlə ifadə etmək istəyirəm.
Milli ideya bizim xalqın kim olmasının,
nə üçün mövcud olmasının, niyə
hamımızın birlikdə yaşamasının və gələcəkdə
də yaşayacağının, bizim birgə hansı
ülvi ideyaya qulluq etməyimizin izahıdır.
- Aydın həkim, niyə bu məsələnin
tədqiqi ilə məşğul olmaq qərarına gəldiniz?
-
Müşahidə etdim ki, ölkəmizdə, az
qala, hər iki nəfərdən birinin Milli ideya haqqında
öz nəzər nöqtəsi var və insanların
heç də hamısı çəkici bir zindana
döymür. Xalqımız ümumi ideya
uğrunda vahid cəbhədə birləşməyib və
eyni hədəflərə çatmaq üçün ortaq hərəkət
etmirik.
Hətta bəzi insanlar düşünürlər ki,
beşgünlük dünyadır, bir dəfə
yaşayırsan, onu da özün üçün
yaşamalısan. Elələri də var ki, Türkiyəni
bəyənmir və özlərini müstəsna olaraq Azərbaycan
vətənpərvəri sayırlar. Adam
da var ki, təhsili, elmi bəyənmir və uzunmüddətli
əziyyətlərə dəymədiyini zənn edir. Bəziləri dindar insanları həzm edə bilmir.
Baxın, ayrı-ayrı insanlarda rast gəlinən
bu müxtəlif əqidələr və digərləri
ölkəmizin ümumi potensialından istifadə etməyə
və layiq olduğumuz zirvələrə çatmağa mane
olur.
Qeyd edim ki, Ümummilli lider Heydər Əliyev Azərbaycançılıq
ideyasını inkişaf etdirdi və bizə
aşıladı. Alimlərimiz, xüsusən də ölkəmizin
müasir ideoloqlarından olan akademik Ramiz Mehdiyev isə bu
mövzuda yazdığı çoxsaylı məqalə və
kitablarda Milli ideyanı tarix və ənənələr
işığında tədqiq edərək bir sıra elmi
yanaşmalar işləyib hazırladı.
Ümummilli liderin bizə açdığı bu
ideoloji üfüq məni də böyüklərimizin getdiyi
cığırla getməyə və onların birləşdirici
nəzəriyyələrinə uyğun bəzi innovativ
konsepsiyalar və yeni anlayışlar işləyib
hazırlamağa həvəsləndirdi və sövq etdi.
- Sizcə, hər bir xalqın Milli
ideyası nədən ibarət olmalıdır?
-
Bilirsiniz, bu, nə qədər bayağı səslənsə
də, deyəcəyəm: məncə, bütün xalqlar
dünyada xeyirxahlıq və ədalətə daha çox
töhfə vermək üçün yaşayır və ya
yaşamalıdır; hər biri öz imkanı daxilində. Mən
fərd, ailə, nəsil, zümrə, kəndli, fəhlə kimi məfhumların məxsusi
ideyasın, qəbul edirəm, lakin elə bir sistem qurmaq
lazımdır ki, hətta çörəkbişirən
xanım da şəxsən özünün və işlədiyi
sexin ümumi işə nə kimi töhfə verdiyini başa
düşsün. Bu pay cüzi də ola
bilər, nəhəng də: əsas - istək və Uca
yaradanın bəxş etdiyi bacarıqlardan sonuna qədər
istifadə etməkdir. Bu, həm də fərdi
və kütləvi istehsal keyfiyyətində zirvəyə
çıxarar. Yəni zehin, elm, bilik və
vərdişlərdən tam istifadə etmək, həmçinin,
yeni bacarıqların əldə olunması üçün
bütün imkanlardan yararlanmalıdır.
- Milli ideya, sizcə, hansı
funksiyaları daşıyır?
- Milli
ideya xalqın keçmişi və bugünkü milli-mənəvi,
elmi və digər mühüm dəyərlərini xoşbəxt
gələcək naminə birləşdirərək,
şanlı tariximizin heç bir dövrünün
üstündən xətt çəkmədən, lakin hadisələrdən
nəticə çıxararaq bir bütün yaratmalı və
xalqı bir qüdrətli, sarsılmaz vahid bir mexanizmə
çevirməlidir. Öz növbəsində
eyni şəkildə dünya xalqlarını da
dostlaşdıraraq Yer kürəsini bütün canlılar
üçün təhlükəsiz və xoşbəxt
yaşam məkanına çevirmə kimi qlobal funksiyası
var.
