"Bəy"i bəyənmədik,
"Müəllim"i də hörmətdən
salırıq
Adlar və soyadlar kimi insanların bir-birinə və ətrafdakılara,
başqa xalqların nümayəndələrinə müraciət
formaları da milli-mənəvi ənənələr və dəyərlər
məcmusuna aiddir, milli kimlik və etnik mənsubiyyətlə əlaqədardır.
Xalqımızın əsrlər boyu işlətdiyi
müraciət formaları olmuşdur. Hələ tayfa
münasibətlərinin mövcud olduğu orta
çağlarda yaxın adamlar bir-birinə qohumluğu bildirən
əmi, dayı, əmioğlu, dayıoğlu, xala, bibi, baba, nənə
və sair bu kimi müraciətlərdən istifadə
etmişlər. Bu da təbii idi, hətta
qohumluq bağları olmayanda belə insanlar
tanıdıqları şəxsləri yaşına, cinsinə
uyğun olaraq bu kimi adlarla çağırmışlar.
Lakin tanımadıqları şəxslərə
bəy, ağa, xanım, bəyim kimi müraciət etmişlər.
Xalq dastanlarımızda bunun nümunələri
çoxdur.
Dünya və zaman dəyişdikcə hər bir xalqda qəbul
edilmiş müraciət formaları yaranmış və
oturuşmuşdur. Dünyanın əksər ölkələrində, istər
Qərbdə, istərsə də Şərqdə yaxın və
tanış olmayan hər kəsə
münasibətdə, necə deyərlər, məlum standart
müraciət normaları işlədilməkdədir. Mister, müsyö, mis, madam, senyor, senyora və sair
kimi Qərb ölkələrindəki müraciət
formaları hər kəsə məlumdur və bu, çox
adidir. Ruslarda yetmiş illik
"tovariş"dən asanca əvvəlki "qospodin"ə,
"qospoja"ya keçdilər. Ukraynada ənənəvi
"pan" və "pani" yenidən əsas müraciət
formasına çevrildi. Belə nümunələr
onlarladır.
Mətləb üstünə qayıdaq. Müstəmləkə
illərində hakim dövlətin diktəsi ilə onların
dilini və müraciət təbirini qəbul etməyə məcbur
idik. Seyid Əzim Şirvaninin dediyi kimi,
"bilməsək dil, əlacımız yox" idi. Çarlıq Rusiyasında yerli zadəganları
xalqın gözündən salmaq məqsədilə milli-mənəvi
ənənələri və nəsillərarası
bağları qırmaq məqsədilə bəylik,
ağalıq ləğv edilmiş, bir rus jandarmı belə
yerli zadəganlardan üstün hala gətirilmişdi.
Bolşevik və Sovet Rusiyası az sonra
SSRİ cildində hamını "yoldaş" edərək
bu müraciət formasını xalqa qəbul etdirdi. Sovetlər İttifaqı vahid vətən hesab
edildiyinə görə "vətəndaş" müraciəti
də formalaşdırıldı. Amma
"yoldaş"dan fərqli olaraq, əslində, dərin məna
tutumlu və gözəl səslənən bu söz yalnız
məhbuslara, müttəhimlərə müraciətdə və
onların qarşı tərəfə müraciətində
işlədilirdi. Rəsmi dairələrdə
"yoldaş"la yanaşı, misal üçün, Qulam
Səmədoviç, Məryəm Abbasovna kimi milli ruhumuza yad
müraciət forması qəbul edilmişdi.
