Bir ovuc Qarabağ
istəyən müəllifə
oxucu məktubu
İstənilən şairin, yazıçının, ümumiyyətlə,
söz adamının
içində bir sadə, amma düşündürən məqamlar
olur. Əslində, onlar məqam
deyil. Onlar həm də
o qələm adamının
özünün söykəndiyi
nöqtədir.
Məhz o dayaq nöqtəsi
sadə bir həqiqəti pıçıltı
kimi, bir meh kimi adamın, yənin oxucunun ürəyindən, dünyasından
keçirir. Hiss edirsən ki, ilıq
bir istiliyin, hərarətin dalğası
səni öz qoynuna alır. Bax, onda dayanırsan, boylanırsan, bu dalğanın hardan gəldiyini, nədən qaynaqlandığını öyrənməyə
çalışırsan. Açığını deyim ki, duyumlu adamlar belə məqamda çox da zaman itirmirlər. Ona görə ki, ilk əsimdən, ilk pıçıltıdan
bu mehin, bu səsin, bu ruhun hardan
gəldiyini anlayırlar
və o səs deyir ki:
Ümidi qurşaq əvəzi,
Bacanızdan atdım, ellər.
Bir ovuc Qarabağ
verin,
Bu bayramda dadım, ellər.
Mən bu yazını kitabla tanış
olandan sonra içimdən çox keçirdim. Sonra qərar verdim
ki, məhz Novruz ərəfəsində
yazım. Çünki şeirin ovqatı, ifadə elədiyi fikirlər və ən vacibi məni köklədiyi
durum bunu tələb edirdi. Axı, milli dəyərlərimizdən
biri də folklorumuzdan gələnləri
qoruyub saxlamaqdı, onu gələcəyə daşımaqdı. Bax, bu mənada qurşaq tutmaq adətini yəqin ki, xatırlayırsınız. Özü də Novruz bayramında... çərşənbə
tonqalı ətrafında.
Üstəlik, bacadan atılan torbalar, papaqlar, boyanmış yumurtalar və s. Bax, bir sözlə,
yəni qurşaq əvəzi ümid atmaq, bunun davamı
kimi də torbaya bayram payı hədiyyə kimi bir ovuc
Qarabağ qoymaq... müəllif nə qədər nüanslara toxunubdu... Onu necə səmimiyyətlə
ifadə edibdi.
Qeyrətimə bu tən yollar,
Haçan mənə vətən
yollar?!
Qələbəyə gedən yollar,
Baxır maddım-maddım, ellər.
Söylədiyim fikrin davamıdı
bu misralar. Təkcə yol sözünün
yozumu, onun müxtəlif mənalarda
işlədilməsi deyil.
Eyni zamanda, həm də qələbənin yol gözlədiyinə də
bir işarədir bu. Ülkər Nicatlı öz səmimi duyğularına söykənərək
şeirini belə davam etdirir:
Atan, anan, bacın
idi,
Sənin qeyrət tacın
idi.
Bir vaxt Şuşa, Laçın
idi,
Yaddan çıxıb adım,
ellər.
Yəqin ki, bu
bənddəki həm
birbaşa, həm də sətiraltı mənanı anladınız. Bizim unutqanlığımıza məharətlə toxunan şairə sanki yaddaşımıza bir daş atır, çilikləyir onu.
Şuşanın, Laçının unudulmasına üsyan edir. Bu üsyan isə oxucuya xatırladır:
Hər daşda bir ünvan yatıb,
Arzu yatıb, güman
yatıb.
Xiyaban-xiyaban yatıb -
Neçə min övladın, ellər.
Bu, artıq şəhid
ruhlarına ehtiramdı,
onları səsləmək,
onlara işarə etməkdi. Deməli, bu, həm də qisasa, intiqama çağırışdı.
Özü də müəllif
bunu boşluqdan, heçlikdən götürmür.
Əksinə, konkret ünvan göstərir və vurğulayır ki:
Damarda çağlar dənizlər,
Səngər-səngərdi bənizlər.
Dalğalanır Mübarizlər,
Gəlir addım-addım, ellər!
Bəli, həqiqətən Mübarizləri
olan millətin Şuşanı, Laçını
unutmağa, yollara, dağlara uzaqdan boylanmağa ixtiyarı yoxdur. Mən gənc şairənin
bir şeiri barəsində öz oxucu düşüncələrimi
kağıza köçürərkən
qarşıma qoyduğum
bircə məqsəd
idi. O da Ülkər
Nicatlının məhz
Qarabağla, işğal
olunmuş torpaqlarla bağlı misralarının
qatlarında ümid işığı və
döyüş çağırışı
olan şeirinə görə, ona təşəkkür etmək
idi. İstədim ki, onun bir
ovuc Qarabağ arzusu bütöv
Azərbaycan arzusuna çevrilsin.
Əbülfət Mədətoğlu
525-ci qəzet.- 2020.- 18 mart.- S. 24.