Azəri çeşnili Kərkük
türküləri
Bu günlərdə kərküklü
alim, prof. dr. Süphi Saatçıdan bir məktub
və "Azəri çeşnili Kərkük türküləri"
adlı məqaləsini aldım.
Məktubda yazılıb:
"Möhtərəm və qiymətli Qəzənfər
müəllim!
Öncəliklə salam, sayğı
və məhəbbət duyğuları ilə sizləri
qucaqlamaq istəyirəm. Kərkük üçün daim
göstərdiyiniz ciddi çalışmalarınız bizi həm
xəcalətli, həm də mutlu etməkdədir. İki hissədən
ibarət "Azəri çeşnili Kərkük
türküləri" və "Küzəçioğlu və
Azəri mənşəli türkülər"
başlıqlı yazını Sizə göndərirəm. İnşallah məqbula geçər və rəğbət
görər. Rəğbət görməzsə,
cırın, atın...
Hörmətli redaktor, prof. dr. Süphi Saatçı İraq-Türkman-Azərbaycan
ədəbi əlaqələri yolunda xidməti olan alimdir.
Mənim Bakıda hazırlayaraq
çap etdirdiyim "İraq Türkman poeziya
antologiyası"na ön söz yazıb
(Bakı, Elm və təhsil, 2019, s.5-8).
Lap bu günlərdə
"Qardaşlıq" dərgisində çıxan
"İraq Türkman ədəbiyyatı Azərbaycanda"
başlıqlı çox maraqlı və sanballı məqaləsini
"Ədəbiyyat qəzeti"ndə (18.01.2020) çap
etdirdik. İxtisasca memar olan Süphi bəy ədəbiyyatı
və musiqini də çox sevir və bir çox kitabları
vardır.
Onlardan biri də İraqda
yaşayan soydaşlarımızın qüdrətli
müğənnisi Əbdülvahid Küzəçioğluna
həsr etdiyi "Kərkükün səsi Əbdülvahid
Küzəçioğlu" əsəridir (Kərkük vəkfi. İstanbul, 1912, 100 s.). Əslində, alimin məqaləsi
illüstrasiyalarla, şəkillərlə zəngin olan bu
gözəl əsər əsasında
yazılmışdır.
Bu maraqlı məqaləni
oxuculara təqdim etməkdən məmnunluq duyuram.
Qəzənfər
Paşayev
Azəri çeşnili Kərkük
türküləri
Köklü bir musiqi ənənəsi ilə yoğrulan
Türkmaneli bölgəsi, özünəməxsus xalq
türküləri ilə Türk dünyasında zəngin
bir repertuara sahibdir. Türkman elində Kərkük,
Ərbil, Tuzxurmatu və Telafər kimi əsas şəhər
mərkəzləri xalq havaları (melodiyalar) baxımından
çeşitlilik göstərir. Xüsusilə,
Türkmaneli bölgəsinin mərkəzi sayılan Kərkük,
qəzəl, xoyrat, divan, Qarabağı kimi uzun hava
çeşidləri yanında qırıq hava deyilən
türkülərlə də Türk dünyasının
ilgili münasibətini göstərən bir mərkəzdir.
Kərkükün
tanınmış xalq sənətçisi Rəşid
Külə Riza və İzzəttin Nemət kimi usta
oxucuların zəngin repertuarında Kərkük türküləri
yanında Azəri çeşnili havalar da vardır. Külə Rizanın oxuduğu
"Qarabağı" - "Segah" adlı uzun havanın
Azərbaycan ilə ilişkilərinin, xüsusi bir
araşdırma və analizi yapılmalıdır. Digər
yandan Azərbaycanda geniş yayılan "Qarabağ şikəstəsi"nin, başqaca melodiya biçimləri ilə bənzərlik
və ya ayrılıqlarını müsiqişünaslar tədqiq
etməlidirlər.
Qarabağı
örnəklərindən:
Düşdü biçarə
könül, atəşi hicrana gənə.
Od tutub yandı könül,
döndü al-qana gənə.
Dönməsəydi
könül qana gənə.
Dönsəydi gül
çöhrəyi xandana gənə.
Sənin ruhi rəvana zülfün
olmuşam
xəstə bugün.
Qalmışam çöllərdə
xandana gənə.
Doldurdu eşq badəsin, eylədi
divana gənə.
