Beynəlxalq aləm:
ziddiyyətlər, münaqişələr, müharibələr
(Əvvəli
ötən şənbə saylarımızda)
Belə bir şəraitdə Vladimir Putin hakimiyyətə
gəldi, çökmüş ölkəni dirçəltmək
cəhdi böyük idarəetmə təcrübəsi olmayan
bir adamın sahilə atılmış balinanı okeanın
sularına qaytarmağa girişməsinə bərabər idi. Burada elə
bir hiperbolaya yol vermək də yoxdur, taqətdən
düşmüş Rusiya öz ərazi
ölçüsünə görə yaşamaqdan bezmiş
balinanı xatırladırdı. Putin
ölkənin sağlam qüvvələrini konsolidasiya etməyə
girişdi, Çeçenistan müharibəsinin başa
çatması isə, ölkədə qorxulu
separatçılıq meyillərinə son qoydu. Vəziyyət elə yerə gəlmişdi ki,
Çeçenistanda vuruşan ərəb mənşəli Xəttab
Şimali Qafqazda İslam xilafəti yaratmaq eşqinə
düşmüşdü. Çeçen
müharibəsinin yatırılması Rusiyanın ərazi
bütövlüyünü qoruyub saxlamaq demək idi. SSRİ-ni dağıtmaqda iştirakları olanlar
Rusiyanın da xırda parçalara bölünməsinə
ümid edir və bu yola daş döşəməklə məşğul
olurdular.
Putin rıtsarlara məxsus bir cəsarət göstərdi
və ölkənin idarəçiliyini başqa, səmərəli
relslərə keçirdi. Liberal qüvvələr
onun qurduğu şaquli hakimiyyət modelinə lənət
yağdırırlar. Lakin Rusiya kimi nəhəng
əraziyə və çox müxtəlif xalqlara malik olan bir
ölkədə demokratiya pərdəsi altında hakimiyyətin
eroziyası ağır nəticələrə gətirib
çıxara bilərdi. Böyük
mütəfəkkir Şarl Monteskye özünün
"Qanunların ruhu" əsərində iri ərazisi olan
ölkədə demokratiyanın tətbiqini çətin
olduğunu bildirmişdi və yalnız xalqın bilavasitə
özünün iştirak etdiyi demokratiyanı daha yararlı
sayırdı. Putin Rusiya üçün əlverişli
olan yolu tutdu və rusiyalıları tarixini unutmaq kimi qorxulu
amneziyadan xilas edə, onu həm də ələbaxımlıq
kimi psixi xəstəlikdən sağalda bildi. Rusiya prezidenti özünə qarşı olan həmlələrə
məhəl qoymayaraq, çətin döyüşlərdən
çıxmış sərkərdə kimi vuruş
meydanını nəinki tərk etmir, ölkəsinin
nüfuzunu yüksəltmək üçün öz yolunu
davam etdirir və xalq da bu yolun ölkəsi üçün
daha səmərəli olduğuna inam gətirdiyindən Putinə
böyük dəstək verir. Heç bir
böyük ölkənin rəhbərinin reytinqi Putinin
hakimiyyətdə olmasının 20-ci ilində də əhalinin
ona göstərdiyi ehtimad dərəcəsi ilə müqayisə
oluna bilməz.
Putinin Rusiyanı dirçəltmək tədbirlərinə
münasibət heç də birmənalı deyildir,
onların arxitektoruna qarşı kəskin hücumlar edilir. Hillari Klinton
ABŞ-da 2016-cı ildə keçirilən prezident
seçkilərində əndazəni aşaraq Putini Hitlerlə
müqayisə etmişdi. Hətta nifrət bəslədiyin
siyasi xadimə Hitler kimi ümumbəşəri bir caninin
yarlıkını vurmağın özü böyük ədalətsizlikdən
xəbər verir və belə müqayisəni dilə gətirənin
özünü də heç də hörmətlə
mükafatlandırmır..