Vətəndaşın malik olduğu istənilən peşədə,
sözün əsl mənasında, mütəxəssis olmaq zəruriliyi
insanın daxili aləminə uşaqlıqdan
aşılanmalı, bunun əksi onun ailəsinə və
xalqa təhqir kimi dəyərləndirilməlidir. Bir də qeyd
edim ki, normalda vətəndaşın polisdən, həkimdən,
ya da hər hansı bir dövlət məmurundan öz
hüquqlarını tələb etməsinə ehtiyac
olmamalıdır, tam tərsinə, vəzifə sahibləri vətəndaşa
onun vəziyyətində ən əlverişli təklifi
özləri təqdim etməli və bu şəkildə
xalqa xidmət fürsəti onları xoşbəxt etməlidir.
Əlavə olaraq Milli ideya kimi ortaq istinadgah nəinki
müharibələr, ümumiyyətlə, bütün
kataklizmlər zamanı da insanları qoruyur. Misal üçün, zəlzələ
və digər təbii fəlakətlər vaxtı kimsənin
qarətlə məşğul olmağı ağlından
keçirməməsi, ərzaq, su qıtlığı
zamanı sadəcə, öz ailəsini düşünməyərək
resurslara qənaət etməsi və ya insanın çətin
vəziyyətdə olmasından sui-istifadə edərək hər
hansı bir şəkildə fürsətçiliklə məşğul
olmaması və ya epidemiya, pandemiyalar (koronavirus kimi)
zamanı, neft qiymətlərinin oynadığı zaman, yəni
xalqın xüsusi diyarət göstərməsi lazım olan
durumlarda cəmiyyətin ümumi Milli şüurunun ölkəmizin
milli valyutasının və ümumi təhlükəsizliyinin
qorunmasına və möhkəmləndirilməsinə yönəlmiş
yüksək davranışlarını nümunə gətirmək
olar.
Sadalanan bu amillər sadəcə, Milli ideyası yüksək
səviyyədə işlənmiş və mənimsənmiş
cəmiyyətlərə məxsusdur. Biz gələcək nəsillərə
dayanıqlı bir dünya düzəni buraxmalıyıq və
onlara nümunə olmalıyıq.
- Əgər siz dediyiniz kimi fərdin
və ailənin, həmçinin, bütün xalqın məxsusi
ideyası dünyada xeyirxahlıq və ədalətə daha
çox töhfə verməkdirsə, onda bu
yaxşılığın təbliğindən başqa bizim
Milli ideyanın nə problemi ola bilər
ki?
- Birinci
problem bu yaxşılığın məhz nədən ibarət
olmasının müəyyənləşdirilməsi ilə
bağlıdır. Axı, xeyirxahlıq anlayışı
insandan-insana dəyişir: müəyyən sərhədlər
daxilində yol verilənləri birləşdirmək, təkmilləşdirmək,
uzlaşdırmaq lazımdır. Birisi
üçün oxusun deyə uşağı döymək,
başqası üçünsə onunla ümumi dil tapmaq
xeyirli sayılır, bir başqası isə oxumağı
qadağan edir, çünki fikirləşir ki, alimlərdən
bir xeyir yoxdur və ilk növbədə uşağa gündəlik
ruzi qazanmağın yollarını öyrətməyi vacib
sayır. Kiminə görə birdən-birə varlanan və
lüks maşında gəzən dövlət məmuru olan
qonşusu haqqında aidiyyəti orqanlara məlumat vermək
satqınlıq sayılır, digəri üçün bu, Vətən
qarşısında önəmli vətəndaşlıq
borcudur və Qərbdəki kimi fikirləşir ki, əgər
pullar oğurlanıbsa, deməli, xalqdan oğurlanıb, bu
haqda susmağın özü isə satqınlıqdır.
İkinci problem bizim xalqın, millətin tərifinin
verilməsi və hüdudlarının müəyyən edilməsi
ilə bağlıdır. Bu, təkcə Azərbaycan
vətəndaşları iləmi məhdudlaşır, yoxsa
qüdrətli Türk və İslam dünyası qədər,
bəşəriyyət və kainat qədər qlobaldır?
