Əxlaq və siyasət
Əxlaq fəlsəfi kateqoriya
olaraq, "necə yaşamalı", "nə etməli",
"yaxşı-pis nədir" kimi suallara cavablar axtarır.
Bu suallar fəlsəfənin
ümumi baxış çərçivəsində siyasət
sahəsini də əhatə edir.
İlkin olaraq əxlaq və
siyasət məsələsinə tarixin mahiyyəti kontekstində
baxmaq lazım gəlir. İnsanın
şüurlu varlıq kimi həyatı anlaması və
öz gələcəyini istiqamətləndirməsi
baxımından tarix olduqca böyük əhəmiyyət kəsb
edir. Bu mənada insan canlı varlıq kimi
öz davranış və hərəkətləri çərçivəsində
tarixi rasional bir tərzdə qiymətləndirərək
özünün dünyadakı varlığı ilə
bağlı təhlillər aparmaq imkanı qazanır.
İnsan varlıq - zaman kontekstində keçmişini,
indisini və gələcəyini düşünərək əxlaqi-siyasi
qərarlar verir.
Siyasət ümumi mənada hakimiyyət,
yəni idarəetmə prosesi və başqalarının davranışlarını
öz qərarlarına müvafiq olaraq müəyyənləşdirmə
cəhdidir. Bu kontekstdə deyə bilərikmi
ki, etik cəhətdən normal dəyərlər
daşıyıcısı olan şəxs siyasətdə
müvəffəqiyyət qazanan şəxsdir? Məhz bu sual siyasətlə əxlaq arasında əlaqənin
əsas mövzularından birini təşkil edir.
Klassik fəlsəfədə
əxlaq və siyasət. Antik yunan fəlsəfəsində
insan öz təbiətinə uyğun şəkildə
yaxşılığa doğru can atan varlıq olaraq qəbul edilir. Bu fəlsəfənin mənbəyində insanın
qüsurlu, yəni kamil olmaması ilə bağlı
varlıq düşüncəsi dayanır. Sokrat, Platon və Aristotel kimi antik filosoflar insanın
özünü müəyyən etik prinsiplər vasitəsilə
kamil şəxsiyyət kimi formalaşdıra biləcəyini
vurğulayırlar.
Sokrat əxlaqla biliyi (episteme) eyni tutur. Ona görə,
insanın qeyri-əxlaqi hərəkət etməsi
bütovlükdə onun biliksizliyindən qaynaqlanır. Aristotelə görə isə şəxsin
etik-siyasi xarakterinin formalaşması birgəyaşayışda
və ictimai münasibətlərdə ortaya
çıxır. Aristotel daha sistematik tərzdə
öz kosmoloji fəlsəfəsinə istinad edərək
etikanın təcrübə, təcrübənin isə cəmiyyətlə
əlaqəsini təsdiqləyən açıq və
sistematik fikirlər sərgiləyir. Onun qənaətincə,
insan layiqli cəmiyyətdə müsbət insan ola və müsbət insan kimi davranmaqla cəmiyyətə
pozitiv mənada müsbət təsir göstərə bilər.
Klassik siyasət fəlsəfəsində əxlaq və
siyasət bir-birindən ayrı qəbul edilmir. Məhz fərdi
həyat kimi ictimai həyatın da məqsədi əxlaqla
bağlıdır. Klassik filosoflara görə,
"Ən yaxşı ictimai sistem nədir?" sualı siyasət
fəlsəfəsinin əsas mövzusudur. Antik fəlsəfə nöqteyi-nəzərindən
siyasi davranışların əxlaqi prinsiplərdən
asılı olmadan ələ alınması qəbuledilməzdir.
Təsadüfi deyil ki, məşhur islam
filosofu əl-Fərabi də əxlaq və siyasətin
insanın davranışlarını tədqiqləyən iki
sahə olaraq dəyərləndirir və ən fərqli
yönlərdən əxlaqı siyasətin müqəddiməsi
kimi qəbul edir. O, "İhsau`l-Ulum" (Elmlərin
sayılması) əsərində əxlaq elmini ayrıca qeyd
etməyərək siyasətə giriş kimi verir.
Qeyd etmək lazımdır ki, "əxlaqın
dili" dəyərləndirici (eveluative) xüsusiyyətə
malikdir. Yeni
dövr, yəni Rene Dekartla (XVII əsr) başlayan fəlsəfi
mərhələyə qədər varlıq ilə dəyər,
yəni "olan" ilə "olmalı olan" arasında
elə də ciddi fərq yox idi. İnsan
mikrokosmosun bir parçası idi. Nəticədə
kainatı əhatə edən qanunlarla əxlaqi qaydalar eyni mənbədən
gəlirdi. Habermas "Əxlaq və
kommunikasiya" ("Moral and communication") əsərində
Karl Otto Apelin renessans dövründə elmlə etikanın
bağının qopduğu iddiasını dəstəkləyir
və məsuliyyət məfhumu işığında
kommunikasiya fəaliyyətinin etik xarakterini ifadə etməyə
səy göstərir. Onun fikrincə, insan
ünsiyyət zamanı istər-istəməz məsuliyyəti
əvvəlcədən qəbul etmiş olur. "Nə etdiniz" sualı və ya "indi nə
dediniz" sualı hər zaman aktualdır.
