Məmməd
Orucun "Oyun havası"
Məmməd
Orucu (Orucov Məmməd Kazım oğlunu) çoxdan - hələ
Yazıçılar İttifaqında işlədiyim vaxtlardan
tanıyıram. Çox
maraqlıdır, Vikipediyada onun əmək bioqrafiyasını
nəzərdən keçirərkən orada özümlə
xeyli oxşarlıq gördüm: eynən mənim kimi 70-ci illərdə
Azərbaycan Dövlət Teleradio Komitəsində
çalışmış, 1980-ci ildə Yİ-nın
orqanı "Azərbaycan" jurnalına işə düzələrək
əvvəlcə adi ədəbi işçi olmuş, sonra
isə şöbə müdirinəcən "yüksəlmişdir".
Mən də Yİ-da 80-ci ilin əvvəllərində
işə girmişəm. Biz 1983-cü ildə
bir yerdə SSRİ Yazıçılar İttifaqına
üzv qəbul edilmişik. Mən hələ
o vaxt gənc nasirin əsərlərinə təkcə bizim
jurnallarda deyil, eləcə də Moskva nəşrlərində
rast gəlirdim. Məsələn, o vaxt nüfuzlu Rusiya nəşriyyatları
"Molodaya qvardiya" və "Sovetski pisatel" Azərbaycan
yazıçılarının əsərlərini həvəslə
çap edirdilər, onda ki ola özünün ruscadan azərbaycancaya
tərcümələrilə Moskvada tanınan Məmməd
Oruc. O, bu gün də rus nəsrini həvəslə tərcümə
edir və hətta bir müddət əvvəl Moskvada
nüfuzlu mükafata layiq görüldü.
Lakin bu haqda bir qədər sonra. Hələlik isə
demək istəyirəm ki, qəribə də olsa, bizim Məmməd
Orucla daha yaxın münasibətimiz elə də çoxdan
yaranmayıb. Qabaqlar onu əsasən
"Azərbaycan" jurnalının əməkdaşı və
qatı şahmat həvəskarı kimi tanıyırdım.
Mən nə vaxt Yazıçılar
İttifaqının ədəbi orqanlarımızın yerləşdiyi
üçüncü mərtəbəsinə
qalxırdımsa, demək olar ki, həmişə Məmməd
Orucla Siyavuş Məmmədzadəni fasilədə, yaxud
işdən sonra şahmat taxtası arxasında
görürdüm. O vaxtdan, deməyə ürək eləmirsən,
nə qədər vaxt keçib, onlar isə hələ də
oynayırlar. Yaşda sanballı fərqə
baxmayaraq, indiyəcən ürək dostudurlar (Siyavuş Məmməddən
12 yaş böyükdür). Siyavuş
müəllim kefsizləyib işə
çıxmadığı vaxtlar mən əziz
ustadımıza baş çəkərkən, demək olar
ki, həmişə orada Məmməd Orucu görürdüm.
Bizim bu utancaq, çox təvazökar, amma son dərəcə
zəhmətkeş və istedadlı söz xiridarıyla, əsl
ədəbiyyata elə mənim kimi "sirli ehtirasla" - təmənnasız
məhəbbətlə bağlanmış şəxslə
ünsiyyətimiz belə başladı.
Mən Məmmədə son kitablarımı
bağışladım, o, əvəzində bir müddət
əvvəl qələmə aldığı əsərlərindən
göndərdi. Ona bağışladığım
bütün kitablarıma çox operativ surətdə, səmimiyyətlə
münasibət bildirərək "525-ci qəzet"də
iki-üç geniş məqalə dərc etdirdi. Mən isə, boynuma alıram, onun belletristikasını
bu yaxınlarda oxuyub başa çıxa bilmişəm və
budur, həmkarımın yaradıcılığına dair
düşüncələrimi bölüşmək qərarına
gəlmişəm, illah da kitabları qəlbimin bəzi
mübhəm tellərini riqqətə gətirdiyi
üçün.
Dərhal deməliyəm ki, Məmməd Orucun povest və
romanlarının qiraəti asan məşğuliyyətlərdən
deyil. O, belə
demək mümkünsə, müasir yazıçı deyil.
