Səyyad Aranın ilk romanı olan "Başdaşı" haqqında qeydlər  

 

Səyyad Aran "Başdaşı" adlı ilk romanını oxucuların ixtiyarına verib ("Azərbaycan" jurnalı, 2020, ¹ 2). O, bir nasir kimi "klassik nəsr qanunu"na riayət edib: yaradıcılığa hekayə ilə başlayıb (bir neçə hekayələr kitabı ilə tanışıq), sonra povest janrına müraciət edib, bu hekayələr, povestlər ədəbi ictimaiyyətin, geniş oxucu kütlələrinin rəğbətini qazanıb.

 

Əsasən, kənd həyatından bəhs edən bu əsərlər Səyyad Aranın bir yazıçı kimi bədii təhlil qabiliyyətini, həyatı, təsvir etdiyi obrazları real və inandırıcı boyalarla canlandırması ilə yadda qalır. Xüsusilə, onun "Sandıqda qalan muştuluq" kitabındakı hekayələr "Xarakter bir hadisənin, yığcam bir süjetin, ümumiləşdirilmiş bir mətləbin, sadə söyləmə nəql üsulunun" (Mir Cəlal) təqdimi ilə diqqəti cəlb edir.

 

Səyyad Aran Azərbaycan kəndini, orada baş verən sosial-mənəvi problemləri yaxşı duyur, sanki şəhərdə deyil, kənddə yaşayırmış kimi o mühiti, o insanları, orada baş verən hadisələri qələmə alır. Əgər belə demək mümkünsə, onun içində, mənəvi dünyasında xatirələri solmayan bir kənd yaşayır - Aran kəndi.

 

Həyat həqiqətindən bədii həqiqətə "keçid" həmişə uğurlu olmur, naşı qələm əhli bu "keçid"i tamamlaya bilmir, amma Səyyad Aran bu "keçid"i adlaya bilir. Elə ilk hekayələrində, sonra povestlərində əldə etdiyi nəsr təcrübəsi bunu sübut edir ki, Səyyad Aran müşahidə etdiyi, yaxud bilavasitə şahidi olduğu hadisələri bədii ümumiləşdirmə meyarı ilə əks etdirə bilir. Bunu onun ilk romanı - "Başdaşı"nda da izləyə bilirik.

 

"Başdaşı" 90-cı illər Azərbaycanda baş verən ictimai-siyasi hadisələri, Qarabağ uğrunda gedən savaşları əks etdirir.   müəllif bu hadisələrin iştirakçıları olan insanları bədii sözün işığına çıxarır. Bu mövzuda qələmə alınan bir sıra nəsr əsərlərində müəlliflər dövrün panoramasını, daha doğrusu, xronikasını da əks etdirirlər. Amma Səyyad Aranın romanında buna heç bir ehtiyac duyulmur. Çünki romanda təsvir olunan hadisələr bizə o qədər tanışdır ki, məlum olayları publisistikanın ixtiyarına vermək əhəmiyyətli görünmür.

 

"Başdaşı" müharibə haqqında roman adlandırmaq olar. Öncə döyüş səhnələrinin təsviri mənasında. Amma müharibədən bəhs edən bu əsərdə  müharibənin insanların psixologiyasında, fərdi aləmində, yaşayış tərzində əks olunması da vacib idi. Və Səyyad Aran da Müharibə və İnsan haqqında roman yazıb. Biz bunun bariz nümunəsini Tolstoyun "Hərb və sülh", Heminqueyin "Əlvida, silah", Şoloxovun "İnsanın taleyi" və digər şedevr əsərlərdə  izləmişik. Azərbaycan ədəbiyyatında da buna aid misallar gətirmək olar. Məsələn, Əbülhəsənin ilk adı "Müharibə" olan romanı.

 

Səyyad Aran bir ailənin başına gələn faciələri qələmə alıb, amma təkcə bir ailəninmi? Bu, bir ailənin timsalında o dəhşətli illərdə əzab çəkən insanların müsibətlərini ümumiləşdirib. Ata - Səməndər, ana - Nubar, iki oğul - Qürbət və Səlahət, yeganə qızı - Minarə - bu obrazların hər biri bədii təxəyyüldən deyil, həyatın özündən gələn obrazlardır. Amma romanı təkcə bu surətlərlə məhdudlaşdırmaq olmaz. Bir səhvi ucundan ermənilərə əsir düşən Yəhya kişi - düşmənin necə qəddar və tülküsifət olduğunu görür. "Yəhya kişini qundaqlaya-qundaqlaya yenə köhnə kolxoz anbarına saldılar. Pres kəndiri ilə əllərini bağlayıb təpikləməyə başladılar Qarnına dəyən təpikdən kişi ikiqat oldu, sancıdan içi doğrandı. Üzünü canfəşanlıq edən Avetisə tutdu: - Ə, Avetis, atan Arturla bir ton çörək kəsmişik. Qansızlıq eləməyin. Güllə atmamışam, adam öldürməmişəm. Heyvanlarım azıb, onların dalınca gəlmişəm. Məni niyə öldürürsünüz? Adam olun". Ancaq bu düşmənlərin içində ADAM tapmaq mümkünmü? Yaxşı ki, Yəhya kişi xatadan qurtulur, hava qaralandan sonra əsirlikdən qaça bilir.

