İntiqam Ağayevin rənglər
dünyası
Rəssam İntiqam Ağayev ehtiyatda olan zabit, II qrup
Qarabağ əlilidir. Əzim Əzimzadə adına Rəssamlıq
Məktəbini bitirib. Çəkdiyi əsərlər
imperssionizm üslubundadır. Əsasən,
yağlı boyadan istifadə edir. İşlədiyi
mövzularda isə məişət, dəniz peyzajları və
müharibə mövzuları üstünlük təşkil
edir.
İntiqam Ağayev incəsənət aləmində
özünəməxsus dəsti-xətti olan istedadlı rəssamlardandır. Rəsmlərinə
baxanda insanın ağlına da gəlməz ki, o, Qarabağ
müharibəsinin iştirakçısı olub, ağır
döyüşlərdə iştirak edib, yaddaşında dərin
iz buraxmış faciəvi itkilər görüb. Çünki yaradıcılıqda əsas
şüarı auditoriyaya yalnız müsbət enerji, xoş
təəssürat və nikbin əhval-ruhiyyə ötürməkdir.
O, öz kədərini, ağrı-acılarını da kətan
üzərinə rəngli boyalarla, gözəl təbiət
mənzərələri ilə canlandırmağı bacaran rəssamlardandır.
Cəbhədə baş verənləri unutmasa
da, tablolarda mavi Xəzəri, qayğısız uşaqlıq
illərini, Abşeronun əsrarəngiz təbiətini təsvir
etməklə insanlara nikbinlik aşılamağa
çalışır. Müharibə illərində
qanlı savaşlarda iştirak etmiş, böyük faciələrin
şahidi olmuş və rəssamlığa da məhz
döyüş zamanı aldığı fiziki və mənəvi
zərbədən sonra başlamış İntiqam
Ağayevin yaradıcılığının əsas
mövzusu vətənpərvərlik olsa da, o, heç zaman
ağrı-acını, bədbinliyi, çarəsizliyi rəsmlərində
təbliğ etmir, əksinə, auditoriyaya mənəvi
rahatlıq və ümid hissi aşılayır, xeyirin şər
üzərində gec-tez qələbə
çalacağına inamını insanlara
çatdırır. Bir sözlə, rəssamın
optimizmlə dolu yaradıcılığı hər kəsə
həyatın gözəl olduğunu, onu sevinclə, doya-doya
yaşamağı, nə baş verirsə-versin həyatdan
küsməməyi öyrədir. İntiqam Ağayev
böyük həvəslə hazırlaşdığı,
bu yaxınlarda təşkil edəcəyi yeni sərgidə
yer alan tablolarda da məhz bu xətt qorunub
saxlanılır.
İntiqam Ağayevin yaratdığı rəsmlər
barədə rəssamın
yaradıcılığını yaxından izləyən və
daima fərdi sərgilərinin təşkilində ona dəstək
olan fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyevlə
söhbətimizi oxuculara təqdim edirəm.
- Rafiq
müəllim, İntiqam Ağayevin keçirdiyi bütün
fərdi sərgilərdə sizi görürük. Maraqlıdır, rəssamın
yaradıcılığını nə vaxtdan izləyirsiniz?
- Məni
tanıyanlar incəsənət vurğunu olduğumu
yaxşı bilirlər. Sevgi ilə
yaradılmış hər bir incəsənət nümunəsi
mənim üçün çox dəyərlidir. Fikrimcə, sözdən sonra insan ruhuna təsir edən
ikinci vasitə rəsm əsəridir. Sərgilər
mənim ən çox getdiyim yerlərdəndir. Bəzən
hansısa sərgidə çox bəyəndiyim bir tablonu
alıb iş otağımdan da asa bilərəm. İntiqam Ağayev də yaradıcılığını
bəyəndiyim rəssamlardandır. Sərgilərində
həmişə iştirak edirəm. Uzun
illərdir ki, şəxsi tanışlığımız
var.
-
Bildiyimizə görə, İntiqam Ağayev həm də
müharibə iştirakçısıdır. Rəssamlıqla müharibə illərində məşğul
olmağa başlayıb?
-
Qarabağ uğrunda döyüşəndə də, cəbhədə
olanda da dəfələrlə hiss və düşüncələrini
kətan üzərinə köçürmək
İntiqamın ürəyindən keçib. Bunu
aramızda olan söhbətlərdən bilirəm. Amma məlum məsələdir ki, qızğın
döyüşlər getdiyi üçün buna şərait
olmayıb. Cəbhədən dönəndən
sonra isə o, bütün vaxtını yalnız rəssamlığa
həsr edib. Bizim sonradan dostluğa
çevrilən tanışlığımız da məhz həmin
dövrə təsadüf edir.
- Necə
düşünürsünüz müharibədə
iştirak etməyi onun yaradıcılığına, çəkdiyi
rəsmlərin mövzusuna təsir edibmi?