Üçüncü problem onunla bağlıdır ki,
biz hansı üsulla, hansı təmtəraqlı şüarlarla
insanları birliyə çağıraq ki, bütün
müxtəlifliklərinə baxmayaraq, sarsılmaz bir vəhdət
vücuda gətirə bilək. Vahid bir xalq kimi
hansı vasitələr seçə bilərik və ya
seçməliyik ki, biz dünyada eşidilək, ehtiram
görək və öz mövqeyimiz və nüfuzumuz olsun.
Meydanda 11 futbolçunun hərəsi özü
üçün oynayanda nə baş verdiyini biz
hamımız yaxşı bilirik. Yeri gəlmişkən,
qeyd edim ki, bizdə bütöv bir mütəxəssis heyətinin
çalışdığı yarışlar, kollektiv təşkilatlar,
cərrahi əməliyyatlar kimi komanda fəaliyyətlərində
də tez-tez müəyyən problemlərlə
qarşılaşırıq. Komanda ilə
hərəkət etməyi məktəb partasından öyrətmək
gərəkdir - xaricdə, xüsusən Yaponiyada bunun
üçün müxtəlif metodlar işlənib
hazırlanıb.
- Sizin görüşünüzə
görə, bizim Milli ideya hansısa konkret bir millətə
aiddir, yoxsa o, Azərbaycan vətəndaşlığı ilə
müəyyən olunur?
- Azərbaycanın Milli ideyası planetdəki
bütün insanların xoşbəxtliyinə hədəflənməlidir. Lakin onun
icrası Azərbaycan vətəndaşlarının və
bizim bütün dostlarımızın öhdəsinə
düşür. İdeal perspektivdə isə
bütün dünya bizim dostumuza çevriləcək. Yəni Azərbaycanımız elə bir bilik,
bacarıq və şüur səviyyəsi göstərməlidir
ki, digər ölkə və xalqlardan, onların
keçmiş və müasir tarixdəki rolunu analiz etməyə
və ümumbəşəri ideyalardan ilham alaraq onlara
müvafiq Milli ideya yazmağa dəvət alaq. Misal üçün, şimal qonşumuz Rusiya
neçə illərdir, Milli ideya axtarışındadır
və bu mövzuda hətta müsabiqə də elan olunub;
onlara yardımçı olmağımız hər kəsə
fayda verərdi.
Mən "Vətəndaş ideyası" yerinə
ölkəmiz üçün "Milli ideya" ifadəsini
tərcih edirəm, çünki bizim ölkənin kontekstində
bu anlayış daha dərin məna daşıyır.
Mən
bizim xalqın sərhədlərini 3 əsas həddə
müəyyən edirəm: Azərbaycan Respublikası vətəndaşlarından
ibarət əhali, Azərbaycan Respublikası hüdudlarından
kənarda yaşayan azərbaycanlılar (bizim əzəli
tarixi ərazilərimizdə yaşayan əhali və harada
yaşamasından asılı olmayaraq Azərbaycanı
özünə Vətən sayan bütün xalqların
nümayəndələri) və Azərbaycanın müstəqilliyini,
güclənməsini istəyən Türk ailəsinin digər
xalqları. Yaddan çıxarmayaq ki, İranda yaşayan Azərbaycan
türklərinin sayı 35 milyondan az deyil
və bu, ölkəmizin ümumi əhalisinin sayından dəfələrlə
çoxdur. Dağıstan, Gürcüstan, İraqın vaxtilə
bizim torpaqlarımızın hüdudları daxilində
olmuş məlum regionlarında da kifayət qədər azərbaycanlı
yaşamaqdadır. Ona görə də ümumiyyətlə
"Azərbaycançılıq" məfhumu altında hər
necə olsa da, sözün həqiqi mənasında 50 milyondan
artıq azərbaycanlının da mənafeyinin müdafiəsi
başa düşülməlidir - necə ki, biz hər il dekabrın
31-də Dünya Azərbaycanlılarının Həmrəylik
gününü qeyd edirik.
Sırf Azərbaycan Respublikası vətəndaşlarının
maraqları isə əslində, mənim təklif etdiyim
"Azərbaycan respublikaçılığı" məfhumuna
daxildir. "Azərbaycançılıq" və "Azərbaycan
respublikaçılığı"
anlayışlarını daxili oxşarlıqlarına və
bir-birini tamamlamasına baxmayaraq, onları fərqləndirmək
lazımdır.
