"On dəqiqə otuz səkkiz saniyə"yə sığan həyatlar  

 

 

... Gördüyü hər işi, yazdığı hər əsəri ilə cəmiyyətdə rezonans yaratmağı, haqqında danışdırmağı bacaran qadındır Əlif Şəfəq.

 

Adi, sıradan, bəzən cəmiyyətdə varlığı ilə yoxluğu bilinməyən insanların həyatları, yaşadıqları, psixologiyalarını mövzu kimi seçdiyi romanları ilə oxucunun diqqətini ən ali məsələyə- insan faktoruna çəkməyi bacarır. "Eşq", "İsgəndər", "Qara süd", "Məhrəm", "Baba və piç", "Həvvanın üç qızı" və sair kimi kitabların müəllifi olan xanım yazıçı hər dəfə insan və insanlıq məsələsini ön plana çəkməklə dünyanın ən önəmli probleminin məhz bu olduğunu anlatmağa çalışır. Bəs biz onun bu ali çağırışını eşidir, səsinə səs veririkmi?

 

Əlif Şəfəqdən Tekila Leylaya

 

Əlif Şəfəqin ötən ilin may ayında işıq üzü görən "On dəqiqə otuz səkkiz saniyə" kitabı ilə tanış olandan sonra gördüm ki, əslində, yox, biz hələ də insanın və insanlığın dəyərini lazımınca qiymətləndirməyi bacarmayan toplumuq. Bunun türkiyəli, azərbaycanlı, amerikan, ingilis, rus və sair millətlərdən olmaqla bir əlaqəsi yoxdur. Bütün məsələ bundan ibarətdir ki, insana insanca dəyər verməyən elə insanın özüdür. Və bu problem dünyanın ən sivil ölkələrindən tutmuş ən kasıb, geridəqalmış cəmiyyətlərinə qədər hər yerdə hökm sürməkdədir. Yoxsa qəzetlərin kriminal səhifələri cinayət, təcavüz, intihar xəbərləri ilə bu qədər "dolub daşmazdı ki".

 

Yazıçının son romanı dünyada, xüsusən, Şərqdə qadın cinayətlərinin, uşaq ölümlərinin tüğyan etdiyi zamanlarda kitab rəflərində öz yerini tutmağa başladı. Burada da cinayətə qurban gedən insan bir qadındır. Amma Əlif Şəfəq qadın cinayəti kimi başladığı romanını təkcə bu mövzu ətrafında məhdudlaşdırmayıb, o, əsərinə qəhrəman kimi seçdiyi müxtəlif obrazların həyatlarını qələmə alaraq, cəmiyyətin onlardan azca fərqlənən fərdlərinə qarşı zalım, amansız, bağışlanmaz önyarğısını göz önünə sərir.

 

Bir neçə ay öncə türkiyəli dostumun hədiyyə etdiyi kitabı oxumağa başlarkən məni hansı bir macəranın gözlədiyindən xəbərsiz idim. Əlif Şəfəq qələmindən oxuduğum neçənci kitab olduğunu say etibarilə itirsəm də, bu əsərlərdən aldığım zövqün hər birini ayrı-ayrılıqda yaxşı xatırlayıram. Nəzəri və yaradıcılıq baxımından çox qüvvətli əsərlər olduğunu iddia edə bilməsək də, bir həqiqəti etiraf etməliyik ki, Əlif Şəfəq adi, hər kəsin görə, şahid ola biləcəyi (və çoxumuzun artıq şahid olduğu) hadisələri bədii əsərə çevirməyin ustasıdır. "On dəqiqə otuz səkkiz saniyə" romanı da çox adi həyat hadisələri üzərində qurulmuş bədii əsərdir. Burada da ən fərqli həyatlar, daha doğrusu, həyata tutuna bilməyənlər mövzuya alınıb. Yazıçı bu romanda fərqli bir qadının- Tekila Leylanın hekayəsini anlatır. Leylanın və onun beş qədim dostunun.

 

Ölüm nə vaxt gəlir?

