"Tarix və
Tale"dəki dünya
Bilmirəm Leş Əlidənmi, Tarixdənmi, yoxsa Taledənmi
başlayım? Əslində, Aqşinin özündən
başlamaq istəyirəm.
O
Aqşin ki, ədəbiyyatımızda qəfil peyda
olmadı, adı təsadüfən az qala
partlayış törədən romanların imza yerində
görünmədi. Belə də təsadüf
olar? Bir də ki, ciddi ədəbiyyatda təsadüf
deyə bir şey yoxdur. Ya
yazıçı olursan, ya da heç olmursan.
Yazıçı Aqşin Yeniseyin doğuluşunda "get
bunları de, bunları söylə" fitrəti var, bu
şübhəsizdir (təəssüf ki, adətən belə
İnsanlar çox yaşamırlar). Oxuduğum "Göləqarğısancan"
və "Tarix və Tale" romanlarının az qala hər səhifəsində buna daha
çox inandım. Sovetdənqalma zəhləm gedən iki ifadə
var: ilham pərisi və oxucu! Bəri
başdan deyim ki, Aqşinin nə ilham pərisi (onun ilham pərisi
elə özüdür), nə də oxucusu var. Aqşinin,
ümumilikdə, ciddi yazıçının, samballı
şairin öz alıcıları var ki, bu alıcılar
sevdikləri imzaların əsərlərini dənizin dibində
axtarmaq da olsa ərinmədən axtarır, qanı bahasına
əldə etmək məqamında belə lap doğmaca
balasının da
boğazından kəsib həmin əsərləri
pulla alırlar (özü də zəmanənin belə bic vədəsində).
Oxucu kütləvi zövqü ifadə edən bir
anlayışdır, böyük və ciddi əsərlər
isə heç vaxt kütlə üçün deyil! Əsərlərində
fantastik yumor hissəsinə (elə anlar olur ki, gözündən
su gələnə qədər gülürsən) malik olan
Aqşin Yeniseyin özünün bizə çatdırmaq istədiyi
bütün nəsnələrin içində əslində əbədi
bir faciə, dünyəvi bir dərd var. Aqşinlə
üzün gülür, amma için qan ağlayır sadəcə.
Nədənsə
mənə elə gəlir ki, Aqşinin kişi
obrazları bütün komponentlərdə özünün
qadın obrazlarından bir yox, bir neçə milyon addım
qabaqdadır, öndədir. İstər Leş Əli öz
arvadından, istərsə də "Tarix" kişi
öz arvadı "Tale" xaladan. Hər iki əsərdə
romanın meydanına "əlisilahlı", kinli, ənənəvi
qadın hikkəsi, nəfsi, məişət siyasəti və
pinti dünyagörüşü ilə atılan bu iki
qadın ibtidai icma quruluşundan ta üzü bəri
formalaşan dişi arxetipini təsdiqləyir.
Razılaşmadığım məqamlar da var ki, bunu da qeyd etməliyəm.
Yazıçı, ümumiyyətlə, ədəbiyyatdakı
(öz qələmindəki) qadınlara sanki amansız
mövqedədir. Kifayət qədər haqlı
olduğu, obyektiv yanaşma, tam qiymətləndirmə
gücündə olan Aqşin Yenisey "Tarix və Tale" əsərində
"Tale" obrazına da az "zülm
etməyib". Əsərdə bu qadının şəxsi
xarakteri öz evinə, ailəsinə, "birtəhər"
yaşadığı
cəmiyyətinə, ümumilikdə ideal qadın
tipinə yanaşma tərzində bəs qədər şikəst
olsa da yazıçının bəzi məqamlarda həddən
artıq ifrata vardığı məqamlar da diqqətdən
qaçmır. Əzizim Aqşin, elə məqamlar var ki, orda
böyük yazıçı olmaq azdır... Amma
bir şeylə təsəlli tapdım ki, "Tale xala"
öz cahil prinsiplərini, sürüşkən meyillərini,
öz əndirabadi piryomlarını, "milli
dilxorçuluğunu", əri "Tarix" və oğlu
"Azadlıq"la olan barışmaz cəngini ictimailəşdirə
bilmədi. Öz xislətinin bəhrəsi nə oldusa, nə
yaşandısa hamısı o qara damın altında qaldı,
elə həmin evdəcə dəfn edildi. "Tale" nə
əlinə şüar-plakat alıb meydanlara
çıxdı, nə öz içində
yaratdığı azadolma eşqi ilə inqilaba cəhd edib
"Azadlıq" deyə bağırdı, nə də loru
dildə desək, "pis yola düşüb" evə
çirkli, "namussuz pullar" gətirdi. Hətta o, bu tale
ilə necə oldu ki, zindana düşmədi, bunu bir
özü bilir, bir də müəllif!
