Tariximizdəki Eynəli SultanovLARın sorağında

 

VƏ YA BİR TƏDQİQATIN İŞIĞINDA AYDINLANAN MƏQAMLAR

 

Bu barədə çoxdan yazmaq istəyirdim. Eynəli bəy Sultanovla bağlı 8 ilə yaxındır apardığımız tədqiqatların nəticəsində görkəmli yazıçıyla bağlı ədəbiyyatları, o dövrə aid xatirə kitablarını, tədqiqatları acgözlüklə oxuyur, araşdırırdım.

Naxçıvanın başqa bir görkəmli ziyalısı, ədəbiyyatşünas alim, diplomat Əzizi Şərifin kitablarını da məhz bu mənada diqqətlə oxuyurdum. Bu yaxınlarda həmin kitabları bir daha gözdən keçirirərkən Əziz Şərifin qeydləri arasında diqqətimi çəkən bir cümlə ilə qarşılaşdım. 1987-ci ildə "Yazıçı" nəşriyyatında çapdan çıxan "Tapıntılar" kitabının 287-ci səhifəsində Məhəmməd Tağı Sidqiyə həsr olunmuş "Görkəmli müəllim və şair" başlıqlı yazısında qarşımıza çıxan həmin hissəni olduğu kimi buraya köçürmək istəyirəm:

"Məktəbdə dərs verməklə bərabər Səfərov-Sidqi, Naxçıvan şəhərində qabaqcıl ziyalı və maarifpərvərləri öz ətrafına toplayaraq, cəhalətə, mövhümata, nadanlığa qarşı amansız mübarizə aparmışdır. Onun ən yaxın dost və məsləkdaşları Cəlil Məmmədquluzadə, Qurbanəli Şərifzadə, Əsəd ağa Kəngərli (ali təhsilli hüquqşünas), Cümşüd bəy (Paşa ağa) və Eynəli bəy Sultanovlar, Mirzə Məmmədqulu Novruzov, müəllimlərdən Mirzə Əliməmməd Xəlilov, Mirzə Ələkbər Süleymanov, Əbülqasım Sultanov, maarifpərvər Ağa Məhəmməd Əkbərov o zamankı Naxçıvanda yeni, qabaqcıl mədəniyyətin inkişafı uğrunda fədakar fəaliyyət göstərmişlər" (səhifə 287).

Göründüyü kimi, Əziz Şərif burda Məhəmmədtağı Sidqinin özü kimi ziyalı həmkarlarından bəhs edərkən "Eynəli bəy Sultanovlar" deyə yazır. Bu, heç də hər hansı bir şəxsi və ondan əvvəl gələnləri ifadə etmək üçün işlədilən cəm şəkilçisi ola bilməzdi. Elə olsaydı Əziz Şərif cümləsinin əvvəlində və sonrasında adlarını çəkdiyi digər ziyalıları da cəm şəkilçisi ilə fərqləndirərdi.

Elə isə hər kiçik detala xüsusi həssaslıqla yanaşan, "Azərbaycan sənədli xatirə janrının" (Sitat Fərman Xəlilovdandır) yaradıcı olan Ə.Şərif  niyə məhz hamımızın bildiyi və tanıdığı Eynəli bəy Sultanovu cəm (lar) şəkilçisi ilə fərqləndirsin ki? Bu cür düşünmək təbii ki, yanlış olardı.

Bu fikrin yanlış olduğunu irəli sürdüyümüz zaman başqa bir sual ortaya çıxır. Naxçıvan ədəbi-ictimai mühitindəki ikinci Eynəli bəy Sultanov kim idi? Ya da ikinci bir Eynəli Sultanov - Eynəli bəy Sultanov var idimi? Var idisə bugünə kimi niyə onun haqqında hər hansı ədəbiyyatlarda rastlaşmırıq?

Biz məhz bu cəm (lar) şəkilçisindən yola çıxaraq ikinci bir Eynəli Sultanovu axtarmağa başladıq. Sevindirici haldır ki, axtarışlarımız hədər getmədi. Və biz bu mənada Naxçıvanda ikinci belə bir şəxsin varlığıyla bağlı bir neçə tədqiqat əsərində kiçik qeydlərə rast gəldik. Belə ki, tarix üzrə elmlər doktoru Fəxrəddin Cəfərovun Naxçıvan polisinə həsr etdiyi monoqrafiyasında, ömrünü arxivlərdə keçirən, tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyevin məqalələrində ikinci bir Eynəli bəy Sultan(ovun) adı ilə qarşılaşdıq.

 

Yazının ikinci hissəsi...

 

Yazının birinci hissəsini 4 il bundan əvvəl yazmışdım. Musa Quliyevin "525-ci qəzet"in 06 Mart 2020-ci il tarixli nömrəsinin 12-13-cü səhifələrində nəşr olunmuş "Cəsur zabit Eynəli Sultan və varisləri: axtarışlar, tapıntılar" məqaləsini oxuduqdan sonra ikinci hissəni yazma ehtiyacı hiss etdim. Hətta yarımçıq qalmış bu yazını bilgisayarımın "Yarımçıq yazılar" qovluğundan tapmağım da uzun çəkmədi.