-
Düşünürəm ki, edib. Ümumiyyətlə,
incəsənət adamının şəxsi həyatı
heç zaman onun yaradıcılığına təsirsiz
ötüşmür. Cəbhədə
olmağı, hadisələri öz gözləri ilə
görməyi onun əsərlərinə təsir edib. Onun bütövlüklə Qarabağ müharibəsinə
həsr olunmuş fərdi sərgiləri keçirilib. Məsələn, "Ağrının, ümidin və
sevincin də rəngi var" sərgisi. Bir
çoxları düşünür ki, rəssamlıqda hərbi
mövzu tamaşaçılar tərəfindən heç də
birmənalı qarşılanmır. Bəlkə də ola bilsin ki, elə buna görə hər rəssam,
hətta hər yazıçı, şair bu mövzuya
müraciət etmir. Çünki incəsənət
vurğunu olan insanlar getdikləri sərgidə adətən
nümayiş olunan rəsmlərdən müsbət enerji
almaq istəyir, bədbinliklə yüklənməyi
planlaşdırmırlar. İntiqam isə
hərbi mövzuya bir qədər başqa cür, öz
gördüyü kimi yanaşır. Düşünürəm
ki, bu, onda alınır. Yadımdadır,
müharibəyə həsr olunmuş "Ağrının,
ümidin və sevincin də rəngi var" sərgisindən
hər kəs məmnun ayrılmış, rəsmlər
böyük maraqla qarşılanmışdı. Həmin rəsmlər vasitəsilə İntiqam həm
insanlara müharibədə yaşananları, həm də nə
olursa-olsun həyatın gözəl olduğunu anlatmağa
çalışmışdı.
- Sizcə,
hansı daha çətindir - fəlsəfi mövzuda çəkmək,
yoxsa müharibə mövzusunda?
- Rəssam
həm də filosof deməkdir mənim aləmimdə. Yəni rəsm vasitəsilə hansısa fəlsəfi
fikri tamaşaçıya çatdırmaq əslində, rəssam
üçün bir o qədər də çətin
olmamalıdır. Təbii ki, söhbət
peşəkarlardan gedir. Amma müharibədə
iştirak etmiş bir rəssam bu mövzuya hər dəfə
müraciət edəndə o illərin
ağrılı-acılı günlərini təkrar
yaşamalı olur. Bəlkə də sonra
günlərlə özünə gələ bilmir. İntiqamın Qarabağla bağlı elə əsərləri
var ki, illər öncə çəkməyinə baxmayaraq, hələ
də onları görəndə, sərgi üçün
seçəndə mütləq həmin dövrə
qayıtmalı olur. Bu, asan iş deyil. Bəlkə
də elə buna görə hər rəssam bu mövzuda
çəkmir.
- Fəlsəfi
rəsmlər yaratmaq yorucu deyilmi?
- Məncə,
yox. Rəssamın bütün həyatı fəlsəfədir,
bütün düşüncələri fəlsəfidir.
Bu, artıq onun yaşam tərzinin böyük
bir parçasıdır. Yenə də
qeyd edirəm ki, söhbət peşəkar rəssamlardan
gedir. Ümumiyyətlə, mənə elə
gəlir ki, rəssam təkcə nəyinsə rəsmini
çəkməklə kifayətlənməməlidir. Belə olsaydı, rəssamlıq ən asan məşğuliyyət
sahəsi olardı. Hər kəs qarşısına bir əşya
qoyub onu ağ kağız və ya kətan
üzərinə köçürərdi. Mənim
aləmimdə rəssam həm də filosofdur, güclü
filosofdur - yenilik gətirməyi bacarandır. O, çəkdikləri
vasitəsilə hansısa bir fikrin əsl mahiyyətini
anlatmalı, həmin fikrin fəlsəfəsini
açmalıdır. Nəticədə rəssam
onun rəsmini izləyən insanı da həmin mövzu ətrafında
düşünməyə, onun daxili aləminə nəzər
salmağa vadar edir. Hər bir rəssam görünüşü,
həm də daxili fəlsəfəsi ilə maraqlı
olmalıdır. Əbəs yerə hər
portretə, mənzərəyə biz incəsənət
nümunəsi, yəni tamamlanmış bir əsər kimi
baxılmır. Diqqət yetirsəniz
görərsiniz ki, dahi rəssamların əsərlərini
uzun müddət izləmək olmur. Çünki
həmin tablolarda o qədər dərin fəlsəfi
düşüncələr olur ki, insan beyni yorulur,
aldığımız məlumat bizi yükləyir. İntiqamın rəsmləri isə həm
görünüşcə diqqət çəkir, həm dərin
məzmunlu olur, həm də tamaşaçının beynini
çox yükləmir.
- Deməli,
incəsənətin insanı düşündürdüyünə
inananlardansınız?
- Əlbəttə. Əgər bir əsərdə
hansısa fəlsəfi məna ifadə olunubsa, o, insanı
düşündürməyə bilməz. Əgər
insan sərgidə bir tablo qarşısında dəqiqələrdə
dayanırsa, demək ki, rəssam onu düşündürməyi
bacarıb. Sadəcə olaraq, rəssam şəkil
çəkərkən hər kateqoriyadan olan auditoriyanı nəzərə
almalıdır. Rəsm o qədər
aydın çəkilməlidir ki, tamaşaçı rəssamın
nə demək istədiyi anlasın. Rəssamın
məqsədi tamaşaçını çaşdırmaq,
onun beynini yükləmək deyil, çəkdiyi rəsmlə
ona müəyyən fikri çatdırmaq, onu
düşündürmək olmalıdır. İntiqam məhz belə rəssamlardandır.
