Yaddaşlarda əbədi yaşayan pedaqoq

 

 Məhəmməd Həsənov-90

 

 

Artıq illərdir, atamın - mənim üçün cox dəyərli və müqəddəs olan insanın - Azərbaycanın görkəmli metodist-alimlərindən biri, pedaqoji elmlər doktoru, professor Məhəmməd Həsənovun yoxluğuna alışmağa çalışıram. Həm sevincli, həm də kədərli anlarımda onun xeyir-duasını, məsləhətlərini eşitmək istəyirəm, gözlərim onun nurani simasını axtarır...

 

Adətən, müəllim ömrünü çırağa bənzədirlər. Sönənə qədər bilik dolu hərarətini şagirdin, tələbənin duyğularına hopdurur. Müəllim ömrünü günəşə, işıqlı ulduzlara bənzədirlər. Günəş kainatı, müəllim isə ömrünün zərrələri ilə gənc nəslin mənəvi dünyasındakı qaranlıqları əridir, həyat yollarını işıqlandırır. Qayğıkeş insan, yaxşı müəllim, gözəl tədqiqatçı olan professor Məhəmməd Həsənovun ömür kitabından yaddaqalan səhifələri vərəqləmək istərdim.

 

Məhəmməd Həsənov 1930-cu il mart ayının 20-də Cəbrayıl rayonunun Daşkəsən kəndində ziyali ailəsində dünyaya göz açıb. Atası Seyidalı müəllim Cəbrayıla ilk maarif ziyası gətirənlərdən biri olub. Müharibənin tüğyan etdiyi illərin şahidi olmuş atam kəndlərindəki natamam orta məktəbin VII sinfini bitirəndə Böyük Vətən müharibəsi cəbhələrində qızğın döyüşlər gedirdi. Döyüş bacarığı olan hər kəs hərbi xidmətə çağırılırdı. Çoxları müxtəlif səbəblərdən təhsilini davam etdirmək istəmirdi. Ailədə yaranmış çətinlik, məşəqqət atamı da seçim qarşısında qoymuşdu: təhsili dayandırmaq, yaxud məktəbə davam etmək. Atam o zaman ikinci yolu seçmişdi. Ailənin ziyalılıq şərəfini qoruyub saxlamaq üçün çətinliklə də olsa, təhsil almağı vacib bilmişdi. Bu minvalla qonşu Balyand kənd orta məktəbində təhsilini davam etdirmişdi. Daha sonra - 1944-1946-cı illərdə Qaryagin (indiki Füzuli) Pedaqoji Texnikumunda oxumuşdu. Texnikumu "əla" qiymətlərlə bitirib "ibtidai məktəb müəllimi" ixtisası qazanmışdı. Yadımdadır, atam həmişə pedaqoji texnikumda oxuduğu illəri yeri gəldikcə xatırlayar, həmin dövrlə bağlı xoş xatirələrini danışardı.

 

Pedaqoji texnikumu bitirdikdən sonra doğulduğu və boya-başa çatdığı Cəbrayıl rayonunun Daşkəsən, eləcə də Quyçaq kəndlərində sinif müəllimi işləmişdi. O, kənd müəllimi kimi işlədiyi illəri həmişə yüksək qiymətləndirərdi. Kənddə müəllim işləsə də, həmişə təhsilini davam etdirmək, ali məktəbə daxil olmaq barədə düşünürdü. Nəhayət, bu arzu çin olur. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olur.

 

Ali məktəbdə təhsil alarkən bir tərəfdən imkansızlıq, digər tərəfdən də filologiya elmlərinin ağırlığı onu sıxsa da, həvəslə təhsilini davam etdirir, əla qiymətlərlə oxuyur, 1953-cü ildə fərqlənmə diplomu ilə institutu bitirir. Həmin ildə sənədlərini müəllimlik sənəti ilə bağlı araşdırmalar aparmaq üçün aspiranturaya verir və Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun aspiranturasına daxil olur. Azərbaycan dilinin tədrisi metodikası ixtisası üzrə araşdırmalar aparır. Aspiranturada təhsilini müvəffəqiyyətlə başa vurur, "V sinifdə sifət bəhsinin tədrisi" mövzusunda namizədlik dissertasiyasını tamamlayır. Lakin AAK-ın tələblərindəki dəyişikliklər onun müdafiə işini ləngidir. Atam namizədlik dissertasiyasını 1962-ci ildə müdafiə edə bilir. Elə doktorluq dissertasiyası da belə olur - iş hazır olanda dissertasiyanın bütövlükdə rus dilinə tərcümə məsələsi meydana çıxır, respublikada metodika üzrə doktorluq müdafiəsi şurası olmaması onun müdafiəsini nə az-nə çox, düz 14 il ləngidir. Nəhayət, 1989-cu ildə "Azərbaycan dili sintaksisi tədrisinin linqvistik-didaktik əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir.