Əsərdə
beynimi ömürlük zədələyərək yaddaşımda qalacaq, romanın ən kiçik
yerini "zəbt eləmiş", ən mikroepizod - Ümid
adlı bir dustağın güllələnməyə getdiyi
səhnə var. İnsanoğlu ölümə də bir belə
ümidlə gedərmi? Adı Ümid olan kəs
nəyi ümid edib bilə-bilə, həm də gülümsəyə-gülümsəyə
gedir bu ölümə?! Şəxsi mülahizəmdə
bircə bu qaldı: Ümidin dustaqlıq həyatında bircə
dəfə üzü güldü, zindanın
qaranlığında üzünə işıq gəldi,
ümidləri cücərdi - o da güllələnməyə
gedəndə. Amma kameralardan digər dustaq
yoldaşlarının "Allah sənə rəhmət eləsin,
Ümid (ümid) - səsləri məni qəfil tərs
şapalaq kimi haqladı. "Ümid sonda
ölər" kimi ümid etdiyimiz Ümid
dünyasının, Ümid xəyalının başına
dalbadal neçə güllə sıxdı müəllif...
Ölən Ümid adlı dustaq idimi, yoxsa "Ümid sonda
ölər" - deyib min illərdir
ayaqlayın-başıaçıq, acqarına dalınca
qaçdığımız İnsanoğlunun ümidə
söykənən inancı idimi? Burda müəllif
hamını dünyaqarışıq torpağa
basdırdı, işini bitirəndən sonra da ürəyi
soyumadı, hələ
də buğu qalxan bu məzara lombası ilə
tüpürüb çıxıb getdi... Bilmirsən, müəllifi
Ümidin yerinə qoyasan, yoxsa bu qəbirdən
çıxıb əlini sıxasan...
"Tarix
və Tale" əsərini müəyyən bir çərçivəyə
salan, onu balaca bir məkana sürgün edən nüans romanda hadisələrin baş
verdiyi məkanın, şəhərin adının çəkilməsidir.
Məncə, bu əsərdə baş verən hadisələr,
inqilab və meydan olayları, dini qarşıdurmalar, insan əsarəti,
əbədi soyuq və gizli (lap elə açıq-aşkar)
qadın-kişi mübarizəsi, zindanlarda sağ qalmaq, burdan
alnıaçıq çıxmaq uğrunda amansız
mübarizə, haqsızlıq, işgəncə, təcavüz,
zorakılıq dünyanın bütün ölkələrində,
bütün məkanlarında baş verən bəlkə də
ən normal YAŞAMAQ və sağ qala bilmək yöntəmidir.
Neyləmək olar, dünya
yaradılışdan belədir. Zənnimcə, bu əsərdə
müəllif heç bir məkanın adını çəkməsəydi,
bu gün "Tarix və Tale" romanını ürəklə
dünyanın, bəşəriyyətin "şəxsiyyət
vəsiqəsi" adlandırmaq olardı. Əsərdə
tavandələn, göydeşən anlar bəs qədərdir.
Amma seçim etmək imkanım olsaydı mən
"Göləqarğıcansan"ı seçərdim.