Yenə
Külə Rizanın səsləndirdiyi:
Bahar qapı zarınnan
Gözün çəkməz
yarınnan
Bizim oğlan istiri
Sizin baxça barınnan.
Ay balam, əglənə
O damda duran oğlana
Yazığın gəlsin ay nənə
Və ya:
Öləydim, Allah öləydim
Bir də yarı görəydim.
Ceyran (ceylan) mən ölləm.
Bağlantılı (nəqaratlı) türkülər
Azərbaycan dolaylarının rəngini daşıyır.
Küzəçioğlu
və Azəri mənşəli türkülər
Kərkük
xoyrat və türkülərinin usta oxuyucusu Əbdülvahid
Küzəçioğlu (1924-2007), Azəri çeşnili
türküləri səsləndirmədə böyük
başarı göstərmişdir.
Azəri türkülərindən seçmələr
edən Küzəçioğlu, seçdiyi
parçaları türkmanların ağız və musiqi
zövqünə daha da yaxınlaşdıraraq oxumuşdur. Böyləcə,
türkmanların zövqünü qazanan Azəri
çeşnili türkülər, İraq Türkmanları ilə
Azərbaycan arasında sevgi bağlarını daha yüksək
səviyyəyə qaldırmışdır.
Güclü sənət yorumu ilə Küzəçioğlu
Azəri türkülərinin Türkman intellektual kəsiminin
gönlünü də oxşayan geniş bir kütlə
arasında yayırdı. Tanınmış musiqişünas
Mehmet Özbekin (o, kərküklü müğənni
Əbdülrəhman Qızılay ilə Bakıda Rəşid
Behbudov adına Mahnı Teatrında "Kərkük
gecəsi"ndə iştirak edib - Q.P.) də işarə
etdiyi kimi "İraq Türkman musiqisinin gerçək
örnəkləri onun dilində daha melodik bir biçimə
ulaşmışdır.
Türkiyə və Azərbaycan radiolarından dinləyib
bəgəndiyi və Bağdad radiosunda oxuduğu
türkülər üzərində elə gözəl
melodik gedişmələri vardır ki, hər biri Türkman
xalq musiqisinin orijinal əsərləriymiş kimi dinlənmişdir".
Kərküklü şair Əsəd Naib (1897-1992)
"Güz" başlıqlı şeirində Küzəçioğlunun
oxuduğu Azəri türküsünə işarət edərək,
ondan çox təsirləndiyini dilə gətirmişdir. Şeirin son bəndi belədir:
Nəşələnir
bağ-bağçalar
Nur saçarkən ay gecələr.
Başlar artıq əyləncələr
Al Vahiddən dəstə
çiçək.
"Söz verib sabah gələcək".
Burada
sözü edilən türkünün sözləri belədir:
Gettim baxtım bulaqdadır
Ay qız mənə bax, bax.
Əl-üzünü yumaqdadır
Ceyran mənə bax, bax.
Məni görüb utanmaqdadır
Maral mənə bax, bax.
Yar bizə qonaq gələcək
Bilmirəm nə vaxt gələcək.
Söz verib sabah gələcək.
Küzəçioğlunun
oxuduğu Azəri çeşnili türkülərin sayı
çoxdur:
1. Ollam
boyun qurbanı,
Sənsən dağlar ceyranı.
2. Layla
balam, a layla
Şirin dilim, a layla.
3. Samovar
almışam, silənim yoxdu,
Bir dərdə düşmüşəm, bilənim
yoxdu.
Ağlaram, göz yaşım silənim yoxdu.
4. Yeri,
yeri, yeri küsmüşəm sənnə
Ayrılıq badəsin içmişəm sənnə.
5. Vəfasız
6. Ay
qız, tovuz kimi sən
Nə gözəl bəzənmisən.
Prof. dr. Qəzənfər
Paşayev "Böyük nəğməkar da
köçdü dünyadan" məqaləsində: "Bu
mahnıları onun kimi məlahətli səslə oxuyana təsadüf
etmədiyini" söyləyir.
Küzəçioğlunun Türkmanca radiosunda səsləndirdiyi
bir başqa Azəri türküsü də vardır. Nəqaratı belədir:
Harda qaldı, ay balam, mənim yarım,
Getdi gəlmədi anam, vəfadarım.