- İntiqam Ağayev yaradıcılığını
yaxından izləyən biri kimi yəqin ki, əsərlərində
daha çox dəniz mənzərəsi
canlandırdığına diqqət yetirmisiniz. Sizcə, bu, nə
ilə bağlıdır?
- Xəzərin
mavi dalğaları insanın qəlbində rahatlıq,
gözlərində ümid yaratmaqla yanaşı, həm də
onu dərin düşüncələrə qərq edir. Müxtəlif qayğılarla, bədbin hisslərlə
yükləndiyimiz müasir dövrdə hər birimizin nikbin
incəsənət əsərlərinə mənəvi
ehtiyacımız var. Sərhədsizliyin, sonsuzluğun və
azadlığın rəmzi olan dəniz insanlara bütün
buxovları, zəncirlərini qırıb azad həyata
atılmağa səsləyir. Elə buna
görə də dənizin canlandırıldığı rəsm
əsərini ən güclü sakitləşdirici məlhəm
hesab edirəm. Dəniz varsa, işıqlı sabah var, nurlu gələcək var. Rəsm
işlərində təbiət ahəngdarlığının
nikbin ruhda canlandırılması gözəl əhvali-ruhiyyənin,
dərin düşüncənin və sağlam ruhun
yaranması üçün əsasdır. Məncə,
İntiqamın dəniz mövzusuna bu qədər önəm
verməsi də elə bununla bağlıdır.
- Rafiq
müəllim, əsas mövzumuz bu günlərdə növbəti
fərdi sərgisi təşkil olunacaq İntiqam Ağayevin
yaradıcılığı olsa da, istərdim bir qədər
kənara çıxaraq müasir rəssamlıqdan
danışasınız.
- Qoy məndən inciməsinlər, mən yüksək məqama qalxmış bir çox istedadlı yazıçıların 300-400 səhifəlik bir romanının məğzini fəxrimiz olan böyük rəssam Sakit Məmmədovun bir tablosunda tapmağın mümkünlüyünə inanıram. Bir tabloda bir neçə insan həyatının, neçə-neçə hekayənin, şeirlər toplusunun, necə deyərlər, ipinin ucunu görməyi mümkün hesab edirəm və əminəm ki, belə düşünənlərin sayı az deyil. Ümumiyyətlə, incəsənət elə bir mövzudur ki, bu barədə ümumi şəkildə danışa bilmərəm. Xüsusilə də söhbət konkret bir rəssamdan və onun yaradıcılığından gedirsə. Mənim aləmimdə hər istedadlı insanın öz Olimp zirvəsi var. Elə bil sıldırımlı hündür dağa qalxırsan. Həmin dağın ən yüksək nöqtəsinə çatmasan da, qalxdığın məkan sənin zirvəndir. Ən sadə insanın da öz zirvəsi olur. Zirvəsiz nəinki rəssam, yazıçı, şair, siyasətçi, heç bir xüsusi qabiliyyəti olmayan sadə insan belə yoxdur. Bütün hündür dağlar yerdən başlayaraq yüksəlir. Kənardan kimin üçünsə dağın ətəyi, adi düzənlik kimi görünən nöqtə əslində, başqası üçün zirvədir. İstedadlı şəxsiyyətlərin fəth etdikləri zirvə isə adi insanlar üçün hər zaman əlçatmaz olur. Buna fətholunmaz yüksəklik də deyirlər. Həmin yüksəkliyə qalxa bilən tək-tük insanları bəzən, mahiyyətinə varmadan, ilahiləşdiririk. Çünki o, hər kəsin fəth edə bilməyəcəyi bir mühitə - zirvədən yuxarı, səmaya qalxmağı bacarıb, yəni o, artıq zirvəni tərk edib. O məkan bu istedad sahibinə darlıq edir. Məsələnin məğzi - zirvə ilə yüksəkliyin fərqi də, məncə, elə budur. Əlbəttə, onlar təkrarolunmaz insanlardır, necə deyərlər, seçilmişlərdilər. Bəzilərinə qəribə gəlsə də, mən deyərdim ki, onları xüsusi mələklər himayə edir. Çünki bu insanlar Yaradanın ilahi qüdrətini insanlar üçün reallaşdırmağı bacaranlardır. Həm də belələrinin milli mənsubiyyəti olmur, dahilər bütün bəşəriyyətə mənsubdur - Avropa renesans dövrünün yetirmələri, dünya şöhrəti qazananlar kimi. Və onların sırasında bizim görkəmli, dünyada tanınıb qəbul olunmuş rəssamlarımız da var.
Nigar QULİYEVA
525-ci qəzet.- 2020.- 20 mart.- S.11.