 

Bir neçə bölmədən ibarət olan əsər bir növ sondan əvvələ doğru inkişaf edir. Belə ki, Leyla bir noyabr səhərində özünü İstanbulun gözdənuzaq məhəlləsində bir zibil qutusunun içərisinə atılmış halda görür. Əslində, ölüb Leyla, ürəyi və nəfəsi dayanıb. Amma təəccüblü olan odur ki, beyni hələ də işləyir, yaddaşı və düşüncəsi yerindədir. Leyla fərqindədir bunun da uzun davam etməyəcəyinin, tezliklə beyninin də ürəyi və nəfəsi kimi kəsiləcəyinin. Bütün həyatını xatırlaması üçün isə cəmi on dəqiqə otuz səkkiz saniyə zamanı var. Bu zaman bəs edəcəkmi Leyla kimi qarışıq, ağrılarla, acılarla dolu həyat sürmüş qadının hekayəsini anlatmağa?!

 

Əsərə bu quruluşu verməklə Əlif Şəfəq ölüm haqqındakı təsəvvürlərimizi alt-üst edir, insanın canı bədənini tərk edərkən bu dünyadan ayrılmadığını, müəyyən zaman müddətində olsa da, beynin işlək vəziyyətdə olduğunu deyir.

 

Müəllif bunu uydurmur, bu, elm tərəfindən də sübut olunmuş haldır. Belə ki, ürək dayanandan  üç dəqiqə sonra beyin hüceyrələri ölməyə başlayır. Özü də birdən yox, tədricən. Məsələn, 4-cü dəqiqədə 12-20 faizə qədəri, 5-ci dəqiqədə 35 faizdən çoxu ölür.

 

Bunu hələ 18-ci əsrdə fransız kimyaçı Antuan Loran Lavuazye ölüm anında sübut etmişdi. Lavuazye 51 yaşındaykən məhkəmə onu gilyotinlə ölümə məhkum edir.  Boynunun vurulmasını gözləyərkən kitab oxuyur. Cəlladı onu gilyotinə, ölüm meydancasına  aparmaq  üçün gəldikdə, Lavuazye oxuduğu yerin səhifəsini unutmamaq üçün kitabın arasına ayraç (əlfəcin) qoyur. Alim gilyotinə getdiyində dostu riyaziyyatçı Laqranjı çağırıb deyir: "Başım səbətə düşdüyü vaxt gözlərimə bax. Əgər iki dəfə gözümü qırpsam, bu o deməkdir ki, başım kəsildikdən sonra belə beynim bir müddət yenə düşünməyə davam edəcək". Lavuazyenin kəlləsi gilyotinlə vurulub səbətə düşür və o gülərək iki dəfə göz qırpır.

 

İnsanın ölümdən sonra öldüyünü dərk etməsi və ətrafında nə baş verdiyini hiss etməsini müasir dövrümüzdə Nyu-York Universiteti yanında Langone Tibb Məktəbinin (NYU Langone School of Medicine) mütəxəssisləri də təsdiq edib.

 

Tədqiqatın rəhbəri professor Sem Parnianın bildirdiyinə görə, ölüm ürəyin dayanma anıdır. Həmin an qan beyinə getmir. Qanın beynə getməməsi isə onun fəaliyyətinin dərhal dayanmasına səbəb olur. Yekun nəticədə beyin hüceyrələri ölməyə başlayır. Onların tam ölməsi üçün kliniki ölümdən sonra müəyyən müddət tələb olunur.

 

Qoxunun xatırlatdıqları

 

Bir fahişədir Leyla. İstanbula gəldikdən sonra bu yolun əksər yolçuları kimi aldadılaraq bu həyata atılıb. Elə yaşadıqları, hiss etdikləri də hardasa adi fahişələrin yaşadıqları, hiss etdikləridir. Gəl gör ki, yazıçı bu adi hadisəni çox orijinal qurğu və fərqli təhkiyə ilə anladaraq oxucunu hisslər burulğanında azdırmağı bacarır.

