Azərbaycanın beynəlxalq münasibətlər
tarixinin görkəmli tədqiqatçısı
Dahi Mustafa Kamal Atatürk yazırdı:
"Tarix yazmaq, tarix yaratmaq qədər önəmlidir. Yazan yaradana sadiq qalmazsa, dəyişməyən gerçək
bəşəriyyəti çaşdıracaq
bir xarakter alar..." Həqiqətən də tarix yazmaq, intelekt, məntiq, elmi yanaşma tələb etməklə bərabər,
həmçinin, vətənə
və millətə sadiqlik, milli şüur və dövlətə bağlılıq
tələb edir.
Qədim sivilizasiya mərkəzlərindən
biri olan, tarix və dövlətçilik
ənənələrinə malik Azərbaycanın dövlətçilik tarixini
yazmaq isə tarixçilərdə xüsusi
bir məsuliyyət yaradır.
Məlumdur ki, dünya tarix elmində Azərbaycan dövlətçilik
tarixi məsələlərinə
münasibət əksər
hallarda qeyri-obyektiv xarakter daşımışdır. XX əsrdə siyasi və ideoloji sifarişlər əsasında
yazılan dünya tarixçiliyi Azərbaycanın
yerli dövlətçilik
ənənələrini inkar
etmişdir. Günümüzdə,
yüz il
boyunca təhrif olunmuş və qaranlığa qərq edilmiş Azərbaycan tarixini işıqlandırmaq,
öz layiq olduğu məqama yüksəltmək üçün
tarixçi alimlərdən
fədakarlıq, yüksək
intellekt, xüsusilə
də tariximizə və dövlətimizə
sadiqlik tələb olunur.
Qeyd olunan xüsusiyyətlərə malik
olan və tarix yazımında özünəməxsus dəst-xətti
olan görkəmli alimlərimizdən biri
professor Şahin Fərzəlibəylidir. Orta əsrlər
dövrü Azərbaycan
dövlətçilik tarixinin
olduğu kimi, obyektiv əsaslarla və Azərbaycanın milli və dövlətçilik
maraqları konteksində
araşdırılmasında Şahin Fərzəlibəylinin
böyük xidmətləri
var.
Professor Şahin Fərzəlibəylinin
istər Azərbaycanın
sovet dövrü, istərsə də müstəqillik dövründə
orta əsrlər tarixi ilə bağlı yazdığı
elmi tədqiqat əsərləri tariximizin
qaranlıq səhifələrini
aydınlatmağa, həmçinin,
obyektiv şəkildə
tədqiq etməyə
imkan yaradıb.
Onun Azərbaycanın orta əsrlər dövrü dövlətçilik tarixi
məsələləri, Qaraqoyunlu,
Ağqoyunlu, Səfəvilər
və Şirvanşahların
timsalında Azərbaycan
dövlətlərinin beynəlxalq
əlaqələri, xüsusilə,
bu dövrdə türk dövlətləri
ilə siyasi münasibətləri, diplomatik
əlaqələri, həmçinin,
Azərbaycan dövlətlərinin
quruluşu, idarəçilik
sistemi, xarici siyasət fəaliyyətini
həyata keçirən
idarə və təşkilatlar, elçilik
sistemi və digər məsələlərlə
bağlı apardığı
tədqiqatlar Vətən
tarixşünaslığında olduqca əhəmiyyət daşımaqdadır.
Şahin
Fərzəlibəylinin fars
dilindən tərcümə
etdiyi və geniş şərhləri
əhatə edən Səfəvilər dövrü
Azərbaycan tarixinin ensiklopediyası hesab edilən İsgəndər
bəy Münşi Türkmanın "Tarixe-aləmarayi-Abbası",
Həsən bəy Rumlunun "Əhsənüt-təvarix"
əsərləri mənbəşünaslıq
sahəsində xüsusi
çəkiyə malikdir.
Onun
"Azərbaycan XV-XVI əsrlərdə:
Həsən bəy Rumlunun "Əhsənüt-təvarix"
əsəri üzrə",
"Azərbaycan və
Osmanlı imperiyası
XV-XVI əsrlərdə", "XV əsr Azərbaycan dövlətlərinin quruluşu"
monoqrafiyaları və
yüzlərlə elmi
məqalələri Azərbaycan
tarixşünaslıq elminin
zənginləşməsində mühüm rola malikdir.
Professor Şahin Fərzəlibəyli
elmi tədqiqat əsərlərində həmişə
Azərbaycanın dövlətçilik
ənənələrini önə
çəkmiş, bu
dövlətçiliyin qədimliyini,
yerli və milli əsaslara söykəndiyini, dövlətyaratma
məsələlərində yerli Azərbaycan etnosunun əsas amil olduğunu, bu dövlətlərin beynəlxalq münasibətlərdə
əhəmiyyətli rol
oynadığını dəfələrlə
elmi əsaslarla sübut etmişdir.
Görkəmli alim XV-XVI əsrlər dövrünü Azərbaycanda
dövlətçilk tariximizin
intibah dövrü hesab edir və
bu dövrdə fəaliyyət göstərən
dövlətləri bölgənin
aparıcı dövlətlərindən
olduğunu önə
çəkir.