Mövzu və sujetin qeyri-müasirliyi mənasında yox, o cəhətdən
ki, çox dərin "qazır", onun kitablarında ikinci
və üçüncü plan da var, əsl fəlsəfi dərinlik
mövcuddur. Bir sözlə, Məmməd Orucun
kitabları bu gün, təəssüf ki, defisit olan
düşünən oxucu üçündür. Amma
heyf: əgər indiki gənclər, misal üçün,
özlərinə əziyyət verib "Oyun havası"
povestini oxusaydılar, bəlkə də bu qiraət və
oxuduqlarının dərki onları bir çox tələsik
və naqis hərəkətlərdən çəkindirərdi.
Əbəs yerə deməyiblər: bir çox bəlalar,
xüsusən məişət zəminində nadanlıqdan və
təhsilsizlikdən törəyir.
Bununla belə,
düzünü desəm, "Oyun havası" povesti məndə
ağır təəssürat oyatdı - soluxma, qüssə,
keçmiş üçün nostalji qoxusu duyulur... Və bir də, hamını hökmən əbədiyyət
kandarında gözləyən ölüm qoxusu. "Oyun havası" povestinin canına
büsbütün ölüm qoxusu hopmuşdur. Süjet
mentalitetimiz üçün kifayət qədər qeyri-adidir:
Məti adlı kəndli oğlan mümkünsüz və
eyni zamanda, müqəddəs heç nə bilməyən
rayonun əsas avtoriteti Əlizamanı öldürür. O, həyatda
çoxlarına kömək edib - kimini işə, kimini
instituta düzəltməklə. Amma bir
çoxunun taleyini kor qoyub. İlk növbədə
isə iki uşaqla atıb, məşuqəsi Anuşun
yanına gedən qanuni arvadı Aynanın taleyini.
Bütün povest təcili yardım maşınına uzadılmış mələfəyə bükülü meyitin və bir zamanlar Əlizamanın yaşadığı evin həyətinə girmiş maşının özünün fonunda cərəyan edir. Sürücü əvvəlcə nəşi Əlizamanın məşuqəsinin yanına aparır, lakin o, bunu yaxın qoymur, yəni başa salır ki, mənlik deyil. Qardaşı Heydər də həmin cavabı verir: "Mən onu çoxdan dəfn eləmişəm, apar onu öz evinə..." Amma qanuni arvadı da uzun müddət nəşi qəbul etmək və yas qayğıları ilə əlləşmək istəmir, çünki bu qəddar kişi özündən sonra çox ağır xatirələr qoyub gedib. Heç bir kənd adamı, Əlizamanın heç bir tanışı onu son mənzilə yola salmağa gəlmir. Avtoritetin keçmiş qonşuları isə adətə zidd olaraq toyu təxirə salmırlar və Aynanın həyətində uzadılmış meyitə baxmayaraq, onların evindən şən oyun havası bütün kəndə yayılır.
Ümumiyyətlə, bütün povest bizə bu dünyanın faniliyini, keçiciliyini xatırladan uzun, kədərli melodiya kimidir. Ölümündən sonra mərhumdan yalnız ya müsbət, ya mənfi xatirə qalır. Və bu dünyada yaşayanların hamısı bunu yaddaşlarına həkk etsələr pis olmaz.
Əsər qeyri-adi rəvayət üslubunda qələmə alınıb, povestin dili yerli-yataqlı, mürəkkəb, obrazlıdır. Məmməd Orucun dili barəsində ümumiyyətlə, ayrıca tədqiqat işi yazıla bilər - onun bədii dili çeynənməmiş, hətta ədəbi dildə az işlənən söz və ifadələrlə doludur. Yəqin bu sözlərin çoxu əvvəlcə Qərbi Azərbaycanın məşhur Vedi kəndində, sonra isə hökumətin Məmmədin ailəsini digər həmkəndlilərinin ailələriylə birlikdə 1951-ci ildə köçürdüyü Beyləqan rayonunun Şahsevən kəndində keçən uşaqlığından yaddaşına həkk olunanlardır (40 ildən sonra Məmməd Oruc o faciəvi günləri 1991-ci ildə M.F.Axundov Mükafatına layiq görülmüş "Köçürülmə" romanında canlandıracaqdı). Görünür, Məmməd öz gələcək əsərlərinin zəngin söz ehtiyatı üçün elə oralara, o axar-baxarlı yerlərin təbiətinə, ab-havasına, böyüklərin söyləmə və söhbətlərinə borcludur. Lakin o, povest və hekayələrin necə olsa müasir oxucu üçün yazıldığını anlayaraq belə sözlərdən ifrat istifadə etmir...