Zənnimcə, Leş Əli hələ ki,
Aqşin Yeniseyin ən saf, ən təmənnasız, ən əzabkeş
qəhrəmanıdır. "Tarix" isə nisbətən təhlükəli
obrazdır, çünki o, susmağı bacaran qoca qurddur. Üzü üzlər görmüş Tarixin
bütün gücü susmağında, təmkinində,
elmli olmağında, baş verən bütün prossesləri
acgözlükə izləməyindədir. Leş
Əlinin gücü isə Dərdində, tənhalığında
və bu Dərdin, bu tənhalığın ona öyrətdiyi
gizli müdrikliyində idi... şair var 20 şeir
kitabının müəllifidir, amma ömründə bircə
dəfə də olsun şairlik halını yaşaya bilməyib.
Kitabsız şair də var ki, hər halında
təpədən-dırnağa şairdir, ömrü boyu.
Leş Əli özünü qəbir evinə qədər "şair halında" gəzdirən
Əlidir.
"Tarix
və Tale"nin zəhmi bəlkə də
onun dil və üslubundadır?! Hazırkı cəmiyyətin
insanı - adi mobil telefonundan bütün dünyanın hər
"gedişatına" rahatlıqla baş vura bilən gənc
oğlan və qızların, habelə problemli, hər
türlü qayğı və dərd Yüklü adamların
yazıçının
yetmiş-səksən söz işlətdiyi bir cümləsini
oxumağa, bəlkə də, səbri və yaxud savadı
çatmaz? Savadı çatmırsa ali məktəbi
neçə bitirib, ixtisasartırma kurslarına nə deyib
gedib, elmi işini necə müdafiə edib, bərqvuran elmi dərəcələri
necə əldə edib, ən azından əlindəki ən
müasir mürəkkəb proqramlarla işləyən bu
telefona necə hökmü çatır bəs bu
insanların? Deməli, məsələ savadda
deyil. Problem səbrdədir, hövsələdədir.
Aqşini olduğu kimi qəbul etməyin bircə
yolu var - onu səbrlə oxumaq. İlk
baxışdan çətin, yorucu və qaranlıq
görünən irihəcmli cümlələrin, fikirlərin
üstündən bayram tonqalının üzərindən
atılıb keçdiyimiz kimi keçməmək gərəkir.
Kütlədə də səbr, hövsələ
nə gəzir? Tonqal yandısa, demək,
üstündən tullanmaq lazımdır. Nəyimizə
lazımdır, kim yandı, kim
ütüldü prinsipi bizi hər şeydən
uzaqlaşdırıb onsuz da.
Düzdür, əsər (Aqşinin öz dili) "ağırtonajlı" yük maşınını xatırladır. Buna baxmayaraq üstün cəhət kimi qeyd etməli vacib bir detalım da var ki, müəllif ən gərgin, ən dramatik irihəcmili motivin süjet xəttini itirmədən sona qədər uğurla daşıya bilir. Bu "daşınmada" onu oxuyan söz alıcısı gərginlikdə qalsa da əsas odur ki, çaş-baş qalmır. Çünki əsərdə cərəyan edən hadisələrin "uğurlu daşınma axını" kitabı oxuyanları özü öz axınında istədiyi yerə sərbəst gətirib çıxara bilir. Bunu da, əlbəttə, hər yazıçının ünvanına söyləyəməkdə çətinlik çəkirəm. Bu təbii ki, sırf peşəkarlığın göstəricisidir. Əsərdə dialoq anlarının, roman sakinlərinin nadir hallarda ünsiyyəti ənənəvi, geninə-boluna söhbətləşmə anlarının az olması da müəllifin müasir ədəbiyyatın tələblərinə uyğun prinsipə "adaptasiyasıdır". Aqşin gözəl anlayır ki, əsl söz alıcısına obrazların uzun-uzadı istənilən mövzuda hap-gopları yox, əsərin məqsədi və sonda çatdırılması lazım olan əsas ideyası lazımdır.
Aqşinin "Tarix və Tale" romanını oxuyun mütləq oxuyun! Oxuyun ona görə ki, Tarixin və Talenin bu amansız, əliqılınclı vədəsində öz tarixinizin və öz taleyinizin heç olmasa, heç olmasa, yarısını özünüz yazıb, özünüz həll edə biləsiniz! Yaxşı ki, ədəbiyyatımızın Aqşini var!
Gündüz
SEVİNDİK
525-ci qəzet.- 2020.- 14 mart.- S.18.