"Türklük" və
"Türkçülük" isə dünyadakı
bütün Türk xalqlarının 300 milyonluq nüfuzunun
(habelə Türk respublikalarının bilmərrə
bütün vətəndaşlarının) dövlətlərüstü
identifikasiyası çərçivəsində terminlərdir. Türkçülük,
Azərbaycançılığı və Azərbaycan
Respublikaçılığını daha da genişləndirir,
dərinləşdirir və mənayla zənginləşdirir.
Tam oxşamasa da, yaxın keçmişimizə, müstəmləkə
dövrümüzə nəzər salsaq və vaxtilə
özünün müfəssəl ideologiyası ilə
böyük şöhrət qazanmış və ideologiya təşkili
baxımdan ondan çox şey öyrənə biləcəyimiz
Sovet İttifaqı ilə bir bənzətmə aparaq. SSRİ-də
Azərbaycan daxilində bütün əhali həm azərbaycanlı,
həm sovet insanı sayılırdılar. O dövrdə,
xaricdə isə ümumiyyətlə, bizi çox vaxt rus
adlandırırdılar. Necə ki, erməni də bizi Azərbaycan
türkü, ləzgi, talış deyə ayırmır və
hamımızı "türk" adlandırır; tarixən
bizə qarşı həyata keçirdikləri
soyqırımlarda da bizə "fərq qoymayıblar" -
elə Bakı və Quba qırğınlarında
hamımızı ucdantutma qırması bunun bariz nümunəsidir.
Yəqin ki, erməni eyni mədəniyyətə, tarixə, həyat
və düşüncə tərzinə, mentalitetə, adət-ənənəyə
malik insanları ayırmaqda "çətinlik çəkir"
və bu, ona heç lazım da deyil. Biz niyə ayıraq!? Aramızdakı təbii fərqləri bir-birimizi dərindən
tanımaq və daha da yaxınlaşmamız üçün
istifadə etməliyik.
Müxtəlifliyimiz
birliyimiz üçün olmalıdır!
- "Milliyyətindən,
dinindən, dilindən, dünyabaxışından
asılı olmayaraq hamıya mehriban dostluq münasibəti bəsləmək
lazımdır" kimi sadə çağırış niyə
umulan nəticəni vermir və sizdə bu ideologiyanı yeni
elementlərlə təkmilləşdirmək istəyi
doğurur?
-
Parçalayıcı faktorlara nisbətən birləşdirici
amillər keyfiyyət və kəmiyyətcə daha çox
olmalıdır. Məsələ
burasındadır ki, Azərbaycan planetdə yeganə ölkə
deyil və coğrafi mövqeyə görə ətrafımız
daban-dabana bizə zidd görüşlərə malik, ideoloji
cəhətdən güclü ölkələrlə
sarılıb. Azərbaycan SSRİ kimi
ideoloji təcrid şəraitində yaşamır və ona görə
də bizim ideologiyamız bu gün şüurlarımıza
edilən xarici müdaxilələrə dayanıqlıq
göstərə bilməsi üçün sovetin
ideologiyasından daha güclü olmalıdır. Dincəlmək, işləmək, təhsil
üçün xaricə üz tutan, bu və ya digər
formada əcnəbilərlə təmas quran vətəndaşlarımızın
sayı son 15 ildə əhəmiyyətli dərəcədə
artıb, həmçinin, əhalinin bizə ədavət bəsləyən
ideoloji veb-saytları da barındıran internetlə əhatəsi
genişlənməkdədir. İnternet və
yabançı həyat ideologiya üçün ciddi
sınaqdır. Deməli,
insanlarımızın ideologiyası güclü və
dayanıqlı olmalıdır, çünkü dörd tərəfimiz
bizim ideologiyanı öz ideologiyaları ilə əvəz etməyə
fürsət gəzənlərlə doludur.
Həkim
kimi fəaliyyətimlə əlaqədar il
ərzində 2000 nəfərə yaxın pasiyenti konsultasiya
edirəm. Hər pasiyentə də xeyli vaxt
ayırıram və bir şəxsiyyət kimi onların
etibarını qazanmaq üçün paralel şəkildə
müxtəlif mövzularda söhbət edirəm. Əvvəla, bu, mənim tibbi göstərişlərimə
sonradan onların riayət etməsinə zəmin yaradır.