"Malakan kəndinin payızı" povestini də çox bəyəndim. Əsər bir ziyalının gündəlik qeydləri formasında yazılmışdır. O, atasının və İrina Vasilyevna adlı Malakan qadının səyləri nəticəsində mükəmməl təhsil alır, universitetin nüfuzlu fakültəsini bitirir, diplomat olur, səfir vəzifəsinə yüksələrək bir çox illər ölkəsini xaricdə təmsil edir. Ömrünün sonlarında, yaşı 70-i ötərkən həyatının müəyyən dövründə ona doğma anasını əvəz etmiş İrina Vasilyevnanı axtarmağa yollanır, lakin keçən müddətdə respublikamız müstəqil dövlət olub və bir çox ruslar kimi İrina Vasilyevna da Azərbaycanı tərk edərək qızının yanına, Ukrayna Draqobıçına çıxıb getmişdir.
Hekayətin sonunda qəhrəman, Draqobıç kilsəsi keşişinin saxladığı fotoşəkil sayəsində İrina Vasilyevnanın məzarını tapır. Keşiş adsız məzarlarda dəfn olunanların şəklini çəkir və ümid edir ki, nə vatxsa bu insanların qohumları doğmalarının axtarışında kilsəyə gəlib çıxarlar və o, onlara yardım edər. Necə ki, hekayəmizin qəhrəmanına yardım edir və o da, gec də olsa öz analığına son dəfə "bağışla" deyə bilir.
Bu kiçik povesti oxuyub düşündüm ki, ata oğlunu öz kökündən ayırıb rusca danışmağı və yazmağı öyrəndiyi Malakan kəndinə təhsil almağa yollayaraq ona əla karyera qurmaq imkanı yaratmış, lakin xoşbəxt edə bilməmişdi. Bir də fikirləşdim ki, povestin qəhrəmanı doğma kəndində qalsaydı, səfir vəzifəsinə çatmasa da, baytar, əkinçi, yaxud kənd müəllimi olardı, lakin özünü ömrünün sonunda hiss etdiyindən dəfələrlə xoşbəxt sayardı. Axı boş yerə deməyiblər ki, "Doğma yer karlı olar". İrina Vasilyevna kimi keçmiş SSRİ-də yaşayan yüz minlərlə həmvətənimizi də keçən əsrin 90-cı illərində ölkənin süqutunun amansız küləkləri dərbədər etdi, Sovet İttifaqının hər tərəfinə səpələdi, "uzaq xaricə" tulladı. Bu, insanların qəlblərində keçmiş günlərə möhkəm nostalji izlər buraxdı, o günlərə ki, ruslar və azərbaycanlılar, gürcülər və yəhudilər, ukraynalılar və ləzgilər bir böyük ailə kimi yaşayaraq ucsuz-bucaqsız ölkənin istənilən guşəsində özlərini rahat hiss edirdilər.
Bir zamanlar zəngin Azərbaycan kəndində, öz evində, hörmət içində dövran sürən o qadının uzaq Draqobıçdakı adsız məzarı oxucuya, nə vaxtsa vahid nəhəng ölkəni belə biabırçılıqla və qəddarcasına dağıdan kəslərə ünvanlanan hiddətli ricətlərdən daha çox və kəskin şeylər söyləyir...
Müəllifin tədricən, israrla təlqin etmədən böyük fəlsəfi problemlərin dərin qatlarına nüfuz edə bildiyi həcmcə bu kiçik povesti oxumağım məndə bu qəbil çoxlu düşüncələr oyatdı.