 

Romanda düşmən əhatəsində olan yurddaşlarımızın ən çətin anlarda belə Vətən, Torpaq qeyrəti, Yurd sevgisi öz əksini tapır, qadınlar düşmənə qarğış edərlərsə, kişilər, oğullar qisas haqqında fikirləşir, necə olursa-olsun, ölüm bahasına olsa belə kəndi qorumaq üçün canlarından keçməyə hazırdılar. Amma o çətin, düşmənin güclü olduğu bir vaxtda, həm də Azərbaycanın bu müharibəyə hələ hazır olmadığı, təkcə ermənilərlə deyil, onları dəstəkləyən xarici qüvvələrin də mövcud olduğu bir zamanda kəndlər yalnız könüllülərin ümidinə qalmışdı. Romanda Mürvətin könüllülər dəstəsinin ölüm-dirim savaşı da o dövrün həqiqətidir, Qürbət də bu dəstədədir.

 

Bəs romanın əsas qəhrəmanları? Təbii ki, müəllifin rəğbətlə təsvir etdiyi iki qardaşın - Qürbətin və Səlahətin adlarını çəkmək olar. Amma bizim fikrimizcə, əsas qəhrəman Xalqdır, o kəndin qocalı-cavanlı əhalisidir. Qürbət və Səlahət isə seçilmişlərdir.

 

"Qürbət də tay-tuşları kimi, özünümüdafiə batalyonunun üzvü idi. Ləqəbi də vardı, vəzifəsi də: topçu Qürbət özü də çox sərrast atırdı. Ermənilər Qürbətin topundan əməlli-başlı çəkinirdilər. Onlar da Qürbətin topunu səsindən tanıyırdılar". Romanda onun mübariz döyüşçü obrazı ayrı-ayrı səhnələrdə canlandırılıb. Onun ölümü, minaya düşüb həlak olması böyük təəssüf doğurur. O dövrdə Qürbət kimi igidlərin həlak olması belə bir faktı sübut edir ki, vətənpərvərlik duyğusu ən çətin anlarda belə gənclərimizi tərk etməyib.

 

Romanda Qürbətin öz atası, anası və bacısına bağlılığını əks etdirən lirik səhnələr təsirli boyalarla əks etdirilib. Xüsusilə, onun ölümüylə bağlı: "Minarənin cikkəsi camaatın ürəyinə dağ çəkdi. Qardaşının başını qucaqlayıb yarıaçıq gözlərindən dönə-dönə öpən bacısının ah-naləsi yeri-göyü titrətdi". Təkcə Qürbət deyil, o kəndin bir çox oğulları da şəhid olmuşdular: "Ölənlər hamının idi, bütün kəndin şəhid balalarıydı. Ona görə, dərd də hamının idi. Kənddə oğlanları sağ qalanlar başlarını qaldırıb ətrafa baxmağa utanırdılar, sanki üzqaralıqları vardı, günah iş tutmuş kimi hürkürdülər". Bu, psixoloji bir səhnədir.

 