Şahin
Fərzəlibəyli "Azərbaycan
və Osmanlı imperiyası XV-XVI əsrlərdə"
monoqrafiyasında yazır:
"XV əsrdə Qaraqoyunlu
və Ağqoyunlu dövlətlərinin, XVI əsrdə
isə Səfəvi dövlətinin yaranması
və onların ayrı-ayrılıqda Osmanlı
imperiyası ilə münasibətləri, həmçinin,
göstərilən dövr
hadisələrində Şirvanın
rolu yalnız Azərbaycanın deyil, eyni zamanda, bütün
Zaqafqaziya və Yaxın Şərq ölkələrinin tarixində
mühüm rol oynamışdır" (Şahin
Fazil Fərzəlibəyli.
Azərbaycan və Osmanlı imperiyası:
XV-XVI əsrlərdə. Bakı, 1995. səh. 120).
Görkəmli alim elmi tədqiqatlarında haqlı
olaraq bu elmi qənaətə gəlib ki, XV-XVI əsrlərdə Azərbaycan
dövlətləri təkcə
Azərbaycanda deyil, həmçinin, Cənubi
Qafqaz və Yaxın Şərqin tarixində də mühüm rol oynayıb.
Professor Şahin Fərzəlibəyli
orta əsrlər dövründə Azərbaycanda
elçilik sistemi, dövlət aparatında diplomatik institutların mövcudluğu, səfirlər
və səfarətxanalar
haqqında olduqca əhəmiyyətli tədqiqatlar
aparıb.
Şahin
Fərzəlibəyli orta
əsrlər dövrü
Azərbaycan tarixinin tədqiqatçısı olmaqla
yanaşı, eyni zamanda, dövlətçilik
tariximizin, xüsusilə
orta əsrlər dövrü Azərbaycan tarixinin təbliğatıçısı
və himayəçisi olub.
Görkəmli alim istər
ölkə daxilində,
istərsə də beynəlxalq səviyyədə
təşkil olunan konfrans və elmi tədbirlərdə Azərbaycan tarixinin təbliğ olunmasında
fəal iştirak edib.
2009-cu ilin noyabr ayında
dəyərli alim Şahin Fərzəlibəyli
ilə birgə iştirak etdiyim İstanbul şəhərində
keçirilən "Səfəvilər
və Şah İsmayıl" beynəlxalq
elmi konfransında o,
"Sultan Səlim Yavuz
və Şah İsmayıl Səfəvi
tərəfindən Çaldıran
Savaşı öncəsində
yazılmış beş
tarixi məktub haqqında" adlı məruzə ilə çıxış edərkən
necə ürək ağrısı ilə Səfəvi-Osmanlı münaqişələrindən
danışmasının və
bu müharibələrin
türk dünyası
üçün acı
nəticələrini təəssüf
hissi ilə qeyd etməsinin canlı şahidi olmuşdum. Bu çıxış
Şahin Fərzəlibəylinin
Azərbaycana, Türkiyəyə,
bütün türk dünyasına bağlılığının
bariz nümunəsi idi. Bu simpoziumun açılışında Şahin
müəllimin Azərbaycan
nümayəndə heyətinin
adından çıxışı
zamanı dediyi bir salamlama şeiri
heç vaxt yaddaşımdan silinməyəcək:
Qəhrəman türklərin şərafətinə,
Salamlar olsun.
Əzminə, izzinə, şücaətinə,
Salamlar olsun.
İstanbul olubdur əzəldən
mətin,
Onu fəth eləmək çətindən çətin...
Ulu diyarına fateh Mehmetin
Salamlar olsun.
Dəvət Türkiyədən, səfəri - bizdən,
Yan olsun yağının nəzəri bizdən,
Mavi Mərmərəyə Xəzərimizdən
Salamlar olsun.
Şahin
Fərzəlibəylinin orta
əsrlər dövründə
Azərbaycan dövlətlərinin
digər türk dövlətləri ilə
qarşılıqlı siyasi
münasibətləri istiqamətində
apardığı qiymətli
araşdırmaları, həmçinin,
türk dünyası
ilə bağlı dostluq və qardaşlıq hisslərini
ehtiva edən onlarla şeir və ədəbi nümunələri, alimin
türk dünyasına
sevgisini ifadə etməklə yanaşı,
həmçinin, türk
xalqlarının mənəvi
birliyinin qorunmasında
mühüm rol oynayıb.
Dəyərli alim, gözəl
insan, əsl ziyalı Şahin
Fərzəlibəyli, 80 illik yubileyiniz qutlu olsun. Davamçılarınızın elmi fəaliyyətində və mənəvi
dəyərlərinin formalaşmasında göstərdiyiniz xidmətlərə
görə sizə sağlam ömür və yeni-yeni
yaradıcılıq uğurları arzulayıram.
Mübariz AĞALARLI
AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent
525-ci qəzet.- 2020.- 20 mart.- S.12.