Lakin 1991-ci ildə dünyanın sonuncu imperiyalarından
biri dağılandan sonra müstəqillik qazanan xalqlar öz
milli müraciət formalarını, soyadlarını yenidən
bərpa etməyə, ya da formalaşdırmağa
başladılar. Bizim nəslin gözü qarşısında və bir
sıra hallarda iştirakı ilə baş verən bu prosesdə
xalqımızda təbii olaraq "bəy" və
"xanım" müraciətinə qayıtmaq istəyi
özünü göstərdi. 1988-ci ildən
yavaş-yavaş danışıq dövriyyəsinə daxil
olan bəy və xanım sözləri tezliklə cəmiyyətimizdə
qismən qəbul edildi, əlbəttə, yaşlı nəsil
əvvəlki müraciətlərə o qədər adət
etmişdi ki, bu proses kütləviləşə bilmədi,
lakin yenə də özünə yol açırdı.
Yaxşı yadımdadır ki, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin iclaslarında Ali Məclisin sədri
Heydər Əliyevə müxtəlif adlarla müraciətlər
edirdilər.
"Heydər bəy", "Heydər Əliyev",
"Yoldaş Əliyev", "Heydər
Əliyeviç"... Deputat həmkarlarımızdan biri
soruşdu ki, yoldaş Əliyev, Sizə necə müraciət
edək, Ulu öndər dedi ki, "Heydər
Əliyeviç" deməyin, necə müraciət
edirsiniz, edin. O zaman deputatların, mən də daxil,
böyük bir qismi - yəni Demokratik bloka daxil olan
bütün deputatlar və digər bəziləri, yəni Ali
Məclis deputatlarının təqribən yarısı
"Heydər bəy" müraciətini işlədirdilər
və Heydər Əliyev bunu təbii
qarşılayırdı, özü də müraciətində
"bəy" ifadəsini işlədirdi. Beləliklə,
"bəy" keçmiş mənası olan əsilzadə,
bəy nəsil-nəcabətinə mənsubluqdan
çıxaraq günümüzün çağdaş
milli-mədəni müraciət formasına
çevrilmişdi. "Xanım" isə
ilk gündən əksəriyyət tərəfindən qəbul
edildi və xoşbəxtlikdən bu gün də zərif cinsə
yaraşan bu ənənəvi müraciət formamız
işləkdir. Bəs sonra "bəy"in
başına nə gəldi?
1990-cı illərin əvvəllərində baş verən
ictimai-siyasi hadisələr, SSRİ-nin dağılması ilə
əlaqədar Azərbaycanın öz müstəqilliyini elan
etməsi və milli dövlət quruculuğuna keçid
heç də rəvan, mütəşəkkil və
ardıcıllıqla baş tutmadı. Xaricdən mənəvi-ideoloji
təxribatlar və təsirlər, Ermənistanın
işğalçı siyasəti və Dağlıq
Qarabağın və ətraf ərazilərinin işğal
edilməsi, kənar güclərin hər tərəfdən
ölkənin daxili işlərinə qarışmaq cəhdləri,
müxtəlif siyasi, dini, ayrımcı qrupların fəallaşması,
Xalq Cəbhəsi və Müsavat qruplaşması hakimiyyətinin
dövlət idarəçiliyindəki səriştəsizliyi
və bacarıqsızlığı, yaranmış mürəkkəb
vəziyyətdə acizlik nümayiş etdirməsi ölkədə
çıxılmaz böhran vəziyyəti
yaratmışdı. Xarici düşmənə
qarşı mübarizədən daha çox daxildə
hakimiyyət uğrunda mübarizəyə kilidlənən
"bəy"lərin çoxu qısa müddətdə
xalqın gözündən tamam düşdülər. "Bəy" müraciəti də bu zaman əvvəlki
cazibədarlığını itirməyə başladı.
Fəlakət
anında hakimiyyət və xalq tərəfindən ölkəni
xilas etməyə təkidlə çağırılan Ulu
öndər Heydər Əliyev böhranı dayandırdı,
sabitliyi təmin etdi və qorudu, dövlətin daha çox ərazilərinin
düşmənin işğalına düşməməsi
üçün atəşkəsə razılıq verdi,
yaranmış tənəffüsdən istifadə edərək
ölkəni inkişaf yoluna çıxardı, nizamlı
ordu quruculuğuna başladı, daxili və xarici maneləri
bir-bir aradan qaldıraraq müstəqil dövlətçiliyin
etibarlı və möhkəm təməlini qoydu, müstəqilliyin
əbədi və dönməzliyinin təminatçısı
oldu.