Rusiyanı hərbi cəhətdən blokadaya almaq cəhdləri
də edilir. NATO Rusiyanın sərhədlərinə çox
yaxınlaşır. Vaxtilə Varşava
müqaviləsi ləğv ediləndə, NATO-nun Rusiyaya
doğru irəliləməyəcəyinə söz
verilmişdi. Sadəlövh Mixail
Qorbaçov bu sözə inanıb, sənəd tələb
etməmişdi, ümumiyyətlə, o, öz dövlətinin
mənafeyi məsələlərində özünü
anlaşılmayan şəkildə utancaq aparırdı.
Şifahi söz isə az sonra unudulur və
onu dilinə gətirəndən məsuliyyət tələb
etmək də qeyri-mümkün olur. Siyasətdə
sadəlövhlük düşmənin, rəqibin hər
sözünə inanmaq psixikanın normal
olmadığını göstərir və ya kölə
psixologiyası ilə hərəkət etməkdən
başqa bir şey deyildir. Qorbaçov təkcə
nəhəng ölkənin qəbirqazanı rolunu oynamadı,
həm də o və Yeltsin öz varisləri üçün
ağır problemlər mirası qoyub getdi, onların həlli
isə yüz dəfə artıq səylərin göstərilməsini
tələb edir.
Putin diplomatiyada da rəqiblərinə, fövqəldövlətin
rəhbərinə uduzmur, əksinə, öz
ideyalarının və mövqeyinin düzgün
olmasını sübut etməyə qadir olduğunu
nümayiş etdirir. Putin təkcə diz
çökmüş ölkəni ayaq üstə
qaldırmadı, həm də başçılıq etdiyi
dövlətin nüfuzunu xeyli yüksəldə bildi.
Rusiya iqtisadi cəhətdən nə ABŞ, nə Çin, nə
Yaponiya, nə də AFR ilə müqayisə oluna bilər,
onlardan xeyli geridir. Lakin Rusiyanın beynəlxalq
aləmdə vəzni, dünya hadisələrinə təsir
göstərmək qabiliyyəti, böhran anlarında məsələlərə
müdaxilə etməsi və yaxşı nəticələrə
malik olması iki onillik ərzində baş verən olduqca
pozitiv metamorfozalardan xəbər verir. Putin
bir sıra postsovet respublikalarının da eyni istiqamətdə
fəaliyyət göstərməsi üçün çox
işlər görür. Gürcüstan,
Ukrayna buna qarşı çıxış etsələr də,
onların təsir gücü Rusiya ilə müqayisədə
çox zəifdir.
Min ilə bərabər olan böyük bir tarixin sahibi
Rusiya qüvvətli, ona əvəzsiz xidmət göstərmiş
dövlət başçıları kimi, zəif, iradəsiz,
onu dağıtmağa xidmət edənləri də
görmüşdür. Bəziləri I Nikolay kimi infantilizm, digərləri
isə Yeltsin kimi sərxoşluq nümunələri tək
xatırlanır. Putin fenomeni mübahisələrə
səbəb olsa da, Rusiyanın xilası üçün
mühüm bir amilə çevrilmişdir. Onu idealizə etmək də düzgün deyildir,
çünki çox sayda problemlər hələ öz həllini
tapmamışdır. İqtisadi
inkişafın zəif tempi ilə yanaşı, sosial vəzifələrin
də həlli yaxşı getmir. Böyük
bəla sayılan inflyasiya problemi əsasən həll olunsa
da, əmək haqlarının və pensiyaların minimum səviyyəsi
çox aşağıdır. Ölkədə
korrupsiyaya qarşı mübarizənin
aparıldığı dəfələrlə qeyd edilsə də,
nəticə heç də öyünüləsi deyildir. Bütün bu problemləri
Rusiya siyasətçiləri də etiraf edirlər. Lakin ölkəsini süqutdan, dağılmaqdan
qoruyub, xeyli inkişaf və nüfuz sahibliyinə yiyələnməyə
çıxarmaqda Putinin xidmətlərini heç cür inkar
etmək olmaz.
Qlobalizmin
yeni mərhələsi
Qloballaşma donub-qalmır, dərin transformasiyalara məruz
qalır. Qloballaşma prosesindən kənarda qalmayan dövlət,
demək olar ki, yoxdur, beynəlxalq ticarət ən biganə
olanları da onun ağuşuna sığınmağa məcbur
edir. Beləliklə, qloballaşma prosesi
böyüyərək və genişlənərək,
neoqlobalizm fazasına keçmişdir.