 

Atamın, istər bir alim, istərsə də müəllim-pedaqoq kimi, həyat yolu keşməkeşli olub. Adi bir kənd müəllimliyindən ali məktəbin professoru vəzifəsinə çatana qədər müxtəlif zaman kəsiyində çətinliklərlə rastlaşıb. Lakin həmişə öyrənməyi, həyati təcrübə qazanmağı üstün hesab edib. Aspiranturanı bitirdikdən sonra Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunda (indiki Azərbaycan Müəllimlər İnstitutu) metodist vəzifəsində çalışanda da, Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (indiki Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu) baş elmi işçi vəzifəsində işləyəndə də həmişə məktəbin, müəllimin fəaliyyətindəki özünəməxsusluğa, ümumi pedaqoji prinsiplərə uyğunluğa daha çox diqqət yetirib. Təlim işinə, gənc nəslin nitq inkişafına, ümumi dünyagörüşünün formalaşmasına müqəddəs bir iş kimi yanaşıb, onu müəllim qürurunun ən qiymətli daş-qaşı hesab edib. Həm də bu illərdə peşəkar bir metodist, tədqiqatçı-alim kimi formalaşıb.

 

Ötən əsrin 60-cı illərinin sonlarında atam sabiq müəllimi və opponenti professor A.Abdullayev tərəfindən M.F.Axundov adma Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna işə dəvət alır. Əvvəlcə baş müəllim, sonra isə dosent vəzifəsində ixtisası üzrə dərs deyir, tələbələrin pedaqoji təcrübəsinə rəhbərlik edir, institutun ictimai işlərində fəal çalışır. Bu institutda Azərbaycan dili profilinin ləğv olunması ilə əlaqədar M.Həsənov 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına köçürmə yolu ilə işə keçir və ömrünün sonuna qədər burada - görkəmli dilçi-alim, filologiya elmləri doktoru, professor Yusif Seyidovun rəhbərlik etdiyi kafedrada çalışır.

 

Atamın pedaqoji fəaliyyəti çox geniş idi. Universitetin filologiya, şərqşünaslıq və ixtisasartırma fakültələrində Azərbaycan dili tədrisinin metodikasından mühazirələr oxuyur, seminar məşğələləri aparır, tələbələrin pedaqoji təcrübəsinə rəhbərlik edirdi. Mühazirə və seminar məşğələlərini yüksək səviyyədə canlı və maraqlı keçir, müəllim kadrlarının hazırlığına ciddi fikir verirdi. Ümumiyyətlə, gənc elmi kadrlar yetişdirməyi həyatının, elmi-pedaqoji fəaliyyətinin ayrılmaz hissəsi sayırdı. O, elmin yüksəliş yollarında məsləhət aldığı görkəmli alimləri - Ə.Dəmirçizadə, S.Çəfərov, A.Abdullayev və başqalarını həmişə böyük hörmət və minnətdarlıq hissi ilə yad edərdi.

 

Akademik Nizami Cəfərov Məhəmməd Həsənovun "Seçilmiş əsərləri"nin III cildinə yazdığı "Görkəmli metodist-alim professor Məhəmməd Həsənov" adlı ön sözdə qeyd edir: "Bütün fəaliyyəti dövründə həm tədqiqatçı-alim, həm müəllim, həm də xeyirxah və səmimi bir insan kimi bütün universitet kollektivinin böyük rəğbətini qazanmışdır. Biz onunla birgə işlədiyimiz müddətdə mənim professor Məhəmməd Həsənovu bütöv bir şəxsiyyət kimi daha yaxından tanımağım üçün imkan yarandı. O dövrdə də Azərbaycan dili təliminin problemləri daha çox maraq doğurur və müzakirələrə səbəb olurdu. Görkəmli alim bu müzakirələrin fəal iştirakçısı kimi özünün nəzəri-metodik əsasa malik fikirlərini söyləyir, bu sahədə araşdırmaların məntiqə uyğun məcrada istiqamətlənməsinə təsir göstərirdi".

 

Professor Məhəmməd Həsənov elmin problemlərinə bağlı adam idi. O, bütün yaradıcılığı boyu yalnız Azərbaycan dilinin tədrisi metodikası üzrə araşdırmalar aparmışdı. "V sinifdə sifət bəhsinin tədrisi haqqında" (1959), "V-VIII siniflərdə Azərbaycan dilinin tədrisi təcrübəsindən" (1963), "Sintaksisin tədrisində qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması" (1972), "Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər" (1987), "Azərbaycan dili durğu işarələrinin tədrisinə dair" (1991), "Azərbaycan dili orfoqrafiya qaydalarının tədrisi" (1992), "7-8-ci siniflərdə sintaksis və durğu işarələrinin tədrisi" (2001) və digər əsərlərini çap etdirmişdi. Həmin əsərlər Azərbaycan dili təliminin ən aktual problemləri olmuş və bu gün də müasir dövrün tələbləri baxımından aktual olaraq qalmaqdadır. Onun yazdığı III sinif üçün "Azərbaycan dili", IV sinif üçün "Azərbaycan dili" dərslikləri də bilavasitə Azərbaycan dili tədrisi metodikası elminin nailiyyətlərindəndir.