Müstəqil dövlətçiliyə keçid illərində
əlbəttə, ən çox zərər görən mənəviyyat
aləmi oldu.
Məlum iqtisadi çətinliklər təlim,
tərbiyə, təhsil sahələrini, insanların
qarşılıqlı münasibətlərini xeyli zədələdi.
Cəmiyyətdə fürsətcil insanların
əxlaqı dominantlıq qazanmağa başladı. Bir zamanlar halal və şərəfli peşəsi
ilə maddi və mənəvi baxımdan təmin olunan müəllimlər
daha pis duruma düşmüş oldular və bu vəziyyətdən
çıxmaq üçün hələ illər lazım gələcəkdi.
Beləliklə, 1990-cı illərin əvvəllərində
az qala əsas müraciət formasına çevrilməkdə
olan "bəy" müraciəti bir sıra "bəylər"in
uğursuz nümunəsində sanki bu müraciət
üsuluna marağı azaltmış oldu. Halbuki
"bəy" müraciəti heç də bir qrupun inhisarında
deyildi və sivil müraciət forması olaraq
yadlaşdırılmamalıydı. Bu,
artıq xalqın mənəvi-psixoloji durumu ilə
bağlı idi. "Bəy" deyə
müraciət edənlərə sanki "cəbhəçiymiş
kimi" baxanlar var idi. Əlbəttə, nə
hökumətin, nə ölkə rəhbərliyinin "bəy"
müraciətini qadağan etmək, ya məhdudlaşdırmaq
siyasəti olmamışdı, indi də, az-az təsadüf
edilsə belə, bu müraciət istifadə edilməkdədir
və heç kimdə də mənfi reaksiya doğurmur.
Təəssüf ki, soyadlarımızın müəyyənləşdirilməsi kimi, müraciət formalarımızın da sərbəst buraxılması, bunlarla əlaqədar parlament tərəfindən müvafiq qanunlarının qəbul edilməməsi bir boşluq yaratdı. Boşluqlar isə hər zaman xoşagəlməz şəkildə zərərli vərdişlər, yabançı dəyərlərlə doldurulur. "Yoldaş" və "bəy" nəzərdən düşüncə adi adamlar bir-birini ən müxtəlif şəkildə: "ay qardaş", "ay bacı", "ağsaqqal", "rəis", "əmoğlu" və sair çağırmağa başladılar. Cəmiyyətdə ən hörmətli bilinən şəxslərə "müəllim" deyə müraciətlər yarandı. "Müəllim" müraciəti ilk vaxtlar xeyli məhdud işlənirdi və ancaq hörmətli, ziyalı və vəzifəli şəxslərə daha çox aid edilirdi. Lakin get-gedə müəllimliklə, ziyalılıqla heç bir əlaqəsi olmayan şəxslərə də aid edilməyə başladı. Müstəqilliyimizin 30-cu ilində, yəni bu gün isə "müəllim" artıq "ayə", "ay kişi", "ay adam" və sair tərzində işlədilir. Nazirdən, akademikdən tutmuş, sıravi zəhmət adamınadək hər kəsə adı ilə, ya adsız "müəllim" deyə müraciət edilir. Düşünürük ki, bu hal yolverilməzdir və belə davam etməməlidir. Çünki müraciət forması həm də cəmiyyətin, xalqın tarixi ənənəsinin, onun mədəni səviyyəsinin və mənəvi dəyərlərinin göstəricilərindən biridir.