İkincisi, bu, məni tonusda saxlayır: o mənada ki, mən
uşaq pleysteyşnlərindən tutmuş yeni hərbi sənayedəki
raket komplekslərinə qədər dünyada hər şey
haqqında təsəvvür əldə etmək
üçün daim öz üzərimdə işləyirəm.
Üçüncüsü, bununla mənim
onların dünyagörüşü haqqında müəyyən
təsəvvürlər əldə etmək imkanım yaranır.
Gördüyünüz kimi, mənim mənbələrim
geniş çeşidlidir və ona görə də əldə
etdiyim nəticələrin doğruluq payı çox yüksəkdir.
Fikrimcə,
Milli ideyamız əhatəsindəki bu və ya digər dərəcəli
radikal düşüncəli adamları 20-yə qədər əsas
tipdə qruplaşdırmaq olar: radikal pantürkçülər,
radikal panmodernistlər,
radikal panislamçılar və onların müxtəlif nisbətlərdə
qarışıqları - türkçü-modernistlər,
türkçü-islamçılar,
islamçı-modernistlər və sair. Bunları
da alt qruplara bölmək olar. Məsələn,
modernistlər müxtəlif tiplərdə ola
bilər - sırf elm adamları və ya modernizmi yalnız
Avropa geyimi və yaşayış tərzi kimi başa
düşənlər və ya hər ikisinin
qarışığı. Bu qrupların hər biri də əsas
2 cürdür: azərbaycanca (və ya digər Türk ailəsi
dillərində) düşünən həmvətənlilərimiz
və əcnəbi dildə düşünən
soydaşlarımız. Bundan əlavə, milli identikliyin silinməsi
ilə sonuclana biləcək radikal multikulturalizmin müxtəlif
mənşəli şüursuz
dağıdıcılığa malik nizamsız tərkiblərinin
geniş rəng çalarlarını da fərqləndirmək
mümkündür.
Radikalizmin
istənilən təzahürü pisdir - yetkin halda fikrindən
daşındırmaq praktiki olaraq mümkün deyil, fiziki təcrid
isə yalnız müvəqqəti və az
təsiredici tədbirdir. Ona görə də müxtəlif əqidələr
cəmiyyəti parçalamasın deyə, ideoloji tərbiyəni,
az qala, beşikdən başlamaq lazım gəlir.
Burada 2 cəhəti
fərqləndirmək lazımdır: bir var, cəmiyyəti
parçalayan, bir də var, zənginləşdirən
müxtəliflik. Ona görə də ideoloji cəhətdən
hər şeyi ətraflı ölçüb-biçmək,
birləşdirən və bərkidən müxtəliflikləri
təqdir etmək gərəkdir.
Konkret örnək-problemlər:
Örnək 1. Əgər bizim vətəndaşımız
hansı etnosa mənsub olmasından asılı olmayaraq
Türkiyəni sevmir və ehtiram göstərmirsə, onda
faktiki olaraq Azərbaycanı da sevmir və ehtiram göstərmir.
Əgər kimsə əksini iddia edirsə, o, həqiqi
vətənsevər deyil, bu, tarixi köklərdən məhrum,
bu günü və gələcəyi olmayan yalançı vətənpərvərlikdir.
Həmçinin, bu, bayrağımıza
saymazlıqdır, onun üst zolağının ehtiva etdiyi mənaya
ziddir. Ona görə də əgər siz Azərbaycan vətəndaşına
sağlam türksevərliyi öyrətməsəniz, müxtəlif
yollarla ona türkofobiya və ya dağıdıcı
pantürkizm aşılayan tapılacaq. Bildiyiniz
kimi, hər ikisi bizim təməllərimizi sarsıtmağa
yönəlib.
Örnək 2. Azərbaycanda böyüyən
uşağa kiçik yaşından Azərbaycan dili öyrədilmir.
O, hansısa xarici dildə dil açıb və dünyaya
onların nağılları və ədəbiyyatı
prizmasından baxır. Onun böyüyəndə
özünü türk sayması ehtimalı nə qədərdir?