Modern fəlsəfədə əxlaq və siyasət. Modern dövrdə
əxlaqla siyasət arasında əlaqə qopub. Bu dövrdə siyasət sahəsi dəyərlər
sistemindən ayrıca, müstəqil qəbul edilir. Bu mənada siyasət əxlaq və xoşbəxtlik
məfhumlarından daha çox, güc məfhumuna əsaslanır.
Modern siyasət fəlsəfəsinin qurucularından olan
Nikkolo Makiavelli (XVI əsr) siyasəti əxlaqdan ayrı qiymətləndirərək
siyasəti "əxlaqın xaricində" olan faktorlara
bağlayır. "Hökmdar" əsərində Makiavelli
hökmdarın hakimiyyətini mühafizə etmək
üçün hansı vasitələrdən istifadə edə
biləcəyini araşdırır. Onun fikrincə,
əxlaqi prinsiplər xüsusi vəziyyətin tələblərinə
müvafiq şəkillənməlidir. Bu məqsədlə
də hökmdar öz gücünü qorumaq
üçün lazım gələndə hər vasitəyə
əl atmalıdır.
XIX əsrdə Qərb düşüncəsində
meydana gələn pozitivizm, siyasətin əxlaqdan
asılı olmadığını vurğulayaraq, ümumiyyətlə,
humanitar elmlərdə təbiət elmlərinin nəzəriyyə
və prinsiplərinin mənimsənilməsinin
labüdlüyünü irəli sürdü. Elmin obyektivlik iddiası
çərçivəsində əxlaq ilə siyasətin
ayrılma prosesi baş verdi. Bu görüşə görə, siyasi nəzəriyyə
elmi əsaslar üzərində qurulmalı və onun əxlaqla
olan əlaqələri kəsilməlidir. Artıq əxlaq,
siyasət sahəsində iqtidar sahiblərinin ehtiyac halında
müraciət etdikləri nostalji mənbədir və bu mənbəyə
müraciət etmək özü-özlüyündə paradoksdur.
Mişel
Fukoya görə də, modern dövlət sistemində siyasi
iqtidarın qarşılığı olan respublika sistemində
əxlaq normativ dəyər və itaət altına alan siyasi güc vasitəsi halına gəlib.
Agnes Hellerə görə, klassik dövrdə
üç əsas ictimai sahənin - gündəlik həyat,
iqtisadi və siyasi qurumlar, mədəni intellektual və tətbiq
sahələri - hər birində müştərək etik vərdişlər,
əxlaqın ictimai tərəfi hakim idi. Modern dövrdə
isə bu sahələrin hər biri özlərinə aid nisbi
etik dəyərlər sistemi yaratdı. Siyasi hərəkəti
müstəqil əxlaqi mövzu kimi tədqiq edən klassik
siyasət fəlsəfəsinin əksinə olaraq, norma və dəyərləri praqmatik hala gətirən
modern fəlsəfə siyasəti əxlaqi məsələ
olmaqdan çıxararaq davranışı yox, subyekti ön
plana aldı.
Digər tərəfdən,
liberal siyasi düşüncədə əxlaq, fərdlərin
seçimini aşan hər hansı kollektiv mənfəətin
olmadığını və siyasətin müştərək
mənfəətlər əldə etmək kimi bir hədəfinin
ola bilməyəcəyini iddia edir. Bu mənada deontoloji (qaydalar anlayışı)
liberal siyasi düşüncədə ədalətin mənfəətdən
öncə gəlməsi prinsipi vurğulanır. Məsələn, ədalət pirinsipi
başqalarına qarşı olan vəzifələrimizi
reallaşdırmaq üçün vacib faktordur. Bu pirinsip başqasının hüquqlarına hər
zaman və hər şəraitdə hörmət göstərməyimizi
vacib hala gətirir. Bu görüşlərin
Qərbdə etika və siyasət düşüncəsinə
dərin təsirləri olub.