Uzun illər yüksək diplomatik xidmətdə olduğum iki ölkədən misal gətirmək istərdim. Bizin ən yaxın qonşumuz, bir çox hallarda əsrlərcə müştərək tarixə, mədəniyyətə, adət-ənənələrə malik olduğumuz, əhalisinin təqribən 40 faizinin azərbaycanlıların (Azərbaycan türkləri) təşkil etdiyi İranda bir qayda olaraq ümumi müraciət kişilərə "ağa", qadınlara "xanım"dır. Bu kişi-ağa yüksək vəzifə sahibi və cəmiyyətdə müəyyən məqama malikdirsə, ona "cənab ağa filankəs" də deyilir, xanıma da əgər peşəsi, dərəcəsi bəllidirsə, ona uyğun artırmalar edilir: xanım-doktor, sərkar xanım və sair. Pakistanda da kişilərə sahib, cənab, qadınlara isə sahibə, bəyim (biqam) müraciətləri rəsmi müraciət formalarıdır. Digər müsəlman Şərq ölkələrində də bənzər müraciətlər mövcuddur. Belə olan halda, biz Şərqdə ilk demokratik respublikanı quran, bütün insanları bərabər elan edən, qadınlara ilk seçib-seçilmək hüququ verən, yüz faiz savadlılığa malik, sekulyar, sürətlə inkişaf edən, Asiya və Avropa dəyərlərinin inteqrasiyası nəticəsində modern bir cəmiyyətə malik olduğumuz halda, nədən özünəməxsus müraciət formalarına sahib olmayaq?
Yada salaq ki, uzun zaman əvvəldən son 30 ilədək cəmiyyətimizdə yalnız məktəbdə və universistetlərdə, bir sözlə, elm-tədris ocaqlarında müəllimlik edənlərə bu adla müraciət edərdilər. Bu ad çox uca, şərəfli və iftixarlı idi, çünki müəllim ziyalı təbəqəsinin əsas nüvəsini təşkil edirdi. Eyni zamanda, bütün peşələrin mütəxəssisləri, dahi şəxslər məhz müəllimlərin yetirməsi idilər və onlar öz müəllimləri ilə fəxr edirdilər. Hüseyn Cavidin balaca qız Gülbahara həsr etdiyi şeirində qızcığazın ən çox sevdikləri arasında Allah, Peyğəmbər, ata, ana ilə yanaşı, müəllim də yer alırdı.
Ulu öndər Heydər Əliyev hətta ömrünün ahıl vaxtlarında belə müəllimlərini böyük ehtiramla xatırlayırdı... Yadımdadır, uzun illər öncə, Xalq artisi Zeynəb Xanlarovanın "Heydər müəllim" deyə Ulu öndərə müraciət etdiyini televiziyada seyr edəndə bu adı Ümummilli liderimizə çox yaraşdırmışdım. Axı Heydər Əliyev ixtisasca da, cəmiyyətdəki və dövlətdəki yüksək missiyasına görə də həmişə öyrədən idi, böyük mənada müəllim idi. 1991-93-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində hamımızın müəllimi olmuş, vətəndaşlığı, ziyalılığı, dövlətçiliyi öyrətmişdi. Bunları yada salmaqda məqsədim odur ki, müəllim müraciəti istisna hal kimi cəmiyyətin ən ziyalı, mötəbər şəxsiyyətlərinə şamil edilə bilər. Amma kütləvi, normativ müraciət formaları, şifahi, ya yazılı cənab, bəy və xanım kimi qəbul edilməlidir. Eyni zamanda, birisinə adı ilə müraciət edəndə xanım, ya cənab, ya da bəy müraciət edilməsi məqsədəuyğun olardı. Məsələn, Zeynəb xanım, Elçin bəy, cənab Kərimli və sair. Dilimizi öyrədə bilərik ki, biz də addan sonra bəy, xanım, soyaddan əvvəl cənab, xanım deyək. Adını bilmədiyimiz şəxsə müraciətimizdə cənab, xanım işlədək, hər kəsə "müəllim" deməyək.
