Vüsal Nurunun Qarabağ qoxulu "Qaraqaşlı"sı

 

Esse

 

"Buradan qatar yolu keçir. Göylərin hansısa qatından gəlir, yol üstə durub gözləyən ana kimi üfüqdən boylanan günəşə doğru gedir. Bir yatağın başından, bir qəbrin ayağından, bir yolun ortasından, bir kəndin içindən, bir qadının gözündən, bir kişinin dodağından, bir sözün altından keçir o qatar yolu..."

Bir az ciddi, bir az sərt davranışı ilə yanaşı, mülayim xoş təbəssümüylə özünü  aydın ifadə edən gənc yazar Vüsal Nurunun yazılarını, şeirlərini qəzetlərdə oxuyurdum. Gənc qələm sahibi olaraq öz yeri, öz yolu olan yazıçıdır, məncə. Məqalələri, müsahibələri, esseləri, şeir hekayələri müntəzəm olaraq dövri mətbuatda işıq üzü görür. "Yağış damlasıyam", "Eybəcərlər adası", "999" "Prezidentin qızı" "Dorandağ", "Qaraqaşlı" kitablarının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı olan "Ulduz" ədəbi-bədii jurnalında nəsr, poeziya şöbələrinin redaktoru olub. Hazırda isə AYB-nin digər mətbu orqanı "Azərbaycan" ədəbii-bədii jurnalının məsul katibi vəzifəsində çalışır. Kreativ fikirlər, ideyalar müəllifi kimi tanıdığım Vüsal Nuru harda hansı mövzuda olursa, olsun öz zəkası, fantaziya gücü ilə hər zaman seçilib. Əvvəllər tanışlığımız olsa da, illər sonra, ssenari müəllifi olduğu "Xüsusi təyinatlı İbad" filminin çəkilişləri zamanı yenidən rastlaşdıq...

Vüsal Nuru yaşadığı zamanın, dövrün axarını, gündəmini hiss edərək şeirlərində, romanlarında sadə təsirli formada ifadə etməyi bacarır. O, Ağdamda göz açıb, səkkiz yaşından qaçqın-köçkün taleyi yaşamağa məcbur olub. Bu, onun seçimi, istəyi deyil, zamanın, taleyin ona yaşatdığı yazıdır.

 

Bir əsgər çəkməsi tapmışam yoldan

Çəkməsin axtarır görən kim indi?

Kimin əsgər oğlu gəlib davadan,

Gəlin, ay analar, görün kimindi?

Kimin oğlu geydi, getdi bunları

Çəkməsi qayıdıb boş tabut kimi.

Görən kimin oğlu öldü davada,

Qayıdıb çəkməsi bir sübut kimi.

Çəkmələr - əlimdə ölü quş kimi.

Çəkmələr - əlimdə qara kağızdı.

Çəkmələr - ünvanın unutmuş kimi

Çəkmələr - əlimdə necə yalqızdı.

Analar çəkməni almaz qorxudan,

Qorxudan, çəkməyə baxmaz analar.

Hardasa bir ana qalxıb yuxudan

Bir ayaq səsinə yola boylanar.

 

Vüsal Nurunun uşaqlıqdan yaşadığı Qarabağ sarsıntıları acı gerçəkləri, qanına-canına hopan Qarabağ nəğməsinin fəryadı, naləsi şeirlərində gah çoşur, gah susur, gah da üsyan edir. Ona görə Vüsal Nurunun müəllifi olduğu əsərlər bu qədər təbiidir.

Vüsal Nurunun yenicə araya-ərsəyə gətirdiyi "Qaraqaşlı"sını birnəfəsə, həyəcanla oxudum. Vüsal o yerləri görməyib, o dağlarda olmayıb, o cığırlardan keçməyib. Müharibəni eşidib, Qarabağla bağlı kadrları efirlərdən görüb, kitblardan oxuyub, böyüklərdən dinləyib. Amma Vüsal o müharibəni şeirlərində, romanlarında elə canlandırıb, elə işıqlandırıb ki, sanki müharibənin iştirakçısı olub. O, Qarabağı öz əsərlərində gəzib, dolaşıb, romanlarında döyüşüb, vuruşub qalib edib. Çünki Qarabağa qarabağlılara məğlubiyyət yaraşmır, Vüsal da yaraşdırmayıb. Ona görə "Qaraqaşlı"nın nazını çəkib, görmək istədiyi kimi göstərməyə çalışıb. Qarabağ müharibəsini anladan "Qaraqaşlı" romanını bəlkə son illər Qarabağ  müharibəsi ilə bağlı yazılan əsərlərin uğurlu nümunəsi adlandırmaq olar. 

"Qaraqaşlı" romanının Vüsal Nurunun unudulmayan əsərlərindən biri olacağına inanıram. Tanrının elçisi adlandırdığı Dağdağan ağacına bu dəfə sapları "Qaraqaşlı"sı ilə birgə baglayacaq o cığırlardan birgə addımlayacaq... İnanıram ki, bir gün mütləq belə olacaq...

 

Gülşən BEHBUD

 

525-ci qəzet.- 2020.- 14 mart.- S.20.