Telefon zəngi
Hekayə
Saatının zəngini səhər səkkizə qurdu.
Səhər oyanıb, hər işini qoyduğu yerdən davam edəcəkdi. Hər şeyin nəzarətində
olduğuna adı kimi əmin idi. Günəşin hər səhər
şərqdən çıxıb, qərbdə
batdığı kimi. Yazdan sonra yayın gəlişi kimi.
Səhər həqiqətən oyandı. Amma telefonunun zənginə
yox. Başqa bir səsə. Pişiyi stolun üstündəki
fincanı salıb sındırmışdı. Bahalı
olmasa da, onu gözü kimi qoruyurdu. Başqa dəyəri var
idi. Balaca bacısı öz cib xərcliyilə ona hədiyyə
almışdı. Zənn edirdi ki, heç sınmayacaq.
Pişiyə acıqlandı. Guya o da hər şeyi başa
düşdü. Fincanın qırıqlarını
yığıb zibil qabına atdı. Bir az heyfisləndi. Necə
də olsa hədiyyə idi. Amma çox gözəl bilirdi ki,
azacıq zaman keçdikdən sonra təmamilə onun
varlığını unudacaq.
Bütün planları pozulmuşdu. Bərk
yatdığından telefonun zəngini eşitməyib,
yatıb qalmışdı. Bu tərəfdən də
fincan... Hardan hara bir anda bir tanışı yadına
düşdü. Telefonu götürüb tarixə baxdı.
Dodağını biixtiyar dişlədi. Onunla hələ
keçən həftə zəngləşib
görüşməyə sözləşmişdilər.
Çox maraqlıdı. Nə əcəb özüsə də
yığmayıb. İşi olub əlbət. Tez nömrəsini
yığdı.
Yığdı və telefon əlində donub qaldı. Məlum oldu ki, artıq
çox gecdir! Tanışı keçən həftə bu həyatla
vidalaşıb... Çaşqın halda əlindəki
telefonuna baxdı. Gözləri doldu. Sonra isə istehza ilə
gülümsədi. Telefonu üçün hələ
keçən həftə "dünyanın pulunu"
verdiyini xatırladı. Bahalı telefonu ona o an çox adi,
maraqsız göründü. Daxil və xaric olan zəngləri
gözdən keçirdi. Onların sırasında bir dənə
də olsun sevdiklərinin, yaxınlarının nömrəsi
yox idi. Elə isə onun modelinin ən son dəbdə
olmasının və ya ən üstün texnologiya ilə
işləməsinin nə əhəmiyyəti var idi?..
Ev ona dar gəldi. Nəfəs almaq
üçün çölə çıxmaq istədi.
İcazə almalı olduğu yadına düşdü.
Aldı. Bir neçə saatlıq. Bir vaxt boşboşuna
israf etdiyi zamana heyfisiləndi.
Binadan aralanmamış
pişiyə yemək
vermədiyini xatırladı. Tələsik geri qayıtdı.
Yazıq heyvan buna görə səhərdən
qab-qacağı eşirmiş. Evə girən kimi pişiyi səslədi.
Səs gəlmədi. Yəqin səhərki
qışqırığından sonra küsübmüş.
Yeməyi qaba töküb gözlədi. Otağın
qapısının arasından əvvəlcə gözləri
işıldadı, sonra yumağa oxşayan balaca bədəni
çıxdı. Sahibinin yanına gəldi. Ona baxdı. Sanki
"əvvəl könlümü al, sonra yeyəcəm",
demək istədi. O, gülümsəyərək pişiyini
tumarladı, oxşatdı. Beləcə çöməlib
yerdə oturduğu vəziyyətdə pişiyini bir xeyli izlədi.
Onu necə qapısının ağzında bir soyuq payız
günü, islaq vəziyyətdə tapdığını
xatırladı. Cəmi bir neçə ay öncə idi. Onda
hələ lap bala idi. O cür bitkin halıyla bu qədər
hündür mərtəbəyə necə gəlib
çıxdığını hələ də ağlı
kəsmirdi.
Beləcə bir xeyli bu
şirin dostuyla oynadı. Çoxdandır, iş-güc
ucbatından onunla maraqlanmırdı. Bir də baxdı ki, icazə
müddətinin bitməsinə bir neçə dəqiqə
qalıb. Onu biixtiyar gülmək tutdu. Demək ki, hər
şey sandığı kimi onun nəzarətində
deyilmiş... Telefonu əlinə alıb sıralamada bir
nömrəni tapdı. Fikrindən daşındı. Sonra yenə
nömrəyə baxdı. Ürək eləmədi. Bir anda
telefonun ekranında "Anam" sözü
göründü. Aman Allah! Yoxsa bilmədən əli dəyib,
yığılıb?.. Yox. Yığmadığına əmin
idi. Ax, ana ürəyi! Necə hər şeyi hiss edib...
Telefonu ehtiyatla qulağına tutdu:
- Ay bala, niyə
açmırsan? Bayaqdan yığıram. Ağlıma
yüz cürə fikir gəldi.
- Ana, səssizə qoymuşdum
deyə eşitməmişəm, bağışla. Salam. Necəsiz?
Toppuşum necədi? (Bacısına balacalıqdan belə səslənirdi).
- Salam. Sən
axtaralı yaxşıyıq. Bir arada yığsana, ay bala.
Canın-başın necədi? Yeməyin varmı?
Anasının bu danlağı ona məlhəm kimi gəldi. Üzü güldü.
- Toppuşa de ki, sabah gəlib ona velosiped sürməyi öyrədəcəm.
Cümləsini bitirməmiş balaca qızcığazın sevincli səsi iki evlə
bir oldu. Deyəsən,
anasıyla bərabər, o da qulağını telefona
qoymuşdu. Uşaq kimi özü də güldü. Telefonun
o tərəfindən bir səs daha gəldi. Sanki bir anda
üzündəki günəşin qabağına buludlar
keçdi. Tutuldu. Atasının səsi idi. Nə dediyini
ayırd edə bilməmişdi. Lakin onunla sonuncu dəfə
sözü çəp gələndə bir-birlərinə
dedikləri hər kəlmə ogünkü kimi qulaqlarında
səsləndi. Artıq kimin haqlı, ya haqsız olduğunun
heç bir önəmi yox idi. Çox sərt adam idi. Amma
balalarını canından çox istəyirdi. Sadəcə
sevgisini büruzə verə bilmirdi. Amma artıq bunun da əhəmiyyəti
yox idi, deyə düşünürdü. Tez
sağollaşmaq istəyirdi ki, anasının səsi gəldi:
- Atan deyir, bəs
mənimlə necə, nərd atmaq istəmir?..
İlk dəfə
oyanmaq üçün
saatının zəngini
qurmadı. Çünki bütün gecəni
gözünə yuxu getmədi. Səhəri iplə çəkirdi.
Sabah atasıyla birlikdə oynayacağı
nərdin xəyalını
qururdu. Sevincdən gözlərinin içi
gülürdü. Məsələ nərddə deyildi. İlk dəfə idi ki, kimin haqlı,
ya haqsız olduğunun da bir əhəmiyyəti yox idi. Tək arzusu atasıyla yenə də üz-üzə otura bilmək idi. Dililə deməsə də, atasının gözlərindəki
sevgini görə bilmək idi. Uşaqlıqdakı kimi...
Fidan MALİK
525-ci qəzet.- 2020.- 9 may.- S.24.