 

Bütün bunlarla yanaşı, onun elmi-metodik cxarakter daşıyan çoxlu sayda qəzet və jurnal məqalələri var idi. Bu məqalələrdə o, qrammatika, orfoqrafiya və durğu işarələrinin tədrisi ilə, linqvistik təhlillə, qrammatik suallarla, təlim üsulları ilə əlaqədar mübahisə və yanlışlıqlara toxunur, bir sıra faydalı təkliflər irəli sürürdü. Xeyirxah alim 15-ə qədər dissertantın rəsmi opponenti olmuş, bir sıra namizədlik və doktorluq dissertasiyalarına rəy vermişdi. O, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda namizədlik, Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutunda isə doktorluq müdafiəsi şurasının üzvü idi.

 

İş yoldaşları, alim dostları onu "Məmmədhəsən müəllim" deyə çağırırdılar. Elə 10 il öncə, atamın 80 illik yubileyi ərəfəsində çap etdirdiyim "Professor Məhəmməd Həsənov" adlı kitabda yer alan xatirə yazılarında, Bakı Dövlət Universitetində keçirilən yubiley tədbirində söylənilən xatirələrdə, eləcə də onun həyat və fəaliyyəti haqqında çəkilməkdə olan sənədli filmdə də həmkarları, müəllim yoldaşları, dostları, tələbələri onu yenə "Məmmədhəsən müəllim" deyə xatırlayırdılar. Onun həddindən artıq sadə, həssas, təvazökar, xeyirxah və qayğıkeş olmasından danışırdılar.

 

Mərhum akademik Tofiq Hacıyev "Biz Məhəmməd Həsənovu unutmamışıq" adlı xatirəsində yazırdı: "Məhəmməd müəllim həm də xoş rəftarlı, geniş ürəkli, mülayim, mehriban bir insan idi. Bu keyfiyyətlər əslində, müəllimdə olmalı olan xasiyyətlər idi. Yəni əsl müəllim idi. Çünki əsl insan idi. O, böyük Mövlananın dediyi kimi, "olduğu kimi görünən və göründüyü kimi olan" insan idi. Ona görə də onu tanıyanlar onu sevirdilər. Onu dostları da, iş yoldaşları da, dərs dediyi tələbələri də sevirdilər. O, sözünün ağası idi, dediyini edərdi, məsləkindən dönməzdi, məğrur adam idi, qürurunu sındırmaqdan qorxardı, sözündə və hərəkətində yüz ölçər, bir biçərdi. Cəmiyyətdə belə insanlar var olsa, o cəmiyyət gözəl olar. Məhəmməd müəllim cəmiyyəti gözəlləşdirən insanlardandı. İnsan onunla söhbət edəndə ətrafından, mühitdən razı qalardı".

 

Atam elinə, obasına, qohum-əqrabaya cox bağlı adam idi. Bütün nəslinin ağsaqqalı idi. Qohumların həm xeyir, həm də şər işlərinin başında durardu. Hər kəsin qayğısına qalar, ən kiçik bir hadisə üçün narahat olardı.

 

1993-cü ilin 23 avqustunda erməni quldurlarının Cəbrayılı işğal etməsi xəbəri atamı yaman sarsıtdı. Böyüyüb boya-başa çatdığı, doğmalarının uyuduğu torpağın düşmən tapdağı altında olması, sonra isə yaxınlarının qaçqınçılıq həyatı ona yaman təsir etmişdi. O, Vətənimizin hər qarış torpağını, daşını odlu məhəbbətlə sevir, Qarabağın, eləcə də onun bir guşəsi olan Cəbrayılın azad olunacağı günü səbirsizliklə, böyük ümidlə gözləyirdi.

 

Atam 1998-ci il iyul ayının 1-də dünyasını dəyişdi. Dərs ilinin son günləri idi. Yoldaşları ilə bir günlük istirahətə getmişdi, Qubanın Təngaltı kəndinə. Lakin bu istirahət ona həyatı bahasına başa gəldi. Atam elə buradaca, həsrət qaldığı Cəbrayılın təbiətinə bənzətdiyi səfalı bir yerdə, təbiətin qoynunda əbədiyyətə qovuşdu. Təbiətən sakit insan olan Məhəmməd müəllim 68  il ömür sürdü. Lakin bu illər ərzində bənzərsiz bir insan ömrünün mənəvi heykəlini yaratdı. Deyirlər ki, yaxşı insanlar ölmür, ancaq və ancaq gözəl  əməlləri ilə yaddaşlarda əbədi yaşayırlar.  Həqiqi alim ömrü yer qədər sirli, göy qədər kəhkəşanlı, fikir qədər sonsuz və əsrarəngizdir.

 

Atamın ruhu qarşısında baş əyir, ona Uca Tanrıdan rəhmət diləyirəm.

 

Sevinc HƏSƏNOVA

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2020.- 20 mart.- S.21.