ŞƏFƏQ

 

(30.09.1930 - 06.11.2017)

 

 

Mən çöldə tulladım yüngül nisgili,

Yapıncı sayağı tullayıb gəldim.

Səni mağarada tapdım, sevgilim,

Tapıb işıq kimi üstümə sərdim.

 

Yemişan yeyirdim qayğısız, rahat,

Yemişanla birgə şəfəq yemişəm.

Səni o tapdırdı, o şəfəq daha

Məhəbbət verəcək bizə həmişə.

 

QARAYAZILI QIZ

 

Səni göydə gördüm,

Sən göylərin yazı...

O göylərə bənzər

Yurdun Qarayazı.

 

Enli ətək donun

Çitdən, qızıldandı;

Sənin tellərinsə

Gülün özündəndi.

 

Pul-pul yanır sinən,

Qoyma, sinən yandı!

O gözlərin, xanım,

Günəş nurundandı.

 

De, hayana belə?

Hara çəkir yazı?

Tutur gözlərimə

Əlin qarayazı...

 

BALACA İRİNAYA

 

(İrina şairin qız nəvəsidir - İ.M.)

 

Bir gün evə dönəndə,

Babanı görməyəndə,

Gəzmə məni şəhərdə

Axtar öz ürəyində.

 

Sən yekə qız olanda,

Bir gün evə dönəndə,

Yəni baban öləndə,

Yəni daşa dönəndə,

Elə yox olmaram ki,

Səhər kimi açmayım,

Ordan sənin üzünə

Tez-tez işıq saçmayam.

Sonra bir ceyran kimi,

Nəvəmə heyran kimi

Sənə tərəf qaçmayım.

Sənə olan sevgimi

Mən boynumdan asacam.

Sənin ceyranın kimi

O dağlarda dolaşıb

Zirvələri aşacam.

                                         

ANANIN NÖVBƏSİ

 

Çay süzülür, köhnə çaydan

Nəğmə deyir, yatmır.

Mənə,

Sənə,

Ona,

Buna...

Anayasa çatmır.

 

Asimandan sevinc yağır,

Kimlər ondan dadmır...

Mənə,

Sənə,

Ona,

Buna...

Anayasa çatmır.

 

Xeyir-dua verir ana,

Sözə haram qatmır.

Mənə,

Sənə,

Ona,

Buna....

Anayasa çatmır.

 

Eh, elə ki ölüm gəlir,

Ümidləri udur.

Ana gərir sinəsini,

Növbə onunkudur.

 

QAR

 

Qar yağıbdır,

Qar yağıbdır,

Sinən kimi ağdı bu qar.

Kəsib mənim yollarımı,

Sanki uca dağdı bu qar.

 

Həmin dağın zirvələri,

Elə qalxıb, göyə dəyir.

Bu sükutda sənin səsin

Qarın üstdə rəqs eləyir.

 

Salamat qal şirin yuxum,

Əzəlimə çatdı sonum.

Ömrüm boyu istəmişəm,

Pəncərənə güntək qonum.

 

Qar yağıbdır,

Qar yağıbdır

Sinən kimi ağdı bu qar.

Kəsib mənim yollarımı,

Sanki uca dağdı bu qar.

 

 

Cansuğ ÇARKVİANİ

 

525-ci qəzet.- 2020.- 20 mart.- S.23.