İstanbulda
çıxan "Qardaşlıq" dərgisinin və Kərkük
Vəqfinin təsisçisi Ərşad Hürmüzlü bu
xalq havasından təsirlənərək "Son məktub"
başlıqlı beş bənddən
ibarət şeir yazmış, ona Küzəçioğlu
musiqi bəstələmiş və xalq tərəfindən
sevilmişdir. Şeirdən bir bəndi burada veririk:
Gecə hər kəs yatağında
Cocuk ana qucağında.
Bir mən düşüncə
çağında
Harda qaldı, ay balam, mənim
yarım.
Getti gəlmədi anam, vəfadarım.
Kərkük dolaylarında məşhur olan "Bu xal nə
xaldı" əski mahnılardan olub, həm Azərbaycanın,
həm də İraq Türkmanlarının malıdır. Eləcə də Azərbaycanda
"Qubanın ağ alması", bizlərdə
"Kərkükdən alma aldım" kimi, İqdirdə
(Türkiyə) isə "Ölürəm yar, sevirəm
yar" kimi bilinən türkü.
Azəri çeşnili bir önəmli türkü daha
var ki, ona təmas etmədən geçmək böyük bir
əskiklik sayılar. Türkiyə radiosunda da sıx-sıx
oxunan mahnı "Maral çıxmış dağ
döşünə" və ya "Gülə gülə"
sözləri ilə bilinməkdədir.
Türkünün sözləri əslində, Azərbaycanın
böyük şairi Səməd Vurğuna aiddir. Küzəçioğlunun
musiqi bəstələyərək "Küzəçioğlunun
xoyrat və bəstələri" kitabına (Kərkük,
1966) daxil etdiyi bəstə həm Türkman ellərində, həm
Azərbaycanda, həm də Türkiyədə qısa surədə
mənimsənilmiş və anonimləşərək Kərkük
türküləri arasına qatılmışdır. Eləcə də müğənninin musiqi bəstələyərək
"Küzəçioğlunun xoyrat və maniləri
kitabına daxil etdiyi "Layla balam, a layla" mahnısı.
Bu bəstənin sözləri Azərbaycanın
görkəmli şairi Rəsul Rzaya məxsusdur.
Sən ömrümün gülüsən,
Gülüsən,
bülbülüsən.
Gül dodağından güləndə
Neyləyirsən gülü
sən.
Layla balam, a layla
Şirin dilim, a layla.
Bizlərdə "layla" deyil, "leylə"
qullanırıq. Küzəçioğlu şeirdə melodik gediş
etmişdir: "Leylə balam, a leylə, Şirin dilin bal eylə".
Bu türkü də anonimləşərək Kərkük
türküləri arasına qatılmışdır.
Azərbaycan dünyasında da Kərkük
türkülərinə qarşı böyük bir ilgi
duyulduğunu burada bildirmək yerində olacaqdır. Özəlliklə "Evlərinin
önü yonca", "Ay dolanaydı", "Altun
üzük yeşil qaş", "Gözələ bax, gözələ", "O
yana döndər məni" kimi türkülər azərbaycanlı
qardaşlarımızın əzbərindədir. Onları ilk dəfə Bakıda Sinan Səid Nərminə
Məmmədova ilə oxuyub.
İraq
Türkman toplumunun səsini dünyaya duyuran böyük sənətkar
Əbdülvahidə həsr etdiyim yazıma müğənninin
sənəti və şəxsiyyəti haqqında dəyərli
araşdırıcı Prof.Dr.Qəzənfər Paşayevin
"Kərkükün səsi Əbdülvahid Küzəçioğlu"
kitabımızda yer alan (səh.43;54) qiymətli
fikirləri ilə son verməyi münasib bildim:
"Tanrı vergili müğənni Əbdülvahid saf
səsi və özünəməxsus üslubda xalq
havaları və xoyrat üsullarını elə məlahətlə
oxuyurdu ki, müğənnilər bu gün də onun ovsunu
altından çıxa bilmirlər. Belə gözəl əda və
üslubda oxumağa xalq arasında Əbdülvahid
ağzı deyirlər... Unudulmaz müğənnini
bir çoxlarından fərqləndirən bir cəhəti də
xüsusi vurğulamaq istərdim. Küzəçioğlu
uzun və mənalı bir ömür yaşadı və
dünyasını dəyişdiyi günə qədər
xalq arasında qazandığı hörmət, izzət, ləyaqət
və məhəbbəti qorudu, xərcləmədi".
Prof. dr. Süphi
Saatçı
525-ci qəzet.-
2020.- 14 mart.- S.19.