Məhz buna görə də Azərbaycan dilini
azərbaycanca düşünməyi mümkün edən
lazımi səviyyədə bilmək Azərbaycan vətəndaşının
şəxsi işi sayıla bilməz. Hərc-mərclik,
təfriqə və nifaq imkanın, artıran heç bir
şey vətəndaşın şəxsi işi sayıla
bilməz.
Yeri gəlmişkən,
Orxon-Yenisey abidələrində ətraflı təsvir edilib
ki, cəmi 50 il Çinin hakimiyyəti
altında olmaq biz türklərin öz soylarını, öz
dillərini yadırğaması üçün kifayət
edir, hətta uşaqlara çin adları qoymağa
başlamışdılar. Yeni türk
hökmdarlarına türk kimliyini, müstəqilliyini bərpa
etmək olmazın zəhmətlər hesabına başa gəlmişdi.
Örnək 3. Müsəlman, ya qeyri-müsəlman olsun, fərq etməz,
hansısa bir Azərbaycan vətəndaşı əgər
İslama hörmət etmir, onun təbliğ etdiyi xeyir,
dözümlülük, bərabərlik və demokratik dəyərləri-insana,
elmə məhəbbət barədə heç nə bilmirsə,
bu, bizim üçün də, dünya üçün də
problemdir.
Örnək 4. Əgər ailədə, məktəbdə
və universitetdə dəqiq fənlərdən savayı,
hansısa digər xüsusi fənlərdən heç nə
öyrədilməyən, yəni ideoloji özünüdərk
hissini mənimsəməyən insan xaricdə oxuyub
böyük alim olarsa, onun bizim ölkəyə böyük
fayda verəcəyi ehtimalı nə qədərdir?! Məgər
onun vətənpərvərlik hissi aşılanmayan ürəyi
Azərbaycan üçün və ya Türk Dünyası
üçün döyünərmi?! Məncə,
böyük ehtimalla adam necə deyərlər,
sadəcə, "dünya vətəndaşı" olacaq.
Belə bir analogiya gətirim. Gözəl bilinir ki, insan sağlam
qidalanmalıdır, əgər bunu ona məktəb
partasından öyrətməsək, nəticədə nə
əldə edirik: tütün, energetik içkilər, GMO,
ayaqüstü yeməklərdən ibarət qapalı dairə
- onlara iştahgətirici və asılılıq yaradan o qədər kimyəvi
pereparatlar qatırlar ki, sonra tərgitmək də çətin
olur.
- Problemlərlə məsələ
aydındır. Həll yollarını necə
görürsünüz? Bizim Milli
ideyanın mücəssəməsi nədir?
- Qeyd edim
ki, Milli ideyamız əsasən müqəddəs milli
bayrağımızda təcəssüm olunub. Bayrağımızın
tərkib hissələrinin mahiyyəti üzrə təhlil
etsək, əksər suallara cavab vermiş olarıq. Lakin bu təhlil müfəssəl və təfərrüatlı
olmalıdır. ADR dövründə
bayrağın baş ideoloqu Əli bəy Hüseynzadə
olub. Hər ikimizin Rusiya və sonra da
Türkiyədə tibbi təhsil almağımız və
dolayısıyla yaşadığımız mühitlə
düşüncələrimizin bənzər şəkildə
zənginləşməsini müşahidə etdim. Əsərlərindən bir çox şeyi mənimsəyərək
qloballaşan müasir dövrün
çağırışlarına uyğun önəmli
şəkildə təkmilləşdirmişəm.
Ardıcıllıqla nəzərdən keçirək. Çoxları
elə fikirləşir ki, bayrağımızın yuxarı
göy zolağı Türk etnosuna mənsubluğu və
yalnız Türkçülüyü bildirir. Hətta bəziləri multikulturalizmin bugünkü
aktuallığını nəzərə alıb elə bil
digər etnosların xətrinə dəyməmək
üçün bundan bəhs etməməyə
çalışır. Əslində,
çox bəsit yanaşmadır və bu məsələ qətiyyən
bu qədər bəsit deyil. Əgər dəqiq desək,
burada hər bir hərfin öz mənası var və
bayrağın yuxarı zolağının mavi rəngi
"Türk çoxmillətliyini" göstərir. Başqa
sözlə, Türk çoxluğunda, Türk öndərliyində,
Türk ədaləti altında çoxmillətliliyi simvolizə
edir. İnternet ortamında Azərbaycan
bayrağına münasibətdə bu termin yalnız ingilis
variantında "Turkic Multinationalism" formasında rast gəlinir.
