Çağdaş gürcü
poeziyasından
İMİR MƏMMƏDLİNİN ORİJİNALDAN TƏRCÜMƏSİNDƏ
Müasir gürcü poeziyası böyük ədəbi ənənələrinin məntiqi
davamıdır. Sözsüz ki, ənənələrin
davamı deyəndə,
keçmiş poetik nailiyyətləri və şeir formalarını təkrarlamaq deyil, onları iknişaf etdirmək, yəni kökə əsaslanaraq yeni dövrə uyğun yeni deyim tərzi, yeni intonasiyalar və yeni üslublar
nəzərdə tutulur.
Gürcü poeziyası, ümumiyyətlə,
gürcü ədəbiyyatı
iki poetik axının - Şərq
və Qərb - qovşağıdır. Hələ Rustavelidən
etibarən o, həm Şərq, həm də Qərbdən gələn impulslardan faydalanaraq formalaşıb,
yeni ədəbi fakt kimi dünyanın
diqqətini özünə
cəlb edib.
Burada təqdim olunan şairlər - Qalaktion Tabidze, Moris Posxişvili, Cansuğ Çarkviani, Tamaz Çiladze və Zaur Bolqvadze - Sovet dövründə yaşayıb yaratsalar da, şeirdə gürcü ruhunu qoruyub saxlaya bilib, yeni poetik
üfüqlər açmağa
nail olmuşdular.
Böyük gürcü şairi Qalaktion Tabidze çağdaş gürcü
lirikasının banisidir. XIX əsrin sonlarında dünyaya göz açan şair, demək olar ki, XX əsrin birinci yarısını səciyyələndirən bütün
ağrıları yaşayıb.
Deyilənlərin acı həqiqətini
dərk etmək üçün təkcə
bu faktı qeyd etmək kifayətdir ki, onun gənc həyat yoldaşı Olqa Okucava repressiya
qurbanı olub. Qalaktion Tabidze Stalini şəxsən tanısa
da, sevimli arvadını cəllad caynağından qurtara bilməyib. O, misilsiz
şöhrətə nail olsa
da, Gürcüstanın
Xalq şairi fəxri adını qazansa da, acizlik
hissi və tənhalıq
sıxıntısı şairi
ömrünün sonuna
qədər izləyib.
Amma ömrünün ahıl çağında, görünür,
bu azman sənətkarın dözümü
qurtarıb və Tbilisidə müalicə aldığı xəstəxananın
pəncərəsindən atılaraq
intihar edib.
Moris Posxişvili
Qalaktiondan sonrakı ədəbi nəslin nümayəndəsidir. Tbilisidə doğulan
və çox da uzun sürməyən
ömrünü elə
burada başa vuran şair yaddaşlarda romantik şəhər lirikasının
mahir ustası kimi qalıb.
Xalq şairi
Cansuğ Çarkviani
müasir gürcü
poeziyasında lirik poema janrının banisi kimi iz
qoyub (Gürcüstanda
Xalq şairi fəxri adı üzün müddət ərzində ləğv edilmiş olsa da, Cansuğ Çarkvianinin əzəmətinə
görə onu XXI əsrin əvvəllərində
bərpa etməli oldular). Moris Posxişvili kimi,
Cansuğ Çarkvianinin
də sözlərinə
çoxlu mahnılar yazılıb, gürcülər
həmin mahnıları
bu gün də sevə-sevə oxuyurlar. Cansuğ Çarkviani çağdaş
gürcü ədəbiyyatında
altmışıncılar ədəbi
nəslinin nümayəndəsi
hesab edilsə də, XX əsrlə XXI əsrin keşməkeşli
yolayrıcında da bir ədəbi sima kimi seçilib-sayılanlardan
olub.
Tamaz Çiladze
şair, dramaturq, nasirdir. Şeirləri gənclər arasında
hələ də populyar olan T.Çiladzenin
dram əsərləri bu
gün də gürcü teatr rejissorlarının diqqətini
özünə cəlb
edir.
Məxsus olduğu ədəbi nəslin içində ilıq duyğuları ilə seçilən Zaur Bolkvadzenin yaradıcılığı altmışıncıların
ədəbi mozaikasına
danılmaz bir çalar əlavə edib.
Omar Turmanauli söz
meydanına səksəninci
illərdə gələn
ədəbi nəslin
ən parlaq nümayəndəsidir. O, eyni zamanda, gürcü dilindən fransız dilinə etdiyi poetik tərcümələri
ilə də tanınır. Ömrünün son illərini Gürcüstandan
kənarda, Fransada yaşadı. Şair öz
qısa ömrünü
elə qürbətdə
- Strasburqda başa vurub.
Dalila Bedianidze
XX əsrin sonlarında
ədəbiyyata gələn,
gəlişiylə də
oxucunun diqqətini özünə cəlb edən xanım şairələrdəndir. Dalilanın şeirləri
qadın poeziyasının
bariz nümunəsidir.
Onun şeirlərinin altında
müəllifin imzasını
oxumasan belə, hiss edirsən ki, onlar incə xanım ruhundan süzülüb gələn
misralardır.
Nino Darbaiseli
gürcü poeziyasında öz
qısa, lakonik şeirləri ilə seçilir. O, hazırda xaricdə (İngiltərədə)
yaşasa da, demək olar ki, gürcü
şeirini də qürbətdə yaşada bilir.
525-ci qəzet.- 2020.- 20 mart.- S.22.