Bəziləri belə düşünür ki, "cənab" müraciəti yalnız yüksək vəzifəlilərə aid ola bilər. Bu, tamamilə yalnışdır, çünki "cənab" ağa, yaxud bəy anlamındadır və qarşıdakına ehtiramı özündə ehtiva edir. Buna görə bu müraciət forması hər kəsə şamil edilə bilər, yüksək dövlət adamlarına şifahi, ya yazılı müraciətlərdə də "cənab" müraciətinin işlədilməsi daha məqsədəuyğundur.
Dövlət başçısına "Zati-aliləri" müraciəti artıq institutlaşmışdır və yaxşı haldır. Bu müraciətlə bizim xarici ölkələrdəki səfirlərimizi də çağırırlar, biz də ölkəmizdəki xarici səfirlərə "Zati-aliləri" deyə müraciət etməliyik. Bu, dünya praktikasında belədir. Kütləvi informasiya vasitələri mənsubları xarici ölkə səfirlərinə müraciətdə bu vacib məqamı unutmamalıdırlar. Televiziya verilişlərində və müsahibələrdə hörmətli səfirlərə sadəcə, adı ilə "bəy" deyilməməlidir. Məsələn, qardaş Türkiyə Cümhuriyyətinin səfirliklərində hər diplomata adıyla bəy deyə müraciət edilir, lakin səfirə "bəy əfəndi" deyilir, xanımına da xanım əfəndi. Bunlar bizim üçün ən yaxşı nümunələrdir. Vəzifəsi və cəmiyyətdəki yerindən asılı olmayaraq müraciətlər aid olan şəxslərin şəxsiyyətinə dəyər verməyi tələb edir. Fikrimizcə, birbaşa bizə dərs deyib, elm öyrədən şəxsə müəllim deyə bilərik, bu halda bu ad "cənab"dan da üstündür. Qalan hallarda "cənab" və ya "bəy" işlədilməlidir.
Arzu edərdim ki, müvafiq müraciət formalarımız yeni formalaşan Parlamentdə müzakirə edilib lazımi qanun qəbul olunsun.
Bu da arzuolunandır ki, Rusiyanın, Türkiyənin, İranın, Avropanın, Asiyanın müraciət təcrübələrindən faydalanaq - gündəlik ünsiyyətimizdə "salam", "sağol"la kifayətlənməyək, "günaydın", "xahiş edirəm", "zəhmət olmasa", "lütfən", "buyurun" və bu kimi gözəl sözlərimizi işlədək, başqalarının gülüşünə səbəb olan xarici sözlərlə qarışdırılmış danışıq tərzimizdən uzaqlaşaq. Dilimizin, soyadımızın və müraciət mədəniyyətimizin qayğısına qalaq, təəssübünü çəkək, müraciət formalarımıza diqqət edək. Axı, yaxşı deyiblər ki, bir milləti məhvə aparmaq üçün onun müəllimlərini nüfuzdan salmaq lazımdır. Müəllimlik də müəllim adından başlayır. Torpaqlarımızı bir gün işğaldan azad edəcəyimizə əminik, lakin gəlin dilimizi də işğala düşməkdən qoruyaq, bir-birimizlə yad dildə danışmayaq, şəhər lövhələrində adları, məlumatları ana dilində yazaq, müraciətlərimizə, gündəlik ünsiyyətimizə dilimizin şirinliyini və zənginliyini qataq. Müvafiq qanunlar olacaq, ya olmayacaq, buna baxmadan müraciət formalarına həssaslıqla yanaşaq, xüsusən də "müəllim" adını hörmətdən salmayaq.
Eynulla
MƏDƏTLİ
AMEA
Fəlsəfə institutunun elmi işlər üzrə
direktor müavini, tarix elmləri doktoru, fövqəladə və
səlahiyyətli səfir
525-ci qəzet.- 2020.- 20 mart.- S.10.