Vaxtilə qloballaşmadan müəyyən məsafədə
olan Çin indi qloballaşmış azad ticarətdə
dünya liderinə çevrilmək məqsədini
güdür, Çin həm də kommunist ölkəsi olaraq
qalır. Lakin bu, onun ABŞ-dan sonra iqtisadi cəhətdən
ikinci dövlət olmasına mane olmur.
ÇXR Sədri Si Tszinpin liberal kommersiyanın genişlənməsinə
xüsusi fikir verir. ABŞ-ın Çinə qarşı ticarət
müharibəsi də ona müəyyən təsir göstərsə
də, irəliyə doğru hərəkətinə mane ola bilmir. ABŞ dünya
telekommunikasiya sferasının ən iri şirkətlərindən
biri olan Çinin "Huavey" konserninin məhsullarının,
xüsusən smartfonlarının onun öz məhsulunu
sıxışdırmasına görə firmaya qarşı
sanksiyalar tətbiq etmişdir və gözləyirdi ki,
şirkət iqtisadi tənəzzülə məruz
qalacaqdır. Nəhəng "Huavey"
isə ABŞ-ın sanksiyaları şəraitində də
milyardlarla dollar gəlir götürməsini azaltmadı, əksinə,
artırdı və dövriyyəsini əvvəlki dövrlə
müqayisədə 27 faiz yüksəltdi. "Huavey"in Çin daxili bazarında payı 66
faiz artaraq, 42 faizə çatmışdır. Avropa İttifaqı 2020-ci ilin yanvarında
ABŞ-ın təkidinə məhəl qoymayaraq,
"Huavey"in 5-ci nəsl yüksək texnoloji məhsullarının
idxalına razılıq vermişdir. Həm
də şirkət Rusiyada nəhəng bazara sahib olmuşdur.
Çinin digər məşhur şirkəti
"Alibaba" 2019-cu ilin noyabrında bir gündə 1 milyard
dollar pul qazanmışdır. Nəhənglərə,
deyəsən, ağcaqanad sancması da elə bir təsir edə
bilmir. Çin özü isə çox
iri konsernlər şəbəkəsi ilə öyünə
bilər.
2019-cu ilin 2 dekabrında Rusiyanın Çini təbii
qazla təmin edəcək, 55 milyard dollar dəyərindəki
qaz kəmərinin işə salınması enerji
infrastrukturasında və siyasi mühəndislikdə nəhəng
nailiyyətdir.
Bu kəmərin çəkilməsindən məqsəd
Çinin 400 milyard dollar məbləğinə bərabər
olan həcmdə, dəqiq deyilsə, 30 il ərzində 1
trilyon kub metr təbii qazı Rusiyadan almasıdır. Kəmər
Rusiya ərazisində Yakutiyadan başlayıb, Blaqoveşenskə
çatır, keçdiyi əraziyə görə onu
"Sibirin gücü" adlandırırlar, sonra Çin
torpaqlarında uzanmaqla öz yolunu davam etdirir. ÇXR-ə
ildə 38 milyard kub metr qazın verilməsi, Çində
ondan 500 milyon adamın istifadə etməsinə imkan verəcəkdir.
Amerika mətbuatı bu layihənin başa gəlməsini
Vladimir Putinin və Si Tszinpinin ABŞ-ın hegemonluğuna
qarşı yönələn
çağırışları kimi qiymətləndirir.
Onların hər ikisi kəmərin
açılışı təntənəsində Moskva və
Pekin arasında yaradılan telekörpü vasitəsilə
iştirak etmək imkanı qazanmışdılar.
Çində tikinti-inşaat işləri də qeyri-adi
sürətlə gedir, böyük şəhərlərdə
göylərə ucalan binaların sayı yağışdan
sonrakı göbələk kimi artır. Bu isə
Çində ağılasığmayan layihələrin
yaranmasına səbəb olur. Çin
yaxın gələcəkdə Pekin və Şanxay meqapolislərini,
hər birində 130 milyon nəfər əhalinin
yaşadığı məkana çevirmək istəyir.