Modern əxlaq fəlsəfəsi əxlaqın ictimai
münasibətlərdən kənarda
formalaşmayacağını, bu səbəbdən də
yalnız fərdə istinad etməklə istənilən etik
baxış tərzinin uğur qazanmayacağını iddia
edir. Modern
dövrdə siyasi arenada daha çox önə çıxan
kimlik və fərqlilik tələbləri, əxlaq ilə
siyasət arasındakı ziddiyyətli məqamlar, ətraf
mühitin çirklənməsi, istehlak cəmiyyətində
insanın hər şeyi arzularının vasitəsi olaraq
görməsi və bütövlükdə
insanın yalnız hedonist fərdə çevrilməsi kimi
xüsusiyyətlər yeni əxlaqi baxış tərzinin
aktuallığına gətirib çıxarır.
Müasir dövrdə əxlaq fəlsəfəsi
araşdırmaçıları modern etika fəlsəfəsinin
müxtəlif problemlərini dilə gətirirlər. Alasdair Makintayr
ən sərt tənqidlərini bu kontekstdə modern əxlaq fəlsəfəsinə
yönəldir. O, bu gün insanlığın təcrübədən
keçirdiyi əxlaqi nihilizmin mənbəyində modern həyat
tərzinin durduğunu və modern əxlaq fəlsəfəsinin
qeyd olunan problemi həll edə bilməyəcəyini iddia edir.
Makintayra görə, cəmiyyətin həyatında
təcrübə vasitəsilə formalaşan
yaxşılıq anlayışı öz yerini atomist
(bölünməz) fərdin hedonist arzularına verib.
Əxlaq normativ sahə, siyasət isə hər an dəyişə bilən strateji məqsədlərin
tətbiqi sahəsi kimi qəbul edilib. Bu mənada
siyasətin əsas məfhumu mənfəətdir. Bu anlayış eyni zamanda, praqmatik fəlsəfi
baxış tərzi ilə də üst-üstə
düşür. Etik normativ qaydalarda isə
ilk növbədə "öhdəlik" məfhumu
dayanır. Öhdəlik həm də məsuliyyət
məfhumunu ehtiva edir. Bu kontekstdə siyasətlə
əxlaqın konseptual anlayış baxımından fərqli
olduğunu görürük. Modern Qərb
fəlsəfəsində indiki mərhələdə belə
bir fərqin problem təşkil etdiyi tez-tez vurğulanır.
Post-modern dediyimiz bəzi fəlsəfəçilər
xüsusilə belə bir fərqin saxta olduğunu, siyasət
sahəsində də etik qaydaların bu və ya digər
baxımdan tətbiq olunacağını iddia edirlər.
Onlara görə, klassik fəlsəfi
anlayışda və dünyagörüşündə
olduğu kimi, əxlaqla siyasətin əlaqəsi bir-birilə
əhatəli şəkildə olmalıdır. Bu mənada etik normativ qaydalar bir cəmiyyət
daxilində meydana gələrək yaxşılıq və
pislik anlayışlarını formalaşdırır. Fərdlər ictimai münasibətlər çərçivəsində
bu anlayışlara uyğun hərəkət edərək əxlaq
ilə siyasətin əlaqəsini həyata keçirirlər.
Əxlaq
ilə siyasətin əlaqəsinin fəlsəfi əsalarını
tam şəkildə ayırmaq və birləşdirmək həqiqətən
də mümkün deyil. Məhz mövzu ilə
bağlı son təhlillər onu göstərir ki, əxlaqi
normativ qaydalar konseptual mənada siyasətə öz təsirini
göstərir. Bu zaman isə məsuliyyət
problemi ortaya çıxa bilər. Siyasət
sahəsində ziddiyyətlərin və konfliktlərin meydana
gəlməsi də məhz normativ etik qayda və dəyərlərin
təzahürüdür. Bu normativ qayda və dəyərlər
nəticəsində tərəflər arasında
qarşılıqlı barışmaz mövqelər ortaya
çıxır,
nəticədə isə uzlaşma, yaxud bir-birini rəddetmə
vəziyyəti yaranır. Burada Kantın bir ifadəsini
xatırlamaq lazım gəlir: "Qayda tətbiq etməyin
qaydası yoxdur". Bu görüşə
istinad edərək qeyd edə bilərik ki, etika qaydalar sistemi,
siyasət isə bu qaydaların tətbiq olunma
meydanıdır. Məhz bunun tətbiqi
zamanı problemlər və ziddiyyətli görüşlər
meydana gələ bilər. Bu mənada
siyasətin təbiəti və mahiyyəti də bu konfliktlərin
həll edilməsinə istiqamətlənib. İstənilən siyasi qərar veriləndə həm
də dəyər və normlara istinad olunduğundan nəticədə
əxlaq ilə siyasət arasındakı əlaqə zaman, məkan
və anlayışlar müxtəlifliyinə görə fərqli
tərzlərdə təzahür edir.
Rəşad İLYASOV
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
analitika şöbəsinin müdiri, fəlsəfə doktoru
525-ci qəzet.- 2020.- 2 may.- S.8.