Etiraf edim ki, Musa Quliyevin zəhmətli axtarışları Əziz Şərifin cəm şəkilçisi haqqında da geniş danışmağa əlavə imkan yaratdı.  Dəyərli tədqiqatçının adıçəkilən məqaləsinin girişində bəhs etdiyi Oleq Sultanovla 2009-cu ildə bir neçə məktublaşmalarımızı da yadıma saldı. Mənim üçün əhəmiyyətli elektron məktubların üzünü çıxarıb saxladığım qovluğum da bu mənada köməyimə çatdı. Həmin elektron məktubların arasında filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyidin 22 yanvar 2009-cu ildə mənə yazdığı bir məktubda deyilir: "Salam Elxan! www.sultanov.org saytında Oleq Sultanov haqqında geniş məlumat var. O, tanınmış jurnalistdir. Saytda onun yazdığı bütün məqalələr yerləşdirilib. Çalış məlumatları tez göndər. Səndə rusca məlumat varsa, gətir mən “scan” edib göndərim. Sən özün haqqında ona yaz. Amma gərək rus dilində yazasan. Çalış əlaqə qura biləsən. Surə".

Əvvəla bu elektron məktub haqqında qısa məlumat verim ki, Oleq Sultanov  ulu babası Eynəli bəy Sultanovun axtarışına çıxmış, bununla bağlı Surə xanıma məktub göndərmişdi. Eynəli bəy Sultanovla bağlı elmi dissertasiya üzərində işlədiyimi bilən Surə xanım mənimlə əlaqə saxlamış, telefon söhbətimiz zamanı nəvəsinin Eynəli bəy Sultanovu axtardığını, bununla bağlı Oleq Sultanovla əlaqə saxlamağımı bildirmişdi.

Qısa bir haşiyə: 2008-ci ilin yanvar ayında folklor İnstitutunun doktoranturasına qəbul olunanda folklorşünas alim İsrafil Abbaslının təklifi ilə həmin institutun Elmi Şurası mənə fəlsəfə doktorluğu üçün "Eynəli bəy Sultanovun folklorşünaslıq irsi" mövzusunu məsləhət bilmiş və təsdiqləmişdi. Həmin dövrdən Eynəli bəy Sultanovla bağlı gərgin axtarışlara başlamışdım. Düzdü, mən ədibin folklorşünaslıq irsini öyrənməliydim, amma haqqında çox az məlumatın olması Eynəli bəyin özü haqqında da məlumatlar toplamağa məni səfərbər etmşdi. Ona görə də yazıçı-pedaqoq Eynəli bəy Sultanovun sadəcə 1 oğlunun olduğunu, onun da nişanlı olduğu zaman qəfildən xəstələnib vəfat etdiyini, beləliklə, görkəmli yazıçının nəslinin davamçısının olmadığını artıq bilirdim. Bəs elə isə, hardan çıxmışdı nəvə Oleq Sultanov?

Surə xanımın həmin məktubundan sonra Oleq Sultanovla məktublaşmağa başladıq. Mən ona Eynəli bəyin şəkillərini, həyatı və fəaliyyəti haqqında məlumatları, bəzi məqalələrinin üzünü göndərmişdim. Beləcə Oleq Sultanovla bir neçə məktublaşmalarımız da olmuşdu ki, onların da hər biri bu gün mənim elektron məktublar arxiv-qovluğumda var. Musa müəllimin məlum yazısından sonra həmin məktubları yenidən gözdən keçirdim. 23-24-25 yanvar 2009-cu il tarixlərdə Oleq Sultanovla 3 məktub vasitəsilə qarşılıqlı yazışmalardan sonra bəlli oldu ki, onun atası mənim tədqiqat apardığım yazıçı-publisist-pedaqoq Eynəli bəy Sultanov deyilmiş.

Oleq Sultanov məktubunda Eynəli bəy Sultanovun oğlu Mehdi bəyin onun babası olmasını, Eynəli bəyin babasının atası olmasını yazırdı (rus dilini yaxşı bilmədiyimi yazdığım üçün məktubları ingilis dilində göndərirdi). Həmin məktubların şəklini qəzet vasitəsiylə oxuculara da təqdim edirəm.

Musa müəllimlə AMEA Naxçıvan Bölməsinin koridorlarında bu barədə dəfələrlə söhbətlərimiz olub. Hər bir gənc tədqiqatçıya həssasslıqla yanaşan Musa müəllim bir neçə dəfə bu barədə mənim suallarımı cavablandırsa da, elmi etikanı nəzərə alaraq bu yazıya qayıtmağı Musa müəllimdən sonraya saxlayırdım.

Qayıdaq Musa Quliyevin "525-ci qəzet"dəki adıçəkilən yazısına. Həmin yazı Əziz Şərifin xatirələrindəki "Eynəli bəy Sultanov(lar)" haqqında əhatəli danışmağa şərait yaratdı. Bu cəm şəkilçisindəki Eynəli Sultanovdan biri mənim 2008-ci ilin yanvarından elmdəki böyük sevdama çevrilmiş yazıçı, pedaqoq, tərcüməçi, folklorşünas, publisist Eynəli bəy Sultanovdursa, ikincisi də Musa müəllimin yazısında qeyd etdiyi Oleq Əziz oğlu Sultanovun babası Mehdi xanın atası, bir zamanlar Qars Dairə rəisinin baş köməkçisi vəzifəsində çalışmış Eynəli bəy Sultanov idi (Kapitan Eynəli bəy Sultan Məmmədsəid oğlu, onun oğlu Ələkbər bəy, onun oğlu Eynəli bəy Sultanov, onun oğlu Mehdi bəy, onun oğlu Əziz bəy və Əziz bəyin oğlu Oleq Sultanov).

Bu cür axtarışlar, tədqiqatlar müxtəlif mənbələrdə yol verilmiş yanlışlıqların yenidən elmi dövriyyəyə gətirilməsinə, dəqiqləşdirilməsinə, yeni faktların üzə çı

 

Elxan YURDOĞLU

Filologiya üzrə fəlsəfə doktoru, AMEA Naxçıvan

Bölməsinin Folklorşünaslıq şöbəsini müdiri

 

525-ci qəzet.- 2020.- 14 mart.- S.21.