Bu şəhərlərin hər birində
Rusiyanın və ya Yaponiyanın əhalisinin sayı qədər
sakin yaşayacaqdır. Yəqin ki, atlantlar
da belə nəhəngliyə təəccüb qalardı.
Prezident
Donald Trampın təşəbbüsü ilə ABŞ
Çin mallarına ağır tariflər qoyur və bunu belə
izah edir ki, onun müəssisələri ABŞ
iqtisadiyyatına ziyan vurur, həm də Tramp öz şirkətlərinin
Çindən çıxarılması müraciətini
edir. O bəyan edir ki, Çin Dünya Ticarət Təşkilatına
daxil olandan çox sayda amerikan şirkətləri
bağlanmışdır. Ona görə də
DTT-nin nizamnaməsinə yenidən baxılmalıdır.
Əlbəttə,
Pekin belə nəhəng dinamikaya nail olmaq üçün
daim innovasiyaya can atır və çalışır ki, irəliyə
doğru sıçrayış qaydasındakı irəliləməsini
dayandırmasın. ABŞ isə Çin
firmalarını onun nou-haularını oğurlamaqda
günahlandırır. Tramp ABŞ texnologiyasının
oğurlanması şübhəsinə görə Çini
cəzalandırmaq istəyir.
Son vaxtlarda Çində elmi axtarışların,
texnologiyanın belə sürətlə inkişaf etməsi həmin
iddiaların əsassız olması düşüncəsinə
gətirir.
Çində ixtiraçılıq hərəkatı
geniş vüsət almışdır, 1,5
milyon Çin vətəndaşı öz ixtiraları
üçün patent almaq barədə müraciət
etmişdir, bu da bütün dünyadakı
ixtiraçıların 50 faizini təşkil edir.
Asiya nəhənginə çevrilən Çin qloballaşma prosesində də fəal iştirak etməyə can atır və çalışır ki, onda dominant rol oynasın. Axı bəzi sahələrdə o, artıq ABŞ-ı da geridə qoymuşdur və alıcılıq qabiliyyəti pariteti göstəricisinə görə dünyada birinci yeri tutur. Çin artıq yüksək keyfiyyətli mallar istehsal etməyə də qadirdir və onları öz rəqiblərindən çox ucuz qiymətə satır. Onun istehsal etdiyi mallar keyfiyyətinə, dizaynına görə ən məşhur dünya şirkətlərinin məhsullarından heç də geri qalmır, həm də onları, rəqabət etdiyi mallardan 2-3 dəfə ucuz qiymətə satır. Belə bir şəraitdə həmin məşhur şirkətlər rəqabətə dözməyib uduzurlar. Çin ABŞ-ın öyündüyü yüksək texnologiyalarda da öz rəqibinin fəth etdiyi zirvəyə çatmağa çalışır. Dinamika göstərir ki, Çinin bu məqsədə nail olmasını da çox gözləmək lazım olmayacaqdır. 2020-ci ilin yanvarında Çin koronavirus adlanan bəla ilə üzləşmişdir və bu, ümumi daxili məhsul istehsalına da müəyyən mənfi təsir göstərəcəkdir. Lakin Çin bu ağır sınaqdan da üzüağ çıxa biləcəkdir.
Götürdüyü mənfəət, dövriyyəsinin sürəti ona texnoloji inkişafda da böyük uğurlar əldə etməyə imkan yaradır, vaxtilə hərbi sahədə və kosmosun tədqiqində geridə qalan Çin indi ən qabaqcıl ölkələrlə bu sahələrdə də yarışa girə bilir. Onun beynəlxalq əlaqələri də böyüyür. Yeni İpək Yolu və Dəniz İpək Yolu, bu, həmçinin, Qurşaq və Yol təşəbbüsü kimi tanınır, onlardan məqsəd isə Çini Avropa ilə quru yolla, Afrika və Cənubi Amerika ilə isə okean vasitəsilə birləşdirməkdir.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2020.- 20 mart.- S.20.