Nisbətən yaxınlarda yazılmış (2017-ci ilin oktyabrında Truskavetsdə istirahətdə olarkən) daha bir kiçik povest "Veteran" adlanır. Sujeti kifayət qədər sadədir - vaxtında iki müharibədə - Əfqanıstan və Qarabağ döyüşlərində iştirak etmiş yaşlı adam "Qarabağ müharibəsi veteranı" adını almağa çalışır və bu zaman məmurların laqeydliyi, biganəliyi ilə qarşılaşır. Komissarın köməkçisi ona nazirliyə şikayət yazmağı məsləhət görür. Veteran elə də edir. Bu zaman Əfqanıstanda xidmət etdiyi illəri və Qarabağ müharibəsinə qatılmasına səbəb olan hadisələri xatırlayır. Məmməd Oruc müharibədən danışarkən bilavasitə dəhşətli döyüş səhnələrinin təsvirinə yer vermir, onun gətirdiyi bəlaları və məhrumiyyətləri pafosla göstərmir. Pafos ümumiyyətlə ona yaddır, o, öz "Veteran" povestinin qəhrəmanı kimi ahəstəliyi, yalqızlığı sevir. Müharibənin dəhşət və eybəcərlikləri çox vaxt elə bu müharibənin korlamış olduğu adi insani münasibətlər vasitəsilə göstərilir və bu səbəbdən o, daha qeyri-təbii və murdar təzahür şəklində təsəvvür edilir. Məmməd Oruc çox vaxt qəhrəmanların xarakterinə, məkan və hərəkət şəraitinə avtobioqrafik xüsusiyyətlər, özünün, yaxud dostlarının həyatından bəzi faktlar daxil edir. Lakin bunu o qədər təbii və bədiiliklə edir ki, bunları yalnız yazıçıya yaxın kəslər sezə bilər.
Povestdə babanın həyatındakı həqiqi sevinci və əsas sərvəti olan istəkli nəvəsi Oğuzla ünsiyyət anları çox təsirli təsvir edilib. Özü də, baba nəvəsilə yalnız ana dilində danışsa da, Oğuz ona rusca cavab verir. Bu situasiya uşaqlığımdan mənə tanışdır. Atam bizimlə Azərbaycan dilində danışardı, rus məktəblərində oxuyan biz - uşaqlar isə ona rusca cavab verirdik və bu, onu son dərəcə qıcıqlandırırdı. Dediklərim, o zaman, XX əsrin 60-70-ci illərində Bakıda Azərbaycan məktəblərinin barmaqla sayıldığı vaxtda idi. Lakin həyəcanlı vəziyyət indiyəcən, müstəqilliyimizin az qala 30-cu ilində də qalmaqdadır. Bakıda rus məktəblərində Azərbaycan dilinin tədrisi son dərəcə pis aparılır və uşaqlarımız, nəvələrimiz əvvəlki kimi öz aralarında rusca danışmağa üstünlük verirlər. Məmməd Oruc povestdə qeyd olunan problemi yazıçı qələmiylə yığcam və lakonik şəkildə işıqlandırmışdır.
Ümumiyyətlə isə "Veteran" povesti sanki alayarımçıq, tələskənliklə yazılıb zorən bitirilmiş bir mətn təəssüratı yaradır. Halbuki müharibədən tələsik və tezis şəklində, cızma-qara kimi yazmaq olmaz. Hətta çox ağır və ağrılı olsa belə, müharibə mövzusu təfərrüatı sevir. Və qəribədir ki, mən bu təfərrüatı Məmməd Orucun 2015-ci ildə "Azərbaycan" jurnalının ikinci sayında dərc edilmiş və şübhəsiz, son illlərin parlaq əbədi hadisəsi olan "Qısa qapanma" romanında tapdım.
"Qısa qapanma" romanı iki köhnə bakılı dost - əvvəllər tanınmış aktyor olan Sərxan Səmədzadə və onun məktəb yoldaşı, 1990-cı ildə doğma şəhərindən qaçmağa məcbur olmuş və 30 ildən sonra yeganə dostuyla görüşmək və doğmalarının qəbrini ziyarət etmək üçün saxta pasportla Bakıya qayıdan Edqar Lalayan haqqında təsirli hekayətdir. Əsər indiki bakılıların (nəinki bakılıların) böyük və orta nəslinin dramını ortaya qoyur, belə ki, onların hər birinin erməni millətindən dostu (ya da rəfiqəsi) olub və onlar haradasa Rusiyada neytral ərazidə görüşərkən ümidsiz həsrətlə itirilmiş cənnəti yad edirlər.