 

Leyla həmin zibil qutusunda cansız bədəni ilə aktiv beyni arasında gedib-gələrkən burnuna dəyən qoxular yaddaşını oyadır, ona ağrılarla dolu həyatını bir daha xatırladır:

 

Varlı bir ailənin ilk övladıdır Leyla. Atası Harunun ikinci arvadı olan Binnazdan doğulub. Ancaq elə doğulan kimi anasının qoynundan zorla qoparılaraq atasının birinci arvadı, sonsuz qadın Suzanın qucağına verilib. Atası Harun qəribə adamdır. Həm özünü dindar hesab edir, kəndin şeyxinin buyurduqlarını tətbiq etməyə çalışır (xüsusən, ailədəki qadınların üstündə), həm də içki içir. Yaşadığı ailə olduqca geri düşüncəli, xürafat və cahilliyin hökm sürdüyü bir yerdir. Anası (Leyla ona "xala" deyir) cahilliyi ucbatından fərqli-fərqli xürafatları həyata keçirir: uşağı qəmzəli olsun deyə hər gün heyva yeyir, ərinin ayaqqabısından nar suyu içir, uşaq tüklü olmasın deyə şaftalıya əl vurmur, həm Binnaz, həm də Suzan daraqda qalan saçlarını yandırır və sair. Bütün bunlar onların uşaqlara tərbiyə vermək tərzlərinə də təsir edir.

 

Hələ altı yaşı olarkən evli, əmisinin təcavüzünə məruz qalır Leyla. Nə baş verdiyini anlamadan, əmisi bu iyrənc əməlinə görə onu günahkar çıxarır, illərlə onu "məni sən yoldan çıxartdın, sən pis qızsan" deyərək qorxu içərisində saxlayır, təcavüzünü davam etdirir. Ona inanan və həqiqətən baş verənlərdə özünün günahkar olduğunu zənn edən qızcığazsa səsini çıxara bilmir, ta ki böyüyüb, həqiqəti dərk edənə qədər. 16 yaşında hər şeyi anası Binnaza, sonra isə atasına danışır, amma atası qardaşını müdafiə edir, Leylanı məktəbdən çıxarır, ona zülm etməyə başlayır. Daun sindromlu qardaşına görə hər şeyə dözüb qalan Leyla qardaşının öldüyü gün evi tərk edir, İstanbula üz tutur.

 

Nə yazıq ki, onun bu qaçışı heç də xoş gələcək vəd etmirdi. Leyla böyük İstanbulda namusunu, kimliyini, özünü itirir, məcbur qoyulduğu həyatı yaşamağa başlayır. Leylanı uşaqlığından ən ağır zərbələri ilə əzən həyat isə bəzən insaflı da davranır. Onun bu kasad insafının nəticəsi idi ki, Leyla qısa ömründə ona ailəsindən daha əziz, daha doğma olan beş dost qazanır. Başqa yerlərdən, başqa mədəniyyətlərdən gələn Sabotaj Sinan, Nostalji Nalan, Hollivud Hümeyra, Zeynep122, Cəmilə və Leylanın ortaq özəllikləri isə həyata qarşı heç bitməyən mübarizələridir. Onlardan Leyla və Cəmilə (nigeriyalı Jamilee) fahişə, Zeynəb fahişəxanada xadimə, Hümeyra barlarda, gecə klublarında müğənni,Nalan trans, Sinan isə uşaqlığından Leylanı sevsə də, Leyla qaçdığı üçün onu itirib, varlı bir ailənin qızıyla evlənən, cəmiyyətin xor baxdığı bu insanlarla dostluğunu ailəsindən belə gizlədən, nəticədə ikili həyat yaşamağa məcbur qalan biridir. Bütün dövrlərdə cəmiyyət bu cür həyat yaşayan insanları öz arasına qəbul etməyib, onları alçaldıb, düşdüyü bataqlıqdan çıxartmaq əvəzinə davranışı, baxışı ilə o bataqlığın ən dərininə itələyib. Ancaq bütün məhrumiyyətlərə baxmadan bu insanlar bir-birinə anadan, atadan, ən doğmadan da doğma olmağı bacarırlar.