Qürbətin qardaşı Səlahət də orduda xidmət edir. Ata-anasının, bacısının həsrətiylə yaşayır, komandirə üz tutur ki, ona bir günlük icazə versin. Komandir isə bu icazəyə görə ona "telefonuma  əlli manatlıq kontur vurarsan" deyir. Əlbəttə, bu tipli komandirlər də olub və danmaq olmaz ki, o dövrdə bəzi hissələrdə nizam-intizam, komandir-əsgər münasibətləri hələ tam formalaşmamışdı. Səlahət ata-anasıyla, onu hədsiz çox istəyən bacısıyla görüşür, amma geri qayıdanda komandir onu cəzalandırır. Çox şey gözləyirmiş ondan. Amma bu "cəza müddətində" Səlahət dayandığı postu yaralı olsa da, yaxşı qoruyur və bizim əsgərlər düşməni pərən-pərən salırlar. Ağır yaralı Səlahət sağalandan (komada idi) sonra tərxis olunur. Ailəsinə qovuşur. Ancaq romanda Səlahətlə bağlı bir səhnə var ki, burada müəlliflə razılaşmamaq da olar. Məlumdur ki, vətənimiz üçün ən ağır olan məqamlarda yalnız öz xeyri, varlanması üçün çalışan, dükan-bazarı ələ alan Xasay kimilər az olmayıb. Onları vətən yox, cibləri düşündürürdü. Onlar camaatın gözünə xoş görünmək üçün dəridən-qabıqdan çıxırdılar. Səlahət Xasayla bir sinifdə oxumuşdu. Amma kontuziyalı Səlahət hara, pullu Xasay hara? "Dağıl dünya, dağıl! Bu Xasay deyil, ə? Yox, dözə bilməzdi. Yekəxanalığını ona yedizdirməliydi! "Qurumsaq! Əsgərliyə də getməmisən. Görəsən, nə fırıldaq eləmisən. Bunun qudurğanlığına bax!" Bərkdən fit çaldı: - Ə, Əhmədin oğlu, belə qudurmusan ki, gözün ayağının altını görmür? Salamın harda qaldı?" Xasay nə etsə yaxşıdı? "Çatan kimi Səlahətin qulağının dibindən bir yumruq ilişdirdi... Səlahəti tapdalayırdı". Əlbəttə. Bu savaşda Səlahətin də tərəfini tutanlar olur, Xasayın da. Xasay Səlahətin atasını da qorxudur və bu zaman hamı Xasaya tərəfkeşlik edir. Ola bilsin, bu səhnə uydurulmayıb, amma bir yaralı, kontuziyalı Azərbaycan əsgərinin təhqir olunması, təpiklənməsi ilə barışmaq olmur. Müəllif başqa bir yol seçə bilərdi.

 

Romanda o ailənin əvvəlcə Beyləqana, sonra da Bakıya köç etməsi də qaçqınlıq-köçkünlük illərinin ovqatını əks etdirir. "Ölkənin hər yerindən qaçqınlar axışıb paytaxta gəlirdilər. Müharibə bölgələrinə yaxın olan yerlərdən dövlətli ailələr çoxdan evlərini bütünlüklə Bakıya daşımışdılar. Bu da orta və kasıb təbəqədə həm ümidsizlik, həm də vahimə yaratmışdı. Ona görə onlar da bir ayaqlarını qaçaraq qoymuşdular. Qaçqınların əlindən Bakı aşıb-daşırdı. Şəhərin küçələri əsəbi, acıqlı, davakar insanlarla dolmuşdu... Bakı nəhəng qazan kimi qaynayırdı. Bu qazanda hər şey varıydı, bir-birinə qarışıb-qaynayırdı".

 

O ailədən isə yalnız Səlahət salamat qalır. Atası bu dərdlərə dözməyib dünyasını dəyişir. Anası da elə. Bəs Nubar? O Nubar ki, romanın ilk səhifələrindən onu tanıyırıq. Səməndər kişi oğlu Qürbətə başdaşı hazırlatmaq üçün Gəncəyə - usta Ağabalanın yanına yollanır, Minarə təkid edir ki, onu da aparsın. Gözəl bir başdaşı hazırlanır, üzərindəki təsvir də Qürbətə çox oxşayır. Minarə tez-tez bu başdaşı ilə söhbət edir. Ümumiyyətlə, Səyyad Aranın bu romanında çox təbii, çox real nəzərə çarpan iki obraz varsa, biri Minarədir.

 

Əlbəttə, bu roman haqqında çox danışmaq olar. Amma gəlin onun sonluğuna diqqət edək. Özümüzü 1991-1992-ci illərdə hiss edirik. "Bakı heç vaxt götürmədiyi mənəvi və psixoloji yükün altına girmişdi. Yükün ağırlığından Bakı Antey kimi dizəcən torpağa girmişdi.

 

Ən böyük qazan Azadlıq meydanında qaynayırdı. Axşamlar boz-bulanıq, dumanlı hava nəhəng qapaq kimi Bakının başından basırdı: təkcə şəhərin yox, elə adamların da. Şəhər yükün altında təntiyirdi, tövşüyürdü, tıncıxırdı. Əhali də həmin vəziyyətdəydi... Çünki çıxış yolu yoxuydu, görünmürdü. Amma şəhər, hələ ki, dözürdü, duruş gətirirdi.

 

Elə adamlar da...

 

Xalq öz Xilaskarını axtarırdı".

 

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2020.- 20 mart.- S.18.