Bu da müvafiq olaraq müxtəlif dillərdə,
həmçinin doğma dilimizdə geniş məqalələrin
yazılması ehtiyacını ortaya qoyur. Bayrağın üst şəridinin bu şəkildə
izahı bütün milli azlıqların nəzərə
alınması faktının təsdiqidir. Bəli, bizdə bütün insanlar etnik mənsubiyyətindən
asılı olmayaraq bərabərdir və bu, ölkəmizin əhalisinin
90 faizindən çoxunun Azərbaycan türkü olması
faktını istisna etmir. Bu faktların
qabardılması isə bizim xalqın həqiqi
böyüklüyünü bir daha vurğulayır: biz
çoxluq prinsipi müqabilində bərabərhüquqluq
prinsipini istifadə edirik.
Həmçinin Türkçülük çərçivəsində
dövlət dilimiz olan Azərbaycan dilini lazımi səviyyədə
bilmək vahid Azərbaycan-Türk identifikasiyasının
formalaşmasının özül daşlarından biridir. Məşhur
İsmayıl bəy Qaspıralı demişkən, dildə,
fikirdə və əməldə birlik.
Mavi
zolağa analoji olaraq yaşıl zolağın mənasını
izah edərkən də onun sadəcə İslamı ifadə
etdiyini demək əvəzinə "İslam
multikonfessionallığı"nı təmsil
etdiyi söyləməyi doğru sayıram və bir ilk olaraq
təklif etmişəm. Bizdə bütün dinlərin
nümayəndələri bərabərdir, amma
unudulmamalıdır ki, əhalimizin 90 faizindən çoxu
müsəlman olduğu kimi, dünyadakı bütün
Türklərin də 90 faizindən çoxu müsəlmandır.
Ölkəmizin siyasi idarəetməsində və
xalqın iradəsində məhz müsəlmanların təşəbbüskarlığı
sayəsində müxtəlif dinlərə mənsub insanlar
arasında hüquq bərabərliyini qorumaq mümkün olub.
Azərbaycan tarixən müxtəlif dinlərin
və məzhəblərin nümayəndələrinin
bir-biri ilə mehriban sülh şəraitində
yaşadığı məkan olub. Elə
bu da bizim millətin və İslamın
tolerantlığının göstəricisidir.
Qırmızı zolaq, əlbəttə, tərəqqini
simvolizə edir, lakin hansı tərəqqini?! Bədniyyətlilər
deyə bilərlər ki, millətimizin nə etnik, nə dini
təmsili (Türklük və İslam) inkişafa stimul
yaratmadığı üçün tərəqqiyə əlavə
zolaq icad ediblər. Xeyr, bu elə deyil, əks
təqdirdə mənaya görə də cəfəngiyyat
olardı. Həm də ona görə ki, birincisi, İslam qəbulu
öncəsi yüksək inkişaf etmiş Türk
sivilizasiyalarının və Türk dövlətlərinin
(tarixə 120-dən çox Türk dövləti məlumdur),
həmçinin Türk xaqanlıqlarının (skif, etrusk,
hun imperiyaları da daxil olmaqla) torpaqları böyük əraziləri
əhatə edirdi. Digər tərəfdən,
İslam İntibahı dövründə coğrafiyadan
tutmuş astronomiyaya, tibdən cəbrə qədər
bütün sahələrdə ən mühüm elmi kəşflərin
əksəriyyəti məhz müsəlman, eyni zamanda türk
alimlərinin əməyinin məhsuludur. Bundan başqa,
ilk universitetlərin, tədqiqat mərkəzlərinin
yaradılması da müsəlman dünyasına aiddir; elm və
bilik mərkəzləri başlanğıcda məscidlərin
nəzdində fəaliyyət
göstərirdilər. Ona görə də
qırmızı zolağın şərhinə də son dərəcə
diqqətlə yanaşmaq lazımdır.