Roman iki, hətta üç qatdan ibarətdir. Birinci qat - Sərxanla
Edqarın Bakıda keçirdikləri bir neçə
gün, onların unudulmaz uşaqlıq yerlərinə baş
çəkmələri, asan olmayan söhbətlər və
nostaljik xatirələrdir. İkinci qat - azərbaycanlıların
Qərbi Azərbaycandan faciəvi surətdə
çıxarılması zamanı həyatını
itirmiş anasının cənazəsinin
qalıqlarını tapıb Bakıya gətirmək
üçün qeyri-leqal şəkildə Ermənistana
qayıdan lal qaçqının hekayətidir.
Və üçüncü qat - bütün maneə və
əziyyətlərə rəğmən, doğma kandarda
yükündən azad olub, ölmək üçün
Kürün dərinliklərinə kürü buraxmağa
üzən iri bir balığın tarixçəsidir. Hər
üç hadisə faciəylə bitir.
Doğma şəhərinə gəlişinin 3-sü
günündə Edqar Lalayan qayıtmaq ərəfəsində
dostunun evində ölür. Və yalnız bu zaman
Sərxan dəhşət içində anlayır ki, Edqar
Bakıya elə yeganə məqsədlə - həqiqətən
xoşbəxt olduğu yerdə ölmək və doğma
şəhərinə əbədi qovuşmaq
üçün gəlibmiş.
Lal qaçqın isə anasının sümüklərinin
qalıqlarını yığdığı
çamadanıyla Ermənistanda həbs edilir. Yeri gəlmişkən,
ona bu uzun yol boyu uşaqlıq dostu Arakel yardım edir.
Nəhayət,
yükündən azad olan balıq da ölür...
Bununla belə, yəni faciəvi sonluğuna baxmayaraq,
roman özündən sonra ümidsizlik hissi buraxmır. Əksinə,
daha çox bizə bir ümid verir. Yəqin,
ona görə ki, praktik olaraq Edqarın doğma şəhərdə
rastlaşdığı hər bir kəs, erməni təcavüzkarları
ucbatından yaşadığı çətin sınaq illərində
insanlıq simasını itirməyib. Onların
heç biri Edqarı tanıyarkən harasa xəbər verməyi
ağlına belə gətirmir. Baxmayaraq
ki, Edqar son anacan məhz bundan ehtiyat edir. Lal
Arakel də Ermənistanda eynilə o cür, təmənnasız
və fədakarlıqla öz azərbaycanlı dostuna kömək
edir. Və ixtiyarsız, səngərin
müxtəlif tərəflərinə düşmüş
iki xalqın nümayəndələrinin şəfqətli, səmimi
hissləri bizdə müəyyən nikbinlik yaradır.
- Bəs
bu müharibə nə ilə bitəcək? - soruşur
Sərxan dostundan.
- Həmişəki
kimi, barışıqla, - çiynini qısır Edqar, - heyf
ki, biz bunu görməyəcəyik.
İstəməzdik ki, əsərin qəhrəmanının
sözləri həqiqət olsun.
... Hesab edirəm ki, "Qısa qapanma" romanı
Qarabağ münaqişəsi mövzusunda yazılan əsərlərin
hələlik ən uğurlusu və sanballısıdır.
Bir vaxt Rüstəm İbrahimbəyovun
"Qafqaz triosu" filmini təhlil edərkən göstərmişdim
ki, yalnız bir halda bu müdriklik tələb edən
mövzuda əsər yaratmaq olar ki, o, Cəlil Məmmədquluzadənin
"Kamança"sı səviyyəsinə yüksəlmiş
olsun. İndi əminliklə deyə bilərəm: bu
asan olmayan mövzuda Məmməd Orucun "Qısa qapanma"
romanında nümayiş etdirdiyi ziyalılıqla,
ağrı və səmimiyyətlə yazmaq lazımdır...
Elmira AXUNDOVA
Millət vəkili, Xalq yazıçısı
525-ci qəzet.- 2020.- 14 mart.- S.14-15.