 

Bu kədərli ömründə sevməyə, sevilməyə, ləkəli həyatına tüpürüb gəlinliklə ərə getməyə də imkan tapır Leyla. Ancaq bu dəfə də həyat qanlı əllərini onun yaxasından çəkmir, evliliyin bir ili tamam olmamış əri mitinqdə öldürülür və o, köhnə həyatına geri dönməli olur.

 

Leyla fahişələri cəmiyyətin iltihablı yeri kimi qəbul edən və onlara qənim kəsilən insanlar tərəfindən öldürülür. Onun cəsədi aşkarlanandan sonra Vandakı ailəsi cənazəyə sahib çıxmır. Ailəsinin rədd etdiyi ölülərin ünvanı isə kimsəsizlər məzarlığıdır. Qərara görə Leyla da orada dəfn olunmalıdır. Amma axı Leyla kimsəsiz deyil, onun beş qədim dostu var. Onlar can dostlarını kimsəsizlər məzarlığına vermək istəmirlər. Lakin bütün çabaları boşa gedir və Leyla orada dəfn olunur. Dostların isə qərarı qətidir: Leyla bir kimsəsiz kimi o qəbiristanda tərk olunmayacaqdı!

 

Leylanın arayışı

 

"On dəqiqə otuz səkkiz saniyə" Leylanın özünü, kimliyini arayışıdır. Əslində, Leyla bütün ömrü boyunca özünü axtarmışdı. Ölüm anında xatırladıqları da bu axtarışın son parçaları idi. Uşaqkən anasını axtarmışdı Leyla, xala dediyi Binnazın qəribə sevgisini sorğulamışdı. Sonra təcavüzə uğramağındakı günahını axtarmışdı. Yorğunluqların, qırılmışların, qırılacaqların, inciklərin məskəni qədim şəhər İstanbulda isə həyatını, xoşbəxtliyini, sevinclərini axtardı...axtardı...və tapmadan gözlərini əbədi yumdu.

 

Əlif Şəfəq önyarğının insanların həyatındakı önəmli yerini, bu dünyada qadın olmağın çətinliklərini o qədər mükəmməl, aydın, ağrılı detallarla göstərir ki, onların dərdlərini ağrısız oxumaq olmur. Qarşımızdakı insanın kim olduğunu, nə hiss etdiyini, necə bu hala gəldiyini bilmədən, sorğulamadan öz düşüncəmizlə qiymətləndirmək, önyarğımızla günahkar çıxartmaq işin ən asan yanıymış sən demə. Çünki ürəyimizin ən dərinində biz də bilirik bu həyata məhkum insanlara "bir toxunsaq min ah eşidəcəyimizi". Kiminsə dərdlərini dinləmək, o dərdlərə ortaq olmaq isə ən yaxşı halda sərf eləmir.

 

Son əvəzi

 

Leylanın və beş qədim dostunun həyat hekayəsinin fonunda biz Türkiyənin yaxın dönəmindəki tarixi hadisələrini də xatırlamış oluruq. Müəllif "Yankee go home" şüarını, Boğaz Körpüsünün açılışını, 1977-ci il 1 May hadisələrini xatırlayır, 1990-cı illərə qədərki Türkiyənin ictimai-siyasi, mədəni vəziyyətini şərh edir. Bunlar isə hadisələrin gerçəkliyinin təminatçıdır.

 

Altı fərqli insanın ayrı dramları oxucunu yaşadığı həyata, ətrafındakı insanlara qarşı daha diqqətli olmağa çağırır, sanki "birinin dərdlərinə məlhəm ola bilmirsənsə, heç olmasa, toxunub qanatma" deyir. Və sən anlayırsan ki "nə böyük xəfiflikdir insanın keçmişini olduğu kimi qucaqlaya bilməyi; o köhnə və xam hallarını anlaya bilməyi, bağışlaya bilməyi, sevə bilməyi..."

 

 

Şahanə MÜŞFİQ

 

 

525-ci qəzet.- 2020.- 20 mart.- S.14.