Məlum olduğu kimi, bizim 3 rəngli əziz
bayrağımızın mərkəzində bəyaz aypara və
səkkizguşəli ulduz da təsvir olunub. Əksəriyyətin
fikrinə görə, aypara İslamı təmsil edir, amma bəziləri
bunu da türklüyün simvolu hesab edir. Ola
bilsin, hər iki tərəf haqlıdır. Səkkizguşəli ulduz isə Cənnətin 8 qapısını
və ya "Azərbaycan" və ya "Odlar Yurdu"
sözlərinin əski əlifba ilə
yazılışını, yaxud dövləti yaradarkən Rəsulzadənin
8 prinsipini (Türkçülük,
İslamçılıq, Müasirlik, Dövlətçilik,
Demokratiya, Bərabərlik, Azərbaycançılıq, Mədəniyyət)
və ya o dövrün təsnifatına görə 8 Türk
xalqını (azərbaycanlılar, osmanlılar (indiki
türkiyəlilər), çağataylar, tatarlar, qazaxlar,
qırğızlar, səlcuqlar, türkmənlər) təcəssüm
edir. Səhih məlumdur ki, ağ rəngli
səkkizguşəli ulduzla ayparanın birgə təsviri
müəlliflərinin fikrincə, xoşbəxtliyin rəmzidir.
Əhalisi çoxmillətli və dünyəvi dövlətin
bayrağında həm etnik köklərə, həm də
dini əsasa istər tarixi ehtişam mənasında, istər
gələcək inkişaf və tərəqqi mənasında
bir kərrə deyil, iki dəfə işarə edilir. Aypara və
ulduzun bayraqdakı yerləşmə yeri və miqyası bir
neçə dəfə dəyişdirilsə də, sonunda qərara
alınıb ki, məhz qırmızı zolağın
ortasında yerləşdirilsin. Qısaca,
qırmızı zolaq üzərində aypara və ulduzla
birlikdə müasirliyi və demokratiyanı heç də
tarixdən məhrum edilmiş əlahiddə şəkildə
deyil, məhz bizim qədim mədəniyyətimiz və xilqətimizə
hörmətlə bərabər simvolizə edir - o cümlədən,
Qərbin elmi nailiyyətlərini və həyat tərzini mənimsəməyə
məhz bu prizmadan yanaşmaq lazımdır. Qısa olaraq, mən bunu "Unikal tərəqqi"
adlandırıram. Budur, daha dərin şərh
edəndə hər şey öz yerini tutur.
Yeri gəlmişkən, multikulturalizmi ayrıca qeyd etmək
istəyirəm. Multikulturalizm ideyasını təbliğ edən
xalqların, fikrimcə, üç əsas qrupunu fərqləndirmək
olar: birinci qrupa bünyəsiz, özülsüz xalqlar, yəni
ümumiyyətlə, bütün etiqadları qəbul edən,
digər ölkələrin bir çox ideyalarına loyal olan
kosmopolit amorf cəmiyyətlər daxildir. Digər
qrupa təxminən eyni miqdarda bir-biri ilə
qarışmış bir sıra millətlərin
yığnağı olan xalqlar aiddir. Nəhayət, müəyyən
bir etnosun öndərlik etdiyi ideoloji cəhətdən təşəkkül
tapmış qədim xalq - hansı ki, başqalarının
görüşlərinə hörmət bəsləməklə
bahəm yad fikirləri yalnız öz məfkurə süzgəcindən
keçirərək mənimsəyir. Baxın,
Azərbaycan bu üçüncü xarakterə aiddir və
bunu unutmaq olmaz. Əlbəttə, biz
başqalarının mədəniyyətinin
inkişafını dəstəkləməliyik, amma əvəzləməyə
imkan verməməliyik: əlahiddə şəxslərin qaba
hərəkətləri ümumi xalqın mədəniyyətinə
şamil olunmamalıdır. Əslində, mədəniyyət
cildindəki mədəniyyətsizliyi deyil, məhz əsl mədəniyyəti
dəyərləndirmək lazımdır. "Unikal tərəqqi"nin istiqamətlərindən biri də elə
budur.
Biz təkcə
Türkoloji konfranslarda, Türk, İslam forumlarında müsəlman,
kübar dairələrdə incə təbiətli və mədəni
adam, elmi konfranslarda dünyəvi elm xadimi
kimi davranmaqla qalmamalı, bu keyfiyyətləri həmişə
və hər yerdə daşımalıyıq.
Ardı gələn çərşənbə
sayımızda
525-ci qəzet.-
2020.- 14 mart.- S.10-11.